Gümüşü durna

  

Hörmətli redaksiya!

 

Dmitri Aleksandroviç Mizqulin M.Qorki adına Ədəbiyyat İnstitutunun yetirməsidir. 1980-ci illərdə hərbi xidmətini Bakıda başa vurub. Azərbaycanda keçən əsgərlik illərində bir neçə dəfə "Literaturnıy Azerbaydjan" jurnalında şeirləri ilə çıxış edib. Onun Azərbaycan haqqında şeirlərindən xəbərdar idim. Bu günlərdə isə onun seçilmiş əsərləri işıq üzü görüb. Bu nəfis kitabı vərəqləyəndə Azərbaycanla bağlı hekayələrinə rast gəldim. Bu yazılardan birinin ictimai-siyasi dəyərini nəzərə alaraq qət etdim ki, tərcümə edib Azərbaycan oxucularına çatdırım. Yeri gəlmişkən, vurğulayım ki, Dm. Mizqulin Ümümrusiya D.Mamin-Sibiryak və "Petropol" ədəbi mükafatlarının laureatıdır. Xantı-Mansiysk şəhərində yaşayır.

 

Tərcüməçidən

--------------------

Mənim uzun sürməyən əsgərliyim Azərbaycanda - Xəzər dənizinin sahilində çox da böyük olmayan hərbi şəhərcikdə keçib. Şəhərciyin ərazisində hasilə gətirilmiş şam, küknar, badam, akasiya ağaclarını, itburnu kollarını, bir lək çəmənliyi növbətçilərin xüsusi nəzarəti ilə hər gün sulayırdılar ki, quraqlıqdan yanmasınlar.

Dörd beşmərtəbəli evi, klub binasını, dükanı, kazarmanı və digər xırda tikililəri ətraf aləmdən ayıran daş barının o tayında isə qızmar günəş altında qarsıyıb-bozarmış dağ silsiləsi uzanırdı. Torpaq qurugilli idi. Hərdənbir buradan keçən maşınlar toz dumanı içində qeyb olurdular. Payızda yağışlar başlayanda isə bu yerlər keçilməz olurdu. Hayana da baxırdın, irili-xırdalı neft buruqlarıdı. Köhnəlib paslanmış buruqların işləyəni də vardı, çoxdan ömrünü bitirəni də.

Bizim yaşayış yerimizdən bir qədər aralıda isə diqqət çəkən iki balaca göldü. Düzdür, onları göl adlandırırdılar, amma iki su mənbəyinin heç birinə bu ad yaraşmırdı.

Birinci göl nohuru xatırladırdı; dəyirmi idi, sahilləri də hamar, amma dərindi. Bir qırağında tığlanmış dəmir-dümürdən əməlli-başlı təpə yaranmışdı. Suyun üzündə neft ləkələri üzürdü. İkinci göl bir qədər aralıda yerləşirdi. Ətrafında daş karxanasının tullantıları diqqət çəkirdi. Görünür, haçansa burda daş kəsmişdilər. Bu göl nə elə böyükdü, nə elə dərin, hətta bəzi yerlərini bataqlıq çəkməsi ilə də bu taydan o taya keçə bilirdik. Bu iki göl bizim olub-qalan ov məkanımız-ovlağımız idi. Yalnız yazdan-yaza yaşıllanan qamışın, cilin arasında hansı canlılar yaşayırdı, bu sularda nələr törəyib-artırdı, deyə bilmərəm, amma ördəklər dənizin lap yaxınlığındakı bu göllərdə payızın ortalarında görünürdülər. Yəqin ki, qışlamaq məqsədilə. Amma ördəklər və eləcə də digər su quşları bu göllərdə çox bənd almırdılar; bir ya bir neçə gündən sonra pərvazlanıb uçurdular. Amma hər halda bu misgin göllərin mənzərəsini az müddətə olsa da, təzələyirdilər.

Mən az danışan, təmkinli dostum - vzvod komandiri Tolik Lapşinlə demək olar ki, hər gün ova gedirdim. Deyəsən Tolikin bu dünyada həzz aldığı yeganə şey ov idi. Ovçuluq dükanından, köhnə də olsa, saz saxlanılmış "İc" markalı qoşalüləni alandan sonra demək olar ki, əlindən yerə qoymurdu, hətta yatağa girəndə də bu silahı qucaqlayıb yatırdı.

