Fərhad Mirzənin
“Səfərnamə” əsəri
Böyük
ədib, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200
illik yubileyi münasibətilə AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunda bir sıra tədbirlər həyata
keçirilmişdir. Məlum olduğu kimi, Mirzə Fətəli Axundzadənin sənədlərindən,
əsərlərinin əlyazmalarından, məktublarından,
kitablarından ibarət zəngin şəxsi arxivi Əlyazmalar
İnstitutunda saxlanılır. Ötən yubiley ilində bu
eksponatlar içində ən maraqlılarının
fotolarından ibarət sərgi təşkil edilmişdir.
Yubileyin keçirildiyi dövrdə Əlyazmalar İnstitutunda
üzə çıxarılmış, tədqiq edilərək
oxuculara çatdırılmış bəzi materiallar,
fikrimizcə, axundzadəşünaslığa töhfə
ola bilər.
M.F.Axundzadənin Təbriz
naibül-vəzarəsi Mirzə Yusif xanın “Yek kəlmə”
əsəri barədə yazısında onun
dünyagörüşü, Şərqin geriliyinin səbəblərinə
dair fikirləri əksini tapmışdır. Mirzə Fətəlinin əsərindən
xəbərimiz olsa da, Mirzə Yusif
xanın “Yek kəlmə” əsərindən xəbərimiz
yox idi. İnstitutun elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Sevər Cabbarlı əsərin əlyazma nüsxələri
əsasında “Yek kəlmə”ni fars dilindən tərcümə
edərək geniş ön söz (müəllifi filologiya
üzrə fəlsəfə doktoru Raqub Kərimovdur) və
faksimile ilə çap etdirmişdir. Əsəri oxuduqca Mirzə
Yusif xanın dünyagörüşü etibarı ilə Axundzadəyə
yaxın bir adam olduğunu görürük.
İran
şahzadəsi, Fətəli
şah Qacarın nəvəsi, Abbas Mirzənin oğlu, bir
çox dəyərli əsərlərin müəllifi Fərhad Mirzə 1875-1876-cı
illərdə Məkkə ziyarətinə gedərkən və
oradan qayıdarkən yolüstü bir müddət Şimali
Azərbaycanın şəhər və kəndlərini də
gəzmiş, Nizami Gəncəvinin məqbərəsini
görmüş, M.F.Axundzadə
və H.Zərdabi ilə görüşmüşdür.
Sonralar yazdığı “Səfərnamə” əsərində
onun Mirzə Fətəli,
Həsən bəy ilə söhbətləri də əksini
tapmışdır. Həmin əsərin Almaniyada yaşayan həmvətənimiz
Məhəmmədəli Hüseyninin yardımı ilə əldə
etdiyimiz İran çapının mətnini institutun əməkdaşı,
tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə
fars dilindən tərcümə edərək ön sözlə
(müəllifi tarix üzrə elmlər doktoru Kərim
Şükürovdur) nəşr etdirmişdir. Qeyd etmək istərdik
ki, əsər böyük ədibimizin
həyat və yaradıcılığının daha ətraflı
öyrənilməsi baxımından əvəzsiz mənbədir.
Kitabda Mirzə Fətəlinin
Tiflisdəki çar canişinliyindəki, yüksək cəmiyyətdəki
mövqeyinə, əlaqələrinə, ona qarşı
münasibətə dair maraqlı məlumatlar diqqəti cəlb
edir. Məsələn, kitabda Bakı qubernatoru, general-mayor
Staroselski Tiflisdə Fərhad
Mirzə ilə söhbətində Axundzadə barədə
belə deyir: “Axundov sizin gəlişinizi dünən mənə
xəbər vermişdir. O, xeyli səmimiyyət və
mehribanlıq etdi. İnsafən gözəl əxlaqlı
insandır”. Bu həmin Staroselskidir ki, H.Zərdabiyə
böyük hörmət bəsləmiş, ilk milli qəzetimiz
“Əkinçi”nin çapına əvəzsiz yardımlar
etmişdir. Əsərdə Fərhad Mirzə də
Staroselski barədə gözəl sözlər
yazmışdır. Mirzə Fətəli Fərhad Mirzə Tiflisdə
olarkən onun yüksək vəzifəli şəxslərlə
görüşlərində tərcüməçi kimi
iştirak etmişdir. Kitabdan görünür ki, geniş
bilik dairəsinə malik Axundzadə ilə həmsöhbət
olmaq, xüsusilə də onun yeni əlifba layihəsi ilə
tanışlıq Qacar şahzadəsinin böyük
marağına səbəb olmuşdur. Mirzə Fətəli onu da ərəb əlifbasının
çətinliklərinə, bunun aradan götürülməsi
zərurətinə inandıra bilmişdir. Lakin Fərhad Mirzə bu fikirdə
olmuşdur ki, geniş xalq kütləsi yeni əlifbanı qəbul
etməyəcəkdir: “Rusların “Axundov” deyə müraciət
etdikləri polkovnik bütün Qafqazın canişininin
mütərcimi Mirzə Fətəli
Axundzadə özünün ixtira etdiyi əlifbanı gətirmişdi.
