El bilir ki, sən mənimsən…
“Ədəbiyyat qəzeti”nin
baş redaktoruna
Hörmətli
Ayaz müəllim!
Azərbaycan-Türkiyə-Kərkük
elləri arasında ədəbi-mədəni əlaqələrin
möhkəmlənməsində səmərəli fəaliyyət
göstərən, xidmətləri olan türkiyəli yazar
Kamal Çaprazın vaxtsız vəfatı barədə
“Qardaşlıq” dərgisində oxuyanda ürəyimdən
ilk keçən sevimli şairimiz Səməd Vurğunun
misrası oldu:
Nə ömrə acıyır, nə
yaşa dünya...
Təsəllini
onun Azərbaycanla bağlı çox mətləblərdən
söz açan, kərküklülərin İstanbulda
çıxan “Qardaşlıq” (¹ 15, 2000, 36-40) dərgisində
yer alan ”El bilir ki, sən mənimsən...”
məqaləsini çap üçün daimi oxucusu
olduğum “Ədəbiyyat qəzeti”nə təqdim etməkdə
tapdım.
Hörmətlə,
Qəzənfər Paşayev
----------------------------
El bilir ki, sən
mənimsən,
Yurdum,
yuvam, məskənimsən.
Anam, doğma
vətənimsən,
Ayrılarmı
könül candan
Azərbaycan,
Azərbaycan.
Səməd
Vurğuna aid olan bu şeirin hər türkün
könlündə ayrı bir yeri və mənası
vardır. Azərbaycan deyincə şiddətli iztirabın
şeirləşdiyi, insnaların dərdlərini,
sıxıntılarını, sevinclərini sənətdə,
ədəbiyyatda əks etdirdikləri gözəl bir Oğuz
yurdu gəlir ağlımıza.
Azərbaycan
həp canımızın içində bir can olmuş. Türkiyə ilə Azərbaycanı bir almanın
iki yarısı kimi düşünmüşüz,
görmüşüz. 1980-ci illərə
qədər tək müstəqil türk dövləti
Türkiyə Cümhuriyyəti idi. Əsarət
altındakı qardaşları adına da
hür (azad) səmalarda bayrağını dalğalandıran
tək türk dövləti. Azərbaycandakı
qardaşlarımızın şərqisi, türküsü, şeiri
iştə o dövrlər türklük sevdalarının
dilində, könlündə yaşadılırdı.
İndi
çox şükür ki, Azərbaycan müstəqil (azad)
bir dövlətdir. Canımızın bir parçası,
qanımızın bir parçası Azərbaycan. Bu duyğuları hafizələrimizdən
keçirirkən, günəşin bütün
parlaqlığı ilə aydınlatdığı bir saatda
uçağımız Bakıya enir.
Bu
gözəl cümhuriyyətimizə dosent Süphi
Saatçı (indi professor), həyat yoldaşı Kafiyə,
kiçik qızları Banu ilə birlikdə gedirik. Kaysəridən dosent Mahir
Naqib (indi professor), həyat yoldaşı Müzəyyən və
qızları Gülbala və Aybala da Türkiyədən gedən
heyətdə. Hava alanında bizləri
professor Qəzənfər Paşayev ailəsi ilə birlikdə
qarşılayır. Dünyanın 12
iqlimindən 7-nin yaşandığı Azərbaycanda
havanın istiliyini qarşılanmanın içdən gələn
istiliyi unutdurur. Çantalarımızı
avtomobillərə yığırıq. Güzarımız
Bilgəh bağlarınadır. Qəzənfər
Paşayevin bağ evində qonaq olacağıq. Təqribən 40 dəqiqədən sonra dəniz kənarındakı
Bilgəh bağlarına çatırıq. Qəzənfər bəyin bağ evində Şamil
bəy, Gülnaz xanım, qızları Lalə və nəvələri
İlkin bizi qarşılayır. Öyrənirik
ki, bu ailə ermənilər tərəfindən Qarabağ
işğal olunandan sonra Qəzənfər bəyə pənah
gətirib. Bizləri dəvət edən
professor Qəzənfər Paşayev İraq-türkman folkloru
üzrə urmandır (mütəxəssis). İstanbulda qurulan Kərkük Vəqfi Paşayevin
"İraq-türkman folkloru" kitabını nəşr
etmişdir. Bizim Azərbaycana səyahətimizin səbəbi
də Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda
İraq-türkman folkloruyla ilgili düzənlənən
Uluslararası simpoziuma qatılmaqdır. Simpoziumdan
öncə Bakını gəzmək istəyirik.
