«Türkdilli şeirin inkişaf
yolları»
Bu günlərdə AMEA akademik Ziya Bünyadov
adına Şərqşünaslıq İnstitutunda
görkəmli türk şairi
Nazim Hikmətin anadan
olmasının 110 illiyinə həsr edilmiş
«Türkdilli şeirin inkişaf yolları» mövzusunda
elmi konfrans keçirildi. Tədbiri giriş sözü ilə
açan millət vəkili, Şərqşünaslıq
İnstitutunun direktoru,
filologiya elmləri doktoru,
professor Gövhər Baxşəliyeva Nazim Hikmətin tək Türkiyə və ya Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə dünya
ədəbiyyatında, mədəniyyətində qüdrətli
sənətkar kimi yüksək yer tutduğunu söylədi.
Nazim Hikmətin
yaradıcılığının dünya
ədəbiyyatında belə geniş
şöhrət tapmasının və populyarlıq
qazanmasının bağlı olduğu
amillərdən danışan G.Baxşəliyeva dedi: «Bu, ilk
növbədə, Nazim Hikmətin əsərlərinin
məzmun xüsusiyyətləri və sənətkarlıq
baxımından kamilliyi ilə seçilməsi
ilə əlaqədardır. Nazim Hikmət
bir xalqın, bir millətin
şairi deyil. O, bütün dünyanın şeirsevərlərinin
yaşadığı hissləri öz əsərlərində
bədii boyalarla göstərməyə
çalışırdı».
Gövhər Baxşəliyeva Nazim Hikmətə yolunu tutduğu ideologiyaya
görə münasibətin dəyişməsinin doğru olmadığını söyləyərək,
onun kimi qüdrətli
sənətkarlarının bütün
bunların fövqündə durduğunu qeyd etdi. O, böyük şairin türkdilli şeirə gətirdiyi yeniliklərdən
danışdı, türkdilli poeziyada sərbəst şeiri
ilk dəfə məhz Nazim
Hikmətin yazdığını vurğuladı: «Nazim Hikmət ilk olaraq, yaradıcılığa sillabik şeirdən başlayıb, sonra sərbəst şeirə keçib.
Bu şeir forması ona və digər şairlərə öz düşüncələrini,
emosiyalarını, hisslərini daha dəqiq
və dolğun ifadə etməyə imkan verirdi.
Daha sonra məruzələr başlandı. İlk çıxış edən filologiya üzrə fəlsəfə doktoru Rəşid Quliyev «Nazim Hikmətin dünya mədəniyyətində
yeri» mövzusunda məruzə
söylədi. R.Quliyev Nazim Hikmətin dünya
mədəniyyətində görkəmli yer
tutduğunu qeyd edərək
bunun tək onun bədii
irsinin nəşri, yayımı, təbliği
ilə, yaxud dram əsərlərinin
səhnə taleyi ilə məhdudlaşmadığını,
daha geniş anlam daşıdığını bildirdi. Nazim Hikmətin belə yüksək mərtəbəyə
çatmasının başlıca səbəblərindən
biri kimi onun öz
yaradıcılıq məramına axıra kimi
sadiq qalmasının olduğunu
söyləyən məruzəçi şairin
dünya mədəniyyəti xəzinəsinə
qovuşmaq məramını
açıqlaması ilə bağlı fikirlərini
nümunə gətirdi: «Şeirlərimin kökü
yurdumun torpaqlarındadır. Amma
budaqları ilə bütün torpaqlara, doğuda,
batıda, güneydə, qüzeydə ucsuz-bucaqsız
yayılan bütün torpaqlara,
o torpaqlar üzərində
qurulmuş mədəniyyətlərə,
böyük dünyamıza uzanmaq istədim. İnsan oğlu, harada, nə zaman və hansı dildə olursa-olsun,
ürəyimə, düşüncəmə uyğun
bir şeir
söyləmişsə, onun söylənişindəki
ustalığı incələməyə, ondan
bir şey öyrənməyə
çalışdım. Yalnız öz ədəbiyyatımıza
aid olanları deyil, doğu və batı ədəbiyyatının
bütün sənətkarlarını ustad bildim».
Filologiya elmləri
doktoru, professor Vilayət
Cəfərov «Qürbətdə yaranan dostluq» mövzusunda məruzə
etdi. Məruzə tanınmış İraq şairi Əbdül
Vəhab əl-Bəyatinin Nazim Hikmətlə
dostluğuna həsr olunmuşdu.
Bu iki şair
arasında dostluq 1958-63-cü illərdə
- onların hər ikisi Moskvada
yaşayarkən olub. V.Cəfərov Nazim Hikməti dünyanın bir
çox yerlərində sevənlərinin
olduğu kimi, ərəb
dünyasında da onun
yaradıcılığına böyük
məhəbbətin olduğunu qeyd etdi. Onun
yaradıcılığına bağlı, onunla
dostluq etmiş, İraqda sərbəst şeir
cərəyanının ilkin nümayəndələrindən,
yaradıcılarından biri olan Əbdül Vəhab əl-Bəyatinin Nazim Hikmətə yazdığı 19 məktubdan
söz açan məruzəçi
ərəb şairinin bu
məktublarından bir
parçanı dinləyicilərin diqqətinə
çatdırdı: «Ey dostum,
mənim Moskvadakı Günəşim. Əgər sənin
şeirlərin olmasaydı, mən kor idim, Sənin səsin gəlməsəydi,
qulaqlarım tutulmuşdu, kar
idim».
Vilayət Cəfərov hər iki şairin 1963-cü ildə
Bakıda olduqlarını xatırladaraq özünün
tələbəlik dövründə Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq
fakültəsində onlarla keçirilən
görüşdən xatirələrini də dilə gətirdi.
Filologiya
üzrə fəlsəfə doktoru Elmira Məmmədova «Nazim
Hikmətin lirikasında Azərbaycan mövzusu»nda məruz etdi. E.Məmmədova Nazim Hikmətin
Azərbaycana səfərlərindən danışdı və
şairin Azərbaycan mövzusunda
yazdığı şeirlərindən söz
açdı. Məruzəçi Nazim
Hikmətin Azərbaycan mövzusunda ilk şeirinin
ötən əsrin 20-ci illərində yazdığı
«Neftə doğru» şeirinin
olduğunu vurğuladı. Daha sonra 1957-ci ildə yazdığı «Bakıya gedirəm», «30 il sonra», «Səməd Vurğun» şeirlərindən söz açdı, həmçinin onun Azərbaycan sənətkarları ilə
yaradıcılıq əlaqələrindən
danışdı. E.Məmmədova Nazim
Hikmətin 1958-ci ildə yazdığı teleqramda
Azərbaycan haqqında kitab yazmaq istədiyini bildirməsini diqqətə
çatdırdı. Lakin ömür
şairə bu istəyini həyata
keçirməyə vəfa etmədi.
Daha
sonra məruzələr ətrafında
çıxışlar oldu. İnstitut əməkdaşlarından tarix elmləri doktoru Şahin Mustafayev, fəlsəfə
üzrə elmlər doktoru Esmeralda Həsənova, filologiya
üzrə fəlsəfə doktoru Əmir
Qasımlı və başqaları məruzələrlə
bağlı öz fikirlərini söylədilər.
Vüqar Məmmədov
Ədəbiyyat qəzeti.- 2013.- 11
yanvar.- S.6.