Bədii tərcümə:
Mülahizələr...
Oxuculara
təqdim edilən növbəti poetik tərcümə
çələnginə klassik və çağdaş rus
şairləri A.S.Puşkindən, M.Y.Lermontovdan,
İ.A.Bunindən, V.V.Nabokovdan və
A.A.Tarkovskidən dilimizə çevirdiyim,
heç vaxt solmayan, təravətini və ətrini itirməyən
şeir çiçəklərini hördüm. Bu şeirlərin tərcümələri
üzərində işləyərkən çoxdan,
lap gəncliyimdən gəldiyim qənaətlərimi,
illər boyu topladığım təcrübədən
doğan bəzi düşüncələrimi,
mülahizələrimi qələm dostlarımla,
oxucularımla, bədii yaradıcılıq prosesi ilə maraqlananlarla
bölüşmək zərurəti duydum.
Bədii
tərcümə sənətinin məsuliyyəti, çətinliyi,
özəl xüsusiyyətləri barədə çox deyilib. Tərcümədə
dil məsələsinin önəmi, əsərin
əslinin əsas mahiyyətinin, bədii özəlliyinin və
gözəlliyinin ifadəsində müstəsna rolu mütəxəssislərə
yaxşı məlumdur. Demək istəyirəm ki, tərcüməçi üçün
müraciət etdiyi nümunənin doğulduğu dili-orijinalın dilini bilmək vacibdir. Eyni zamanda bu
və ya digər əsərin çevriləcəyi,
yenidən doğulacağı dili
yaxşı bilmək ondan da
gərəklidir. Çünki poeziya və ya, fərqi yoxdur, nəsr nümunəsi tərcümə
olunduğu dildə də özünü
rahat hiss etməlidir. Konkret desəm, hər hansı, əlbəttə,
yaxşı şeir, tutaq
ki, çevrildiyi Azərbaycan
dilində şair-tərcüməçinin, sözsüz,
istedadlı müəllifin öz orijinal əsəri səviyyəsinə
yüksəlməlidir. Burada hər şey tərcüməçinin potensial imkanlarından, professional
hazırlığından asılıdır. Tərcüməçi
güclüdürsə, başqa dilə
çevrilən əsər də köklü-köməcli
alınacaq. Əksinə, qüvvətli bədii bir nümunə zəif, yaxud
ortabab tərcüməçinin ifadəsində
öz dəyərini itirəcəkdir.
Oxucu digər
dilə çevrilən əsəri mütaliə edərkən,
bir növ hiss etməməlidir ki,
önündəki tərcümədir. Tərcümə
ona azərbaycanca yazılmış təsiri
bağışlamalıdır. Şübhəsiz, burada bir mühüm
cəhət özünü mütləq
büruzə verəcəkdir ki, bu, bizim milli
təfəkkürümüzün nümunəsi, yəni Azərbaycan
şeiri deyil,
mövzumuzun kontekstində rus
düşuncə tərzinin adekvat fikir və duyğu
ovqatına bədii köçürmədir. Bir
sözlə, əsər hər hansı bir
dilə çevrilərkən öz anatomik-genetik ilkinliyini mümkün qədər saxlamaqla,
köçürüldüyü münbit mühitə və şəraitə
uyğunlaşmalı, adaptasiya
olunmalıdır.
Bədii tərcümə digər
dildə doğuluşunu nisbətən
ağrısız keçirdikdə, necə deyərlər,
yenidən yaradılma prosesindən keçməsini də xoş bir tale
töhfəsi kimi qəbul etdikdə,
yalnız belə olduqda yaşamaq
haqqına qovuşar. Düşüncələrim çoxillik
yaradıcılıq təcrübəmdə müxtəlif
dillərdən, o cümlədən klassik farsdilli poeziyadan elmi-filoloji tərcümə
əsasında, yaxud üçüncü
dilə ikinci dil vasitəsi
ilə çevirdiyim əsərlərə
də eyni dərəcədə aiddir. Yeri gəlmişkən, şair-tərcüməçinin
istedadı, öz doğma
dilinin lüğət fonduna,
xalq danışıq dilinin
incəliklərinə, ədəbi dil
normalarına dərindən bələdliyi və bir sənətkar kimi zəngin
fərdi söz ehtiyatına malik olması onun
yaradıcılıq uğurunu şərtləndirən
başlıca amildir.