Mənimlə müqayisədə Tolik əsl ovçu idi; o, mənə təcrübəli ovçu kimi yalnız məsləhətlər vermirdi, həm də məni mərhəmətsizcəsinə istismar eləyirdi. Göldə ördək olsa belə, hər deyəndə ovlamaq mümkünsüzdü. Çünki hər yan açıqlıqdı - hətta sürünə-sürünə də gölə yaxınlaşanda, daima hürkü içində yaşayan quşlar dərhal duyuq düşürdülər, təhlükəni duyurdular və pərvazlanıb uçurdular. Amma bununla belə hiylə işlətməklə ikinci gölə yaxınlaşa və ördəkləri tüfəng mənzilində haqlaya bilirdik.

Hiylə də bundan ibarət idi; mən gərək gölün daş, qaya parçaları qalaqlanmış, dəmir-dümür atılmış səmtindən ehtiyatla ördəklərə yaxınlaşaydım və qəfildən onları hürküdəydim ki, quşlar havaya qalxanda, qarşı sahildəki qamışlıqda gizlənmiş Tolik nişan ala bilsin. Qamışlıq Tolikin bərəsi idi. Mənim isə vəzifəm daş, dəmir parçalarının arasıyla ördəklərə yaxınlaşmaq və suya iri bir daş tullamaqla bu qorxaq quşları qorxutmaqdı, amma bu da çox təhlükəli idi; ən azı yıxılıb qolumu-qıçımı sındıra bilərdim, suya düşərdim.

Mənim arxadan hürkütdüyüm ördəklər Tolikə səmt diklənirdilər. Lap tirdə olduğu kimi. Tolik hərdənbir düzgün nişan ala bilirdi, amma çox vaxt hədəfdən yayınırdı. Amma bir dəfə qaz da vurduqaz ovlamaq arzusunda olan bütün yerli ovçuları heyrətə saldı. Amma bu qaz sup üçün yaradı, onun gön kimi, damar-damar ətini qızartmağa dəyməzdi.

Bizim ovçuluğumuz əsasən saatlarla, hərdən tamam bezikənə qədər hər iki gölün sahilində gizlənib göy üzünə baxmaqla sonuclanırdı; intizarla o anı gözləyirdik ki, bu göllərdə bənd almaq istəyən köçəri quşların qanadlarından qopan səsi eşidək, quşların şappaşapla suya töküldüyünə şahid olaqovçuluğumuza başlayaq.

Bu göllərə gəlib-gedən ovçular paxıl deyildilər, bir-birinə qarşı mehribandılar, bir sözlə, insandılar. Amma birivar idi… Söhbət də elə onun barəsindədir. Adı Andreydi, soyadı da Varnakov. Bizim alayın "QSM" xidmətinin rəisi idi. Deyir, suyun lal axanı, adamın yerə baxanı. O da həmişə yerə baxırdı və özünü çox təmiz və ağıllı sayırdı. Amma ondan söz düşəndə söyləyirdilər ki, kaş o da oğurlayaydı, amma adam olaydı… Əslində isə gözə kül üfürmək naminə qətiyyət göstərmək çox vaxt xırdaçılığa aparır, o öz mövqeyi ilə başqalarını təhqir edir, alçaldır.

Hər halda "QSM" rəisi alayda mühüm fiqurlardan biri idi. Bir hadisə baş verəndə ola bilərdi ki, imdadına çatsın, amma ola bilərdi ki, tamam əksinə, səni quru yerdə qoysun. Varnakov sənə qayda-qanunla yanacaq verməli olanda belə, ondan bunu xahiş etmək çətin məsələ idi. O, dərhal limitdən, normativdən söz açırdı və dərhal da vurğulayırdı: "ekonomiya ekonomik olmalıdır". Bilmirdik ki, məsxərə ilə deyir, ya ciddi, hər halda qulaq asmalı idik, hara qaça bilərdik - Varnakov təlimatı nöqtəsinə, vergülünəcən bilirdi. Amma "zampolitlə" və "zampotılla" o bu dildə danışmırdı, onların "Jiquli"sinə benzini hətta özü doldururdu, bu işi yanacaqdoldurana da etibar etmirdi.

Onun xəlvəti yanacaq satması barədə şayiələr çoxdan gəzirdi, ammaolsun, əlində ki, tutan olmamışdı. Varnakov mehmanxanada yaşayırdı, özü də tək, halbuki, qanuni arvadı vardı, özü kimi cantaraq, köntöy bir arvadı. Onlar ayrı yaşayırdılar. Çünki Tümendəki mənzillərini itirmək istəməmişdilər. Varnakov əslən oralı idi və arvadı pasport qeydiyyatından çıxmamışdı ki, mənzili əlində saxlaya bilsin. İki dəfə o ərinin yanına da gəlmişdi, amma çox az bir müddətə.

