Sənətə sədaqət

      

Mən Füzuli sənətinin aşiqi istedadlı şairimiz Şəkər Aslanla axırıncı dəfə 1993-cü ildə görüşdüm. Respublikamızın Cənub bölgəsində ictimai-siyasi vəziyyətin o zaman necə mürəkkəb olduğu hamımıza yaxşı məlumdur. O vaxtlar "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini işləyirdim. Redaksiyadan mənə tapşırıq verildi ki, Cənub bölgəsindəki ictimai-siyasi mühit və ədəbi həyat mövzusunda bəzi material hazırlayım. Ancaq hələ Bakıda ikən Cənub bölgəsindən həyəcanlı xəbərlər eşidirdim. Ayrı-ayrı qələm yoldaşlarım görünür həmin bölgədən olduğum səbəbindən vəziyyətin necəliyini məndən soruşurdular. Odur ki, redaksiyanın bu tapşırığı mənim məlum nigarançılığıma görə də vacib idi. Ona görə də bir halda ki, mən Cənub bölgəsində ictimai şərait və ədəbi mühit barədə məqalə yazmalıydım, Lənkərana gəldiyimdə, şübhəsiz, birinci növbədə həm sənətinə, həm də şəxsiyyətinə xüsusi münasibət bəslədiyim, aramızda çoxdan səmimi ünsiyyət olan Şəkərlə görüşməliydim.

Elə də etdim. Biz onunla redaksiyada görüşdük. Şəkərin çox qayğılı siması ilk baxışdaca diqqətimi çəkdi. Bölgədəki mövcud vəziyyət barədə özünəxas təmkinlə və belə deyərdim, səliqə ilə məlumat verdi. Şəkərlə söhbətimiz həmin günlərdə Cənub bölgəsindəki vəziyyət haqqında, həmçinin Yazıçılar Birliyinin Lənkəran bölməsi üzvlərinin son vaxtlar qələmə aldıqları ədəbi-bədii yazılarda mövcud mürəkkəb ictimai-siyasi durumun aşkar hiss olunduğu barədə məndə lazımi təəssürat yaratdı və fikrimi yazıb qəzetimizdə dərc etdirdim.

Mən Şəkərin vaxtilə - 1977-ci ildə avtoqrafla bağışladığı "Sevgi günü" kitabını arabir təkrar-təkrar vərəqləyir dəst-xəttilə yazdığı özünəxas həlim, səmimi sözlərini, hətta deyərdim səsini sanki eşidirəm: "Əziz, vəfalı dostum Ayaz Vəfalıya xüsusi hörmətlə. 24.11.77".

Mən həmin kitabı bir daha vərəqlədim, əvvəllər oxuyub etdiyim qeydlərlə yanaşı, yenidən oxuyarkən də qeydlər etdim. Şeirlərlə baş-başa qaldıqca şəksiz, yəqin etdim ki, bədbin olmağa heç bir əsas yoxdur; Şəkər son görüşümüzdə olduğu kimi, mənimlə yenə də şeir-sənət haqqında danışır, bir-birindən gözəl, zərif poetik parçalar deyir, əsl, böyük poeziya ilə nəfəs alır. Böyük poeziyaya isə heç vaxt ölüm yoxdur. Şəkərin ruhuxarakteri onun qiymətli poetik irsində, səsi və nəfəsi aşkar duyulan sətirlərində yaşayır və müəllifinə də yaşadır.

Şəkərin xarakterindəki və yaradıcılığındakı yüksək keyfiyyətlərin vəhdətini mən Füzulinin 500 illiyi münasibətilə elan olunmuş bir müsabiqə prosesində heç unuda bilməyəcəyim bir təsadüf əsnasında gördüm.

1994-cü ildə Azərbaycan Yazıçılar Birliyi, "Ədəbiyyat qəzeti" və "Məhəmməd füzuli" Beynəlxalq Ədəbi Əlaqələr fondu "Artıran söz qədrini sidq ilə qədrin artırır" devizi altında müsabiqə elan etmişdi. Təntənəli yubiley tədbirinin keçirilməsinin vaxtı dəyişdiyindən müsabiqənin nəticələrinin elan olunması gecikdi. Müsabiqəyə materiallar göndərildiyi zaman xatirini çox istədiyim və yaşına görə də mənə ərki çatan çox istedadlı bir şair dostum hansı gizli imza ilə yazdığını deyəndə, xahiş etmişdim ki, mənə dediyi imza ilə göndərməsin. Əlbəttə, dərhal razılaşdı və elə də etdi.

Təsadüfən Şəkər də müsabiqəyə şeirlər göndəribmiş. Yadımdadır ki, Şəkər mənə zəng etdidüzü, hər ehtimala qarşı, bir növ onu qabaqlamaq niyyətilə əvvəlki əhvalatı və həmin dostumuzun adını Şəkərə dedim, sonra da əlavə etdim ki, mən deyən kimi olsa, ürəyim sakit olar. Şəkər güldü və deyəcəkdisə də, demədi. Onu da əlavə etdim ki, şəxsən mən şeirlərinin taleyindən qətiyyən narahat deyiləm. Ona uğur arzuladım. Beləcə biz zarafat kökü üstə sağollaşdıq.

Tale isə bizlə zarafat eləmədi. Təqribən bir il sonra Şəkər dünyasını dəyişdi. Daha bir il sonra isə müsabiqənin materialları münsiflər heyəti tərəfindən diqqətlə nəzərdən keçirilib yoxlanıldı. "Aşiqi-sadiq" imzası ilə yazan müəllifin şeirləri şəksiz, üstünlük qazandı. Zərfi açıb gizli imzanı aşkar edəndə məlum oldu ki, şeirlərin müəllifi Şəkər Aslan imiş. "Aşiqi-sadiq" imzasını Füzulinin məşhur beytindən götürmüşdü:

 

Məndə Məcnundan füzun aşiqlik istedadı var, -

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

 

Müsabiqənin şərtlərinə uyğun olaraq, Şəkərin mükafata layiq görülən şeirləri qəzetimizdə çap edilərkən, mən münsiflər heyətinin sədri, unudulmaz müəllimim Bəxtiyar Vahabzadəyə gecə mətbəədən telefon açıb, vaxtsız narahatlıq üçün üzr istədim mümkünsə bir-iki kəlmə söz yazmasını xahiş etdim. Bəxtiyar müəllim gecədən keçmiş olsa da, məmnuniyyətlə həmin sətirləri mənə telefonla dedi - yazdım, çap etdik.

"Aşiqi-sadiq" Şəkər həqiqətən sadiq idi həm şeirə-sənətə, həm də dosta-qardaşa... Şəkər elə bu sadiqliyi, sədaqəti ilə ölümə üstün gəlib. Şəkərin şeirləri - yaradıcılığı yaşayır, sözü yaşayır - deməli özü yaşayır...

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 yanvar.- S.1.