Yüksələn türklük
"Odlar
yurdu"da deyə bilinən Azərbaycanın
paytaxtının ətrafı neft quyuları ilə dolu. Bu, od, atəş deməkdir.
Bilgəh bağlarından Bakıya gedərkən
(Maştağa yolu ilə) şoran torpaq üzərində
yüzlərcə neft quyusu görürük. Ətrafda
bir və ya iki qatlı evlər var. Az da
olsa yol kənarında yaşıllıqlar görmək olur. Yollar geniş, amma baxımsız. Bütün sənətlərdə olduğu kimi,
Bakıda heykəltəraşlıq da çox inkişaf
etmişdir. Hər yerdə möhtəşəm
heykəllərlə qarşılaşırıq. Bakı şəhərinin mərkəzinə girincə
binaların mərtəbələri yüksəlir. Özəlliklə tarixi binalar şəhərin
görkəminə görkəm qatır. Yol üzərində
latın əlifbası ilə yazılan yazıları
zövqlə oxuyuruq: "Gənclik" mehmanxanası,
"Sevgilim" gül mağazası, "Tikinti
materialları", "Qida maddələri",
"Azpetrol". Şəhərin içi
yaşıllığa qərq olub. İndiyə
qədər gəzdiyim bütün türk başşəhərləri
ağaclıqlı, yaşıllıqlı, hamısı da
gözəl. Bakı da o gözəl
başşəhərlərimizdən biri.
Qız qalası
Qız
qalasının pillələri ilə qalxarkən buranın
aşiqlərin görüş yeri olduğunu hiss edirik. Qalanın içində tarixi əşyaların sərgiləndiyi
yerlər də var. Tarixi abidənin təpəsindən
Bakını quşbaşı görmək
mümkündür. Aman Allah, bu nə
gözəllik?! İnsan bu mənzərədən
heç ayrılmaq istəmir. Amma gəziləcək
çox yerlər də gözləyir bizi.
Azadlıq meydanı
Yolumuzu
bu dəfə Azadlıq meydanına çeviririk. Məşhur Azadlıq
meydanı bir zamanlar azadlıq mücadiləsində milyonlarca
insanın toplandığı meydandır. 1990-cı ilə qədər Leninin heykəli
yüksələn yerdə indi Azərbaycanın üç rəngli
milli bayrağı dalğalanır. Nazirliklərin
yerləşdiyi möhtəşəm bir bina Azadlıq
meydanını bəzəyir. Bu
meydanın adı mənə Azərbaycanın məşhur
şairi Xəlil Rza Ulutürkü xatırladır. SSRİ dönəmində yazdığı
"Azadlıq" şeirini çap etdirə bilməyən
şairin şeiri "Afrikanın səsi" adı ilə dərc
olunur. Əslində bu şeirin Azərbaycan
üçün yazıldığını hər bir azərbaycanlı
türk o dönəmdə anlamışdı:
Azadlığı
istəmirəm zərrə-zərrə,
qram-qram.
Qolumdakı zəncirləri
qıram gərək
Qı-ram,
Qı-ram.
Azadlığı
istəmirəm
Bir həb
kimi, dərman kimi -
İstəyirəm
Günəş
kimi,
Cahan
kimi.
Cəkil, ey qəsbkar,
Mən
bu əsrin gur səsiyəm.
Gərək
deyil sısqa bulaq! -
Mən
ümmanlar təşnəsiyəm!
