Sənət
məbədgahının salnaməsi
2013-cü
ildə təkcə respublikamızda deyil, onun
hüdudlarından çox-çox uzaqlarda tanınan Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 yaşı tamam olur. Bu unikal təhsil
ocağının yubileyi xarici ölkə nümayəndələrinin
də iştirakı ilə respublika miqyasında geniş
şəkildə qeyd ediləcəkdir. Dünyanın 22
ölkəsinin 46 ali məktəbi ilə sıx əlaqə
saxlayan ADMİU bu gün elm, təhsil və sənət sahələrində
qazandığı nailiyyətlərlə beynəlxalq aləmdə
məşhurdur.
Universitetin
90 il ərzində keçdiyi yolu-Azərbaycanda peşəkar
teatr təhsilinin yaranması və inkişaf mərhələlərini,
ekran sənətlərinin tədrisini, musiqi təhsilini, Azərbaycanda
ilk ali rəssamlıq təhsilinin uğurlarını, mədəniyyət
və incəsənətimizin tədrisində ictimai-humanitar
elmlərin rolunu, yeni elm sahəsi olan kulturologiya üzrə
yüksək səviyyəli mütəxəssislərin
hazırlanmasını, habelə ADMİU-nun xarici ölkələrlə
əlaqələrini elmi aspektdə, konkret fakt və dəlillərlə,
yeni məlumatlarla əks etdirən “Mədəniyyət və
incəsənətimizin məbədgahı. ADMİU-90”
adlı fundamental, nadir fotoşəkillərlə zəngin,
çox dəyərli bir kitabın işıq üzü
görməsi bu yubileyə ən dəyərli töhfədir.
ADMİU-nun
Nəşriyyat-poliqrafiya mərkəzində yüksək səviyyədə,
nəfis şəkildə nəşr edilmiş ensiklopedik səciyyəyə
malik bu əsərin müəllifi Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru, görkəmli
alim, elm və təhsil təşkilatçısı, əməkdar
incəsənət xadimi, filologiya elmləri doktoru, professor
Timuçin Əfəndiyevdir.
Ömrünü
bu müqəddəs təhsil ocağına həsr edən, mədəniyyət
və incəsənət sahəsində gənc mütəxəssislərin
hazırlanmasında misilsiz xidmətləri olan və eyni
zamanda əsrin dörddə birindən də çox bir
müddətdə ADMİU-ya rəhbərlik edən professor
Timuçin Əfəndiyevin çoxsaylı kitabları
sırasında mühüm yer tutan bu əsər müəllifin
birbaşa şahidi və iştirakçısı olduğu
inkişaf yolunun salnaməsidir. Səkkiz hissədən ibarət
olan kitabın ön sözü “90 illik yolun uğurları”
adlanır.
Müəllif
yazır: “Yarandığı ilk dövrlərdən etibarən
Azərbaycanda mədəniyyət və incəsənət
üzrə mütəxəssis hazırlayan universitetimiz
öz başlanğıcını 1923-cü ildə Azərbaycan
Maarif Komissarlığının qərarı ilə
yaradılmış Bakı Teatr Məktəbindən
götürür. O zaman məşhur sənətkarımız,
Milan və Kiyev şəhərlərində təhsil
almış, opera sənətimizin ilk professional müğənnisi,
SSRİ xalq artisti Şövkət Məmmədovanın təklifi
və təşəbbüsü ilə yaradılmış
bu sənət məktəbi böyük inkişaf yolu
keçmişdir”.
