Milli azlıqların folkloru

  

Folklor ucu-bucağı görünməyən bir ümmandır. Xalqın istək və arzuları, qəhrəmanlıq mübarizəsi, adət və ənənələri onun yaratdığı əfsanələrdə, nağıllarda, laylalarda, dastanlarda, mərasim nəğmələrində, tapmacalarda, bayatılarda yaşayır və bu şifahi ədəbiyyat nümunələri ağızdan-ağıza keçərək əsrlərdir ki, dəyişir, zənginləşir və əbədi-yaşarılığını özündə saxlayır.

Azərbaycan folklorunun ən gözəl nümunələrini toplayıb xalqın malı etmək, qoruyub-saxlamaq demokratik fikirli, maarifpərvər ziyalılarımızın həmişə diqqət mərkəzində olmuşdur. Hələ keçən əsrlərdən ziyalılarımız bunu özlərinin vicdan və şərəf işi hesab etmişlər.

Azərbaycan torpağının elə bir guşəsi yoxdur ki, orada xalq öz istək və arzularını ifadə etmək üçün folklorun müxtəlif janrlarına müraciət etməsin.

Etnik tərkibinə görə zəngin olan şimal bölgəsinin də folkloru Azərbaycan folklorunun ayrılmaz bir hissəsidir. Çünki əsrlərdən bəri burada yaşayıb, azərbaycanlılarla qaynayıb-qarışmış, Azərbaycan məktəblərində təhsil almış, qohumluq əlaqələri qurmuş, Azərbaycan dilini öz dili, torpağını doğma torpağı bilən bu xalqların folkloru da Azərbaycan folklorundan qaynaqlanmış, onun zəngin ənənələri əsasında yaratmışdır.

Pedaqogika üzrə fəldoktoru Əli Süleymanov "Babaların hikmət xəzinəsi" adlı kitabını araya-ərsəyə gətirməklə, öz torpağının hər qarışını, hər cığırını, insanlarını, toyunu, yasını, adət-ənənələrini nə qədər sevdiyini sübut etdi, kiçik bölgədə yaşayan, müxtəlif dillərdə danışan, azsaylı xalqların folklorunu toplayıb nəşr etdirmişdir.

Zaqatala-Şəki bölgəsində azərbaycanlılarla yanaşı avarlar, ləzgilər, zaxurlar, yengiloylar, laklar, çərkəzlər, osetinlər və s. xalqların nümayəndələri yaşayır. Onlar öz dillərini, adət-ənənələrini, qəhrəmanlıq keçmişlərini yaşatmaq, gələcək nəsillərə ötürmək üçün folklorun bütün janrlarından istifadə edərək maraqlı nümunələr yaratmışlar.

Folklor nümunələrinin toplanması zamanı maraqlı faktlar ortaya çıxır. Elə nümunələr var ki, bu xalqların hamısının birgə malına çevrilib, bir nümunə azca dəyişikliklə bir neçə dildə səslənir. Əslində bu da təbiidir. Çünki, bölgənin aşıqları, ozanları şəhərbəşəhər, kəndbəkənd gəzir, klassik və xalq şeiri formalarından, dastanlarından, əfsanələrdən, ibrətamiz hekayələrdən, bir-birlərinin dillərindəki söz və ifadələrdən istifadə edir, bunun da nəticəsində qarışıq dilli qoşma və bayatılar yaranır və bunun ilkinliyini, hansı xalqın malı olduğunu təyin etmək çətinlik törədir.

Azərbaycan dilində yazıb-yaradan aşıqlardan Talalı Kamal Dibrov, varxiyanlı Aşıq Məhəmməd, suvagilli Aşıq Nəzir, Mosullu Lahu dayı, iti talalı Aşıq Herov, zəyəmli Aşıq Camal, kəpənəkçili Qurban, Muxaxlı Ramazan və b. Qoşma, təcnis, müxəmməs, dodaqdəyməz kimi aşıq şeiri janrlarında öz el-obalarını, dağlarını, düzlərini, çöllərini, qəhrəmanlarını, gözəllərini tərənnüm edirlər.

