M.F.Axundzadə və M.Füzuli

     

Mirzə Fətəli Axundzadənin Məhəmməd Füzulini inkar etməsini, şair saymamasını müxtəlif cür yozanlar vardır: bunu onun Füzulini ümumiyyətlə başa düşməməsi, yaxud ədəbiyyatımızı epiqonçu şeirin əsarətindən qurtarmaq istəməsi kimi izah etmək təşəbbüsləri də olmuşdur. Axundzadənin olduqca kəskin, baltanı kökündən vuran yazılarını diqqətlə oxuduqca bəlkə də yuxarıdakı fikirlərlə səsləşən notlar da tapmaq mümkündür. Ancaq bu böyük islahatçı-maarifçinin ədəbi-nəzəri və ictimai-siyasi dünyagörüşüylə yaxından tanışlıq göstərir ki, o, bütün bu işlərlə ardıcıl və şüurlu şəkildə məşğul olmuş, bütün yaradıcı ömrünü bəlli bir məqsədə xidmətə sərf etmişdir. Yəni Axundzadə birdən-birə bu fikrə düşməmişdir. Qabaqcıl rus və Avropa yazıçı və alimlərinin əsərləri və ictimai-siyasi baxışlarıyla müntəzəm tanış olan, gündən-günə ictimai - siyasi məfkurəsini inkişaf etdirən Mirzə Fətəli uzun bir təkamül və götür-qoydan sonra demokratik-inqilabçı və ateist mövqeyə gəlib çıxmışdır. O, Şərqin geriliyini, cəhalət və fanatizmini aradan qaldırmaq üçün yeni insan, yeni şəxsiyyət yetişdirməyi vacib hesab edirdi. Bu yeni insanı, bu yeni cəmiyyətin qurucusunu yetişdirmək üçün isə yalnız yeni ədəbiyyat, yeni mədəniyyət, yeni düşüncə və dünyagörüş sistemi lazım idi.

Şərqin minillik “gül- bülbül ” poeziyası, moizə və nəsihətçilikdən ibarət olan ədəbiyyatı belə bir insanı, yeni düşüncə və təfəkkürə malik şəxsiyyəti yetişdirmək iqtidarında deyildi. Axundzadənin fikrincə, bu yeni ədəbiyyat və mədəniyyəti yaratmaq üçün köhnə ədəbi-mədəni dəyərlər sistemini kökündən çıxarıb atmaq, yeni insan və vətəndaşın ortaya çıxmasına əngəl ola biləcək hər şeyi aradan götürmək, birdəfəlik ləğv etmək gərəkdi. Ona görə də bu cür inkarçı mövqe tutur, hətta “Füzuli şair deyildir” - deyirdi.

Gəlin, öncə Axundzadənin milli-etnik məsələlər barəsində bəzi fikirləriylə tanış olaq: məsələn, bir məktubunda açıqca yazır: ”Qoy bütün iranlılar bir həqiqəti başa düşərək desinlər ki, biz parsların övladıyıq, İran bizim vətənimizdir. Hümmət sahibi olmaq, ülviyyət axtarmaq, qeyrət və namus sahibi olmaq bizdən öz həmnəsillərimiz, həmdillərimiz və həmvətənlərimizin təəssübünü çəkməyi tələb edir” (M.F.Axundzadə. Əsərləri1, B. 1988, III c. s.182).

Bu və başqa bir neçə yerdə belə bir mövqe sərgiləməsi, yəni qatı fars millətçiliyi və anti-türk cəbhəsindən çıxış etməsinin əsl səbəbini biz yazıçının elə həmin məktubundan öyrənirik: ”Mən özüm zahirən türk olsam da, əslim farslar nəslindəndir. Ulu babam Hacı Əhməd Rəştdən gəlib, Azərbaycanda vətən tapmışdır. Atam Mirzə Məhəmməd Təqi və mən özüm Azərbaycanda doğulub, böyümüşük”. M.F.Axundzadənin “Əsərləri”nin “İzahlar” bölməsində kitabın tərtibatçısı, mərhum prof. H.Məmmədzadə yazıçının guya “milliyyəti haqqında bu sözləri “Kəmalüddövlə məktubları”nı çap etdirmək məqsədilə yazdığını” qeyd edir. Birincisi, elə həmin kitabda “Kolonel Mirzə Fətəli Axundzadənin bioqrafiyası”nda - təxminən 1874-cü ildə öz əliylə fars dilində (!) qələmə aldığı tərcümeyi-halında bir daha “ulu babalarının fars qəbilələrindən olduğunu” qeyd edir. İkincisi, nəinki bir əsəri, hətta bütün külliyyatını belə nəşr etdirmək M.F.Axundzadə boyda bir yazıçıya öz milliyyətini danmaq, kimlərəsə yamaq olmaq haqqı vermir. Sən demə, yeni dövr ədəbiyyatımızın beşiyi başında duran, bütün orta yüzillər ədəbiyyatımızın üstündən xətt çəkmək istəyən Mirzə Fətəli Axundzadə özünü yalnız zahirən türk sayırmış.