Azərbaycan
türkü bu meydanda başladığı mücadiləsinin
sonunda qazandı. Azadlıq, eyni Ulutürkün söylədiyi kimi, səma
kimi, günəş kimi, cahan kimi gəldi.
Ulutürkün:
Qırmaq
mümkün olmayacaq
Azərbaycan
qüdrətini,
Boğmaq
mümkün olmayacaq
Azərbaycan
qeyrətini -
hayqırtısına da, türkün yıxılmaz hürriyyət
eşqinə də Azadlıq meydanı şahidlik etdi.
Sevgi hüdud tanımaz
Bilgəh
bağlarında erkən oyanırıq. Təmiz havada insan yuxudan tez
doyur. Bu gün bizim üçün önəmli bir
gün - Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda düzənlənən
"İraq-türkman folkloru" adlı Uluslararası
simpoziuma qatılacağıq. Yola
düşürük. Yol kənarında
üzərində "DYP" yazılmış avtomobil
görürük. Türkiyədə
"DYP" bir siyasi partiyanın adını ifadə edir.
Maraqlanıram. Sürücü Bahadurdan
soruram: "Bu DYP nədir?" "Dövlət Yol Polisi"
- deyə cavab verir.
Elmlər
Akademiyasına toplantı saatından öncə
çatırıq. Toplantı salonunun divarında Nizaminin, Füzulinin,
Şəhriyarın böyük rəsmləri (portretləri)
asılıb. Diqqətimizi masanın
üstündə kiril əlifbası ilə
basılmış müqəddəs kitabımız
"Qurani-kərim" çəkir. Simpoziumu
institutun direktoru, prof. Dr. Yaşar Qarayev açır. Türkman qızı Banu Saatçı
toplantının başlanğıcında İstiqlal
marşımızı başdan-ayağa oxuyur.
Kiçik
Banunun marşdan oxuduğu türkün təslim olmaqdansa
ölməyi üstün tutmağı hissəsi
hamını təsirləndirdi. Bunun bütün türk
toplularına örnək olması gərəkdir.
Banu bir
neçə təsirləndirici xoyrat da oxudu. İraq-türkman folkloruyla
ilgili çalışmalarıyla şöhrətlənən
prof.Dr.Qəzənfər Paşayev
çıxışında qeyd etdi ki, mənəviyyatca bir
olduğumuz, amma cismani cəhətdən ayrı
düşdüyümüz qardaşlarımız - İraq
türkmanlarının folkloru çox saf qalmışdır.
Kərkükdə küçələrdə
(sokaklarda) dolaşdığımızda həp təmiz
türkcə qonuşurlar. İraqdakı
türkmanlarla azərbaycanlılar eyni xalqdırlar. Biz bərabərik, həqiqi türkmanlarıq.
Güney Azərbaycanın
böyük alimi, türkcə nəşr edilən
"Varlıq" dərgisinin naşiri və baş
yazarı prof.Dr.Cavad Heyət çıxışında dedi:
"İraq türkmanları bizim xalqımızın
davamıdır. Onlar qədər biz də
türkmanız. Oğuzlar müsəlman
olub İrana gəldikdən sonra onlara türkman deyildi. Azərbaycanda və İranda hökm sürən iki
sülalənin adı Ağqoyunlu türkmanları, Qaraqoyunlu
türkmanları olub. Mən
özümü İraq türkmanlarından ayırmıram.
Füzuli ilə özümü niyə
ayırmalıyam. Füzulinin əcdadı
səlcuqlarla İraqa köçmüşdür. Bizim əcdadımız səlcuqlardır. Füzulini bizdən saymaq üçün onun dilinə
baxmaq yetər. Füzuli İraq
türkmanları üçün Azəri türklərinin
İraqdakı səsidir. "Görünən
kənd bələdçi istəməz" - deyir.