Muxaxlı Aşıq Ramazanın "Zaqatalanın xəritəsi" adlı qoşması bu cəhətdən çox maraqlıdır. Burada bütün avar, muğal, yengiloy, zaxur kəndlərinin adı çəkilir:

 

Kebeloba, Masex, Makov, Höytala,

Dardoğaz , Sumaylı və Uzuntala,

Göyəm, Bertbinə bu - Qabizdərə

Çalış yorulmasın diz, özün danış.

 

Gedəndə Paşandan olmamış olma,

Danaçı kətəsi dadmamış olma.

Aşağı Çardaqlarda qalmamış olma,

Səni buraxmazlar tez, özün danış.

 

Şeir 14 bənddən ibarətdir. Digər bəndlərdə adı çəkilən kəndlər - Muğanlı, Kəpənəkçi, Faldar - muğal, Mosul, Əliabad - yengilay, Qas, Qarqay, Suvagel- zaxur kəndləridir. Şeirdə hər kəndin özünəməxsusluğunu göstərən bir ştrix verilir.

Avar dilində verilən "kuçidul"lar (mahnılar) kirill və latın qrafikası ilə qarışıq bir əlifbada yazılmışdır.

 

Yasay-yasay yadu quy,

Maris kalar buxnu quy.

Dun ixasa, quru yo,

Dida umud qubuquy.

 

Ay qız, ay qız ağlama,

Sarı kəmər bağlama.

Mən buralı deyiləm,

Mənə ümid bağlama.

 

Bu kuçidullar və toylarda oxunan (betinlər) bütün yığıncıqlarda, el şənliklərində, bayramlarda tamburun müşayiəti ilə "koroxanlar" aşıqlar tərəfindən oxunardı.

Bu aşıqların yaradıcılığında Aşıq Ələsgərin, Aşıq Alının, Molla Cümanın, Qarabağ, Gəncə, Qazax, Dağıstan aşıqlarının təsiri hiss olunur.

Avar mahnılarında "ikisini birdən yıxan beşinə sözlə qalib gələn, atı çapıb, qoçu qapan, təkələri dağdan yerə vuran, öküzü sinəsi ilə yıxan, dabanı ilə aslanı əzən Yusif "gözəllikli" qəhrəman igidlərə tez-tez rast gəlinir.

Avar oxşamalarında ana balasına deyir:

 

Səni görüm atanın davamçısı olasan,

Çılpaq qayalarda ağac bitirəsən,

Alnı ağ nişanlı ayını öldürəsən.

Qılınc dişli qaban öldürəsən.

Canavarın ağzından quzu qoparasan.

Vaşağı gözündən vurasan

Qızılquş balam, qalalar alasan,

Quru gözlüm gülləni qaytarasan

Göy dəryanın ortasında yanar

tonqal çatasan.

 

Ağılar, toy mahnıları da çox maraqlıdır:

 

Boy-buxunlu qamətli,

İncə bədənli

Çinartək gözəl

Bizim tər çiçəyimiz.

Hörükləri qızıl

Çiyinləri hamar

Əlləri qızıl gəlinimiz.

 

Və ya:

 

Gəlin gəlir

Hörüyü qızıl hörməli,

Sinəsi qızıl sinəbəndli.

 

Maqiabu - ağılar da şeirlə deyilir: Yuxusunda ağ at, atın üstündə ağ yük, evin küncündə bulaq qaynayığını, evin bülbüllərlə dolduğunu, dama qarğaların qonduğunu görən adamın yuxusu belə yozulur: ağ at ölünün gedəcəyi mafə, ağ yük kəfənə bürünmüş ölü, bulaq - ölünün yuyulacağı su, bülbüllər ağı deyən qadınlar, qarğalar isə qodekana ("quloru-vu allah") oxumağa yığışan kişilərdr.

 

Avar alqışları:

Şad olasan, bəxtin olsun, böyüyəsən, uzanasan, varlanasan və s. Bir iş görən adamın yanından keçəndə "qüvvət olsun!" (Azərbaycanlılar - işin irəli) - deyirlər.

