Dünya epik mədəniyyətinin "Manas" abidəsi

    

Ötən ilin sonlarında - 18-19 dekabr 2012-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində qırğız türklərinin möhtəşəm "Manas" eposuna həsr olunmuş Beynəlxalq elmi konfrans keçirildi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, həmin universitetin Asiya və Afrika ölkələri İnstitutunun, A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun, Qırğızıstan Respublikasının Rusiya federasiyasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə sözügedən universitetin tarixi binasında düzənlənən uluslararası tədbirə altmışa yaxın eposşünas alim qatılmışdı.

Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Monqolustan, Ukrayna, Osetiya və s. ölkələrdən bu tədbirə dəvət alan alimləri eyni mövzu birləşdirsə də, "Manas"a yanaşmalar müxtəlif idi. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bu konfransda Azərbaycanı, daha konkret mənada AMEA Folklor İnstitutunu da mən təmsil edirdim.

Beləliklə, konfrans MDU-nun Asiya və Afrika ölkələri İnstitutunun direktoru, professor M.S.Meyerin giriş sözü ilə öz işinə başladı. Lakonik, lakin dərin məzmunlu çıxışında Mixail Serafimoviç Meyer qırğız türklərinə məxsus "Manas" eposunun ümumbəşəri dəyərinə, bu dəyəri şərtləndirən humanizm ideallarına çağdaş prizmadan baxdı. Natiq ömrünün müəyyən hissəsini bu eposun tədqiqinə, tərcüməsinə və nəşrinə həsr etmiş akademik V.Radlovun da manasşünaslıqdakı əvəzsiz xidmətlərini xatırlatdı. O.V.Radlovun eposu ilk dəfə yazıya aldığı vaxtdan 150 il ötdüyünü söyləyərək keçirilən bu konfransın əslində əsr yarımlıq yazılı bir təmələ söykəndiyini vurğuladı. Əlavə etdi ki, akademikin "Şimali türk dillərinin qrammatikası", "Monqolustanda qədim türk kitabələri", "Türk tayfalarının xalq ədəbiyyatından nümunələr", "Türk dilinin lüğəti" kimi monumental əsərləri türk dünyasının zəngin və etibarlı qaynaqlarından birinə çevrilmişdir. Unutmayaq ki, Orxon-Yenisey abidələrinin də mətnini ilk dəfə oxuyan Radlov olmuşdur. İlk dəfə "Manas" eposunun üç bölümünü bütövlükdə yazıya alıb onun elmi şərhini verən də Radlov olmuşdur.

"Manas" eposu ilə tanışlığa gəlincə M.S.Meyer 6 yaşında bu dastanı oxuduğunu söylədi və əsərdəki heyrətamiz səhnələrin onun uşaq yaddaşında buraxdığı izlərdən həvəslə danışdı.

Qırğızıstan Respublikasının təhsil və elm naziri Kanat Sadıkov konfransın plenar hissəsində çıxış edərək iştirakçılara - "Manas" eposu ilə bağlı tədqiqatların müəlliflərinə, manasşünas alimlərə öz xalqı və dövləti adından səmimi minnətdarlığını bildirdi. Nazir qırğız türklərinin tarixi taleyinə güzgü tutan bu eposu ümumtürk müstəvisində dəyərləndirdi. O, xüsusi vurğuladı ki, "Manas" eposunda millilikdən bəşəriliyə yüksələn bir ali dünyaduyumu var, ona görə də dünyanın bütün xalqları bu əsəri sevə-sevə oxuyur.

Qırğızıstan Milli Universitetinin professoru Şaylobubu Akmoldoyeva "Manas" eposunun bütün türk kökənli xalqlar üçün eyni dərəcədə sevimli və maraqlı olduğunu qeyd etdi. Alim eposda adı keçən türk tayfa və qəbilələrinə də elmi münasibətini bildirərək belə qənaətə gəldi ki, "Manas" türk mədəniyyətinin simvoludur.

