Alimin yubileyi

 

Yanvarın 15-də AYB-nin Natəvan klubunda tanınmış ədəbiyyatşünas alim, professor Gülrux Əlibəylinin doğum günü qeyd olundu. Mərasimi Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov açaraq yubilyarın şərəfli ömür yolundan, bənzərsiz ədəbi və elmi fəaliyyətindən ətraflı söz açdı.

Xalq yazıçısı, AYB-nin sədri Anar mərasimdə çıxış edərək dedi: "Gülrux xanım unikal bir şəxsiyyətdir. Ədəbiyyat və mədəniyyət tariximizdə onun xüsusi yeri və çəkisi var. O, dərin savadaböyük erudisiyaya malik bir şəxsiyyətdir. Gülrux xanım həmişə biliyini ədəbi aləmdə qabaqcıl tendensiyaların müdafiəsinə həsr edib. O, yaxşını pisdən ayıran dəyərli bir fikir adamıdı. Həmişə fəxr etmişəm ki, Gülrux xanımla ailəvi dostuq. O, ədəbiyyatımızın cəfakeşlərindəndir…"

Ədəbiyyatşünas Səkinə Əliyeva, şair Firuzə Məmmədli, millət vəkili Elmira Axundova, professor Cəmil Həsənli, ədəbiyyatşünas alimlərdən Bəsti Əlibəyli, Vaqif Yusifli, respublikanın əməkdar müəllimi, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Oqtay Rza, şair-publisist Teyyub Qurban, musiqişünas alim Zümrüd Dadaşzadə, xalq yazıçısı Rüstəm İbrahimbəyov, Gülər Abdullabəyova və başqaları çıxış edərək vurğuladılar ki, Gülrux Əlibəyli çağdaş tənqidçi nəslinin müəllimlərindən biridir. O, 60-cılar deyilən ədəbi nəslin sənət uğurlarını sistemin təpkilərindən həmişə böyük vətəndaş münasibətilə müdafiə edib, ustad sənətkarımız Rəsul Rzanın ədəbi haqqına cəsarətlə ayna tutub.

Sonda çıxış edən G.Əlibəyli elmi-bədii yaradıcılığı haqqında yüksək fikir söyləyənlərə dərin təşəkkürünü bildirdi: "Hamınıza münnətdarlığımı bildirirəm, hamınızı sevir və sizlərdən güc alıram…"

Tədbirdə yubilyarın "Rəqs və ölüm" adlı hekayələr kitabı da təqdim olundu.

 

 

S.Aranlı 

 

Ədəbiyyat qəzeti.- 2013.- 18 yanvar.- S.6.