Bu üç qisim layihədən, ixtiradan ikisini bəyəndim.
Layihənin
birində hərflər ayrı-ayrı, həm də
soldan-sağa yazılır. Şəkillərinə görə
latın əlifbasının hərfləridir. Dedim: “Avropa
yazısına oxşadığı üçün, Xaqani
demişkən, “fələk kəcrəftar əst əz xətti-tərsa”.
İslam əhli bunu qəbul etməyəcək. Lakin o biri iki
növ əlifba mümkün olsa, yaxşıdır. Necə
ki, İbn Müqlə kufi yazısını nəsxlə əvəz
etdi və işi asanlaşdırdı”.
Axundzadə
bu əlifbaları ixtira etməklə çox zəhmət
çəkmişdir. Ərəb və fars dillərində bəzi
hərflər səslənir, lakin hərf kimi şəkli
yoxdur. Ona görə də əgər bir sözün
yazılışında nöqtələr qoyulmasa, onda fikir
ayrılıqları, ixtilaf yaranacaq. Məsələn, əgər
bir şəxs “müxbir” sözünü oxuya bilməsə,
o sözü müxtəlif cürə oxuyacaq, yəni
müxbir yox, mocir, möbir, məxiz, müxəyyər,
mühəyyer kimi oxuyacaq.
Hərflərin
ayrı-ayrı yazıldığı layihə isə
oxumağı xeyli asanlaşdırardı və uşaqlar
üçün və oxumağa yeni başlayanlar
üçün dərs xeyli asan olardı. Lakin indi iki yüz
milyon islam milləti bu əlifbaya öyrəşib, onu dəyişdirmək
çətindir. ... Bu da mümkündür ki, bəzi avam
insanlar, adi xalq kütləsi əlifbanın dəyişdirilməsini
dində bidət, küfr hesab edələr. İbn Müqlə
də kufi xəttini dəyişdirdi”.
Fərhad
Mirzə Axundzadəni yüksək savada, geniş bilik dairəsinə
malik bir şəxsiyyət kimi dəyərləndirir, onun
atasının da, anasının da əslən Cənubi Azərbaycandan
olduğunu qeyd edir: “Xülasə, müşarileyh fazil bir insandır,
rus dilini yaxşı bilir və yaxşı tərcümə
edir. Ərəb, fars və türk dillərini də bilir,
şeir yazmaq təbi də vardır. Şiəməzhəb
olsa da, on ikinci imamın zühuruna inanmır. O, şeyx Mahmud
Şəbüstərinin “Gülşəni-raz”da
yazdığı bir beyti tez-tez oxuyur:
Hər
an kəsra ke, məzhəb qeyri-gəbr əst,
Təbi
fərmud kou manəndi-gəbr əst.
(Cəbrdən
başqa yolu seçənlər üçün
Peyğəmbər
buyurdu ki, onlar atəşpərəst
kimidirlər).
Mirzə
Fətəli Axundzadənin
atası Mirzə Məhəmmədtağı Xamnənin Ərvənq
adlanan kəndindən idi. Ərvənq Təbrizin 18 qəzasından
biridir. Anası Şəki əhlindən idi. Onun əsli isə
vaxtilə Şəkiyə köçmüş
Marağanın Müqəddəm tayfasındandır. Mirzə
Fətəli bir neçə il
Qaradağda yaşamış, sonra Rusiyanın və
İranın iğtişaş dövründə, 28
yaşında olarkən Qarabağa və Şəkiyə gəlmiş,
burada, dayılarının yanında qalmışdır. Onun
İrana qayıtmaq meyli olmamışdır. Rusiya dövləti
tərəfindən bir sıra işlə təmin olunaraq vəzifə
almış sahibmənsəb bir şəxs kimi
tanınır”.
Əsəri
oxuduqca Mirzə Fətəlinin
Fərhad Mirzə ilə ən
yüksək vəzifəli şəxslər arasında tərcüməçilik
etdiyini, Tiflisdə böyük nüfuza malik olduğunu
görürük. Kitabın başqa bir yerində oxuyuruq:
“Müşarileyhin mütərcimi Ağa Mirzə Fətəli idi. Onun geyimi və
silahı başqa cürdür və eşik
ağasıların geyimi kimidir. Mirzə Fətəli İran dövlətindən
də orden almışdır”.
Fərhad
Mirzə Axundzadənin kürəkəni, Qacar şahzadəsi
Bəhmən Mirzənin oğlu Xanbaba xanı, onun oğlu Mənsur
Mirzəni də gördüyünü qeyd edir: “Bəhmən
Mirzənin oğlu Xanbaba xan gəldi. O, öz oğlu Mənsur
Mirzəni də gətirmişdi. Mənsur Mirzə Axundovun
qız nəvəsidir. Yeddi yaşı vardı. Yaxşı,
diribaş oğlandır. Onda Axundovun zəkasının təsiri
görünür”.