Birinci sessiyada f.e.d., professor Şakir İbrayev (Qazaxıstan), f.e.d. Alla Əliyeva (Moskva), f.d. Adil Cəmil (Azərbaycan), f.d. Fatih İyiyol (Türkiyə) və b. maraqlı məruzələrlə çıxış edərək "Manas" eposuna filoloji, linqvistik, fəlsəfi, tarixi yöndən yanaşmalarını elmi auditoriyanın diqqətinə çatdırdılar (Xatırladım ki, konfrans rus dilində keçirilirdi). İştirakçılar arasında yalnız Türkiyədən gələn Fatih İyiyol tərcüməçi vasitəsilə öz məruzəsini səsləndirməli oldu.

Qazaxıstandakı Beynəlxalq Türk Akademiyasının prezidenti Şakir İbrayev türk qəhrəmanlıq eposlarına məxsus epizmdən söhbət açdığı halda Tatarıstan EA-nın elmi əməkdaşı İlseyar Zakirova "Manas" eposundakı ailə modelindən danışaraq maraqlı mülahizələri ilə diqqəti cəlb etdi. Ulu manasçılar nəslinin davamçılarından olan Talaantalı Bakçıyev isə "Manas"dan bir parçanı ifa etdi. Eposdakı döyüş, qələbə, məğlubiyyət, zəfər, bir sözlə, dastanın bütün ruhu T.Bakçıyevin səsi, sözü və jestləri ilə dinləyicilərin gözü önündə sərgiləndi.

Dünya Ədəbiyyatı İnstitutunun elmi katibi Alla Əliyeva öz məruzəsində "Manas" eposunun tədqiqi və nəşri tarixinə nəzər salmaqla bərabər dastanla bağlı mətnşünaslıq problemlərinə də bir aydınlıq gətirdi.

Bu sətirlərin müəllifi türk dastançılıq ənənəsi fonunda "Manas" və "Dədə Qorqud" paralellərini, bu eposlar arasındakı geneoloji və tipoloji doğmalığı konkret misallar əsasında elmi sübut kimi nəzərə çatdırdı.

Qardaş Türkiyə Cümhuriyyətinin Süleyman şah Universitetindən gəlmiş Fatih İyiyol "Manas" eposunun öz ölkəsindəki tədqiqi, nəşri və təbliği problemlərinə toxundu. O, bu eposu ilk dəfə Türkiyə türkcəsinə çevirib yayınlayan Abdulqadir İnandan tutmuş çağdaş manasşünaslara - Əminə Gürsoy, Naciyə Yıldıza kimi hər kəsin bu yöndə əməyini yüksək dəyərləndirdi.

Sonra Dünya Ədəbiyyatı İnstitutunun elmi əməkdaşı Tənzilə Xacıyevanın "Ümumqafqaz "Nartiadası" və "Manas", Qırğızıstan Hüquq Akademiyası fəlsəfə kafedrasının müdiri Savetbek Abdrasulovun “Manas" eposu və qırğız hüququ" mövzusuda maraqlı məruzələri dinlənildi.

Kiçik fasilədən sonra ikinci sessiya öz işinə başladı. MDU-nun rektoru akademik Viktor Sadovniç Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayevlə birgə, sürəkli alqışlar altında konfrans salonuna daxil oldular. Təbrik üçün ilk sözü V.Sadovniç deməli oldu. O, dünya xalqlarının epik mədəniyyətindən danışarkən "Manas" eposunun öndə getdiyini vurğuladı. Qeyd etdi ki, bütün şifahi örnəklərimizdə xalqın ruhu ilə bərabər onun tarixi də yaşayır. Belə konfransların keçirilməsi həm də keçmişimizə hörmətin bir örnəyidir.

V.Sadovniç "Manas" eposuna rusdilli oxucuların maraq və münasibətinə gəlincə belə bir fikir söylədi ki, artıq Rusiya Federasiyasının Təhsil Nazirliyi ölkənin ümumtəhsil məktəblərində bu eposun öyrənilməsinə dair xüsusi qərar qəbul edib.

Yığcam çıxışından sonra rektor bu konfransa imkan tapıb gələn Qırğızıstan Prezidenti A.Atambayevi ürəkdən salamlayaraq sözü ona verdi.