Bizim fikrimizcə, elə bu prizmadan çıxış edərək, Axundzadənin klassik Azərbaycan - türk ədəbiyyatına saymazyana, daha doğrusu, inkarçı münasibətinə nəzər salmalıyıq. İndiyədək bu barədə yazılmış , demək olar ki, bütün məqalə və kitablarda bunu Mirzə Fətəlinin yeni ədəbiyyat yaratmaq istəyi, çağdaş dövrün tələblərinə cavab verən ədəbi-mədəni dəyərlər sistemi formalaşdırmaq təşəbbüsləriylə bağlı izah etməyə çalışmışlar. Əslində isə, bu, Axundzadəni sığortalamaq, onun qatı anti-türk mövqeyini ört-basdır etməkdən başqa bir şey deyil.

“Müsəlman xalqlarının mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə saydığı islam dininin əsasını sarsıtmaq və fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və İslam dinində protestantizmin lüzumunu sübut etmək üçün” (III c.,270) “Kəmalüddövlə”ni yazan Axundzadə bütün orta yüzillər türk ədəbiyyatını danmaq üçün isə bu ədəbiyyatın ən böyük və ən layiqli nümayəndəsi M.Füzulini qaralayır. M.Füzuli bütün Orta əsrlər ədəbiyyatımızda milli kimlik məsələsini qaldıran, türk oğlu türk olduğunu açıq şəkildə bəyan edən, doğma dili - Azərbaycan türkcəsinin öz imkanlarına görə ərəb və fars dillərindən geri qalmadığını sübut etmək iddiasında bulunan və bunu bədii və elmi əsərləriylə əyani surətdə sübut edən ilk ən böyük milli şairimizdir. Füzuli ərəb və fars dillərində də əsərlər yazdı, heç yerdə və heç zaman ərəb, yaxud fars milli kimliyinə, mənəvi dünyasına - ədəbiyyat və incəsənətinə xor baxmadı, fəqət “ikiayaqlı” müsəlman mədəniyyəti sacayağının altına çiyinlərini verərək, öz yaradıcılığıyla bu sacayağa üçüncü ayağı vurdu. Neçə-neçə böyük xanədanlıq - dövlət və imperiyalar qurmuş, Avropa və Asiyanın siyasi coğrafiyasında böyük dəyişikliklər etmiş türklərin ədəbi-mənəvi qalxınmasında, ərəb və farslarla yan-yana, çiyin-çiyinə dayanmasında M.Füzulu yaradıcılığı misilsiz rol oynadı. Doğrudan da “Türk sərvətinin Hindistan dənizlərini dalğalandırdığı, Avropa qəlbgahlarını titrətdiyi”(A.Sur) bir dövrdə türk ədəbiyyatının onlardan geri qalması tarixi ədalətsizlik olardı. Füzuli məhz bu tarixi ədalətsizliyə son qoydu.

Yaxın və Orta Şərq müsəlman tarixi və ədəbiyyatına yaxından bələd olan Axundzadə M.Füzulinin milli ədəbiyyat və doğma dil cəbhəsindəki çaba və qeyrətlərini bilməmiş, duymamış deyildi. Görünür, elə buna görə, yəni “Azərbaycan ədəbiyyatını fars və ərəb girdablarından dartıb, çıxartdığına görə” (C.Cabbarlı) ilk maarifçi-demokratımız “türk ədəbiyyatının banisini”( F.Köçərli) bəyənməmiş, “şair saymamış”, yalnız “nazimi-ustad” adlandırmışdır (II c.,181).