Necə oldusa, Varnakov bir neçə gün dalbadal Toliklə bizə qonaq gəldi və bizim silahlarımızı bir xeyli nəzərdən keçirəndən sonra, Tümenin necə gözəl məkan olması barədə danışdı… Və növbəti dəfə bizə gələndə onu silahlı gördük; özünə yağ içində qoşalülə almışdı, özüTula istehsalı. Bizim qoşalülələrdən fərqli olaraq onun tüfəngində lülələr yanbayan yox, üst-üstə idi.

Əlbəttə, biz ona, - tüfəngin çox mübarəkdir - dedikkönülsüzolsaq, bizimlə ova getmək istəməsi haqqında xahişini yerə salmadıq.

Axşam ova üçümüz bir yerdə getdik. Mən yol boyu susurdum, Tolik də elə bil ağzına su almışdı. Nahaq yerə demirmişlər ki, iki adam olan yerdə üçüncü artıqdır. Üstəlik də Varnakov özünü güclə çəkirdi, tövşüyürdübiz istər-istəməz yerişimizi yavaşıdırdıq və onun Tümendə bir ördəyi 200 metr məsafədən - gözündən vurması və s. barədə söhbətlərinə qulaq asırdıq.

Nə qədər cəhd etsə də, Varnakov bizimlə ayaqlaşa bilmirdi, ən azı üç-dörd addım arxadan gəlirdi. Təbii ki, biz çönüb ona baxmırdıq. Ona görə də qəfildən arxamda güllə açılanda, şəxsən mən diksindim. Dərhal da arxaya çöndüm. Varnakov heykəl kimi dayanmışdı, silahı da əlində, tüfəngin lüləsindən isə göyümtül tüstü çıxırdı. Məlum oldu ki, o, o arada dəstə ilə dolanan sərçələri nişan almaq qərarına gəlib. Biz Varnakova məsləhət gördük ki, ördək ovuna gəlməkdənsə, hələlik butulkaya atəş açsın. O, incididaha bir kəlmə də olsun ağzına söz almadı, amma mən arxadan onun fısıltısını eşidirdim… Ağzından, burnundan çıxan səslərlə də narazılığını büruzə verə bilirdi.

Bu dəfə bizim gölə həmişəki qayda ilə yan almağımız baş tutmadı, Toliklə bütün cəhdlərimiz puça çıxdı. Biz Varnakova dönə-dönə tapşırdıq ki, gölün o biri səmtinə keçib gözləsin, amma yenə görürdük ki, yox, arxamızca gəlir, özüfil kimi hay-küylə. Və bu səs-küydən lap qoyun sürüsüqorxub qaçardı, nəinki daima səksəkədə olan su quşu.

Varnakovun narazılığına baxmayaraq nəhayət ki, ayrı-ayrı sahillərdə bərəyə girdik; biz üzü günbatana dayandıq. Varnakovu isə inandırdıq ki, bütün su quşları onun dayandığı yerdən keçir. Deyir, şər deməsən xeyir gəlməz, əslində isə biz qorxurduq ki, çaşıb bizi güllələyər, çünki artıq onun ovçuluğuna şahid olmuşduq.

Ov uğursuz başlamışdı. Günəş artıq qürub eləyirdi, amma hələ bir dənə də olsun su quşu bizə tərəf uçmamışdı. Sakitliyi hərdənbir bataqlıq canlılarının çıxartdığı cır səslər pozurdu. Güllə kimi burdan ora, ordan bura şığıyan cüllütlər də ağını çıxartmışdılar, amma kimdi bir tikə ətdən ötrü onlara güllə atan, hələ sonra girib onu göldən çıxardan? Şəxsən mənə gizləndiyim yerdəcə oturub gözləmək daha maraqlı gəlirdi. Özübiz özümüzlə gətirdiyimiz taxta parçasının üstündə oturmuşduq və elə bir yerdə qərar tutmuşduq ki, buranı külək də tutmurdu. Bu yerlərdə də külək səni tutmursa, üşüməkdən söz gedə bilməz. Bu bərədə səni heç kim görmür, amma sən hamını görürsən. Bir sözlə, can rahatlığı. Qarmaqarışıq fikirlərini nizamlamaq, qəlb dincliyi tapmaq üçün bundan daha gözəl şərait bəlkə də ola bilməz.

