Alman şairəsi Brigitte Bretşnayder Sumqayıt şəhərində yaşayırdı. Bakıda Dillər İnstitutunda
alman dilindən dərs deyirdi. Brigitte xanım azərbaycanlı
bir müəllimlə
ailə həyatı qurub. Poeziya vurğunudur, neçə
kitabın müəllifidir.
Sonralar ailəsilə Almaniyaya - vətəninə köçüb.
Brigitte Azərbaycan xalqının sevincinə-kədərinə
şərik olub.
1990-cı il qanlı 20 Yanvar hadisəsinə bir şeir həsr edib. Həmin şeiri oxucularımıza
təqdim edirik.
Bakı. 20 Yanvar 1990
Günəş qəmli-qəmli Şərqdən boylanır,
Qızıl şüaları batıb al qana;
Mayaktək közərir, güntək sovuşur,
Şölələr paylanır acı ehsana!
Ey qəddar, amansız qırmızı
yaylıq,
Buna nə ad verdin, de günahını!
Əsən yel cəllada
lənət aparır,
-
Güclə eşidilən ölüm ahını.
Gün doğub, işıqdan sanki xəbər yox,
Hər yanda qurğuşun,
ölüm, qəm, kədər…
Qara ümidsizlik tutub dünyanı,
Ümidsiz açılıb titrək bir səhər.
Əzilmiş cəsədlər uzanıb orda,
Küçələr bomboşdu, bu nə həyatdı;
Bax, təkcə uzanan oğullar deyil,
Qanlı ulduzlar da dənizdə batdı…
Brigitte Bretşnayder
1993
Almancadan çevirəni:
Əlihəsən Şirvanlı
Ədəbiyyat qəzeti.- 2013.- 18 yanvar.- S.1.