Zəngin biliyə, yüksək mədəniyyətə və bədii zövqə malik olan M.Fətəlinin şair və şeir qarşısında saf məslək və ideallar, xalq həyatı və məişətinin güzgüsü, arzu və istəklərinin dolğun və həqiqi təsviri kimi tələblər qoyması öz-özlüyündə çox gərəkli və mütərəqqi hadisədir. Yüzillərlə davam edən epiqonçuluğun, Füzuliyə yalnız bənzətmə və nəzirə yazmaq “xəstəliyinin” müalicəsinə xidmət etməsi baxımından bəyənilməlidir. Ancaq, onun “Tarixi-hicridən bu zamana qədər milləti-islam arasında bir kimsənə şeir ilə nəzmə fərq verməyib, hər nazimin adına bərxilafi-həqq şair deyiblər” (2,180)- fikri həddindən artıq sərt və ədalətsiz səslənir.

Öncə, onu deyək ki, ana dilimizdə yazdığı azsaylı məqalələrdən olan “Nəzm və nəsr haqqında” adıyla tanınan bu məqaləsində “milləti-islam” ifadəsi işlətməklə Axundzadə kobud səhvə yol vermiş olur. “Millət”lə “ümmət” in fərqini yazıçı bilməmiş deyildi. Belə ki, onun başqa məqalələrində biz bu anlayışların fərqli şəkildə işlənmə məqamlarıyla qarşılaşırıq. İkincisi, müsəlmanlar arasında hər şeir quraşdırana şair deyilməsi və guya Nizami, Cami, Hafiz və b. onlarla fərq qoyulmaması fikri də inandırıcı deyil və heç bir tənqidə dözmür. Doğrudanmı, XIX yüzildə Axundzadənin özünün də tənqid etdiyi tehranlı Qaaninin şeirləri ilə Nizaminin “Xəmsə”si, yaxud Hafizin qəzəlləri bir tutulur, eyni qiymətləndirilirdi?

Şeiri “əlahiddə bir bəxşi-ilahi”, şairlik ilhamını “şeir maddəsi” kimi təqdim edən Axundzadə “təhsil və tərbiyə o maddənin ancaq inbisatına və əşarın artıq zinətinə bais olar” (2,180) - deməklə çox doğru və elmi nəticəyə gəlir.

Ancaq farsdilli Firdovsi, Nizami, Cami, Sədi, Mollayi-Rumi və Hafizi “bir para qüsurları” olmasına baxmayaraq, şair sayan “bizim Mirzə Fətəli” “türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır. Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır.” (2,181)-deməklə daha kobud və bağışlanmaz bir səhvə yol verir. Yuxarıda adları çəkilən farsdilli şairlər haqqında bu sözləri layiq görməyən Axundzadə nədən türkdilli şairlər barəsində belə deməyə özündə cəsarət tapır? Bu, böyük yazıçının yuxarıda qeyd etdiyimiz paniranizm mövqeyindən, anti-türk mənşəyindən irəli gəlmirmi? Türkdilli şairlərdən Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai, Ə.Nəvayi, Əhmədi, Xəyali və b.bir çox böyük sənətkarların adlarını heç yada salmayan Axundzadə yalnız Füzulinin adını çəkir, ancaq “nazimi-ustad” kimi. Yəni “türk şairlərinin babası” (F.Köçərli) Füzulinin şair olmadığını deməklə öz-özlüyündə bütün klassik türk ədəbiyyatını heçə saymış olur.

Görkəmli alim Y.Qarayev hələ 80-ci illərdə “Axundzadənin Füzuliyə yox, Füzulu bütünə, üç əsrdən bəri bu bütə sitayiş qılanlara - “poeziya möminləri” nə qarşı çıxdığını” (9,72) deyirdisə də, bu, Axundzadənin “günahını” yumşaltmaq, sığortalamaq, bir növ, çulunu sudan quru çıxarmaq təsiri bağışlayır. İlk baxışdan inandırıcı görünən, bəlkə də yazıldığı dövrdə çox aktual səslənən bu sözlər bu gün M.F.Axundzadəni heç cür xilas etmir. Axı, doğrudan da, ”Füzuli özündən sonra gələn ədəbi prosesə cavabdehlik və məsuliyyət daşıya bilməz. Füzulinin böyüklüyü onun üçün ittiham aktına çevrilə bilməz” (T.Salamoğlu, “Ədəbi tənqid tarixinə dair portret-oçerklər”, B.2011, s.16).