Ön
sözdə daha sonra Bakı Teatr Məktəbinin ilk illərindən
başlayaraq burada dərs demiş, onun inkişafında xidmətləri
olmuş Əbdürrəhim bəy Haqverdiyev, Cəfər
Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə,
Ülvi Rəcəb, Mirseyfəddin Kirmanşahlı, Aleksandr
Tuqanov, Rza Sarabski kimi sənət xadimlərindən
danışılır. Qeyd edilir ki, o dövrdə Bakı
Teatr Məktəbi təkcə Azərbaycan üçün
deyil, Özbəkistan, Türkmənistan, Dağıstan,
Krım və digər regionlar üçün də aktyor və
rejissorlar hazırlayırdı. Bu hissədə 1945-ci ildə
Bakı Teatr Məktəbinin əsasında Teatr institutunun
yaradılması, 1968-ci ildə bu ali məktəbin Azərbaycan
Dövlət İncəsənət İnstitutu
adlandırılması, 1987-ci ildən etibarən burada
köklü islahatların həyata keçirilməsi, 1991-ci
ildə instituta respublika ali məktəbləri arasında ilk
dəfə olaraq Universitet statusunun verilməsi, sonralar Mədəniyyət
və İncəsənət universiteti kimi şöhrət
tapması maraqlı faktlarla
işıqlandırılmışdır.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti bu gün Avropa İncəsənət Universitetləri
liqasının tamhüquqlu üzvüdür. Hazırda burada
7 fakültə, 31 kafedra fəaliyyət göstərir, 40-dan
artıq ixtisas və ixtisaslaşmalar üzrə kadrlar
hazırlanır. Artıq ADMİU-nun diplomları beynəlxalq
aləmdə tanınır. Universitetdə bir çox xarici
ölkələrdən, xüsusən Türkiyədən gəlmiş
çoxlu sayda tələbə təhsil almış və
almaqda davam edir.
Universitetin
elmi potensialı da yüksək səviyyədədir. Bu gün burada elm, maarif, mədəniyyət
və incəsənət sahələrində böyük
uğurlara imza atmış görkəmli pedaqoqlar fəaliyyət
göstərir, tədrislə yanaşı qələmə
aldıqları sanballı elmi əsərləri ilə də
təhsil sisteminə xidmət edirlər. Təkcə bu
faktı göstərmək kifayətdir ki, son beş
ildə ADMİU-da 49 monoqrafiya, 53 dərslik, 70 dərs vəsaiti,
260 proqram və metodiki göstəriş nəşr
edilmişdir.
Müstəqillik
illərində təhsil sahəsində dövlət siyasəti
prinsiplərinin həyata keçirilməsi, milli ideologiyanın
tətbiqi, boloniya təhsil sisteminə keçid və
başqa bu kimi amillər ali təhsilin
inkişafı üçün geniş perspektivlər
açmışdır.
Kitabın
birinci hissəsi “Azərbaycanda peşəkar teatr təhsilinin
yaranması və inkişaf mərhələləri”nə həsr
olunmuşdur. Professor Timuçin
Əfəndiyev bu sahənin keçdiyi yola professional
teatrşünaslıq prizmasından nəzər salaraq
yazır: “XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanda
dünyəvi peşəkar teatrın təşəkkül mərhələsidir.
Bu dövrdə Azərbaycan maarifçilərinin səyi
yalnız bir istiqamətə yönəlmişdi: dünyəvi
peşəkar teatrı maarifçilik ideyalarının təcəssümü
kimi milli mədəniyyətə qovuşdurmaq!”
Birinci
hissə həcm etibarilə daha geniş və əhatəlidir. Bu da təbiidir. Çünki 90 illik tarixə malik teatr təhsili
böyük bir inkişaf yolu keçmiş, hər şeydən
əvvəl qüdrətli sənətkar-pedaqoqları ilə
məşhur olmuşdur. Bu sənət
xadimlərinin sadəcə adlarını sadalasaq,
respublikamızda teatr təhsilinin ümumi mənzərəsi
göz önündə canlanar.
Müəllif
qeyd edir ki, Şərqdə ilk teatr təhsili ocağından
- Bakı Teatr Məktəbindən başlayaraq yuxarıda
adlarını çəkdiyimiz korifeylərdən başqa,
sonrakı mərhələlərdə burada görkəmli Azərbaycan
rejissorları Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov,
Məhərrəm Haşımov, Tofiq Kazımov, dramaturq Sabit
Rəhman, məşhur filoloq-alimlər Əli Sultanlı,
Mikayıl Rəfili, Məmməd Cəfər Cəfərov, səhnə
danışığının ustadı Kazım Ziya, məşhur
teatrşünas Cəfər Cəfərov kimi sənət və
elm adamları dərs demiş, gənc aktyor və rejissor
kadrlarının yetişdirilməsində əllərindən
gələni əsirgəməmişlər.
Bu hissədə
maraqlı faktlardan biri də Teatr institutunun ilk məzunları
ilə əlaqədardır. Məzunlardan Turan Cavid, Adil Babayev,
Hüseyn Abbaszadə, İshaq İbrahimov və
başqaları sonralar qələmə aldıqları xatirələrində
təhsil illərini, sevimli, unudulmaz müəllimlərini, tələbə
dostlarını şükranlıqla xatırlayırdılar.
