80 illik ömür yolu
Bu günlərdə “Ədəbiyyat
qəzeti” redaksiyasına təqdim olunan iki kitab - xalq
şairi Nəriman Həsənzadənin həyat
və fəaliyyətindən bəhs edən “80 illik ömür yolu” kitabı və şairin
“Nane xalaye Nəbat” (“Nabat xalanın çörəyi”) romanı Tehranda o taylı
soydaşlarımızın böyük zəhmət
və əməyi sayəsində nəşr olunub.
Nəriman
Həsənzadənin həyat və fəaliyyətinə
işıq salan birinci
kitab - “80 illik ömür yolu” kitabı
2011-ci ildə Tehranda 1000 nüsxə tirajla və həm də ərəb əlifbasında
Azərbaycan dilində oxuculara ərməğan
edilib. Kitabın tərtibçisi
tanınmış şair Aqşin
Ağkəmərli, redaktoru Erkin Lütfidir. “Nəriman
Həsənzadə özü bir məktəbdir, onun
poeziyasında Azərbaycan türkünün
kimliyini, sevgisini, bütün varlığını tapmaq olar. Şairin
yaradıcılığında Təbriz var,
Bakı var, bir
sözlə, bütün Azərbaycan var. Onun əsərlərini
oxumaq, onu dönə-dönə
öyrənmək hər bir o taylı-bu taylı Azərbaycan türkünün borcudur”
- yazan A.Ağkəmərli deyir ki, özüm
də hiss etmədən bu
şairin şeirlərinin məftunuyam. Bu məftunluq isə N.Həsənzadə
şeirlərindəki sevgi və gözəlliklərin
tərənnümü ilə bağlıdır.
Həqiqətən
də gözəl düşüncəni çatdıran bir yazı, bir şeir onu yazmış
yazıçı və ya şairi insana sevdirir. Dəniz kimi coşan şeirlərində, dağlar
kimi yüksələn duyğusuna
cumuram. Onu dinləyəndə
hər an yüksəlib susuram.
Nəriman Həsənzadə əsərlərində doğrudan da öz ömrünü, ata-baba diyarını tərənnüm edir. O, sözün tam mənasında Azərbaycan xalqının hal tərcüməsidir. Onun
şeirlərinin bir çoxu
Allahın adı ilə, atalar sözü ilə bəzədilmişdir.
Nəriman
xarakteri, onun keşməkeşli
həyatı da güneyli-qüzeyli
hər bir azərbaycanlıya canlı bir örnəkdir. Məni hər şeydən
çox özünə valeh
edən Nəriman müəllimin əsl insan
olmasıdır. Xalqın ürəyini ürəyində
daşıyan bu sənətkar öz hissini, istisini obyektiv bir şəkildə bəyan edir.
Bu cür şairi, yazıçını tanımaq bir o qədər də
çətin deyil. Nəriman Həsənzadənin
təkcə bir şerini
oxumaq və ya dinləmək
yetər:
Ağac
qırağında, kölgəli gündə,
Mən
bir söyüd gördüm çayın üstündə.
Dağılmış
saçını gah yel
yolurdu,
Gah da ki,
tikanlı məftil yolurdu.
“Xalq
şairimiz N.Həsənzadənin 80 illik əziz xatirəsi
üçün” ithafı ilə başlanan bu kitabda oxucularla
öz düşüncələrini bölüşən o
taylı şair Aqşin Ağkəmərli daha sonra yazır:
-Mişov
Kültür Dərnəyi adından və öz adımdan xalq
şairimiz N.Həsənzadənin 80 illiyi münasibətilə
onu, onu sevənləri təbrik edib uğurlar diləyirəm.
Bu baxımdan vaxtında Nəriman müəllimin 70 illiyini
onun özü ilə birlikdə Tehranda, Mişov Kültür
Dərnəyinin iclaslarının birində qeyd etmişdik.
Ancaq bu gün xalq şairimizin 80 illik yubileyini onsuz
keçiririk, arzu edirik onun 90 illiyini onunla birlikdə doğma
Təbrizimizdə qeyd edək.
