Firidun bəy Köçərlinin

Abdulla Şaiqə məktubları

  

Azərbaycan mədəniyyətinin müxtəlif məsələlərinin həllində məktubdan təbliğat və təsir vasitəsi kimi istifadə etmək XIX əsrin ortalarında geniş bir şəkil almışdı. Bu, M.F.Axundzadənin fəaliyyətində daha çox nəzərə çarpırdı. Özünün bir çox qabağcıl, inqilabi-demokratik ideyalarını böyük ədibi məhz məktubları vasitəsilə də yayır və yaxşı nəticələr əldə edirdi. M.F.Axundzadənin bu ənənəsi sonralar davam və inkişaf etdirilmişdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində məktub - artıq kütləvi təsir vasitəsinə çevrilmişdi: mədəni əlaqələrin genişlənməsində mühüm rol oynayır və sürətlə məişətə daxil olurdu. Mədəniyyətin müxtəlif sahələrində çalışan ziyalılar açıq deyə və yaza bilmədikləri mülahizələri, fikirləri, arzuları çox zaman məktub vasitəsilə bir-birinə çatdırırdılar. Odur ki, həmin dövr ziyalılarının dünyagörüşlərini, müasir ictimai-siyasi hadisələrə münasibətlərini və ümumən o zamanın bəzi mübahisəli və dumanlı məsələlərini aydınlaşdırmaq üçün məktublar çox etibarlı sənədlərdir. Bu cəhətdən məktubları toplamaq, öyrənmək, nəşr etmək, oxucuların istifadəsinə vermək vaxtı çatmış mühüm mədəni tədbirlərdən biridir.

Dövrünün qabaqcıl, mədəni ziyalısı olan Firidun bəy Köçərlinin də fəaliyyətində müasirləri ilə əlaqəsində məktublaşma mühüm yer tutur. Onun təxminən 1884-1919-cu illəri, yəni otuş beş illik bir dövrü əhatə edən məktubları Azərbaycan mədəniyyətinin müəyyən bir dövrünün bəzi mühüm məsələlərini: təkcə Köçərlinin öz tərcümeyi-halını, ədəbi, pedaqoji fəaliyyətini deyil, ümümiyyətlə, həmin dövrün ədəbiyyatını, pedaqoji fikrini, təlim-təhsil, dil, əlifba məsələlərini öyrənmək üçün qiymətli mənbələrdir.

F.Köçərlinin məktublarında bəhs olunan məsələlər müxtəlif və rəngarəngdir. Ancaq ədəbiyyat və maarif məsələləri burada əsas və mərkəzi yer tutur.

F.Köçərli dövrünün demək olar ki, bütün görkəmli azərbaycanlı ziyalıları, maarif və mədəniyyət xadimləri ilə yazışırdı. Bu yolla o, həm öz fikirlərini yayır, həm də ədəbi həyatdakı yenilikləri, mətbuata çıxa biləmyən mətləbləri, müasirlərinin "ürək sözlərini" öyrənirdi. Bu isə çox mühüm bir məsələ idi. Şaiqə göndərdiyi məktublardan birində F.Köçərli aydın yazırdı: "Bizim bu əsrişumda ağzını açıb iki kəlmə söz danışmağa da izn vermirlər… Görək bir vaxt olar bizim də ağzımız açılar, dərdlərimizi açıq söyləyərik".

F.Köçərlinin arxivində müasirlərindən aldığı məktubların siyahısı saxlanılır. 1884-1919-cu illərdə yazılmış məktubların ümumi sayı 900-ə yaxındır. Siyahıdan aydın etmək olur ki, o, dövrünün qabaqcıl ziyalılarının təxminən hamısı ilə məktublaşırmış. Aşağıdakı rəqəmlərə diqqət edək: Eynalı bəy Sultanov - 20; C.Məmmədquluzadə - 22; N.Nərimanov - 2; M.Ə.Sabir - 2; Ə.Haqverdiyev - 5; Vəzirov - 4; H.Cavid - 4; H.Vəzirov - 47; Ü.Hacıbəyli - 14; Y.V.Çəmənzəminli - 6; Ömər Faiq - 23 və b.

Bu rəqəmlər F.Köçərlinin müasirləri ilə nə qədər sıx əlaqə saxladığını göstərməkdədir.