 

Atalar sözləri:

Dost yüz olsa azdır, düşmən bir olsa çoxdur; yaxşı at qamçı götürməz. Döyülməyən çəltikdən düyü olmaz və s.

Avar folklorunda ən çox yayılmış janrlardan biri də dastanlardır. "Çar yürüşü haqqında dastan", "Xoçber dastanı", "Tselexanların (dəstəbaşı) dastanı" və s. Bunların içərisində ən məşhur olanı "Çar yürüşü haqqında dastan"dır. 1830-cu ildə rus qoşunları Çar-Balakənə hücum edir. Düşmən Alazan çayı vadisində yerləşir. Hər şeydən xəbərsiz kənd camaatı sabahkı qurban bayramına hazırlıqları müzakirə edir, bayrama hazırlaşırdılar. Günorta namazı vaxtı çapar gəlir və məktub gətirir. Məktubda deyilir ki, car-balakənlilər öz xoşları ilə təslim olmalıdırlar. Onlar burada - Zakar-talada qala tikəcək, şəhər salacaqlar, Qarahacılı hinninə qədər olan əraziləri tutacaqlar. (Hinn - burada ev-istehkam mənasındadır). Təslim olmasalar, buraları döyüşlə tutacaqlar. Bunu eşidən igidlər qılınclarını itiləyirlər. Döyüş başlanır. Döyüşə birinci Çarlı Şaban (dəstəbaşı) öz xalası və əmisi oğlanları ilə atılır, ardınca da onun döyüşçüləri. Deyilənə görə, tarix hələ belə müharibə görməmişdi. Alazana yağış əvəzinə qan yağırdı, çayda su yerinə qan sel kimi axırdı, başlar bədəndən ayrılır, rus çəkmələri qanla dolurdu. Minlərlə şəhid verən çarlılar, balakənlilər düşməni geri oturda bilirlər. Çarda hər evdə ağlaşma idi. Ancaq at üstündə, qalibiyyətlə geri dönənləri görəndə anaların göz yaşları qurudu, ağlaşma səsi kənddən kəsildi, igidlər dağ yolları ilə yeni döyüşlərə getdilər.

Bir gün aulun varlı adamları Şeyx Şamili və onun silahdaşlarını qonaq çağırır. Çox zəngin süfrə açılır. Şamil bir tikə çörək kəsib dayanır. Silahdaşları da əllərini süfrədən çəkirlər, ev yiyəsinə təşəkkür edib gedirlər. Auldan bir az aralı, çayın kənarında köhnə dəyirmanı qoruyan kimsəsiz bir dəyirmançı vardı. Dəyirmançı onları görüb "yaxşı qovutum, bir də sərin suyum var, qalın qonağım olun" - deyir. Şamil də, silahdaşları da atdan düşüb dəyirmana gəlirlər. Kişi tez-tələsik qovutları hazırlayıb sinidə onların qabağına qoyur, qaçıb çaydan sərin su gətirir. Şamil də, dostları da qovutdan doyunca yeyib, sərin sudan içib, dəyirmançıya təşəkkür edib yola düzəlirlər. Yolda silahdaşları Şamildən soruşurlar ki, o, niyə birinci qonaqlıqda heç nə yemədi, Şamil cavab verir ki, birinci qonaqlıqda ev yiyəsi bizə olan hörmətini yox, öz zənginliyini göstərmək istəyirdi, orada yeyilən çörək haramdır. Dəyirmançı isə öz halal zəhməti ilə açdığı süfrəsi ilə bizə olan hörmətini göstərdi. Ona görə də onun halal çörəyindən doyunca yedim.

Bundan başqa, mərasimlərdə hərə başına gələn qeyri-adi əhvalatlar da danışardı. Məsələn, belə söyləyicilərdən birinin başına gələn əhvalatda onun dağ cığırında ayı ilə rastlaşması, əlinin hər yerdən üzüldüyünü görəndə babasının sözlərini xatırlaması, "roxnul, maham, nyuh ke!" ("Meşə mahamı, çəkil, yol ver!") deməsi ilə ayının ondan uzaqlaşması da əfsanə, nağıl kimi bir folklor nümunəsidir.