Dərnəyimizin
verdiyi qərara əsasən Nəriman müəllimin 80 illiyi
münasibətilə ona həsr olunmuş şeir və xatirə
kitabını Azərbaycan şeir, ədəbiyyat və incəsənət
aləminə təqdim edirik. Xalq şairimiz N.Həsənzadə
XX-XXI əsrin zirvələrini fəth edən bir şair
olmuşdur. Elə bu üzdən biz də daima xalq
şairimizi zirvələrdə görmək arzusundayıq.
Qeyd edim ki, 21
il öncə şairimizin “Söyüd ağacı” adlı
şeirlər kitabı Tehranda işıq üzü
gördü və eyni halda bir çox şairlərə,
yazıçılara örnək oldu. Elə bu üzdən dərnəyimiz
bu qərara gəlib ki, onun başqa əsərlərini elə
bu yaxında çapa hazırlasın. Çünki bir millətin
varlığı və onun kimliyi mədəni
varlığından asılıdır.
Mişov
Kültür Dərnəyinin rəhbəri A.Ağkəmərlinin
tərtibatında oxuculara təqdim olunan bu kitabda xalq şairi
N.Həsənzadənin həyatı və
yaradıcılığı ilə bağlı geniş məlumat,
ulu öndərmiz Heydər Əliyevin 2001-ci ildə şairin
70 illiyi ilə bağlı təbriki və onun “Şöhrət”
ordeni ilə təltif olunması haqda fərmanı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
şairi “Şərəf” ordeni ilə təltif etməsi haqda
fərmanı öz əksini tapmışdır. Burada həmçinin
görkəmli şəxsiyyətlərin, o cümlədən
Mirzə İbrahimovun, Mir Cəlal Paşayevin, Bəxtiyar
Vahabzadənin, Çingiz Abdullayevin, İsa Həbibbəylinin,
Musa Quluzadənin, Məmməd Arazın, Xəlil Rzanın və
başqalarının şair haqqında fikirləri də yer
almışdır.
Daha sonra isə
kitabda şairin seçilmiş şeirləri istəkli oxuculara
təqdim olunur:
Məni bayraq
kimi tutun yuxarı
Mənim həyatımın
nə mənası var,
Sizin
üzünüzdə gülüş olmasa.
Babamın
yadigar bir misrası var:
Səngər
nəyə gərək döyüş olmasa.
Həyatın
əzəli qanunu budur,
Bağı
dolaşırlar, bağ bağ olanda.
Hər torpaq
dünyada məmləkət olmur,
Parça var
- yaşayır bayraq olanda.
Çətindir
keçilən ömür yolları,
Yaşamaq
özü də istəyir hünər.
Məni bayraq
kimi tutun yuxarı,
Sizə
lazım olsam...o parça qədər.
Xalq şairi
N.Həsənzadənin Tehranda işıq üzü görən
ikinci kitabı - “Nane xalaye Nabat” (“Nabat xalanın çörəyi”)
romanı isə 2012-ci ildə “Əndişeye nou” (“Yeni
düşüncə”) nəşriyyatı tərəfindən
çap olunmuşdur. Roman dr. Hüseyn Şərqi Soytürk
tərəfindən fars dilinə tərcümə olunmuş
və 1000 nüsxə tirajla farsdilli oxuculara təqdim
edilmişdir.
Kitabın ilk
səhifəsində qeyd olunur ki, bu roman N.Həsənzadənin
ilk və həm də
irihəcmli nəsr əsəridir. Vurğulanır ki, əsər
əvvəlcə II Dünya müharibəsində, daha sonra
isə Azərbaycanda baş vermiş hadisələrlə
bağlıdır. Hadisələr Kür çayının kənarında,
Poylu kəndində cərəyan edir. Burada həmçinin
bildirilir ki, kitab Bakıda “Prometey” nəşriyyatı tərəfindən
çap olunmuşdur və şairin VII cildliyində
dördüncü cilddir. Həmin VII cildliyin tərtibatçısı
filologiya üzrə fəlsəfə doktoru Nazim Həsənzadə,
redaktoru isə filologiya üzrə
fəlsəfə doktoru
Güldanə xanım
Əmrullahqızıdır.
Ələsgər BEHBUDLU
Ədəbiyyat qəzeti.- 2013.- 11
yanvar.- S.5.