“Gəl gör mənə eşq neylədi”…

  

Yunis İmrənin adını ilk dəfə atamgildə Nazim Hikmətin dilindən eşitmişəm. Nazim təkrarsız şeir oxumaq məharətiylə, məlahətli səsiylə Yunisin misralarını deyirdi:

 

Ben Yunisi biçareyim,

Aşk elinden avareyim.

Başdan ayağa yareyim

Gel gör bana aşk neyledi.

 

Bu misraları oxuyarkən şair üzünü özündən çox-çox cavan olan sevgilisinə, «son eşqi, son ağrısı» (Rəsul Rza) Veraya tuturdu. Verə türkcə bilmirdi. Bəlkə Nazim bu misraları onunçün çoxdan tərcümə etmişdi. Bəlkə də yox. Bəlkə sevgilinə müraciət edərkən səni anlayıb-anlamayacağı önəmli deyil. Vacib olan özünün özünə etdyin etirafdır.

Sevdalanan insan çox vaxt duyğularını şairlərin diliylə izhar edir. Özləri şair olanlar belə bəzən daha əvvəl yaşamış şairlərin sözlərinə müraciət edirlər. Yunislə Nazimi yeddi əsr ayırır, amma o da Cəlaləddin Rumi kimi Nazimin çağdaşıdır.

Nazim Hikmətə həsr olunmuş, Türkiyədə artıq nəşr edilmiş, indi Bakıda çapa hazırladığım «Kərəm kimi» kitabına «Nazimın çağdaşları» adlı bir bölüm də əlavə etmək istəyirəm. Bu bölümə böyük şairin zamandaşları və ona mənən yaxın olan insanlar - Zəkəriyyə, Səbihə və Yulduz Serteller, Mikayıl Rəfili, Konstantin Simonov, Orxan Vəli, Əziz Nesin, Fazil Hüsnü Dağlarca, İbrahim Balaban, Yaşar Kamal, Əkbər Babayev (Orxan Vəlidən başqa hamısıyla şəxsən tanış idim) haqqında esselərimi daxil etdiyim kimi, «Çağdaşımız Mövlanə» və Yunis İmrəyə aid bu yazımı da daxil edəcəm.

Böyük şairlər hansı əsrdə yaşamalarından asılı olmayaraq, bir-birinin çağdaşlarıdır. Hamısı eşq heyranlığı və sevgi aldanışları, məhəbbət iztirabları haqqında, ölüm qorxusu, ayrılıq acısı, tənhalıq nisgili, qəriblik həsrəti, xəyal qırıqlığı və ümid təsəllisi barədə, eyni əbədi duyğuları ifadə ediblər. Əlbəttə, hərəsi öz diliylə, öz üslubuyla, öz deyim tərziylə… Öz zamanının lisanında.

Mənim fikrimcə, Oğuz şerində, yəni Anadolu və Azəri türklərinin möhtəşəm şeir dünyasında ən uca beş zirvə var: Dədə Qorqud söyləmələri, Yünis İmrənin yaradıcılığı, Füzulinin türkcə Divanı və «Leyli Məcnun»u,Sabirin «Hophopnamə»si, Nazim Hikmətin poeziyası…

Yunis İmrə haqqında çoxdan yazmaq istəyirdim.Görünür vaxtı yetişmədiyindən niyyətimi gündən-günə ötürürdüm. 2013-cü ilin ilk günlərindən Yunis İmrə nədənsə qəlbimin ən munis həmdəmi oldu, demək istədiklərimi onun diliylə ifadə etməyə ehtiyac duydum.

«Kitabi-Dədəm Qorqud» «Xanım hey!» xitabıyla başlayır. Yunis İmrə:

 

Sən bura qəribmi gəldin,

Neçin ağlarsan bülbül, hey? - deyir.

Yarından ayrımı düşdün,

Neçin ağlarsan, bülbül, hey? - deyir.

 

Yunis İmrənin poetik irsi «Kitabi-Dədəm Qorqud»-dan sonra zaman etibarilə dilimizin ən böyük bədii abidəsidir, bugünkü dilimizi - Azəri və Anadolu türkcəsini formalaşdıran, biçimləşdirən, büllurlaşdıran bir dildir:

 

Dedim, əlim yetməz yara,

Bulunmaz dərdimə çara.

