Nə yaxşı ki, dünya, varsan
Vaxt var
demə, zaman yoxdu,
Olmağına güman yoxdu,
Vaxtdan imdad uman
yoxdu.
Biz gedərik, dünya qalar,
Hərdən bizi yada salar!
Fələk atan bir daş
kimi,
Gözdən daman bir yaş
kimi,
Yağıb keçən yağış
kimi
Biz gedərik, dünya qalar,
Hərdən bizi yada salar!
Mələk idik yerə endik,
İşıq idik burda
söndük.
Getmək üçün ruha döndük,
Biz gedərik, dünya qalar,
Hərdən bizi yada salar!
Arzu-kama yetmək olmur,
Çinar olub bitmək
olmur.
Qalmaq olmur,
getmək olmur,
Biz gedərik, dünya qalar,
Hərdən bizi yada salar!
Dünya, səndən doymaz gözüm,
Səndə qalar könlüm,
sözüm.
İzi sənsən ömrümüzün,
Biz gedərik, dünya qalar,
Hərdən bizi yada salar!
Ağrı var
Ürəyimdə bir ağrı var,
Sən deyən yalan ağrıdı.
Ürəyimin qübarı var,
Toxundun, yaman ağrıdı.
Sən gedəndən mən bekaram,
Sözsüz, səssiz, lalam, karam.
Heç bilmirəm yoxam, varam,
Sənsiz keçən an ağrıdı.
Yalan oldu əhdin,
andın?
Məni eşqə saldın, dandın.
O atəşə elə yandım,
Yer, göy, asiman ağrıdı.
Kainatda mən inlədim,
Hər yandan səni
dinlədim.
Səndən bir aman dilədim,
Dilimdə aman ağrıdı.
Xəyallarım viran oldu,
Uzun ömrüm bir an oldu.
Bir ah çəkdim
duman oldu,
Gözümdə duman ağladı.
Onsuz da görünür
Çəkmə qəzəb qılıncını,
Gözündə gendən görünür
Parıltısı, qığılcımı.
Neyləyim
Ağlım məndən yuxarıdı,
Taleyin əli saxlayır.
Ağlım da öz can evində
Yazıq bir dəli saxlayır,
Onun da
adı ürəkdi,
Yəqin dəli də gərəkdi.
Mən onların arasında,
Gah ağıllı, gah dəliyəm.
Yazıq canım, ona görə
Ağlamalı, gülməliyəm.
Bu bahar
İlk eşqin nəğməsi
Bu bahar oyandım
mən torpaq kimi,
Gül açdım, dil açdım bağça-bağ kimi.
Qaçdım yamaclara sərdim qəlbimi,
Gördüm mələklərin göz yaşı yağır.
Buludlu səmanı geydim əynimə,
Göyün ağırlığı
qondu çiynimə.
Kim nə deyir-desin, deyil eynimə,
Arxamca qarılar qarğışı yağır.
Qıyqacı bir baxış ömrün bəsidi,
Dünyada nə varsa,
haqqın səsidi.
Bu dünya Allahın möcüzəsidi,
Allahım, möcüzən nə yaxşı yağır.
Bahar ürəyimə
bir od
salıbdı,
Allah verən ruhu bir qız
alıbdı.
Gözlərim heyrətdən donub qalıbdı,
İçimə meteor yağışı
yağır.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2013.- 18 yanvar.- S.7.