F.Köçərli Azərbaycan ədəbiyyatı tarixinə aid əldə etdiyi materialların böyük bir hissəsini məktublarla toplamışdı. Təkcə Sultan Məcid Qənizadə ona 78 məktub göndərmişdi. A.Səhhətin isə onda şeir və tərcümələrlə dolu 27 məktubu var idi. Şair öz tənqidçi dostuna eyni zamanda 32 səhifədən ibarət tərcümeyi-halını göndərmişdi ki, hazırda əldə olmayan bu qiymətli sənəddən o, şübhəsiz yazdığı ədəbiyyat tarixinin üçüncü cildində istifadə etmişdi.

F.Köçərli məktubları vasitəsilə o zamankı ədəbiyyata, realizmin inkişafına çox güclü təsir göstərirdi. Onun bir çox müasirinə yazdığı məktubları görkəmli ədiblərin yaradıcılıq inkişafına az kömək etməmişdi. Məsələn, A.Səhhət 1903-cü ildə Köçərli ilə, onun məktublarında irəli sürdüyü fikirlərlə tanış olmasını özünün və dostu Sabirin yaradıcılığındakı inkişafa, epiqonçu şerin təsirlərindən uzaqlaşmalarına təsir edən qüvvətli amillərdən biri sayırdı. O, bir məqaləsində yazırdı ki, Sabir "şeir və şairə qiymət qoyan bir nəfəri görməklə (söhbət F.Köçərlidən gedir - K.T.) bu tarixdən ciddən çalışmağa başlayır".

F.Köçərlinin çox möhkəm əlaqə saxladığı, faydalı tənqid və məsləhətləri ilə yaradıcılığına təsir göstərdiyi yazıçılardan biri də Abdulla Şaiq olmuşdur.

F.Köçərli ilə A.Şaiq arasında dostluq ilk dəfə qiyabi şəkildə, təxminən 1907-ci illərdə başlamışdı. Sonralar bu dostluq get-gedə möhkəmlənmiş, ailəvi yaxınlığa qədər gəlib çatmışdı. A.Şaiq 1912-ci ilin yayında bacısı Ruqiyə və bacısı əri Mirzə Tağı ilə Gürcüstanın Məngilis yaylağında F.Köçərlinin ailəsi ilə birlikdə istirahət etmişdi. Bu görüş hər iki ailəni bir-birinə xeyli yaxınlaşdırmış, F.Köçərli ilə A.Şaiq arasındakı əlaqənin daha da möhkəmlənməsinə səbəb olmuşdu.

Məktublardan aydın etmək olur ki, F.Köçərli ilə A.Şaiq arasnıda möhkəm yaradıcılıq əlaqəsi var imiş, hər ikisi bir-birinə çox fəal yardım göstərirlərmiş. Doğrudur, A.Şaiqin F.Köçərliyə göndərdiyi 24 məktubun heç biri əldə yoxdur. Ancaq F.Köçərlinin məktublarından hər iki tərəfin qarşılıqlı şəkildə gördükləri işləri müəyyən etmək olur. A.Şaiq dostunun üç cildlik "Azərbaycan türklərinin ədəbiyyatı" kitabının nəşri ilə çox maraqlanır, ona bu işdə ciddi kömək göstərirdi. F.Köçərli öz cavan dostuna kitabın əhəmiyyətini izah edərək yazırdı: "Niyyətim pul qazanmaq deyil, ancaq ədəbiyyatımıza cüzi xidmət etməkdir".

A.Şaiq bunu başa düşür, həm böyük zəhmətin hesabına yaranmış ədəbiyyat tarixinin zənginləşməsi üçün yeni materiallar göndərir, həm də "toz basa-basa qalmış" əsərlərin çapı üçün Bakı naşirləri ilə əlaqə saxlayrıdı.

F.Köçərli şair dostunun ədəbiyyat tarixinə və folklora dair ona göndərdiyi materiallardan çox razı idi və bu materialların "tarix" üçün əhəmiyyətini təkrar-təkrar qeyd edirdi. 14 sentyabr 1912-ci il tarixli məktubu bu cəhətdən xüsusilə əlamətdardır.

A.Şaiq F.Köçərliyə böyük ehtiram bəsləyirdi, onun ədəbi-tarixi mövqeyinə yüksək qiymət verirdi. Şairin XX əsrin əvvəllərində yazılmış şeir dəftərlərində F.Köçərliyə həsr olunmuş şeirlər vardır. Bundan başqa o, 1916-cı ildə "Doğru söz" qəzetində çap etdirdiyi "İki kötük, yaxud iki familiyanın məhvi" poemasını firidun bəyə ithaf etmişdi. Məktublarda: "Lütf edib "Doğru söz"də dostunuzu yad edibsiniz" - deyərkən o, bunu nəzərdə tuturdu. Şair dərsliklərində f.Köçərlidən tez-tez istifadə etmiş, nəhayət, 1958-ci ildə onun haqqında kiçik bir xatirə də yazmışdır.