Oldum elimdən avara,

Məni burda əylərmisən?

 

Bu qarşıma köküs gərən

Daş bağırlı dağlarmısan?

Mən yarımdan ayrı düşdüm

Sən yolumu bağlarmısan?

 

Qarlı dağların başında

Salxım-salxım olan bulud!

Saçın yolub mənim üçün

Yaşın-yaşın ağlarmısan?

 

Nəfəsi Dədə Qorquddan gələn Yunis şeirinin əks-sədası özündən sonrakı şairlərimizin və aşıqlarımızın yaratdıqlarında da eşidilir - Aşıq Paşadan, Nəsimidən, Füzulidən bayatılarımıza qədər, Aşıq Veysələ, elə Nazim Hikmətin özünə qədər - hamısının müəyyən sətrlərində Yunislə səsləşmələr tapmaq olar.

Yunis İmrə (1238-1320)

 

Gəldi keçdi ömrüm mənim

Ol yel əsib keçmiş kimi

Hələ mənə boylə gəldi

Bir göz yumub açmış kimi.

 

İşbu sözə haq tanıqdır

Bu can köküsə qonuqdur

Bir gün olar uçar gedər

Qəfəsdən quş uçmuş kimi

 

- deyirsə, Aşıq Paşa (1272-1333) da:

 

Nazənin bu ömrümüz

bir göz yumub açmış kimi

Gəldi keçdi, duyamadıq

bir quş qonub uçmuş kimi -

- deyir.

Yunis:

 

Əvvəl mənəm, axır mənəm

Canlara can olan mənəm

Gözsüz məni necə görsün

Könüllərə girən mənəm

 

- deyir.

Bu misralar Nəsiminin yalnız məşhur «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» şeirində deyil,

 

Mən mülkü-cahan, cahan mənəm, mən,

Mən həqqi məkan, məkan mənəm, mən

 

qəzəlində də əks-səda verir.

Füzulinin :

 

Eşq imiş hər nə varsa aləmdə,

Elm bir qeylü-qal imiş ancaq

 

- beytində də Yunis İmrə ruhu var.

 

Gəldin, keçdin, biləmmədim,

Ah neyləyim, ömrüm səni.

 

Bu Yunis İmrədir.

 

Əfsus ki, yarım gecə gəldi, gecə getdi

Heç bilmirəm ömrüm necə gəldi,

necə getdi.

 

Bu da Ağabəyim Ağadır.

Deyə bilərsiniz ki, bu motivlər əsrlər boyu şeirimizdə yayğın olan, dönə-dönə işlənmiş təşbehlərdir. Doğrudur, amma o da həqiqətdir ki, axı bunları və buna bənzər onlarca obrazlı ifadəni ilk dəfə, hamıdan əvvəl Yunis İmrə deyib. Yazılı ədəbiyyatımızda da, aşıq şerində də «dünya» rədifli çox sayda gözəl şeirlər var. Amma Yunis İmrə hamıdan öncə deyib ki:

 

Bilirəm mən səni - yalan dünyasan,

Şahları taxtından salan dünyasan.

 

Yaxud

 

Yeri, yeri, yalan dünya

Yalan dünya deyilmisən?

Yeddi yol boşalıb, yenə

Dolan dünya deyilmisən?

 

Yeddi əsr sonra Səməd Vurğunın məşhur şeirində də dünya «bir yandan boşalır, bir yandan dolur».

Yeri gəlmişkən, dünyanın boşalıb, «yeddi yol yenidən dolması» fikri ən müasir elmi fərziyyələrlə - yer üzündə uyqarlıqların (sivilizasiyaların) dəfələrlə dağılması və yenidən yaranması mülahizələriylə həmahəng səsləşir.

Yunisin:

 

Yüz Kəbədən yeyrəkdir

Bir könül ziyarəti.

 

Yaxud

 

Daş olsan da əriyərsən

 

- misraları bizim bayatılarda da əks olunub.

Hər bir sənətkarın müəyyən yaşda istər-istəməz ölüm haqqında düşünməsi və yazması təbiidir.