Məzunlardan biri, bu gün də pedaqoji fəaliyyətini
davam etdirən, Bakı Musiqi Akademiyasının professoru
Gülcahan Güləhmədova - Martınovadır.
Müəllif haqqında söz açdığımız
kitabda Gülcahan xanımın universitetin 90 illiyi ilə əlaqədar
aşağıdakı ürək sözlərini və təbriklərini
vermişdir:
“Mən
bu təhsil ocağının nailiyyətlərinə həmişə
sevinirəm. Hər dəfə universitetin müəllim və tələbələrinin
təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də
keçirilən teatr və musiqi festivallarında, rəssamlıq
sərgilərində qazandıqları uğurlarını
eşidəndə böyük qürur hissi duyuram.
Bu gün Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 yaşı var. Bu tarixi gün münasibəti
ilə mən universitet rəhbərliyini, professor-müəllim
heyətini, tələbələrini, bu unikal təhsil
ocağının məzunlarını ürəkdən təbrik
edir, onlara yeni-yeni uğurlar arzulayıram”.
Kitabda
teatr təhsilinin bu günü aktyor sənəti, rejissor sənəti,
sənətşünaslıq fakültələrinin fəaliyyəti
əsasında işıqlandırılmışdır. Hazırda kinorejissorlardan Eldar Quliyev, Oqtay
Mirqasım, Tofiq İsmayılov, Yalçın Əfəndiyev,
Cəmil Quliyev, teatr rejissorlarından Ağakişi Kazımov,
Azər Paşa Nemət, Cənnət Səlimova, aktyorlardan
Ramiz Əzizbəyli, İlham Namiq Kamal, Firəngiz Mütəllimova,
Bəsti Cəfərova, Zemfira Nərimanova, təcrübəli
pedaqoqlardan Fikrət Sultanov, Gülşad Baxşıyeva, Əzizağa
Quliyev, teatrşünaslardan İlham Rəhimli, Məryəm Əlizadə,
Rafiq Sadıqov, Ədalət Vəliyev, Aydın Talıbzadə,
İsrafil İsrafilov kimi respublika miqyasında tanınmış
görkəmli elm və sənət xadimlərinin adı
çəkilən fakültələrdə
çalışması təqdirəlayiq hadisə olmaqla bərabər,
həm də təhsilin bu sahədəki parlaq göstəricisidir.
“Aktyor sənəti” fakültəsinin “Vokal”
kafedrasına populyar opera müğənnisi Azər Zeynalovun rəhbərlik
etməsi, “Xoreoqrafiya sənəti və səhnə
plastikası” kafedrasının nailiyyətləri də
sevindiricidir.
Kitabda
adlarını çəkdiyimiz və çəkmədiyimiz
bütün müəllimlərin xidmətləri qədirşünaslıqla
qeyd olunur. Yeri gəlmişkən
deyək ki, ümumiyyətlə, bu əsərdə
ADMİU-nun 90 il ərzindəki fəaliyyətində
xidməti olmuş müəllimlərdən geniş söz
açılmış, heç kəs və heç nə
unudulmamışdır.
Kitabın təkcə
tear təhsili hissəsində deyil, kinoşünaslıq,
musiqi, rəssamlıq, kulturologiya, ictimai-humanitar elmlər,
habelə idman bölmələrində də tələbələrin
beynəlxalq miqyasda müxtəlif festival, müsabiqə və
yarışlarda qazandıqları qələbələr
geniş şəkildə əks olunmuşdur.
Azərbaycanda
ekran sənətlərinin tədrisi də Mədəniyyət
və İncəsənət Universitetinin adı ilə
bağlıdır. Vaxtilə
kino sahəsində ali təhsil almaq istəyənlər
Moskva, Leninqrad (Sankt-Peterburq) və digər şəhərlərə
üz tuturdular. Artıq xeyli müddətdir ki,
ADMİU respublikamız üçün yüksək
ixtisaslı kinorejissor, kinoşünas, ssenarist kadrları
hazırlayır. Bu sahəyə dövlətimizin
böyük qayğı və diqqət göstərməsi
kitabda xüsusi vurğulanır.
