Gülrux Əlibəyli - 85

  

Hörmətli Gülrux xanım!

Sizi - tanınmış tənqidçi, ədəbiyyatşünas alim və publisisti yubileyiniz münasibətilə təbrik edirik.

Yarım əsrdən artıqdır ki, siz elmi, ədəbi fəaliyyətlə məşğulsunuz. Maraqlıdır ki, mətbuata çıxan ilk tənqidi məqaləniz "Azərbaycan nəşri bu gün" 1958-ci ildə Moskvada "Voprosı literaturı" jurnalında dərc edilmişdir. Mərkəzi mətbuatda işıq üzü görən "Yenilik uğrunda", "Qəhrəman problemi və ədəbiyyatların rəngarəngliyi", "İnsanların ürəklərinə yol" kimi nəzəri, problem xarakterli əsərləriniz həm respublikamızda, həm də onun hüdudlarından kənarda ədəbi ictimaiyyətin diqqətindən yayınmamışdı. Ədəbiyyatımızın inkişaf yollarını, ədəbi prosesi daim izləyərək yeni müsbət meyillərin üzə çıxarılmasına və təbliğinə çalışırsınız. Sənətkarlıq məsələlərinə həsr olunmuş maraqlı əsərləriniz yüksək bədii zövqə malik olduğunuzdan, bədii əsərləri düzgün metodoloji mövqedən və prinsipiallıqla təhlil etmək bacarığından xəbər verir. Siz bədii əsərin estetik mahiyyətinə xüsusi əhəmiyyət verir, onun ideya-tərbiyə dəyərini ön plana çəkirsiniz. Qələminizdən çıxan hər bir ədəbi-tənqidi əsər yüksək elmi-nəzəri səviyyəsi, aktuallığı, obyektivliyi ilə seçilən "Bədiiliyin hüdudları", "Düşüncələr", "Fikrin enerjisi", Moskvanın "Sovetski pisatel" nəşriyyatında çap olunmuş "Həmişə yolda" kitablarınız ədəbiyyatşünaslıq elmimizə qiymətli töhfədir.

Son illər bir-birinin ardınca "Düşünən dünyamız", "Çırpınan dünyamız", "Dəyişən dünyamız", "Dağılan dünyamız" adlı publisistik, həmçinin hekayələrinizdən ibarət "Rəqs və ölüm kitablarınız" oxucuların ixtiyarına verilmişdir. Bu kitablarda yalnız tənqidçi, filosofun şərhləri, düşüncələri əks olunmur. Ən əsası budur ki, vətəni, xalqı üçün narahat olan, böyük həmvətənlərini qiymətləndirməyi bacaran, üzə çıxarılmasına və təbliğinə çalışan yazıçı-vətəndaş kimi çıxış edirsiniz.

Siz Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetini və M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirmisiniz. Moskvada namizədlik dissertasiyası müdafiə etdikdən sonra Bakıya qayıtmış, 1957-ci ildə Nizami adına Ədəbiyyat və Dilçilik İnstitutunda işləməyə başlamısınız. 1962-1965-ci illərdə mədəniyyət nazirinin müavini vəzifəsində çalışmısınız. 1971-1984-cü illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun fəlsəfə kafedrasının baş müəllimi və professoru olmusunuz.

Əziz Gülrux xanım!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə cansağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

 

Ədəbiyyat qəzeti.- 2013.- 18 yanvar.- S.6.