Hər
hansı bir müəllif öz
orijinal yaradıcılığında mövzu seçib işləməkdə,
onu bədii ərsəyə yetirməkdə
kifayət qədər sərbəst və azaddır. Tərcümədə
isə belə deyil; mövzu
var, bədii həlli də var. Amma burada
şair-tərcüməçinin imkanları bir
qədər məhduddur. O, çevirdiyi mətnin
poetik-bədii strukturundan
çıxış edərək, müəllifin əsərinə
hopmuş ruhunun doğru-düzgün ifadəsinə
çalışmalıdır. Mülahizələrimdə
ricətə bənzər haşiyə çıxarkən
düşünürəm ki,
yazımın başlığı ilə içindəkilər
ilk baxışda, hərfi
yanaşdıqda, kimlərəsə məntiqsiz görünə, pərakəndəlik təsiri
bağışlaya bilər.
Mən
bu kiçik qeydlərimdə
yaradıcılığından tərcümələrimi təqdim
etdiyim, adlarını
çəkdiyim müəlliflərdən yalnız biri haqqında bir neçə
kəlmə deməklə kifayətlənəcəyəm. Bu, Azərbaycan
oxucusunun az
tanıdığı və adı bizim üçün maraqlı bir
məqamla bağlı olan V.V.Nabokovdur.
1899-cu ildə Sankt-Peterburqda varlı,
ziyalı-zadəgan ailəsində doğulan,
həyat və yaradıcılıq yolu
mühacirətdən-İngiltərədən, Almaniyadan, Amerikadan, fransadan keçib 1977-ci
ildə İsveçrədə bitən, XX
əsrin iyirminci illərindən şeirlərini
“V.Sirin” təxəllüsü ilə dərc
etdirən, G.İvanov, S.Yesenin,
A.Axmatova, M.Svetayeva, İ.Bunin, V.Xlebnikov, B.Pasternak, O.Mandelştam, A.Tvardovcki və b. məşhur
şairlərin müasiri
olan V.Nabokovun nəsri
rus klassik realizminin hüdudlarını genişləndirmiş,
metafizik baxışlarının bədii
mənzərəsini verən povest və
romanları, hekayələri, esseləri, tərcümələri
dünya ədəbiyyatı xəzinəsini
zənginləşdirmişdir.
V.Nabokov
mürəkkəb üsluba malik, eyni vaxtda
qələmində ciddiliyi və qeyri-ciddiliyi ehtiva edən bir yazıçı idi. Sözlə oynayan və sözü bir sehirkar kimi oynadan
böyük stilist “Maşenka”, ”Ada”,“İgidlik”, “Edama dəvət”,
“Lolita”,”Digər sahillər”, “Lujinin
müdafiəsi”, ”Bəxşiş” kimi
metaromanları, bir çox
başqa əsərləri, nəhayət,
poeziyası ilə xeyirxahlığa, ədalətə xidmət
göstərmiş, ədəbi-mədəni ünsiyyətin dərinləşməsinə öz layiqli töhfələrini
vermiş, ömrünün
sonunadək itirilmiş uşaqlıq cənnətinin
xiffətini çəkmişdir. Əsərlərini rus və ingilis dilində yazsa da, özünü
amerikan yazıçısı
adlandırsa da, ”hibrid” ədəbiyyat
yaradıcısı adlandırılsa da, V.Nabokovun milli mənsubiyyəti,
əlbəttə, müzakirə mövzusu
ola bilməz. Tale dənizinin
dalğaları bir sıra həmvətənləri
kimi, onu da “digər sahillərə” atmışdı,
ölümündən on il
sonra doğma sahillərə
qayıtdı; dünya şöhrətli
adı və sənəti ilə.
Bir
çox rus qələm
sahibləri kimi, V.Nabokov
da yaradıcılığa şeirlə
başlamışdı. Sonralar XX əsr ədəbiyyatının
klassikləri sırasında daha çox nasir kimi yer tutan
V.Nabokov ömrü boyu öz poetik
missiyasına da sadiq
qaldı, dünyasını dəyişənədək şeir də yazdı, poeziyadan
ayrılmadı. O qədər də böyük
olmayan şeirlər toplusu
məşhur nasirin imzasını rus poeziyası tarixinə də həmişəlik
möhürlədi.