Nazim Hikmət:

 

Nə ölümdən qorxmaq ayıb

Nə də düşünmək ölümü

 

- yazırdı

 

Ölüm Yunis İmrə yaradıcılığının da israrla təkrar olunan mövzularındandır.

 

Vaxtınıza hazır olun

Əcəl vardır, gələr bir gün

 

- deyə xəbərdarlıq edən Yunis ölümün tərifini də verir:

 

Bir kimsənin belin bükər

Bir kimsənin mülkün sökər

Bir kimsənin yaşın tökər

Əzasını əzər ölüm.

 

Ölüm haqqında bu ümumi, mücərrəd düşüncələri şair get-gedə öz yaxın aqibəti kimi qavrayır:

 

Bir qorxu düşdü canıma,

Əcəb nola mənim halım?

Dərman işləməz qanıma

Əcəb nola mənim halım?

 

Şeir boyu bu ölüm xofu tükürpədici, əyani səhnələr şəklini alır:

 

Dünya birdən soyuyacaq,

Yuyucu tənim yuyacaq.

Axır ki, qəbrə qoyacaq,

Əcəb nola mənim halım?

 

Əzalarım söküləcək,

Gözə torpaq töküləcək.

Minkirlə İnkir gələcək,

Əcəb nola mənim halım.

 

Nə ayaq tuta, nə əlim,

Nə ağlım qala, nə bilim.

Cavab verməz olar dilim,

Əcəb nola mənim halım?

 

Bu misralar isə artıq sanki qəbrin içində uzanmış adamın dilindən deyilib:

 

Beş qarış bezdəndir donum

İlan-çayan yeyə tənim

Hara dönsəm, daşdı yönüm…

Unudulmuş olam bir gün.

Bu zindanın dəhşətinə

Təkbaşına dalam bir gün…

 

Amma böyük sənətin ölümsüzlüyü və Yunis İmrənin sənətkar kimi zəfəri ondadır ki, o, ölümün özünü belə həyatın sonu kimi deyil, misralarda yaşayacaq bədii obraz kimi dəyərləndirir, dünyayla mərd-mərdanə, erkək kimi, ağlayıb-sızlamadan vidalaşmağı bacarır:

 

Biz dünyadan gedər olduq,

Qalanlara salam olsun!

Bizim üçün xeyir-dua

qılanlara salam olsun.

 

Bir qaydadı: Gələn gedər,

Əcəl ki, var, bizi güdər…

Bizim halımızdan xəbər

Soranlara salam olsun!

 

Şəxsi kitabxanamda Yunis İmrənin Türkiyədə, Azərbaycanda nəşr olunmuş əsərlərinin müxtəlif nəşrləri, onun haqqında yazılmış tədqiqatlar var. Türkiyədə olarkən oradakı dostlarıma zarafatla deyirdim ki, yeddi əsr bundan qabaq yaşamış Yunisin kitabını asanlıqla oxuyub anlayıram, amma bu kitaba günümüzdə yazılmış ön sözlə tanış olarkən tez-tez lüğətə müraciət edirəm.

Sözüm ondadır ki, Köprülünün diliylə desək, türk ədəbiyyatının ən böyük sufisi, gah türkmən kəndlisi, gah dərviş deyə adlandırılan, özü özünə Miskin, Dərviş, Aşiq deyən şairin şeirlərini irfani poeziyanın örnəyi kimi qiymətləndirir, təsəvvüf anlayışlarıyla yozurlar. Əlbəttə, hər bir araşdırmaçının buna haqqı var. Bəlkə bu yanaşma Yunis İmrənin bədii niyyətinə, yaradıcılıq məqsədinə daha doğru-dürüst şərhdir. Amma hər oxucunun da mütaliə etdiyi əsərləri öz təəssüratlarıyla qavramaq, izah etmək, duymaq haqqı var.

Yunis İmrənin bəlkə də ən məşhur beyti belədir:

 

Məni məndə demə, məndə deyiləm,

Bir mən vardır məndə məndən içəri.

 

Yaxud başqa variantda:

 

Beni sorma bana, bende degülem,

Surətim boş yürür dondan içeri.

