Səməd Behrəngi
Səməd Behrəngi 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində
yoxsul azərbaycanlı
ailəsində anadan olmuşdur. Onun atası
İzzət beş
övladından ikisini,
o cümlədən Səmədi
oxutdurmağa müvəffəq
olmuşdu. Bu, ağır məhrumiyyətlər
bahasına başa gəlmişdi. Səmədin qardaşı Əsəd Behrənginin "Keyhan"
qəzetində dərc
etdirdiyi yazı bu cəhətdən maraqlıdır. Yazının
bir yerində oxuyuruq: "Hər gün səhər tezdən məhəllə
sakinləri başmaqlarını
qoltuğuna vurub sürətlə qaçan
bir oğlan uşağını görür
və bir-birindən onun kim
olduğunu soruşurdular:
- Nə üçün o həmişə qaçır?
Başmaqlarını niyə qoltuğuna
vurur?
Sonralar məlum oldu ki, həmin
uşaq onların məhəlləsində yaşayan
fəhlə İzzətin
oğludur. Oxuduğu məktəb uzaqda
olduğundan qaçır
ki, gecikməsin.
Başmaqlarını da
qoltuğuna ona görə vurub ki, yırtıqdır, qaçmağına mane olur...
Uşağın adı Səməddi".
Səməd ibtidai məktəbi
oxuyub qurtardı. Sonra Təbriz pedaqoji
məktəbini bitirib,
bir müddət İran Azərbaycanının
ucqar kəndlərində
müəllimliklə məşğul
oldu. Zəhmətkeş kəndlilərin həyatı ilə yaxından tanışlıq
Səməddə yazıb-yaratmaq,
yoxsulların məhrumiyyətlərini
qələmə almaq
həvəsi oyatmışdı.
O, Təbriz universitetini
bitirib, xeyli dəyərli əsərləri
ilə vətəndaş
yazıçı kimi
tanınmağa başladı.
Səməd Behrəngi müasir fars
və İran Azərbaycanının mütərəqqi
nəsrinin, xüsusilə
uşaq ədəbiyyatının
görkəmli nümayəndəsi
kimi təkcə İranda deyil, həm də dünyanın bir çox ölkəsində
tanınır. Yazıçının
əsərləri bir
neçə il bundan əvvəl İngiltərədə
keçirilən uşaq
ədəbiyyatı sərgisində
nümayiş etdirilmişdir.
İtaliyanın Boloni şəhərində
Beynəlxalq uşaq ədəbiyyatı müsabiqəsində
onun "Balaca qara balıq" hekayəsi mükafata layiq görülmüşdür.
Behrəngi cəmi 29 il ömür
sürmüş - 1968-ci ildə
vəfat etmişdir. Lakin bu az müddət ərzində o, zəngin bədii irs qoyub getmişdir. Onun yazıları qəzet və jurnallarda dərc olunmuş, dəfələrlə kitab
halında çapdan çıxmışdır. Yazıçının "Balaca
qara balıq",
"Bir hulu, min hulu", "Ulduz və qarğalar",
"24 saat yuxuda və ayıqlıqda",
"Çuğundur satan
oğlan", "Qar
dənəsinin sərgüzəşti"
və s. əsərləri
yüksək qiymətləndirilir.
Onun yaradıcılığında uşaq hekayələri və uşaqlara aid başqa yazılar geniş yer tutur. Əməkçi balaların yoxsul
və fərəhsiz dolanışığı, onların
əzab-əziyyəti, mubarizəsi
Səməd Behrəngi
qələmi ilə geniş təsvir olunur.
Ədəbiyyat qəzeti.- 2013.- 18
yanvar.- S.4.