Ruhuma toxunmayın

 

Düz 75 ildir ki, nakam şairimiz Mikayıl Müşfiq qətlə yetirilib. 6 yanvar 1938-ci ildə, sübh tezdən cəmi 20 dəqiqə ərzində aparılmış məhkəmə nəticəsində 29 yaşlı əqidəli, istedadlı, təbii bulaq kimi axan gənc şairi susdurublar. Müşfiq bilirdi ki, bir gün qara əllər onu məhv edəcək deyə aşağıdakı misraları yazmışdı:

 

Ah, mən gündən-günə bu gözəlləşən,

İşıqlı dünyadan necə əl çəkim,

Bu yerlə çarpışan göylə əlləşən,

Dostdan, aşinadan necə əl çəkim.

 

Müşfiqi cismanı cəhətdən bizdən ayırdılar, amma onun ölməz ruhu həmişə xalqımızın qəlbində yaşadı. Artıq 25 ildir Mikayıl Müşfiq anılır, ölməz ruhu yad olunur. Bu il istisna olmadı. Şairin Bakıdakı abidəsi qarşısında keçirilən anım mərasimini yazıçı-jurnalist Müşfiq Cabiroğlu açaraq şairin ölməzliyindən danışdı. Şairə Mahcamal ürək yanğısı ilə Müşfiqə həsr etdiyi şeirini oxudu. Fəlsəfə doktoru Qafar Əsgərzadə, rəssam Minayə Feyzullayeva, jurnalist Eldar Eyvazov, əməkdar artist Eyyub Yaqubov çıxışlarında taleyinə nakamlıq qisməti yazılmış Müşfiqin əbədiyaşarlığından söz açdılar. Sonra tədbir Xızı rayonunda yerləşən "Müşfiq ocağı"nda davam etdirildi. Xatirə gününü Xızı rayon mədəniyyət turizm şöbəsinin müdiri Sənan Talıbov açdı. Xızı rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Şahbalayev çıxış edərək bütün qonaqları salamladı, sənətkarlar yurdu Xızıda, Müşfiqə olan böyük ehtiramı xüsusi vurğuladı. Mərasimin aparıcısı Müşfiq Cabiroğlu bütün şüurlu həyatını Müşfiqin təbliğinə sərf etmiş, xalq yazıçısı Gülhüseyn Hüseynoğluna minnətdarlıq ifadə etdi. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd böyük şairin poeziyasının bəşərliyindən söz açaraq Müşfiqə həsr etdiyi "Ruhuma toxunmayın" şeirini oxudu. Alim 5 kitabını Müşfiq muzeyinə hədiyyə etdi. Xızı rayon məktəbliləri ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. "Şöhrət" ordenli, əməkdar müəllim Ofeliya Babayeva Müşfiqi Azərbaycanın əsl milli şairi kimi dəyərləndirdi, onun ruhu qarşısında baş əydiyini bildirdi. Jurnalist Qafar Əsgərzadə, şair Rafael Dağlı, müşfiqsevər Adil Sadıqov başqaları ürək sözlərini söylədilər, şeirlər oxundu. Məclis xalq artisti Firuz Əliyevin, kaman ustası Mirnazim Əsadullayevin müşayiətində əməkdar artist Teyyub Aslanovun ifası ilə sona yetdi.

 

 

Səfurə Novruz

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 yanvar.- S.4.