 

Bu misraları hər halda Azəri türkcəsində gətirdiyim beyti sufizm təbirləriylə təfsir etmək istəmirəm. Mənimçün bu beyt çağdaş insanın varlığını dəqiq əks etdirən psixoloji portretdir. İnsan cəmiyyət, mühit, ailə içində yaşayır, çalışır, başqalarıyla görüşür, söhbət edir, kiminləsə dalaşır, kiminləsə barışır. Amma bütün bu zahiri, dekorativ bəlirlərin içində İnsanın bir dəruni «mən»i var ki, o bambaşqadır, öz daxili aləmində öz duyğularıyla, düşüncələriylə yaşayan, dış dünyasında heç kəsin görmədiyi, bilmədiyi, xarici aləmlə heç bir ilişgisi olmayan insanın həqiqi, əsl, gerçək «məni»dir. Məhz bu «mən» zahiri «mən»dən içəridədir.

Keçən əsrin iyirminci illərində Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olan və ədəbiyyatımıza müəyyən xidmətlər göstərmiş İsmayıl Hikmət elə o illərdə Bakıda iki kitab nəşr etdirib - «Azərbaycan ədəbiyyatı tarixi» və «Türk ədəbiyyatı tarixi». Bu kitablarda Orta əsrlərdə dili, ədəbi biçimləri, ruhu etibariylə ayrılmayan şairlərimizi türk şairləri və Azərbaycan şairləri deyə iki qismə ayırıb. Nə Anadoluda, nə Azərbaycanda yaşamamış, «Əsiri möhnəti Bağdad» olan Fizulini Azərbaycan ədəbiyyatından heç kəs ayıra bilməz. Görkəmli ingilis şərqşünası Uilkinson Gibb kimi mötəbər alim Füzulinin dilinin çağataycadan və osmanlıcadan fərqli bir dil,yəni Azərbaycan türkcəsi olduğunu təsdiq edir, onu məhz Azərbaycan şairi sayır, amma eyni zamanda ondan «Osmanlı şeir tarixi» adlı monumental kitabında bəhs edir.Və bu da etiraz doğurmur. Çünki Bağdad sakini və Azərbaycan şairi Füzuli həm də Türkiyə ədəbiyyatının iftixarı sayıla bilər. Sivas hökmdarı Qazi Burhanəddin də haqlı olaraq Azərbaycan ədəbiyyatına aid edilir. Çox əcəb. Belə olan surətdə Yunis İmrəni - dilimizdə yaratdığı zəngin irsi olan bu böyük şairimizi nəyə görə ədəbiyyat tariximizə salmamalıyıq.

Bir neçə il bundan qabaq «Kitabi-Dədəm Qorqud»un 1300 illiyini təntənəylə qeyd etdik. Məlumdur ki, dastandakı bəzi motivlər çox daha qədimdir, amma mətndə Dədə Qorqudun məhz Həzrət Məhəmmədin müasiri olduğu göstərildiyinə görə buna əsaslanaraq dastan XI əsrə aid edildi. Unudulmaz öndərimiz Heydər Əliyevin dəstəyi ilə bu tarix Azərbaycanda təsdiq olundu, YUNESKO da, Türkiyə alimləri də bu rəqəmi qəbul etdilər. Bu faktın böyük əhəmiyyəti ondadır ki, indi ədəbiyyat tariximizi ərəb və fars dillərində yazan şairlərimizin (onların da Azərbaycan ədəbiyyatına aid olmaları heç bir şübhə doğurmamalıdır) əsərləriylə deyil, öz ana dilimizdə yaranmış əzəmətli abidəylə başlaya bilirik.

Ənənəvi olaraq İzzəddin Həsənoğlunun iki qəzəlini dilimizdə yaranan ilk şeirlər sayırıq. Həsənoğlunun müasiri Yunis İmrənin yaratdığı zəngin irsi ədəbiyyat xəzinəmizə daxil etmədən ondan sonra yaranan heca şeirimizin inkişaf yollarını necə müəyyənləşdirə bilərik?

Vaxtilə bu sahədə səmərəli təşəbbüslər olub. 1928-ci ildə görkəmli yazıçımız Abdulla Şaiq «Ədəbiyyatdan iş kitabında» yazırdı: “Yunis İmrə Sakarya ətrafındakı kəndlərdən birində yetişmiş bir türkmən kəndlisidir. O, burada rəncbərliklə keçinən çox fəqir bir adam idi. Tapdıq İmrə namında bir pir dərvişə intisab edərək illərlə onun qapısında çalışmışdır».