Bir vaxtlar C.Cabbarlı da “öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verən Füzulinin, eyni zamanda, onun üzərinə düşüb, onu öz ağırlığı altında əzməsindən ”, yüzillərlə ədəbiyyatımızın “öz orijinal mənliyini itirib, Füzulinin ardınca qoşmağa başlamasından”, “Füzulinin başına fırlanmasından”, şairlərimizi yeni bir şəklə keçməyə qoymayan “Füzuli tilsimindən” danışmışdı (C.Cabbarlı, Əsərləri, IVc.B.2005, s.237-238). Füzulidən sonrakı üç yüzillik “Füzuliyanə” qəzəl ədəbiyyatına 29 yaşlı gənc yazıçının “zərgər” dəqiqliyilə verdiyi bu qiymətə heç nə əlavə etmək olmaz. Ancaq Füzulinin günahı nədir ki, ”öz əlini ədəbiyyatdan çəkər-çəkməz ədəbiyyat mütərəqqi gedişilə irəliləmək deyil, bəlkə yüksəldiyi yerdə belə dayanmadı və sürətli hərəkətlə enişə doğru yuvarlanmağa başladı” (C. Cabbarlı ). Axı qoca Mövlanə ədəbiyyatımızı öz çiyinlərinə alıb, “Füzuli yüksəkliyinə” qaldırmaqda məqsədi bu ədəbiyyatı zirvədən üzü aşağı dığırlatmaq deyildi. Onun əsl məqsədi “dörd yanını sarmış boşluq içərisində yeni doğmuş ədəbiyyatı öz zərif çiyinlərində qaldıararaq, vaxtına təqdim etmək” (C.Cabbarlı), Axundzadənin sözləriylə desək, “əndazə göstərmək”, “baniyi-kar” olmaq, “dünyada bir ad qoymaq” idi ki, bunu da o, çox yüksək səviyyədə və böyük məharətlə yerinə yetirmişdi.

Yeri gəlmişkən, bu barədə son illərdə aparılmış tədqiqatlardan T.Salamoğlunun mövqeyi bəyənilməlidir. O, ilk dəfə özündən əvvəlki K.Talıbzadə və Y.Qarayev kimi görkəmli alimlərin əksinə olaraq, “Axundzadənin Füzulini “romantik poeziya” kontekstində deyil, məhz türk (Azərbaycan) ədəbiyyatına məxsus sənətkar kontekstində inkar etdiyini” vurğulayır. Eyni zamanda tədqiqatçı, haqlı olaraq, “Axundzadənin təkcə Füzulini deyil, onunla bərabər türk şeirinin XIX əsrə qədərki tarixini inkar etməsi faktına” göz yumulduğunu qeyd edir, ilk dramaturqumuzun “Azərbaycan türklərinin ədəbiyyatının tarixini müasirləşdirmək meylini onun ədəbiyyat və tənqid konsepsiyasının ciddi qüsurlarından” sayır. “...Burda mübahisə ediləcək bir məsələ yoxdur. Mübahisə edilə biləcək məsələ Axundzadənin hansı səbəbdən inkarçı mövqe tutmasıdır” (göstərilən əsəri, s.17-18), - deyən T.Salamoğlu, təəssüf ki, böyük yazıçının bu mövqeyinin, yəni “Azərbaycan türklərinin ədəbiyyat tarixini müasirləşdirmək meylinin” səbəblərini açıb-göstərmək təşəbbüsündə bulunmur.

M.F.Axundzadənin M.Füzuli başda olmaqla, bütün türk ədəbiyyatına belə qərəzli və inkarçı yanaşmasına necə haqq qazandırmaq olar? Əgər o, doğrudan da, ədəbiyyatdan “realist-tənqidi” təsvir və təhkiyə umurdusa, nəyə görə bunu haqqında danışdığı bütün “milləti-islam” şair və yazıçılarına şamil etmirdi? Yəni sovet dövründə deyildiyi kimi, o, bunu Azərbaycan ədəbiyyatını minillik “gül-bülbül” poeziyasının, Füzuliyə nəzirə və bənzətmələrdən ibarət olan epiqonçu şerin caynaqlarından qoparmaq üçün edirdisə, onda, bəs fars ədəbiyyatını niyə onlardan ayırırdı?