Mən
indi V.Nabokovun nəsrindən
ətraflı danışmadığım kimi,
poeziyasından da geniş
söhbət açmayacağam. Qoy bu sözü,
qismən də olsa, azərbaycanca
şeirləri desin. Nabokovun poeziyası uzun müddət nəsrinin kölgəsində
qalmışdı. İllər keçdi,
yüksək sənət nümunələri olan
bu şeirlər öz
halal qıymətini aldı. Şair Nabokovun özünün də çox
sevdiyi şeirlərindən biri “Qaranquş”
adlanır. Qaranquşun özü kimi, “Qaranquş” şeiri də
balacadır, kiçik həcmlidir. V.Nabokovun “Qaranquş” şeiri, yaxud şeir qaranquşu Azərbaycana da
gəldi, qızılı payız günlərində gəldi...
Bu
yaxınlarda Gəncədə dahi şairimiz Nizami Gəncəvinin
870 illik yubileyində rus
şairi və nasiri V.Nabokov da “iştirak
edirdi”. İştirakçısı olduğum, sentyabrın 30-da keçirilən
mötəbər elmi-nəzəri yubiley
konfransından bir epizodu
məmnuniyyətlə xatırlatmağı özümə borc bilirəm. Konfransda
Qırğızıstanın eks prezidenti, doktorluq
dissertasiyasını Almaniyada almanca müdafiə etmiş
filosof Roza Otunbayeva çıxışında Nizami Gəncəvinin milli
mənsubiyyətinə münasibətini özünəməxsus,
obrazlı yanaşması ilə bildirdi. Roza xanım dedi ki, dünya
şöhrətli Çingiz Aytmatov öz doğma qırğız dilini
əla bilirdi, amma əsərlərini
rusca yazırdı. 1940-cı ildən
Avropanı tərk edib Amerikada
məskunlaşan Vladimir Nabokov
ingilis dilində düşünürdü,
fransızca eşidirdi, qəlbi rusca döyünürdü.
Nizami Gəncəvi farsca
fikirləşsə də, azərbaycanca-türkcə eşidirdi, ürəyi də azərbaycanca-türkcə
danışırdı...
Salonda qopan sürəkli alqışlar
R.Otunbayevanın orijinal əsaslandırmasını,
Nizami Gəncəvinin, şəksiz-şübhəsiz,
Azərbaycan-türk şairi, Çingiz Aytmatovun
qırğız, Vladimir Nabokovun
isə rus yazıçısı
olmasını bir daha
təsdiqlədi. Bu, rus
dilində çıxış edən xanım natiqin özünə də aid
idi.
Nizami Gəncəvinin
870 illik yubileyinə “qonaq”
gəlmiş V.Nabokovdan poetik
tərcümələrimi diqqətə çatdirmaqla
bu görkəmli rüs
şairi və nasirinin
ruhunu salamlayıram. Bayaq
qeyd etdim ki, “Qaranquş” müəllifin
ən çox sevdiyi
şeirlərindən biridir. Ömrü-günü “digər sahillərdə”
keçən Nabokov “Qaranquş”
şeirindəki
iki obrazdan biridir, daha dəqiq, birincisidir, elə müəllifin özüdür. Nabokovun şeir, söz qaranquşu sağlığında olduğu kimi, indi də istili-soyuqlu qitələrdən
keçə-keçə, ölkələrdən-ölkələrə
köçə-köçə qələm-dimdiyində insanlara dünyəvi bir
yaz-cənnət paylamaqdadır. Taleyi oxşar dühalar beləcədirlər.
Onlar yalnız mənsub olduqları millətə,
xalqa deyil, bütün dünyaya, bütün insanlığa məxsusdurlar. Bizim Nizami Gəncəvi kimi, qırğızın Çingiz
Aytmatovu kimi, rusun Vladimir Nabokovu kimi...
Məmməd ALİM
əməkdar incəsənət xadimi
Gəncə
Ədəbiyyat qəzeti.- 2013.- 18
yanvar.- S.8.