Əlbəttə,
görünən köy qıllavuz istəməz. Türk dünyasının
görkəmli şairi Füzuli Azərbaycan və İraq
türkü üçün nə ifadə edirsə, Anadolu
türkləri üçün də eyni şeyi ifadə
edir. Böyük şairimiz Füzuli Azərbaycan
və İraq türklərinin olduğu qədər, Anadolu
türklərinin də görkəmli bir ulduzudur.
Füzulidən,
türkmanların səsi və nəfəsi olan xoyratlardan da
örnək verən Kərkük Vəqfinin Genəl
sekretarı dosent Süphi Saatçının məruzəsi
böyük maraq doğurur. O, bütün türkman ədəbiyyatçılarının
qəm, qüssə, kədərlə bağlı xoyrat
yazdıqlarını önə çəkir: "Qəm
insanın ən yaxın dostu və yardan daha vəfalıdır"
-deyir.
Rəhbərlərin insanlıq borcu
Dosent Mahir
Naqib dedi ki, indiyə qədər İraq
türkmanlarının kültürü, folkloru, siyasi durumu
yalnız Türkiyədə müzakirə olunurdu. İndi bu, Azərbaycanda da müzakirə mövzusu
oldu. Kültür olaraq, coğrafiya olaraq
Anadolunun bir parçası olan İraq türkmanlarının
iki ana vətəni vardır. Bunlardan biri
Türkiyə, biri Azərbaycandır. Bizim siyasi hüdud
tanımayan kültür bərabərliyimiz vardır, - dedi
Mahir Naqib, təbliğini belə tamamladı: "Min ildən
fəzlə bir sürədə İraqda mötəbər
olan türk kültürü böyük ölçüdə
zədələnmişdir. Gerçəyi isə
tamamən qaranlıqdır. Biz burada bu
haqlı təmənnamızı dilə gətirmək istəyirik.
Başda musiqi olmaq üzrə kültürəl
dəyərləri qorumanın, məktəbləşdirmənin
və yaşatmanın siyasətlə ilgisi yoxdur. Milli kültürləri qorumaq bütün siyasi idarələrin
insanlıq borcudur. Çünki
kültür mədəniyyəti yaradır. Mədəniyyət də bütün
insanlığın ortaq malıdır".
Simpoziumda
İrfan Ünver Nəsrəddinoğlu, prof.Dr.Məhərrəm
Qasımlı, prof.Dr.Azad Nəbiyev və başqaları da
çıxış etdilər.
Prof.Dr.Yaşar
Qarayev sonda bu önəmli məruzələrin kitab halında
nəşr ediləcəyi müjdəsini də verdi.
Bakıda “Türkman ocağı”
Azərbaycan
folklor sarayı önəmli kültür mərkəzlərindən
biridir. Burada
İraq türkmanlarına aid "Türkman ocağı"
adı verilən mərkəz var. Bu mərkəzi ziyarətə
gəlmişik. Folklor sarayının girişində
Dədə Qorqudun ağacdan (dəmir ağacdan) yonulmuş
heykəli ilə qarşılaşırıq (heykəli
Q.Paşayev öz hesabına alıb). Türkman
ocağı tamamən İraq türkmanlarının əsərləri
ilə doludur. Girişdə Füzulinin
böyük portreti vardır. Türkmanların
böyük yazar və folklor araşdırmaçısı Əta
Tərzibaşı və İraq-türkman folkloruna xidmət
edən digər yazar və elm adamlarının portretləri
divarları bəzəyir.
Görkəmli
türkoloqumuz, prof.Dr Fuad
Köprülünün "İraq türkmanları, yəni
Oğuzcanın Azəri ləhcəsini qonuşan türklər"
sözü və İraq türkmanlarından olan
prof.Dr.İhsan Doğramacının "Millətlərin mənbəyini
bildirən ən başlıca xüsusiyyət, hətta tək
ünsür evdə qonuşduqları dildir… Anamın,
babamın dədələrimin, nənələrimin evdə
qonuşduqları dili türkcə idi…"
Latın hərfləriylə
pano üzərini "Türkman ocağı"nın divarlarından asılmışdı.