Məgər başqa məktublarında Sədinin məktəb və mədrəsələrdə yüzillərlə oxunan “Gülüstan” və “Bustan” ından bir nəticə hasil olmadığını dönə-dönə təkrar edən elə Axundzadə özü deyildimi? Görəsən, hansı meyar və üstünlüklərinə görə Sədi və Hafiz Füzulidən üstün tutulur, yaxud hansı zəif və nöqsanlı cəhətlərinə görə füzuli onlardan aşağı səviyyəli sayılır, daha doğrusu, şair sayılmırdı?

Qəribədir, o, bu sözləri deyərkən hansı ölçü və meyarlara əsaslanmış, hansı tələb və parametrləri əsas götürmüşdü? Birincisi, Axundzadə Füzuliyə münasibətdə çox böyük səhvə yol vermiş, bağışlanmaz günah işləmişdir. Yəni M.Füzuli şairdir, özü də çox böyük şairdir. Bu gün bunun sübuta ehtiyacı yoxdur. Bunu Füzuli əsrindən keçən 500, Axundzadənin öz dövründən keçən 150 illik zaman məsafəsi də dönə-dönə təsdiq etmişdir. Bu, öz yerində. Bəs, əsası C.Cabbarlının yuxarıda xatırlatdığımız məqaləsiylə qoyulmuş M.F.Axundzadənin M.Füzulini inkar konsepsiyasına bəraət qazandırmaq kompaniyasına nə ad vermək olar?.. Bəla burasındadır ki, bu kompaniyanı C.Cabbarlıdan sonra uzun müddət - bütün “Sovet dövrü” ədəbiyyatşünaslığında (təəssüf ki, indi də çoxları belə düşünür) davam etdirmiş, Axundzadənin bu səhvinə ictimai-sosial don geyindirməyə çalışmışlar. Amma yalan ayaq tutar, yeriməz.

İkincisi, C.Cabbarlının əsaslandırmaq istədiyi məntiqlə yanaşsaq, Axundzadə Füzulini “şair olmadığına”, yaxud zəif şair olduğuna görə deyil, məhz şair olduğuna, özü də böyük şair olduğuna görə bəyənməmişdir. Özəlliklə, bu böyük şairin türk olması, türk dilində yazması, ölməz əsərlər meydana gətirməsi, öz türklüyünü nəinki gizlətməməsi, hətta bununla fəxr etməsi Axundzadəu daha çox qıcıqlandırmış, qəzəbləndirmiş, cin atına mindirmişdir. Sual olunur: Niyə? Çünki bu, “bizim Mirzə Fətəlinin” müsəlman-Şərq ədəbiyyatı haqqındakı konsepsiyasına cavab vermir, onun qəliblərini vurub dağıdırdı. Yəni o, ərəbləri “vəhşi”, “barbar” adlandırır, türkləri bəyənmir, “Osmanlı xalqını... hər cür elm, maarif və tərbiyədən məhrum” (IIIc.,203), “təbiətləri üzrə tənbəl olan və nə ölüyə, nə də diriyə hay verən türklər” (II,241) adlandırır. Azərbaycan türklərinə soyuq yanaşır, bir az da yuxarıdan aşağı baxır, ədəbiyyat və mədəniyyətlərinin bəlkə də Quzey Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra çiçəklənməyə başladığını, əsl ədəbiyyatın isə məhz M.F.Axundzadənin öz yaradıcılığıyla meydana çıxdığını əsaslandırmaq istəyir. Bunlardan fərqli olaraq, farslar haqqında, demək olar ki, hər yerdə ehtiramla danışır, ədəbiyyat və mədəniyyətlərinə hörmətlə yanaşır, İranın bəzi ictimai və dövlət nümayəndələrinin ona qarşı soyuqluğunu özünə dərd eləyir, peşimançılıq çəkir, yalnız siyasi və ictimai idarəçilik sistemlərini, yeri gəldikcə, tənqid edir.

Füzulidən fərqli olaraq, Axundzadə, fikrimizcə, gənc yaşlarından Qərb və xristian ictimai-siyasi və ədəbi-mədəni dəyərlər sisteminin təsiri altına düşmüş, Şərqə Qərbin gözüylə baxmağa başlamışdır. Qərbin istədiklərini görməyincə “məhkum və zavallı Şərqi” söymüş, yamanlamışdır.