Professor
Timuçin Əfəndiyev yazır: “Ölkə
başçısının “Azərbaycan kino sənətinin
inkişaf etdirilməsi haqqında” (23 fevral 2007-ci il) və “Azərbaycan kinosunun 2008-2018-ci illər
üzrə inkişafına dair Dövlət Proqramının
təsdiq edilməsi haqqında” (4 avqust 2008-ci il) sərəncamları
kino təhsilinin inkişafı üçün yeni imkanlar
açdı. Bu sərəncamlarda kinematoqrafiya
üzrə yüksək peşəkarlığa malik yerli
kadrların hazırlanmasına xüsusi diqqət yetirilmiş
və bu məsələ Təhsil Nazirliyi, idarə və təşkilatların
qarşısında bir vəzifə kimi qoyulmuşdur. Şübhəsiz ki, kino sənəti üzrə
yerli kadrların hazırlanması işi əsasən Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinə aiddir”.
Kitabın
ekran sənədlərinin tədrisi hissəsini müəlllif
haqlı olaraq “Dövrün ictimai sifarişi”
adlandırmışdır. Bu hissədə ADMİU-da 1988-ci ildə
“Kino və televiziya” kafedrasının yaradılması, 2000-ci
ildə “Kinoşünaslıq” kafedrasının
açılması və tanınmış mütəxəssislərin
- Aydın Dadaşovun, Həmidə Ömərovanın,
Aydın Kazımzadənin, Ayaz Salayevin, İlham Qazızadənin,
Tural Əfəndiyevin universitetin tədris prosesinə cəlb
olunması qeyd edilmişdir.
Kitabda
ADMİU-nu bu sahə üzrə bitirən, hazırda “Azərbaycanfilm”
kinostudiyasında, müxtəlif telekanallarda, mədəniyyət
ocaqlarında çalışan məzunlardan da söz
açılır.
Professor
Timuçin Əfəndiyevin ADMİU-nun 90 illiyinə həsr
etdiyi kitabın böyük bir qismi müsiqi təhsilinin
keçdiyi yolu əhatə edir. Müəllif bu hissədə
Bakı Teatr Məktəbinin ilk direktoru olmuş Şövkət
Məmmədovadan başlayaraq günümüzə qədər
bu sahədə fəaliyyət göstərən məşhur
bəstəkar, dirijor və musiqiçilərin tədris
prosesindəki fəaliyyətindən söz açır.
Burada biz Niyazi, Cahangir Cahangirov, Hacı Xanməmmədov, Şəfiqə
Axundova, Qulu Əsgərov, Lütfiyar İmanov, Gülarə Əliyeva,
Rəhilə Cabbarova kimi sənətkarların
ADMİU-dakı pedaqoji fəaliyyəti ilə tanış
oluruq. Sələflərinin ənənəsini davam etdirən,
bu gün universitetin “Musiqi sənəti” fakültəsində
gələcəyin muğam ifaçılarını
yetişdirən Canəli Əkbərov, Ağaxan Abdullayev, Səkinə
İsmayılova, Mələkxanım Əyyubova, Qəndab
Quliyeva, Nuriyyə Hüseynova və başqalarının da
bir müəllim kimi zəhməti layiqincə qiymətləndirilmişdir.
Fərəhli haldır ki, Azərbaycan estrada-musiqi
ifaçılığının inkişafında
böyük xidmətləri olmuş Yalçın Rzazadə,
Vaqif Gərayzadə, mahir qarmonçalan Zakir Mirzəyev, tarzən
Vamiq Məmmədəliyev ADMİU-nun təcrübəli
müəllimləridirlər.
Musiqi sənətinin
nəzəri problemləri ilə məşğul olan, qiymətli
tədqiqat əsərlərinin müəllifi Nailə Kərimova,
Ellada Hüseynova, Kamilə Dadaşzadə, unudulmaz piano
ifaçısı, uzun illər musiqi fənləri və
dirijorluq kafedrasına rəhbərlik etmiş mərhum Aytəkin
Həsənova haqqında verilən məlumatlar da maraqla
qarşılanır.
“Musiqi sənəti”
fakültəsində “Aşıq sənəti”
kafedrasının açılması təkcə ADMİU-da
deyil, ümumiyyətlə, respublikamızın həyatında
əlamətdar bir hadisə oldu. Bununla əlaqədar kitabda oxuyuruq:
“Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti ölkəmizdə aşıq sənətini tədris
edən ilk ali təhsil ocağıdır.
Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun ümumbəşəri
əhəmiyyətindən xəbər verir. Bu
qədim el sənətini tələbələrə
aşıq ifaçılığının istedadlı
nümayəndələri öyrədir”. Kitabda
məşhur folklorşünas alim Məhərrəm
Qasımlının aşıq sənətinə dair tədqiqat
işlərinin tədris prosesində əhəmiyyətindən
də danışılır.
Respublikamızda
ilk ali rəssamlıq təhsilinin təşəkkülü
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin adı ilə bağlıdır. Yarım əsrlik
tarixə malik rəssamlıq fakültəsində Tahir
Salahov, Mikayıl Abdullayev, Ömər Eldarov, Toğrul Nərimanbəyov,
Lətif Kərimov və başqa nəhəng sənətkar-pedaqoqlar
dərs demişlər. Bu fakültə həm də
təsviri sənət təhsili üçün baza rolunu da
oynamışdır. Təkcə bunu
göstərmək kifayətdir ki, respublikamızda Rəssamlıq
Akademiyası məhz bu fakültənin potensial imkanları əsasında
yaradılmışdır.
Bu
gün də ADMİU-da adlı-sanlı rəssamlar, heykəltəraşlar,
sənətşünaslar pedaqoji fəaliyyət göstərirlər. Ağaəli İbrahimov,
Sevda Sadıqbəyova, Arif Əziz, Xanlar Əhmədov, Fəxriyyə
Xələfova və başqa sənət adamlarının əməyi
sayəsində rəssam tələbələrimiz də
böyük uğurlara imza atmışlar. Müəllim və tələbələrin
yaradıcılıq sərgilərinin bir qismi də
ADMİU-nun 90 illiyinə həsr olunmuşdur.
Müəllif
yazır: “2012-ci ildə ADMİU-nun 90 illiyinə həsr
olunmuş silsilə sərgilərdə rəssamlıq
fakültəsinin professor-müəllim heyətinin və tələbələrin
əsərləri göstərilmişdir. Bu sərgilərdə
universitetin keçdiyi şərəfli yol əks
etdirilmiş, burada çalışmış görkəmli
sənət xadimlərinin portretləri, həmçinin
maraqlı dizayn layihələri, müxtəlif eskizlər,
moda nümunələri nümayiş etdirilmişdir”.
Professor
Timuçin Əfəndiyev bu kitabda icimai-hümanitar elmlərin
tədrisi məsələlərinə də xüsusi diqqət
yetirmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, ADMİU-nun təməl
daşı hesab olunan Bakı Teatr Məktəbindən
başlayaraq buraya görkəmli ədəbiyyatşünas-alimlər,
xarici dil mütəxəssisləri, sosioloqlar pedaqoji fəaliyyətə
cəlb olunmuşlar. Həmin ənənə
bu gün də davam etdirilir.
Bu alimlərin
təhsil sahəsindəki xidmətlərindən söz
açan müəllif 90 ilin uğurları fonunda
ictimai-humanitar elmlərin tədrisinin bu günü haqqında
aydın təsəvvür yaradır. Müəllif qeyd edir ki,
hazırda ADMİU-da bu sahədə görkəmli mütəxəssislər
çalışırlar. Filoloq-alimlər Nizaməddin
Şəmsizadə, Gülşən Əliyeva-Kəngərli,
Vəfa Əliyev, Aydın Abıyev, Əli Əmirli kimi zəngin
təcrübəyə malik pedaqoqların, habelə xarici dillər
kafedrasının müəllimləri Aygün Əliyeva,
Esmiralda Bağırlı, Leyla Əfəndiyeva kimi xarici dil
mütəxəssislərinin fəaliyyəti əsərdə
yüksək qiymətləndirilir.
Kitabın bu
hissəsində “Sosial-siyasi elmlər” və “İqtisadiyyat və
informatika” kafedralarının işi də geniş
işıqlandırılır, Əlikram Tağıyev, Niyazi
Mehdi, Mübariz Qurbanlı kimi alimlərin əməyinə
yüksək qiymət verilir.