Yenə dilə verilən önəmi bildirmək
üçün bu özəl xoyrat da divarı bəzəyirdi:
Dilim-dilim;
Kəs
qovunu dilim-dilim.
Mən dilimnən
vaz keçməm,
Olursam
dilim-dilim.
Kərkük
Vəqfinin Genəl sekretarı dosent Suphi Saatçı və
dosent Mahir Naqib yanlarında gətirdikləri dərgi və
kitabları "Türkman ocağı"na hədiyyə
edirlər.
Azərbaycanda düyün
Azərbaycanda
düyün (toy) adətləri hamımızı çox
maraqlandırırdı. Səbirsizliklə prof.Dr.Qəzənfər
Paşayevin qızı Təranənin toyunu gözləyirdik.
Hamımız bu xoşbəxt günə
hazırlaşırdıq. Bakının
"Çinar" şadlıq sarayında böyük təntənə,
böyük əyləncə düzənlənib. Azərbaycanda qız toyu ilə oğlan toyu ayrı
yapılırmış. Yəni öncə
qız tərəfi toy edir, bir həftə sonra isə
oğlan tərəfi toy edirmiş. Biz
qız toyundayıq. Gəlinlə damat
(kürəkən) möhtəşəm bir mərasimlə
toy salonuna girdilər. Gəlin mavi geyimdədir.
Soruşuram: "Burada gəlinlik paltarı mavimi olur?"
Məlum
olur ki, qız toyunda gəlinlik paltarı rəngli, bəy
toyunda isə bəyaz olurmuş. Süfrələrdə hər
şey var, çatışmayan quş südüdür.
Maraqlanıram: "Hamıda toy iki dəfəmi olur?"
Maddi
durumu eyi (yaxşı) olanların belə etdiyini, durumu eyi
olmayanların birgə toy etdiklərini söyləyirlər. Toyda çox oynayırlar, hətta
aş gətirərkən qabaqda əllərində məşəl
oynaya-oynaya gedirlər. Burada aş süfrənin
şahı hesab olunur. Aşı ən
çox toylarda və bayramlarda hazırlayırlar. Toyda aşı böyük ehtiramla payladılar. Aşqara, xüsusən də şabalıdın
ayrı ləzzəti varmış. Hamımız
birlikdə əyləndik, oynadıq. Təbii
ki, ən çox da Banu, Aybala və Gülbala. Bu gözəl türkman balaları nəfis
oyunlarıyla toya rəng qatırlar. Qəzənfər
Paşayev və həyat yoldaşı ev
sahibliyini ən gözəl şəkildə yapmanın
mutluluğunu (xoşbəxtliyini) yaşayırlar. Bəylə gəlini təbrik edərək bu
gözəl təntənədən (düyündən)
ayrılırıq.
Bilgəh
bağında qaldığımız günlərdə gec
saatlara qədər bizi divarın üstündə gözləyən
və gəldiyimizi görüncə gözlərinin içi
gülən İlkini heç bir zaman unutmayacağam. Azərbaycandan
ayrılacağımız son gün Şamil əmiyə,
Gülnaz xanıma, Leylaya, İlkinə bir hüzn
çökür. Sabahın erkən
saatında gül dəstələri
hazırlanmışdır. Türk
dünyasının hər yerində olduğu kimi, vedrədə
arxamızca atılacaq bolluca su vardır. Öz
ailələrimiz kimi alışdığımız bu
gözəl insanlardan ayrılarkən göz
yaşlarımızı saxlaya bilmədik. Onlara göstərməmək üçün o saat
arabamıza (maşına) mindik. Ağlımıza bir
Güney Azərbaycan türküsü gəldi:
Ayrılıq,
ayrılıq, aman ayrılıq,
Hər bir dərddən
olur yaman ayrılıq!..
Kamal Çapraz
Ədəbiyyat qəzeti.-
2013.- 18 yanvar.- S.3.