Bizim fikrimizcə, M.F.Axundzadənin M.Füzuli başda olmaqla, bütün orta çağlar Azərbaycan ədəbiyyatını inkar etməsində Rusiyaya hədsiz inam və sədaqətin də öz payı olmuşdur. Yəni gənc yaşlarından Rusiya imperiyasına sədaqət andı içərək qulluğa başlayan Axundzadə bütün gücü ilə qələmə sarılmış, bu eşq ilə yazıb-yaratmağa başlamış, Quzey Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonrakı dövrü az qala bütün sahələrdə intibah və dirçəliş dövrü hesab etmişdir. Bu baxımdan yanaşsaq, sonralar 70 illik sosializm quruculuğu dövründə hökmfərma olan və hər gün beyinlərə yeridilməyə çalışılan - yalnız Rusiyaya “birləşməyimizlə” xalqımızın ictimai-siyasi gəlişmə və ədəbi-mədəni tərəqqi yoluna qədəm qoyması kimi əsassız və məntiqsiz bir ideya öz başlanğıcını məhz M.F.Axundzadədan götürür. Daha doğrusu, bu konsepsiya Axundzadənin dövründən başlayaraq hazırlanmağa başlamış, milli “azlıqlara” münasibətdə Çar Rusiyasından az fərqlənən sovetlər dönəmində isə daha dərinə işləmiş, daha geniş qol-budaq atmışdır.

Biz bu sözləri deməklə qətiyyən M.F.Axundzadə şəxsiyyətinə kölgə salmaq, yaxud M.Füzulini inkar etdiyinə görə onun özünü inkar etmək (qisas almaq) fikrində deyilik. Allah eləməsin. Birincisi, biz kimik, nə karəyik? İkincisi, Axundzadənin öz böyük səhvindən çıxardığımız tarixi təcrübə bizə də bu yanlışı təkrar etməyə haqq vermir. Üçüncüsü, inkarı inkar qanunu həmişə, hər yerdə özünü doğrultmur. Axundzadə, doğrudan da, XIX yüzil Azərbaycan ictimai-fəlsəfi və ədəbi - mədəni fikrinin yetirdiyi ən böyük simadır. Ədəbiyyatımızın orta çağların epiqonçu “gül-bülbül” poeziyasının təsirindən qurtulub yeni dövr, Avropa tipli dram, hekayə və roman - ictimai-fəlsəfi məzmunlu əsərlər platformasına keçməsində Axundzadənin ölməz əsərlərinin və ədəbi-tənqidi fəaliyyətinin misilsiz rolu olmuşdur. Hətta yeni tipli İran və Türkiyə ədəbiyyat və mədəniyyətinə də Axundzadənin güclü təsiri danılmazdır. Bütün bunlarla belə, bu böyük şəxsiyyətin, görkəmli demokrat yazıçının, tanınmış ideya-fəlsəfi fikir adamının böyük səhvlərini, kobud, yanlış addımlarını ört-basdır edib, gizlətməyə heç bir lüzum yoxdur. “İslam dininin əsaslarını sarsıtmağı” yaxud “kökündən məhv etməyi” qarşısına məqsəd qoyan, bu məqsədlə “qan qoxulu” “Kəmalüddövlə”ni yazan, M.Füzuli kimi əlçatmaz, misilsiz və müqəddəs bir poeziya “peyğəmbərimizə” qara ləkə yaxmaq istəyən Axundzadənin günahlarını açıb göstərmək nəyə görə qəbahət sayılmalıdır? Başa düşmək olmur. Fikrimizcə, Prezident fərmanı ilə anadan olmasının 200 illik yubileyini qeyd etdiyimiz bu günlərdə M.F.Axundzadə şəxsiyyətinə bütünlüklə işıq salmaq üçün arxiv sənədləri və şəxsi məktubları daha diqqətlə nəzərdən keçirilməli, bu böyük simanın indiyədək kölgədə qalmış tərəfləri obyektivcəsinə öyrənilib-araşdırılmalı və ictimai təhlil obyektinə çevrilməlidir.

 

 

Zəkulla Bayramlı,

filologiya üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2013.- 12 yanvar.- S.1-3.