Ümid səngəri

 

Sonetlər

 

***

 

Daha kişnəməyir ümid atları,

Torpaqtək taleyin üzü soyuqdu.

Paslanmış qılıncdı qeyrət yolları,

Arzular ürəyə sancılan oxdu.

 

Tarix sarıdimdik sərçə balası,

Səbrimin ovcunda hələ dən gəzir.

Qaraçı köçütək ürəyim indi,

Sözlərin içində yurd, vətən gəzir.

 

Səsin çimdikləmir səbrimi daha,

İndi xan şöhrətim batıb günaha.

Başıma düşmədi, başımın daşı.

 

Dünyaya heyrətim yıxılıb taxtdan,

Sən ki, xəbərsizsən taledən, baxtdan,

Niyə gözün yaşdı, daşımın başı?

 

***

 

Niyə gözün yaşdı, daşımın başı,

Ağrın ağrıtmadı hansı alçağı.

Yerlərin göylərə bir üsyanıdır,

Didərgin ellərin dərd alaçığı.

 

Başlarmı yekəlib, papaqmı dardı,

Başlar sığışmayır papaq altına.

Papaqsız başları yığmaqmı olar

Al qana bələnmiş bayraq altına?

 

Ölüm papağını basıb gözünə,

Ümid əllərini qısıb köksünə.

Çalan yox bu qopuz, bu saz yolları.

 

Şəhid məzarına bənzəyir sözüm,

Üstündə saç yolur, ağlayır dözüm.

Köynəkdən çıxmayıb qisas yolları

 

***

 

Köynəkdən çıxmayıb qisas yolları,

Söykən öz dərdinə şəhid balası.

Ətəyi arından uzun olanın,

Düşmür sümüyünə qeyrət havası.

 

Papaqsız başlardan deyim sənə,

Papaqlı başın da dərdi min papaq.

Gəl, ömrün küncünə qısılaq bir az,

Bu ömrün içində dərddi yaşamaq.

 

Uzaqdan görünən vətən dağları,

Vətən ağrıları, vətən dağları, -

Səbrimi islatmır gözümün yaşı.

 

Günüm itkin düşüb, ilim didərgin,

Ocağım qaralıb, külüm didərgin -

Köynək-köynək yanır ərən yaddaşı.

 

***

 

Köynək-köynək yanır ərən yaddaşı,

Təsəlli sözünün bükülüb beli.

Çadırda doğulan hər bir körpənin

Bükün bələyinə "Baş Sarıtel"i.

 

Pərdə-pərdə əmsin saz havasını,

Qoy qılınc qurşasın yuxularında.

İndidən əjdaha başı kəsməyə

Keçsin köynəyindən nağılların da.

Qələbə gününə gün düşsün deyə,

Hünər dünyasıyla görüşsün deyə,

Yatıb yalmanına çapsın illəri.

 

Üşüyür o yurdda qaralan ocaq,

Həsrət köynəklidir o dərə, o dağ -

Gözü yaşla dolub xatirələrin.

 

***

 

Gözü yaşla dolub xatirələrin,

Yoxdu xəbər-ətər yurd yerlərindən.

Ümid köynəyini güllələr deşib -

Köksün lalə-lalə alışıb, Vətən.

 

Başımın daşından dünya görünür,

Daşımın başından bir ovuc torpaq.

Ah, səni söyməyə dilim gəlmir,

Bəs deyim sənə, qaragül papaq?

 

Vallah, çatmır əlim, çatmır qılınca,

Bu dəli inadım haqqın dalınca,

Ömrümü sapandtək qolaylayıbdı

 

İlahi, özümü özüm ağladım,

Bir cüt göz yaşımdan ocaq qaladım -

Heyrət dizlərini qucaqlayıbdı

 

***

 

Heyrət dizlərini qucaqlayıbdı,

Heyrət papağını daha yan qoyub.

Tanrı alnımızın qırışı altda

Haqqa qovuşmağa bir ünvan qoyub.

 

Yollar iki başlı, bir ayaqlıdı,

Yüyür tək ayaqla başlara sarı.

Ağla, gözlərindən yollar tökülsün

Daşlığından daşan daşlara sarı.

 

Göz-gözü görməyən bu qaranlıqda,

Oturub bəxt adlı xarabalıqda,

Varaqla səbrini bir kitab kimi.

Burda qəm ağnayıb, dərd ulayıbdı,

Tanrı taleyimə ünvanlaybıdı

Alın yazısını son məktub kimi.

 

***

 

Alın yazısını son məktub kimi,

Tanrı möhürləyib mənə göndərib.

Ömrümün bəxt adlı çiçəklərini,

Qara gün qurudub, qara gün dərib.

 

Sındı ürəyimdə bu misra sındı,

Sözün səsi axır damarlarımda.

Ömür sularına tor atmışam ki,

Səsdən qırılmasın damarlarım da.

 

Dartıb yüyənini saxla bu vaxtı,

Üzü mənə sarı gələn bu baxtın

Üzünü-gözünü dərd yalayıbdı.

 

Qəfil itiribdi yer ləngərini,

Bu dərd qoşununu, qəm ləşkərini

Bu ömrün üstünə kim yollayıbdı?!

 

***

 

Bu ömrün üstünə kim yollayıbdı,

Bu qəmli yolları, dərdli yolları?!

Əcəl məktubumun imza yerində

Allahla bəndənin cütdü "qol"ları.

 

Ruhum "Misri" üstə köklənsin gərək,

Çıxar köynəyindən, çıxar bu sazı.

Düşmən tifaqına endirəcəyəm

Siyirib qılınc tək Kürü, Arazı.

 

Yalansa doğranım öz qılıncıma,

Məslək qılıncıma, söz qılıncıma.

Yalansa, kor olsun bu od, bu ocaq,

 

Qayıt, ərən ruhum, özümə qayıt,

Ulu inam adlı sözümə qayıt,

Qələbə yolları qoy açsın qucaq.

 

 

Balayar Sadiq

     

Ədəbiyyat qəzeti.- 2013.- 18 yanvar.- S.7.