A.Atambayev də öz növbəsində konfrans iştirakçılarını səmimiyyətlə salamlayaraq "Ulu Manasın ölməz ruhu dayağınız olsun" alqışı ilə çıxışına başladı. O, dünya xalqlarının yaratdığı "İlliada", "Mahabharata", "Alpamış", "Dədə Qorqud" kimi epik nümunələrlə "Manas" dastanı arasındakı genetik əlaqələrə bəşəri prizmadan baxdı. Məhz bu məqamda "Manas" eposunda türk kökənli xalqların digər xalqlara humanist münasibətini də konkret fakt və arqumentlər vasitəsilə nəzərə çatdırdı, belə qənaətə gəldi ki, "Manas" təkcə bir cəngavərlik dastanı deyil, həm də sülh, barış epopeyasıdır. Lakin sülhü, əminamanlığı istəyən məmləkət, yaxud xalq öncə hərbə hazır olmalıdır.

Qırğızıstan Prezidentinin dərin məzmunlu çıxışından sonra söz 6 yaşlı manasçı Umot Doolotova verildi. "Manas" eposundan böyük bir parçanı (təbii ki, qırğız dilində - A.C.) şövqlə ifa edən bu uşaq ekstaz vəziyyətinə qədər yüksəldiyi üçün salondakıları heyrətə gətirdi. Ulu manasçılar sülaləsinin ən gənc üzvü bu dastanın zaman-zaman, nəsil-nəsil yaşayacağına, dillərdən düşməyəcəyinə bir daha əminlik yaratdı.

Konfransın gedişində Qırğızıstanın xalq yazıçısı, kinossenarist və dramaturq Mar Bayciyevin çıxışı da olduqca maraqlı və diqqətçəkən oldu. Bu həmin Mar Bayciyevdir ki, atası Taşım Bayciyev bütün ömrünü "Manas" eposunun təbliğinə və tədrisinə həsr etmiş, sonra da öz mövqeyinə görə repressiyaya məruz qalmışdır…

Xatırlatmaq istəyirəm ki, M.Bayciyev həm də "Manas" eposunu rus dilinə poetik tərcümə edən ilk müəllifdir. Onun eposdan səhnələşdirdiyi (rus dilində) Almambetlə Manasın ilk görüşü epizodu videokadrlar vasitəsilə konfrans salonunda nümayiş etdirilərək iştirakçılar tərəfindən hərarətlə qarşılandı.

Dünyanın tanınmış eposşünaslarının bir araya gəldiyi bu konfransda yeni, indiyə qədər bəlli olmayan elmi yanaşmalar və konsepsiyalar meydana çıxdı. “Manas"ın tərcümə problemləri", "Manas" xarici alimlərin tədqiqatlarında", "Canqar" və "Manas" paralelləri", "Müasir dünyada manasçı fenomeni", "Manas"da türk dünyaduyumunun özəlliyi", "Manas"da sosial məsuliyyət", “Manas"da noqay motivləri" və s. bu kimi mövzularda məruzə edən alimlər "Manas" eposuna və ümumiyyətlə, epik mədəniyyətə Şərq və Qərb sivilizasiyası kontekstindən baxdıqlarına görə tamamilə yeni mülahizələr və elmi nəticələr əldə olundu.

Beləliklə, iki gün davam edən uluslararası "Manas" konfransı öz işini uğurla başa çatdırdı. Türk oğlu Ər Manasın ruhu ətrafında birləşən konfrans iştirakçıları Moskvanın mərkəzi küçələrinin birində yerləşən Türk-Rus Kültür Mərkəzində arkadaşlarımızın səmimi qonaqpərvərliyi və yüksək səviyyəli ziyafətindən sonra görüşüb ayrılmalı oldular. Bayırda 23 dərəcə şaxta olsa da, hamımızı isidən, qanımızı qaynadan bir duyğu vardı - kökümüzdən, ruhumuzdan qaynaqlanan türklük duyğusu…

Bu əhvalla görüşüb ayrıldıq, üz tutdu hərə öz məmləkətinə. Gedən qonaqları gələndə qarşılayanlar yola salırdı. Məni də həmyerlimiz, bu tədbirin düzənlənməsində təşkilatçılıq edənlərdən biri - tələbə yoldaşım, tədqiqatçı-jurnalist, MDU-nun Asiya və Afrika Ölkələri İnstitutunun əməkdaşı Cəfər Sadıq yola salırdı, həm də həmişəki kimi, gülə-gülə…

 

 

Adil CƏMİL

filologiya üzrə fəlsəfə

doktoru

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 yanvar.- S.7.