A.Şaiqin arxivində F.Köçərlinin 13 məktubu vardır. A.Şaiq isə ona 24 məktub yazmışdır.

Məktublardan müəyyən etmək olur ki, F.Köçərli müasir ədəbiyyatı çox diqqətlə izləyirmiş, müasirlərinə dövrün ədəbi hadisələri haqqında mülahizələrini, tənqidi qeydlərini bildirməyi özünə borc bilirmiş. Məktubların hamısında əsasən ədəbiyyat, dil, maarif, ümumiyyətlə, mədəniyyət məsələlərindən söhbət gedir. Onların heç biri şəxsi səciyyə daşımır. İlk dəfə "Azərbaycan" jurnalında çap olunan məktublar F.Köçərlinin ictimai-siyasi və ədəbi görüşlərini, eləcə də onun Abdulla Şaiqin ədəbi-pedaqoji fəaliyyətinə münasibətini aydınlaşdırmaq üçün qiymətli sənədlərdir.

Məktublardan görünür ki, F.Köçərli cavan yazıçının mətbuatda hissə-hissə çap olunan "Əsrimizin qəhrəmanları" romanını, hekayələrini, pyeslərini və şeirlərini maraqla oxuyurmuş. Bu əsərlərdə tənqidçinin diqqətini cəlb edən cəhət onların Azərbaycana, milli həyata, xalqın güzəranına həsr olunmaları idi. 26 may 1911-ci ildə Qoridən göndərdiyi məktubda F.Köçərli bu cəhəti xüsusilə qeyd edir.

Realizmin əsas xüsusiyyətlərini bir müəllim kimi öz gənc müasirinə başa salan tənqidçi ona ərəb, fars və osmanlı sözlərini yerli-yersiz işlətdiyi üçün tənqid edir, canlı xalq dilini dərindən öyrənəmyə çağırırdı.

Başqa bir məktubunda f.Köçərli "Dağlar sultanı" şerinin müvəffəqiyyətini şairin realizmə sadiq qalması ilə, şerin "açıq dildə yazılması" və təsvirlərin həqiqətə müğayir olmaması ilə izah edir. O göstərir ki, şerin təsirli çıxmasına səbəb şairin öz ilhamını bilavasitə həyatdan alması olmuşdur: o gördüyü, duyduğu aləmi qələmə almış, bu isə təsvirlərin real, təbii çıxmasına səbəb olmuşdur.

F.Köçərli A.Şaiqin Sabirin ölümünə və "Dəftəri-hicran" adı ilə yenicə vəfat etmiş arvadına həsr etdiyi mənzumələri həqiqi şeir nümunələri kimi, "dəruni və pak hisslərin" məhsulu kimi qiymətləndirirdi.

Məktublarda A.Şaiqin uşaqlar üçün yazdığı bədii əsərlər və dərsliklər haqqında maraqlı fikirlər vardır. O zaman məktəb səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulan "Gözəl bahar" məktublarda "Bahar xanım" adı ilə getmişdir (görünür, ilk adı belə olmuşdur). "Gözəl bahar" pyesi haqqında yazırdı: "Qızlara bir pərdədə "Bahar xanım" ünvanında yazdığınız mənzumə bəd deyil, ondan yaxşı operetta əmələ gələr… Bu barədə Üzeyir Hacıbəyliylə məsləhət ediniz… "Bahar xanım" qızlar və uşaqlar üçün ən xoşagələn və münasib operetta ola bilər".

Məktublardan öyrənirik ki, A.Şaiq hələ 1908-ci ildən 3-cü və 4-cü siniflər üçün dərsliklər tərtib etmək fikrində imiş. F.Köçərli cavan müəllimin yeni təşəbbüsünü alqışlayır, ona bu işdə köməyini vəd edir, dərsliklər üçün yeni uşaq şeirləri yazdırmaq məqsədilə Mirzə Ələkbər Sabirə müraciət etməyi məsləhət görür. O, yazırdı: "Onun (Sabirin - K.T.) dəxi təbi-səlim olmağı məlumunuzdur".

