Balaca qara
balıq
Hekayə
Çillə
axşamı idi. Qoca balıq dəryanın dibində nəvə-nəticələrini
ətrafına toplayıb onlara nağıl
danışırdı:
- Biri var idi,
biri yox idi, bir balaca qara balıq var idi. O anası ilə birlikdə
kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə
axırdı. Balaca qara balıqla anasının bir qara
daşın dalında, yosunların arasında evləri var
idi. Ana və bala səhərdən axşama qədər
bir-birinin dalına düşüb üzür, hərdən
başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə
gəzişir və geri qayıdırdılar. Qara balıq
anasının bircəsi idi.
Bir neçə
gün idi ki, o, fikrə dalır, az danışırdı.
Könülsüz və tənbəl-tənbəl o tərəf-bu-tərəfə
gedir, geri qayıdırdı. Çox vaxt anasından xeyli geri
qalırdı. Anası əvvəlcə elə bilirdi ki, sadəcə
olaraq balasının kefi yoxdur, bu kefsizlik tezliklə keçib
gedəcəkdir. Lakin... Demə, balaca balığın dərdi
varmış...
Bir gün səhər
tezdən, günəş doğmamış, balaca balıq
anasını yuxudan oyadıb:
- Anacan, -
dedi, sənə bir neçə kəlmə sözüm var.
- Eh, sən də
vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı
olar ki, gəzməyə çixaq, - deyə ana balıq
gözlərini ovuşdurdu və əsnədi.
- Yox, anacan, mən
daha belə gəzməyi istəmirəm. Gərək burdan
gedəm, - deyə balaca balıq etiraz etdi.
Anası heyrətlə
ona baxıb soruşdu:
- Doğrudan
getmək istəyirsən?
- Bəli,
anacan, hökmən getməliyəm!
- Axı,
alaqaranlıqda hara getmək istəyirsən?
- İstəyirəm
gedim görüm arx harada qurtarır. Bilirsənmi, anacan, uzun
müddətdir ki, fikirləşirəm, görəsən arx
harada qurtarır? Amma indiyə qədər bir nəticəyə
gələ bilməmişəm. Dünən gecədən
gözümü yummayıb hər şeyi götür-qoy
etmişəm. Belə qərara gəlmişəm ki,
özüm gedib arxın qurtaracağını tapım. Bilmək
istəyirəm başqa yerlərdə nə var, nə yox...
- Mən də
uşaq olanda belə fikirlərə düşmüşəm,
balacan! Arxın nə əvvəli var, nə axırı. Elə
gördüyün nə varsa odur. Arx həmişə axır
və qurtarmır.
- Yox anacan,
belə deyil. Hər şeyin axırı var.
Məsələn,
gecə sona çatır, gündüz sona çatır, həftə,
ay, il... Məgər bunların sonu olmur?
Balaca qara
balığın qızışdığını və
dil-ağıza qoymayıb danışdığını
görən ana balıq dedi:
-
Boş-boş sözləri bir kənara qoy, dur gəzməyə
çıxaq. İndi danışmaq yox, gəzib-dolaşmaq
vaxtıdır.
- Yox, ana, mən
belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq
və başqa yerlərdə nələr olduğunu bilmək
istəyirəm. Birdən elə bilərsən ki, bunları mənə
kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə
düşmüşəm. Əlbəttə, ondan-bundan
çox şeylər öyrənmişəm. Məsələn,
bunu başa düşmüşəm ki, balıqların
çoxu həyatlarını boş-boşuna keçirdiklərindən
gileylənirlər. Daim ah-nalə edir, hər şeydən
şikayətlənirlər. Bilmək istəyirəm
görüm həyat elə bir qarış yerdə o yan-bu
yana gedib-qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi
ibarətdir, yoxsa başqa dünya da mövcuddur?
- Balacan, dəli
olubsan? Dünya! Dünya! O başqa dünya nə deməkdir?