Avar atalar sözləri, məsəlləri, məişət və oyun mahnıları da çox maraqlıdır.

Kitabda zaxur dilindəki folklor nümunələri sırasında əsas yeri bayatılar, nəğmələr, aşıq şeirləri, nağıllar tutur. Bunların sırasında Azərbaycan dilində yaranmış bayatılar maraq doğurur:

 

Bənövşəyəm, itərəm,

Kol dibində bitərəm.

Yar axtarıb tapmasa

Boynu əyri bitərəm.

 

Mahnı mahnının başı,

Mahnı biləmyən naşı.

Qəlbdən gələn mahnıdır

Qərib yerin yoldaşı.

 

El aşıqlarının yazdığı bayatılardan birində Sosialist Əməyi Qəhrəmanı, suvakilli Mina Nəzirovaya xitabən deyilir:

 

Tərinlə aldın "Tacı",

At üstündə qıyğacı.

Sən hamıdan igidsən

Qəhrəman Mina bacı.

 

Başqa bir şeirdə insafsız satıcılar kinayə və tənqid hədəfinə çevrilir:

 

Yalan sözə uyarlar,

Bizi lağa qoyarlar.

Üzü bərk satıcılar

Camaatı soyarlar.

 

Laylalardan birində ana öz balasını belə ovundurur:

 

Ağlama, oğlum,

Atan tez gələcək.

Sənə qırmızı papaq gətirəcək,

Kişmiş, köynək gətirəcək.

 

Ağlama, qızım, ağlama,

Atan tezliklə gələcək.

Qardaşın yaylağa gedib

Sənə pendir gətirəcək,

Sənə toğlu gətirəcək,

Sənə quzu gətirəcək.

 

"Evin nurla dolsun! Ocağın sönməsin! Ayağı sayalı olsun! Uzun ömürlü olasan!" - kimi alqışlar bizcə, tək zaxur xalqının yox, həm də Azərbaycan xalqının sevə-sevə işlətdiyi alqışlardı.

Zaxur lətifələrindəki Asvar isə bizim Molla Nəsrəddinimizi xatırladır. Bir gün Asvardan soruşurlar: "Bu millət hara gedir?" Asvar cavab verir: "Mənim atam həmişəlik hara gedibsə, o da ora gedir".

Zaxur atalar sözlərindən aşağıda gətirəcəyimiz nümunələr isə çox yayılmamışdır:

 

Ayı ilə bir çuvala girmək olmaz.

Bir yerdə çox qalan daşı mamır basar.

Axmağa yaxşılıq, dəryaya su tökmək kimidir.

Qabağa getməyə pəncəsi yox, dala getməyə dabanı.

Düz adamın baxışı aydın olar və s.

 

Alqışlar və qarğışlar da digər xalqlarınkından fərqlidir:

 

Axır qiyamətə qədər xoşbəxt olasan.

Qayınata, qayınanadan yarıyasan.

Ocağın sönməsin.

Qardaşlarına uzun ömür versin Allah.

 

Və ya

 

Ay səni kor yapalaq aparsın.

Səni canavar yesin.

Torpağa dönəsən.

Xoşbəxtliyini qara bassın və s.

 

Zaxurlar çox maraqlı bir bayram - "Seyran bayramı" keçirirlər. Bu bayram biçindən, ot yığımından qabaq keçirilir. Səhər tezdən kəndin koxası car çəkib, camaatı bir yerə yığırdı. Oğlanlar, qızlar iki günlük azuqə ilə çal-çağırla tamburların, qara zurnaların, nağaraların müşayiəti ilə yola düşər, 32 dağ zirvəsi, yaylaq və düzəndən keçib ikinci günün axşamı kəndə dönərdilər. Bu, çox maraqlı bayram da, bir sıra adət-ənənələr kimi unudulmaqdadır. Ancaq maraqlı hekayətlər, rəvayətlər, baməzə söhbətlər inanclar, türkəçarələr xalq arasında hələ yaşamaqdadır.

