Nüşabə Məmmədli - 60

       

Hörmətli Nüşabə xanım!

Sizi - istedadlı yazıçı-publisisti 60 yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirik.

Siz 1975-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirmiş, ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərindən şeirlə başlamısınız. Sizin "Azərbaycan gəncləri" və "Ədəbiyyat və incəsənət" qəzetlərində vaxtaşırı dərc olunan şeirləri ictimaiyyətin diqqətini çəkmişdir.

Vətəndən uzaqlarda yaşadığınız 1985-1993-cü illərdəki müşahidələriniz sizi nəsrə yönəltdi. Vətənə qayıtdıqdan sonra qısa zaman içərisində iri həcmli romanlarınızla oxucuların görüşünə gəldiniz.

Siz 1994-1999-cu illərdə tərcüməçi "İnterfaks", "Karvan" və "Repartyor" qəzetlərində baş redaktor işləmiş, cəbhə bölgələrindən yazılar hazırlamısınız.

Görkəmli yazıçımız Əzizə Cəfərzadənin həyat və yaradıcılığına həsr etdiyiniz ilk bədii-publisistik əsəriniz - "80 budağın hərəsindən bir yarpaq" 2001-ci ildə nəşr olunmuşdur. Bundan sonra bir-birinin ardınca "Zəngulə", "Vicdan dustağı", "Sevgi xiyabanı", "Qondarma qız", "Son addım" romanlarınız, "Bu bir oyundur" adlı hekayələr kitabınız və "Göylərdə keçən ömür" adlı sənədli povestiniz çap olunmuşdur.

Sizin ədəbi fəaliyyətiniz bir çox diplomla, o cümlədən Beynəlxalq Rəsul Rza mükafatı ilə mükafatlandırılmışdır.

"Zəngulə" romanınız dünyanın bir çox dillərinə tərcümə olunmuşsiz bu kitaba görə Rusiya Yazıçılar İttifaqının "Derjavin" ordeni ilə təltif olunmusunuz.

Siz Yazıçı Qadınlar Cəmiyyətinin sədri və "Yazıçı qadınlar" jurnalının baş redaktoru kimi də fəaliyyət göstərməkdəsiniz.

Hörmətli Nüşabə xanım!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 yanvar.-S.8.