Dünya elə həmin dünyadır ki, biz
yaşayırıq, həyat da ki, elə gördüyün
yaşayışdan ibarətdir!
Bu zaman iri bir
balıq onların evinə yaxınlaşdı:
- Qonşu, bəhsə
girmisən, - dedi, - uşaqla nəyin üstündə belə
höcətləşirsən? Deyəsən, bu gün gəzmək
fikriniz yoxdur?
Ana balıq
qonşunun səsini eşidib cavab verdi:
- Gör, zəmanə
necə dəyişib?! Uşaqlar öz analarına cib-cib
öyrətməyə başlayıblar.
- Necə məgər?
- deyə qonşu iri balıq soruşdu.
- Gör bu
cırtdan haralara getmək istəyir?! Hey deyir ki, istəyirəm
gedim görüm dünyada nələr olur? Nə bilim, axmaq-axmaq
sözlər!
Qonşu iri
balıq:
- Balaca, -
dedi, - de görüm sən nə vaxtan belə filosof və
alim olubsan ki, bizim xəbərimiz yoxdur?
Balaca
balıq dedi:
- Xanım, mən
bilmirəm siz alim, filosof nəyə deyirsiniz? Hər gün təkrar
olunan cansıxıcı gəzintilərdən cana
doymuşam. Belə yorucu həyatı daha davam etdirmək istəmirəm.
İstəmirəm ki, bir də gözümü açanda
görüm sizin kimi qocalmışam, özü də
göz-qulaqları bağlı balıqlar kimi qalmışam.
Qonşu
balıq:
- Vay, - dedi, -
gör bu nələr danışır?!
Ana balıq
dilləndi :
- Heç
düşünməzdim ki, bir dənə uşağım
ola, o da belə çıxa! Bilmirəm, balamın
qulağını hansı bədcins doldurub...
Balaca
balıq dedi:
- Heç kəs
mənim qulağımı doldurmayıb. Anlamaq
üçün mənim özümün ağlım,
huşum, görmək üçün də gözüm var!
Qonşu
balıq balaca balığın anasına dedi:
- Bacı o
pıç-pıç danışan İlbiz
yadındadırmı? - Yaxşı yadıma saldın,
yadımdadır! Tez-tez uşağımın yanına gələrdi.
Görüm onu gorbagor olsun!
Balaca
balıq dedi:
- Bəsdir,
ana! O, mənim dostum idi!
- Balıqla
İlbizin dostluğunu eşitməmişdik, bunu da eşitdik!
Balaca
balıq :
- Mən də
balıqlarla İlbizin düşmənçiliyini eşidməmişdim!
Amma siz o biçarənin başını yediniz, - dedi.
Qonşu dilləndi:
- Bu,
keçmişin söhbətidir.
-
Keçmişi siz özünüz yada saldınız!
Anası dedi:
- Elə
ölməli idi! Məgər oturub-durub nələr
danışdıqları yadından çıxıb?!
- Onda məni
də öldürün! Çünki mən də onun dediklərini
deyirəm, - deyə Balaca balıq gileyləndi.
Axır ki, nə
başınızı ağrıdım, səs-küyün sədası
başqa balıqları da oraya çəkib gətirdi. Balaca
balığın sözləri hamını əsəbiləşdirmişdi.
Qoca balıqlar bir-bir söhbətə qarışıb balca
balığa acıqlandılar:
- Elə
düşünürsən ki, sənə rəhm edərik?!
- Bir
qulaqburması bəsdir!
Balaca qara
balığın anası onlara müqavimət göstərdi:
- Kənara
çəkilin! Uşağıma toxunmayın!
Bu zaman balıqlardan
bir başqası balaca balığın anasına dedi:
- Xanım,
uşağını lazımınca tərbiyələndirmədiyin
üçün əzab çəkməlisən!
Qonşu
balıq sözə başladı:
- Sizinlə
qonşu olduğuma xəcalət çəkirəm!