Kitaba daxil edilən yengiloy folkloru da digər xalqların nümunələri kimi söyləyicilər vasitəsilə toplanıb. Burada yerli aşıqların - Aşıq Hüseynin, Aşıq Camalın, Aşıq İsmayılın, Aşıq İbrahimin, Aşıq Orucun, Aşıq Abdullanın və bir çoxlarının adları çəkilsə də, onların yaradıcılığı günümüzə qədər gəlib çatmamış, yazıya alınmamışdır. Onlardan yalnız yaddaşlarda tək-tük misralar qalmışdır. Əliabadlı Aşıq Hüseynin "Bülbül" qoşmasında bülbül bir simvoldur:

 

Sallana-salalan yüz min nazilən

Gəlirsən dolana, yaralı bülbül.

Kəkliktək şaqqıldar xoş avazilən

Görənlər dərindən saralı, bülbül.

 

Sonrakı bəndlərdən məlum olur ki, şair “bülbül” deyəndə sevgilisini nəzərdə tutur. Aşıq Hüseyn ustad aşıq idi. Sonralar o, sazını aşıq Herova vermiş, Aşıq Herov isə şagirdi Camala vermişdi. Aşıq Camal hazırda da yaşayıb-yaradır. Deyilənə görə onun çox maraqlı həyat tarixçəsi var. Camal kənd koxasına həcv yazdığı üçün onu Orta Asiyaya, oradan da Sibirə sürgün edirlər. Ancaq aşıq burada da köhnə şakərindən əl çəkmir və bu haqda maraqlı şeirlər yazır. Kitabda aşıq Xozeyməntin, Lahu Əliyevin də qoşmaları verilmişdir. Yengiloyların təbiətlə bağlı maraqlı inancları vardır:

 

Dekabrda göy guruldayarsa, deyərlər qış laxladı.

Yazbaşı durnalar gələndə uşaqlar başmaqlarını taykeş geysələr, durnaların sırası pozular.

Hava birdən-birə istiləşəndə, ya yağış yağar, ya da tufan olar və s.

Əfsanələr, rəvayətlər, ibrətli hekayətlər başqa xalqlarda olduğu kimi, yengiloy folklorunda da əsas yerlərdən birini tutur.

"Kura kali" (Qız daşı) əfsanəsin də deyilir ki, Qız daşı deyilən bir daş var. Bu daş iki hissədən ibarətdir. Deyilənə görə bunlar baş və bədəndir. Yağışlar aramsız yağanda deyərlər ki, Qız daşı çevrilib. Rəvayətə görə bu daş çevriləndə, daşa dönmüş qız ağlayır, ona görə də yağışlar kəsmir. İl quraq keçəndə daşı başıaşağı çevirərmişlər.

"Ayna tomar" - (Ayna meşəsi) nağılında isə Ayna adlı qızın qaçaq Süleyman tərəfindən meşəyə qaçırılmasından, qızın qoçaqlığından, başına gələn əhvalatlardan, sonda qaçaq Süleymanı elə onun öz tüfəngi ilə öldürməsindən bəhs olunur. Həmin meşəyə indi də Ayna meşəsi, "ayna tomar" deyirlər.

"Nahaq qan", "Məkkə şəhərinin alınması", "Əbülqubat və Şübşubut" kimi maraqlı nağıllarda xalqın qəhrəmanlığı, tədbirli olması, çıxılmaz vəziyyətlərdən çıxış yolu tapması təsvir olunur.

Olduqca maraqlı əhvalatlarla, rəvayətlərlə, deyimlərlə, nağıllarla, bayatılarla, oxşamalarla zəngin olan bu bölgənin folkloru doğrudan da diqqətə layiqdir və tədqiq olunub daha dərindən öyrənilməlidir, başlanğıc qoyulmuşdur, ancaq bu, son olmamalıdır, bölgə yeni folklorşünasların yolunu gözləyir.

 

 

Gülafət Davudova

 

Ədəbiyyat qəzeti.- 2013.- 18 yanvar.- S.5-6.