Azərbaycan ədəbi dilini əcnəbi dillərin təsirindən xilas etmək, öz təbii yolu ilə onun inkişafına nail olmaq F.Köçərlinin tənqidçilik fəaliyyətində ayrıca yer tutur. Bir demokrat kimi o, ədəbi dilimizi ümumxalq dili əsasında inkişaf etdirməyə çağırır, bu sahədə əyintiyə yol verən yazıçıları aramsız tənqid edir. F.Köçərli göstərir ki, ədəbi dil ilə oxucu arasnıda sıx əlaqə yaratmaq üçün onu sadələşdirmək,xalqa yaxınlaşdırmaq lazımdır. Eyni fikirlərə onun A.Şaiqə göndərdiyi məktublarında da geniş yer verilmişdir.

Məsələn, F.Köçərli A.Şaiqin 1912-ci ildə çap olunmuş "Gülzar"ını bir dərslik kimi bəyənirdi. O yazırdı: "Gülzar"da təlim və tədrisə layiq məlumat çoxdur. Belə ki, ali siniflərdə oxuyan şagirdlərə ən yarar və ən münasib kitabdır. Xüsusən onun üçüncü hissəsi mənə xoş gəldi…"

Ancaq bununla belə, F.Köçərli "Gülzar"da çap olunan bəzi bədii parçaların dilini kəskin tənqid edirdi. 10 fevral 1913-cü il tarixli məktubunda müəllifə məsləhət görür ki, dərsliyin ikinci çapında mütləq dil xətalarını islah etsin.

F.Köçərlinin dil haqqında məktublardakı mülahizələri çox səciyyəvidir: "Dünyada hər şey gündən-günə tərəqqi tapdığı surətdə dili bir halda saxlamaq olmaz. Dilə də lazımdır tərəqqi vermək" (14 iyun 1911). "Ana dilini yaxşı bilməkdən ötrü lazımdır Qasım bəy Zakir, Molla Pənah Vaqif, İsgəndər ağa Şakir kimi milli şairlərin əsərləri oxunsun" (26 may 1911).

Abdulla Şaiq dostunun və müəlliminin məsləhət və tənqidlərilə əksərən razılaşır, onların çoxuna öz yaradıcılıq təcrübəsində əməl edirdi. O, sonralar "Köç" hekayəsinin dilini xeyli sadələşdirməli olmuşdu. Bununla yanaşı gənc ədib başqa əsərlərini də müntəzəm olaraq F.Köçərliyə göndərir və ondan lazımi göstərişlər alırdı.

Maarif sistemində nöqsanlar, bürokratizm, çarizmin milli dilləri sıxışdırmaq siyasəti, müəllimlərin vəziyyəti kimi məsələlər də məktublarda bu və ya başqa dərəcədə öz əksini tapan məsələlərdəndir. F.Köçərli A.Şaiqin təlim-tərbiyə işlərindəki fəaliyyətinə çox həssas münasibət bəsləyirdi, pedaqoji görüşlərini təqdir edirdi. O, "Gülzar"ı bir dərslik kimi bəyənirdi. A.Şaiqin tərtib etdiyi yeni proqram haqda fikri belə idi: "Proqramların cümləsindən ziyadə siz tərtib etdiyiniz mənə xoş gəldi. Əgər onda yazdığınız maddələrin cümləsinə əməl olunursa, onda sizin şagirdlər kursu tamam etdikdə türkcədə gərəkdir yaxşı savadlı olsunlar; buna da mənim şəkkim yoxdur. Hər bir peşənin və elmin təlim və tədrisində müəllimin vücudu böyük şərtdir… Bizim lisan müəllimləri şagirdlərinə heç bir şey öyrətməyib ana dilinin feyz və lətafətindən onları məhrum edirlər" (6 mart 1917).

Məktublarda "Azərbaycan türklərinin ədəbiyyatı" kitabının illərlə yaradılması prosesi, onun yazıldıqdan sonra necə təkmilləşdirilməsi, neçə cilddən ibarət olması, nə üçün uzun illər çap oluna bilməməsi, alimin keçirdiyi həyəcanları da əks etdirilmişdir.

Məktublar F.Köçərlinin öz şəxsiyyəti haqqında da bəzi məsələləri aydınlaşdırmağa kömək edir. On üç məktubu oxuyub qurtardıqdan sonra insanın qarşısında çox mehriban, qayğıkeş, mədəni, çəkilən əməyə, zəhmətə qiymət qoymağı bacaran qədirşünas bir vətənpərvərin, bütün varlığı ilə xalqa bağlı bir vətəndaşın surəti canlanır.

 

Kamal Talıbzadə

  

Ədəbiyyat qəzeti.- 2013.- 27 sentyabr.- S.6.