Fərhad
Mirzənin Məkkə ziyarətinə gedərkən və
ordan qayıdarkən yüksək vəzifəli şəxslər
tərəfindən çox böyük ehtiram, təntənə
ilə qarşılanması diqqəti cəlb edir. O, Tiflisdə
Rusiya imperatorunun qardaşı Mixaillə, Osmanlı dövlətində
olarkən Sultan Əbdüləzizlə, Misirdə hökmdar
İsmayıl Paşa və vəliəhdlə, Hicazda vali
Şərif Abdulla ilə görüşmüşdür.
Tiflisdə Mirzə Fətəli
ona deyibmiş ki, “bu müddətə hələ heç bir
şahzadə və ya hər hansı bir əyan canişin tərəfindən
belə yüksək səviyyədə qəbul edilməmiş
və qonağa bir saat vaxt sərf edərək onunla söhbət
etmək, onu hər bir yerlə tanış etmək
olmamışdır. Bütün bunlar sizə xüsusi
hörmət və meyl xatirinə baş verdi”.
Azərbaycanda
əhali Fərhad
Mirzəyə ehtiramını nümayiş etdirmiş, onun gəlişi
münasibətilə şənliklər, atəşfəşanlıq
təşkil edilmişdir. Fərhad
Mirzə əsərində Bakının neft quyularını
da təsvir edir, qara qızılın qiymətini Qacar
hökumətinin bilmədiyini vurğulayır, Atəşgədəni
ziyarət etdiyini, teatra getdiyini qeyd edir. Nizami Gəncəvinin
yaradıcılığına bələd olan Qacar şahzadəsi
dahi şairin dağınıq məqbərəsini görərkən
çox mütəəssir olduğunu bildirir: “...Yeddi versdən
sonra yolun sağ tərəfində kiçik bir günbəz
göründü, dağılmışdı. Bu, Şeyx
Nizaminin qəbridir və Gəncə şəhərindən
yeddi vers aralıdır. Yerə düşüb onun qəbrinin
üstünə getdim. Yaxınlıqda gözətçi məntəqəsi
yerləşir. Keşikçilər öz atları
üçün buraya o qədər ot tökmüşdülər
ki, günbəzin yanına getmək mümkün olmadı. Bu
yerdə Şeyxin “İsgəndərnamə”də
yazdığını xatırladım... Fatihə verib geri
qayıtdım”. Müəllif əsərində Gəncənin
adının dəyişdirilib Yelizavetpol qoyulmasını da təəssüflə
yazmışdır.
Səfəri
zamanı Fərhad
Mirzə Həsən bəy Zərdabi ilə də
görüşmüş, onun nəşr etdiyi “Əkinçi”
qəzeti ilə maraqlanmışdır: “Səhər “Əkinçi”
qəzetinin naşiri Həsən bəy Zərdabi gəlmişdi...
Mən dedim ki, qəzet sadə xalq təbəqəsi
üçündür, əgər onun bir tərəfi fars
dilində olsa idi, İranda da xeyli oxucusu tapılardı. O
burada farsdilli əhalinin az olduğunu söylədi. Mən ona
dedim: “ Zərdabi ifadəsi heç məlum deyil və Zərdabın
harada yerləşdiyi məlum olmur, Şirvani təxəllüsü
yazsa idin, bu məlum, məşhur şəhərdir. Şah
da bilir ki, Şirvanda sünni əhali yaşayır. Həsən
bəy bildirdi ki, bu vaxtadək belə tanınmışam və
Şirvani olmaq xanzadələrin haqqıdır. Əgər dəyişdirməli
olsaq, gərək dövlətdən izn alaq və çətin
ki, izn verələr!”
Tahirə
Həsənzadə Fərhad
Mirzənin “Səfərnamə” əsərinin Qafqazla
bağlı hissəsini tərcümə etmişdir.
Şübhə yoxdur ki, tədqiqatçılar Azərbaycanın
XIX əsrdə ictimai-mədəni həyatını, M.F.Axundzadənin həyat və
yaradıcılığını tədqiq edərkən bu
hissədən dəyərli məlumat mənbəyi kimi bəhrələnəcəklər.
Fikrimizcə,
gələcəkdə “Səfərnamə” əsərini
bütövlükdə tərcümə etmək lazımdır.
Yüzillərdir ki, azərbaycanlılar, o cümlədən
görkəmli dövlət, elm, mədəniyyət xadimlərimiz
Həcc ziyarətinə gedirlər. Onlardan çox
azının bu səfər barədə qeydləri
qalmışdır. Məsələn, Xaqaninin şeirlərində
onun Məkkə ziyarəti marşrutu, səfər zamanı görüşləri
müəyyən qədər əksini tapmışdır.
İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə həyat
yoldaşı Bikə xanımla Həcc ziyarətinə getməsini
öz “Səfərnamə”sində təsvir etmişdir. Bu
mövzuda əsərlər çox azdır, mövcud əsərlərin
isə hələ hamısı üzə
çıxarılmamışdır. Fərhad Mirzənin haqqında
danışdığımız kitabının tam həcmdə
çap edilməsi bu boşluğu müəyyən qədər
doldura bilər.
Paşa Əlioğlu,
filologiya üzrə elmlər
doktoru
Ədəbiyyat qəzeti.- 2013.- 18
yanvar.- S.5.