Başqa bir
balıq dilləndi:
- Nə qədər
ki, bu məlunun işi... Göndərək qoca İlbizin
yanına.
Balıqlar
balaca balığı tutmaq istədilər. Dostları onu təhlükədən
uzaqlaşdırdılar. Anası baş-gözünə
döyür, ağlayır və deyirdi:
- Allah, sən
saxla! Uşağım əlimdən gedir. nə edim?
Başıma haranın daşını töküm?
Balaca
balıq dedi:
- Anacan, mənim
üçün ağlama, geridə galmış bu qoca
balıqların halına ağla.
Balıqlar
yerbəyerdən çığırdılar:
- Təhqir eləmə!
- Get! Sonra
peşman olsan, daha bizdən incimə!
- Bunlar
cavanlıq əlamətidir. Getmə!
- Buraların
nəyi pisdir?!
- Başqa
dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan
ibarətdir. Qayıt!
-
Ağlını başına yığıb getməkdən
imtina etsən, onda bilərik ki, doğrudan da başa
düşən bir balıqsan!
- Biz sənə
öyrəşmişik, getmə!
Ana balıq
doluxsunaraq dilləndi:
- Mənə
rəhmin gəlsin, bala, getmə, getmə!
Balca balıq
onların dediklərinə etina etmədən uzaqlaşdı.
Həmyaşıdlarından bir neçəsi onu arxın
gölməçəyə tökülən yerinə qədər
ötürüb geri döndülər. Balaca balıq
dostlarından ayrılarkən dedi:
-
Görüşənə qədər, dostlar! Məni
unutmayın!
Dostlar:
- Heç
unudarıqmı? Sən bizi qəflət yuxusundan oyatdın.
Bizə elə şeylər öyrətdin ki, hətta
heç yuxumuza da girməzdi. Görüşənə qədər,
ağıllı və cəsur dost, - dedilər.
Balaca
balıq şəlaləvari yerdən aşağı
sürüşüb arxa nisbətən suyu çox olan
gölməçəyə düşdü. Əvvəlcə
özünü itirdi. Sonra üzməyə və gölməçədə
dolanmağa başladı. Balaca balıq bu vaxtadək bu qədər
suyun bir yerə yığışdığını
görməmişdi. Suda minlərlə çömçəquyruq
gəzişirdi. Balaca balığı görən kimi onu məsxərəyə
qoydular:
- Bir bunun təhər-tövrünə
bax! Sən nə cür məxluqsan?!
Balaca balıq
ani olaraq fikirləşib:
- Xahiş
edirəm təhqir etməyin, - dedi, - mənim adım balca
balıqdır. Siz də adınızı deyin, tanış
olaq!
Çömçəquyruqlardan
biri dedi:
- Biz bir-birimizi
"Çömçəquyruq"
çağırırıq.
O biriləri
yerbəyerdən dedilər:
- Əslimiz,
nəcabətimiz var.
- Dünyada
bizdən gözəli tapılmaz!
- Sənin
kimi yöndəmsiz deyilik!
Balaca
balıq onlara belə cavab verdi:
- Sizin bu qədər
xudpəsənd olduğunuzu bilmirdim. Amma nadanlıq
üzündən belə danışdığınız
üçün sizi bağışlayıram.
Çömçəquyruqlar
səsləndilər:
- Deməli
biz nadanıq?
- Nadan
olmasaydınız başa düşərdiniz ki, hər kəs
üçün öz təhər-tövrü xoşdur.
Allaha şükür, sizin heç adınız da
özünüzünkü deyil.
Çömçəquyruqlar
əvvəl əsəbiləşdilər. Sonra balaca
balığın haqlı olduğunu görüb sözlərini
dəyişdilər.
- Sən
özünü nahaq yerə yorursan, - dedilər, - biz səhərdən
axşama qədər dünyanı gəzirik, amma
özümüzdən, ata və anamızdan,
saysız-hesabsız balaca qurdlardan, böcəklərdən
başqa heç kəsi görmürük.