Yubiley
kitabının maraqlı hissələrindən biri də
“Kulturologiya yeni elm və tədris sahəsi kimi” adlanır. Müstəqilliyimizin ilk illərindən
başlayaraq ADMİU-da dövrün tələblərindən
irəli gələn islahatlar həyata keçirilməyə
başlandı. Bu islahatlardan biri də
universitetdə mədəni-maarif fakültəsinin ləğvi
və onun bazası əsasında kulturologiya fakültəsinin
yaradılması oldu. Ötən illər ərzində
universitetdə fəaliyyət göstərən, sanballı
elmi əsərləri, dərslik, dərs vəsaitləri,
proqram və metodiki göstərişləri ilə bu sahənin
tədris prosesinə ləyaqətlə xidmət edən alimlərimizdən
Maral Manafova, Apdin Əlizadə, Sədaqət Əliyeva,
Çingiz Bağırov, İlqar Hüseynov, Yeganə Əliyeva
və başqaları kulturologiya elminin inkişafında
böyük əmək sərf etmiş, gənc kadrların
yetişdirilməsində əllərindən gələni əsirgəməmişlər.
Kitabda kulturologiya sahəsində açılmış yeni
ixtisaslardan da söz açan müəllif müstəqillik
illərində “Mədəniyyət menecmenti”, “ Tətbiqi incəsənət”,
“Bədii yaradıcılıq”, “Beynəlxalq mədəni əlaqələr”,
“Turizm və mədəni sosial servis xidməti” kimi fənlərin
əhəmiyyətini xüsusi qeyd edir.
Professor
Timuçin Əfəndiyev yubiley kitabında tədris prosesinə,
elmi fəaliyyətə və yaradıcılığa xidmət
edən qurumlardan da geniş söz açır. Bu qurumlar elmi Şura, elm və
yaradıcılıq sahəsi, elmi nəşrlər, Nəşriyyat-poliqrafiya
mərkəzi, müdafiə şurası, tədris
şöbəsi, kompüter mərkəzi, “Səda” tədris
teatrı, səsyazma studiyası, kino və televiziya pavilyonu,
muzey, kitabxana, arxiv, Həmkarlar İttifaqı Komitəsi, mətbuat
xidməti və inzibati-təsərrüfat şöbəsidir.
ADMİU-nun idman həyatı, müəllim və
tələbə idmançılarımızın həm
respublikamızda, həm də xarici ölkələrdə
qazandıqları uğurlar haqqında da bu hissədə
geniş məlumat verilir. Adlarını sadəcə
sadaladığımız bu xidmət sahələri 90
yaşlı ali təhsil ocağını
bütün əzəməti ilə göz önündə
canlandırır.
Kitabın
son hissəsi ADMİU-nun xarici əlaqələrinə həsr
olunmuşdur.
“Universitetimiz dünya meridianlarında” adlanan bu hissədə
ADMİU-da təhsil alan əcnəbi tələbələrdən
və eyni zamanda ali təhsil ocağının Beynəlxalq
layihə və proqramlarda fəal iştirakından, xarici
ölkələrin ali məktəbləri ilə
bağlanmış müqavilələrdən bəhs olunur.
Müəllif qeyd edir ki, universitetimizin Nyu-York, Çikaqo,
Paris, London, Drezden, Moskva, Sankt-Peterburq, Kiyev, Belqrad, Qahirə və
başqa xarici ölkə şəhərlərinin ali məktəbləri
ilə sıx əlaqələri mövcuddur, bu əlaqələr
ildən-ilə genişlənir və möhkəmlənir. Bu hissədə əcnəbi tələbələrin
təhsili üzrə dekanlığın və
hazırlıq şöbəsinin fəaliyyətindən də
bəhs olunur.
ADMİU-nun
rektoru, professor Timuçin Əfəndiyevin 2013-cü ilin ilk
günlərində işıq üzü görmüş “Mədəniyyət
və incəsənətimizin məbədgahı. ADMİU-90” adlı dəyərli əsəri
aydın şəkildə göstərir ki, universitetin
bütün kollektivi, fəaliyyəti beynəlxalq aləmdə
örnək olan bu sənət məbədgahının 90
illik yubileyini təhsil, elm və yaradıcılıq sahələrində
əldə etdiyi təqdirəlayiq nailiyyətlərlə və
böyük uğurlarla qarşılayır.
Aqşin Babayev,
filologiya elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.-
2013.- 11 yanvar.- S.2-5.