İki böyük quşun göy üzündən birbaşa gölə enməyə başladıqlarını birdən gördüm. Durnalardı. Qürub günəşinin şəfəqində elə görünürdülər ki, elə bil onları gümüşləmişdilər, gümüş suyuna salıb-çıxarmışdılar. Mən ilahi bir gözəlliklə üzə-üzə idim. Quşlar iki-üç dəfə gölün üstündə dövrə vurandan, dairəni xeyli daraldandan sonra suya enəndə mən iri, gümüşü qanadların suda çıxardığı qeyri-adi səsə diqqət kəsiləndə atəş səsi eşitdimbir an keçmədi ki, ikinci güllə də açıldı.

Durnanın bir anlığa sudan sıçramağa gücü çatdı, amma dərhal da şappıltıyla gölə düşdü. Sıçrayan su qürub günəşinin şəfəqində bərq vuranda ikinci durnanın harayı göylərə bülənd olduo ox kimi göyə dikləndi ki, bu fəlakətdən, bu anlaşılmaz amansızlıqdan uzaqlaşsın.

Atan Varnakov idi. Demək olar ki, tüfəngi dirəyib tətiyi çəkmişdi. Vurulmuş durna ilə arasındakı məsafə on addımdan artıq olmazdı. O iki bölünmüş qoşalüləsini başı üzərinə qaldıraraq qaça-qaça qışqırırdı:

- Gördünmü? Gördünmü? Vurdum! Özühavada vurdum!

Hara qeyb olmuşdu onun nəcabəti? Suyu sıçrada-sıçrada durnanın nazik boynundan tutub yuxarı qaldırdı. Quşun tündləşməyə başlayan gümüşü qanadından qan süzülürdü. Biz hadisə yerinə yaxınlaşdıq. Varnakov öz əməlindən məmnun halda gülümsəyirdi. cəhd eləyirdi ki, durnanın pəncəsini kəmər yerinə keçirtsin. Quşun başı Varnakovun çəkmələrinə toxunanda gözlərinə ölüm pərdəsi çökdü:

- Axmaqsan sən… -Tolik qüssə ilə dedi. sonra bu sözü kinlə təkrar elədi:-Axmağın biri axmaq! Niyə vurdun bunu? Bu ki, durnadı! Niyə vurdun?

- Necə yəni niyə vurdun? - Varnakov dərhal cavab verdi, - vurdum da! Burda hamı vurmur? olsun ki, durnadı? Bəyəm durna quş deyil?

Sonra Varnakov ucadan güldü nəhayət ki, bir qədər cəhd edəndən sonra durnanı kəmərindən asdı. durnanın hələ axmaqda olan qanı şalvarına sızmağa başladı.

Biz yolumuzu dəyişdik. Varnakov arxadan bizi səsləsə , cavab vermədik. Amma o sözünü dedi. Küçə uşağı kimi dedi. Biz yenə cavab vermədik. Yol boyu da susduq. Elə bil daha danışmağa sözümüz qalmamışdı. Bizim binanın işıqları görünəndə, axşamdan xeyli keçmişdi, hər yanda sakitlikdi. Amma birdən-birə sərt külək başladı. Bir qədər keçəndən sonra bu külək başladı ulamağa. sonra da yerdə-yurdda vardısa, qəzet parçaları, cır-cında, yarpaq, qoyun yunu havaya qaldırdı. Elə bil bu külək hardansa bu çölü süpürməyə gəlmişdi.

Biz birinci gölün yanından keçəndə külək bir qədər də güclənmişdi və atılmış neft buruqlarının çürümüş boruları elə səslər çıxardırdı ki, adamın canına üşütmə salırdı. Bu yerlərdə hərdən adamı soyuq yox, yerli insanların adına xəzri dediyi küləyin səsi üşüdür. Suyun üzündəki neft ləkələri də elə bil bu küləkdən həyəcanlanmışdılar, axı dalğalar onları da sahillərin daşına, qayasına çırpırdılar. Külək göy üzünün buludlarını qovduqca gölə solğun ay işığı düşürdü.

 

Dmitri Mizqulin

 

Tərcümə edəni:

Knyaz QOÇAQ

Rusiya Federasiyası

Yazıçılar İttifaqının və

AYB-nin üzvü, Tümen vilayəti,

Nefteyuqansk şəhəri

 

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 yanvar.- S.6-7.