Balaca
balıq soruşdu:
- Siz ki,
gölməçədən qırağa çıxa bilmirsiniz,
dünyanı gəzib-dolanmaqdan necə dəm vura bilərsiniz?
Çömçəquyruqlar
təəccübləndilər:
- Məgər
gölməçədən başqa da özgə dünya
var?
-Bəs necə?
özünüz fikirləşin, görün
yaşadığınız su hardan axıb gəlir və
sudan kənarda nələr var?
- Sudan
qıraqda da yer olar? Biz indiyə qədər sudan başqa
heç yeri görməmişik. Ha, ha, ha, sən dəli
olubsan, nədir?!
Balaca qara
balığı da gülmək tutdu. Fikirləşdi ki,
çömçəquyruqları başa salmadan
çıxıb getsin . Sonra belə qərara gəldi ki,
onların anaları ilə də bir-iki kəlmə danışsın.
- Ananız
haradadır?
Bu zaman
qurbağanın gur səsi onu diksindirdi. Qurbağa gölməçənin
qırağındakı iri daşın üstündə
oturmuşdu. Suya baş vurdu, gəlib balığın
qarşısında dayandı:
- Mən
buradayam, - dedi, - qulluq?!
- Möhtərəm
xanım, salam!
-Ey əsil-nəcabətsiz
vücud! Nə əllaməlik edirsən? Bunları uşaq
görüb axmaq-axmaq danışırsan? Bir belə
ömür eləmişəm və başa
düşmüşəm ki, dünya elə bu gölməçədən
ibarətdir.
Yaxşı
olar ki, işinin dalısınca gedəsən, mənim
uşaqlarımı yoldan çıxarmayasan.
- Yüz il də
ömr eləsən, yenə geri qalmış, nadan qurbağa
kimi qalacaqsan!
Qurbağa
hirsləndi və balaca qara balığın üstünə
cumdu. Bu zaman gölməçənin dibi bir-birinə
qarışdı. Balaca balıq aldığı təkandan
dığırlandı, özünü dərədən
axan enli arxda gördü. Dərə əyri-üyrü idi.
Dağın başından baxanda dərənin suyunu enli,
ağ ipə oxşatmaq olardı. Dərənin bir yerində
dağdan qopub arxa düşmüş iri bir daş suyu iki yerə
bölürdü. İri bir kərtənkələ də
qarnını daşa söykəmişdi. Günəşin hərarətindən
ləzzət alır, suyun təkində ovladığı
qurbağanı yeyən iri, yumuru xərçəngə
tamaşa edirdi. Elə bu an oradan üzüb keçmək istəyən
balaca balığın gözləri xərçəngə
sataşdı. O, bərk qorxdu və uzaqdan xərçəngə
salam verdi. Xərçəng balaca balığı
görüncə:
- Nə ədəbli
balıqsan, - dedi, - gəl qabağa. Balaca, gabağa gəl!
Balaca
balıq:
- Mən
dünyanı gəzməyə gedirəm, - deyə xərçəngə
cavab verdi, cənabınızın yeminə çevrilmək
istəmirəm!
- Niyə belə
bədbinsən, qorxaqsan, balaca balıq?
- Nə bədbinəm,
nə də qorxaq. Gördüklərimi deyirəm.
- Çox
yaxşı, indi de görüm gözlərin nə
gördü və əqlin nə kəsdi ki, səni
ovlayacağımı xəyalına gətirdin?
-
Özünü bilməməzliyə vurma!
- Bilirəm,
qurbağanın hərəkətlərinə işarə
edirsən. Lap uşaqsanmış ki, bala! Qurbağalarla aram
olmadığı üçün onları ovlayıram. Onlar
elə xəyal edirlər ki, dünyanın yeganə məxluqlarıdılar
və hamıdan xoşbəxtdilər. İstəyirəm onları
başa salam ki, dünya kimin əlindədir. Sən isə
qorxma, qadası! Gəl qabağa. Qorxma, gəl!