1982-ci ildə «İki zirvə: Yunis İmrə, Aşıq Veysəl» adlı kitab yanılmıramsa, Yunis İmrənin Azərbaycan oxucularına təqdim olunan ilk nəşri idi. Kitabı şair Məmməd Aslan tərtib etmiş, Bəxtyar Vahabzadə kitaba ön söz yazmışdır.

Türkiyənin müxtəlif guşələrində, on yerdə Yunis İmrənin məzarı (maqamı) göstərilir.

Məmməd Aslan qeyd edir ki, «son zamanlar Azərbaycanın Qax rayonu ərazisində dərviş Yunis İmrəyə ünvanlanmış bir məzar da aşkar olunub. Bu da şairin istər Anadoluda, istər Azərbaycanda hələ də xalq zehniyyatında nə qədər önəmli yer tutduğunun göstəricisidir».

Türkiyənin sabiq mədəniyyət naziri, qiymətli ziyalı Namik Kamal Zeybək Yunis İmrənin Türkiyə nəşrlərindən birinə yazdığı ön sözdə haqlı olaraq qeyd edir ki, «Türkiyədə Yunis İmrəni sevməyən varmı? Yunis İmrə sevgisi bizi bir-birimizə bağlayan ən dəyərli bağlardandır. Azərbaycanlı böyük şair Vahabzadə «Bir yerdə öldüyü halda, niyə min yerdə məzarı olduğunu soruşur və bunun cavabını verir:

 

Hər gün qazılır çünki könüllərdə məzarı,

Otlarda, çiçəklərdə və güllərdə məzarı.

Əfsanəmi gerçəkmi, bir insan neçə insan

Varlıq səsidir qopmuş o türkün

qopuzundan».

 

«İki zirvə» kitabına yazdığı ön sözdə isə Bəxtiyar Vahabzadə xüsusi vurğulayır:

«Özlərini mühitə, cəmiyyətə uyğunlaşdırmağı bacarmayan, əslində istəməyən fikir adamları öz içində yaratdığı xəyalı həqiqət dünyası ilə təskinlik tapırlar. İç dünyası ilə çöl dünyası, dildəki yalanla ürəkdəki həqiqətin əbədi savaşında insan özünü axtarır,bu zaman: «Necə olur əzmi səfər?», «Qorxu qiyamətdəndir, ya mən neçin qızaram?» «Adəmin torpağını dörd fərişdə götürdü, suyunu nədən qatdı?» kimi suallar qarşısında dayanmalı olur».

Xalq şairi Zəlimxan Yaqub «Yunis İmrə dastanı» adlı maraqlı poema yazmışdır.

Yunis İmrəni türk ədəbiyyatı tarixindən heç vəchlə çıxarmadan (bu mümkün də deyil), Azərbaycan ədəbiyyatı tarixinə də qatmaq, onu ona mənsub olan yerdə təsdiq etmək bizim şərəf borcumuzdur.

Dəfələrlə demişəm ki, şairlik iddiam yoxdur. Amma hərdən bir klassik şairlərin şeirlərindən qidalanaraq onlarla səsləşmələr yazmağı kim mənə qadağan edə bilər?

Böyük Yunis İmrəyə həsr etdiyim bu yazımı da onun yuxarıda gətirdiyim məşhur gəraylısı ilə səsləşən şerimlə - vaxtilə yazılmış misralarla bitirmək istəyirəm:

 

Ötüb getdi ömrum mənim

Yellər əsib keçmiş kimi.

Ömrün sonu qaçılmazdır

fələk kəfən biçmiş kimi.

 

İstədim dəryada üzəm,

Qartal tək göylərdə süzəm.

Elə bildim ölümsüzəm

Abi-həyat içmiş kimi.

 

İllər keçdi bir an kimi

Cəllad yoxdu Zaman kimi.

Həyat bir yuxuymuş demə,

Bizə gəlir olmuş kimi.

 

 

ANAR

Yanvar 2013

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 yanvar.- S.1-4.