Kitab dünyası” qəzetində Azərbaycanın xalq şairi ilə müsahibə dərc edilib

  

Daşkənddə özbək dilində nəşr olunanKitab dünyası” qəzetində Azərbaycanın xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə müsahibə dərc edilmişdir.

Yazıda deyilir ki, hələ keçmiş SSRİ dövründə özbək şair və yazıçıları-Qafur Qulam, Mirtemir, Zülfiyyə, Abdulla Aripov, İbrahim Qafurov, Abdulla Qədiri və digər ədiblərin əsərləri Bakıda Azərbaycan dilində nəşr olunmuş və populyarlıq qazanmışdır. Müsahibədə qeyd olunur ki, Azərbaycanda doğulmuş, sonralar Özbəkistana sürgün edilmiş, qardaş ölkədə hörmət-izzət qazanmış, özbək ədəbiyyatının klassikinə çevrilmiş görkəmli şair Maqsud Şeyxzadə isə xalqlarımız arasında əsl körpüyə çevrilmişdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanın klassik şairləri- Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulini Özbəkistanda çox sevirlər. Bu şairlərin əsərləri həm keçmiş SSRİ, həm də Azərbaycanın müstəqilliyi dövründə dəfələrlə nəşr olunmuşdur. Özbəkistanda bu şairlərin qəzəllərinə muğamlar oxunur, bu dahi şairləri həm də özlərininki hesab edirlər.

Müsahibədə deyilir ki, hələ Sovet dövründə Daşkənddə tanınmış Azərbaycan şair və yazıçıları Səməd Vurğun, Mirzə İbrahimov, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Qabil, Fikrət Qoca və digərlərinin əsərləri dəfələrlə nəşr olunmuşdur və müstəqillik illərində də bu davam etdirilir. 2010-ci ildə Usman Kuçkarın tərcüməsində mənim “Göy tanrı” romanım Daşkənddə özbək dilində çapdan çıxmışdır.

Sabir Rüstəmxanlı müsahibədə özbək dostlarını xatırlayır, onlarla görüşləri haqqında danışır, şair və yazıçılarımızın müasir dövrdə Bakıda və Daşkənddə daha çox görüşlərinin keçirilməsini, mədəni sahədə əlaqələrin daha da dirçəldilməsini arzulayır, qədim Səmərqənd şəhərində gördüklərini yada salır.

 

 

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

 

Ədəbiyyat qəzeti.- 2013.- 11 yanvar.- S.8.