Xərçəng
bu sözləri deyib yanlarını basa-basa balaca
balığa tərəf yeridi.
Xərçəng
elə gülməli yeriyirdi ki, balığı ixtiyarsız
olaraq gülmək tutdu.
- Ay yazıq,
- dedi, - sən heç yeriməyi də bacarmırsan. Haradan
bilirsən dünya kimin əlindədir?!
Balaca
balıq xərçəngdən aralandı. Bu zaman suyun
üzərinə kölgə düşdü. Gözlənilməz
zərbədən xərçəng səndələyə-səndələyə
suyun dibinə batdı. Xərçəngin bu halını
görən kərtənkələni gülmək elə
tutdu ki, az qaldı sürüşüb suya düşsün.
Xərçəng isə artıq suyun üzünə
çıxa bilmədi.
Balaca
balıq gördü ki, suyun kənarında balaca bir
çoban dayanıb ona və xərçəngə
tamaşa edir. Qoyun-keçi sürüsü də suya
yaxınlaşdı. "Mə-mə! Bə-bə!" səsləri
dərəni başına götürdü.
Balaca
balıq sürünü su içib qurtarana qədər
gözlədi. Sürü gedəndən sonra kərtənkələni
səsləyib:
- Kərtənkələcan,
- dedi, - mən arxın qurtaracağını axtarmağa gedən
balaca qara balığam. Sən bilikli, zəkalı heyvansan.
Buna görə də səndən bəzi şeyləri
soruşmaq istəyirəm.
- Xətrin hər
nə istəyir, soruş.
- Yolda məni
nərə balıqla, saqqa quşu ilə, balıqudan
quşla çox qorxudublar. Bunlar haqqında bir şey bilirsənsə
mənə de!
Kərtənkələ
dedi:
- Nərə
balıqlar və balıqudanlar bu tərəflərdə
tapılmazlar. Xüsüsilə Nərə balıqlar.
Çünki onlar dənizdə yaşayırlar. Amma saqqa
quşuna elə bu həndəvərdə rast gəlmək
olar. Nəbadə aldanıb kisəsinin içərisinə
girərsən.
Kisə nədir?
- Balaca balıq onun sözünü kəsib soruşdu.
-Saqqa
quşunun boğazının altında xeyli sututan kisə var.
Bəzən təcrübəsiz, xam balıqlar suda üzən
quşun kisəsinə girib birbaşa qarnına gedirlər.
Saqqa quşu tox olanda balıqları kisəsində ehtiyat
saxlayır.
- Deməli,
onun qarnına gedəndən sonra xilas olmaq üçün
çarə yolu yoxdur?
- Yoxdur. Kisəni
parçalamaqdan başqa heç bir yol yoxdur. Sənə bir xəncər
verərəm. Saqqa quşunun çənginə düşsən,
dediyim kimi edərsən.
Kərtənkələ
qayadakı yarığa sürünüb xəncərlə
qayıtdı. Balaca balıq xəncəri alıb dedi:
- Kərtənkələ,
sən çox mehribansan, bilmirəm sənə necə təşəkkür
edim?
- Canım, təşəkkür
nəyə lazımdır, mənim belə xəncərim
çoxdur, sənin kimi ağıllı balıqlara
bağışlayıram.
- Məgər
məndən qabaq da buradan keçən olub?
-
Çoxları keçib. İndi onlar özləri
üçün böyük dəstə düzəldiblər...
Kərtənkələ
bunları deyib qulağını daşdakı yarığa
dayadı:
- Di, sağ
ol,- dedi, - balalarım yuxudan ayıldığı
üçün getməliyəm.
(Ardı var)
Səməd Behrəngi
Ədəbiyyat qəzeti.- 2013.- 18
yanvar.- S.5.