Balaca qara balıq

     

(Əvvəli ötən sayımızda)

 

Kərtənkələ yarığa girdi. Balaca balıq isə çarəsiz qalıb yola düşdü. Hey öz-özünə sual verirdi: "Doğrudanmı arx dənizə tökülür? Saqqa quşun gücü elə mənə çatsın?! Balıqudan quşun bizimlə nə düşmənçiliki var?"

Balaca balıq üzə-üzə gedir və fikirləşirdi. Yol boyu təzə şeylər görür, öyrənirdi. Şəlalənin başı üstə axmasından həzz alır, yenidən üzürdü. Kürəyində günəşin hərarətini hiss edir və möhkəmlənirdi.

O, sonra elə bir yerə çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından axıb gedirdi. Balaca balıq suyun çoxlamasından ləzzət alırdı. Xeyli gedəndən sonra o, çoxlu balığa rast gəldi. Anasından ayrılandan bəri balıq görməmişdi. Bir neçə rizə balıq onu dövrəyə aldı və soruşdu:

- Elə bil qəribsiniz?

- Bəli, qəribəm. Uzaq yerdən gəlirəm.

Rizə balıqlar dedilər:

- Hara getmək fikrindəsən?

- Arxın qurtardığı yeri tapmağa gedirəm.

Hansı arxın?

- Biz buna arx yox, çay deyirik.

Balaca balıq heç nə demədi. Rizə balıqlardan biri dilləndi:

- Xəbərin var ki, saqqa quşu yolu kəsib?

- Xəbərim var, bilirəm...

Başqa bir rizə balıq soruşdu:

- Onu da bilirsən ki, saqqa quşunun nə geniş kissəsi var?

- Onu da bilirəm.

- Bunları bilə-bilə yenə getmək fikrindəsən?

- Bəli, bütün bunları bilirəm və getməliyəm.

Balıqlar arasında səs yayıldı ki, uzaq yollardan gəlmiş balaca qara balıq çayın qurtaracağını tapmaq istəyir və saqqa quşundan da qorxmur.

Rizə balıqlardan bir neçəsi balaca qara balıqla getmək istədi, lakin böyüklərin qorxusundan səslərini çıxarmadılar. Hətta onların bir neçəsi balaca qara balığa yanaşıb qımıldandı.

- Saqqa quşu olmasaydı, biz də səninlə gedərdik...

Çayın qırağında bir kənd var idi. Kəndin qadınları və qızları çayın içində qab-qacaq və paltar yuyurdular. Balaca balıq onların səs-küyünə bir xeyli qulaq asdı və uşaqların islanmış bədənlərinə tamaşa etdi, sonra yola düzəldi. O qədər getdi ki, axşam oldu. Balaca bir daşın altına girib yatdı. Gecəyarı ayıldı və gördü ki, Ay suya düşüb, hər yeri işıqlandırır.

Balaca balıq ayı çox istəyirdi. Gecələr Ay suya düşəndə yuvadan çıxıb onunla bir neçə kələmə danışmaq həsrətindəydi. Amma hər dəfə anası ayılıb onu yuvasına dartar və yenidən yatırdardı. Bu dəfə balaca balıq Ayın qarşısına çıxdı:

- Salam, ey mənim göyçək ayım!

Ay da balaca qara balığı mehribanlıqla qarşıladı:

- Salam, mənim balaca qara balığım! Sən hara, bura hara?

- Dünyanı səyahətə çıxmışam.

- Dünya çox böyükdür, sən hər yeri gəzə bilməsən.

- Eybi yoxdur, bacardığım yerə qədər gedəcəyəm.

- Ürəyim çox istəyirdi ki, səhərə qədər yanında qalam, amma böyük bir qara bulud mənə tərəf gəlir. Qorxuram işığımın qabağını kəssin.

- Ey qəşəng Ay, sənin işığını çox sevirəm. Ürəyim istəyir ki, nurun həmişə yoluma işıq saçsın.

- Mənim balığım, düzünü axtarsan, mənim işığım yoxdur, işığı mənə Günəş verir, mən də onu yerə saçıram.

Bilirsənmi ki, adamlar yaxın gələcəkdə uçmaq, gəlib mənim üzərimə düşmək arzusundadırlar?

- Bu mümkün deyil!

- Düzdür, bu çox çətin işdir, ancaq insan öz istədiyinə...

Ay sözünü qurtara bilmədi. Qara bulud gəlib onun üzünü örtdü, yerə qaranlıq çökdü. Qara balıq yenə də tək-tənha qaldı. Bir neçə dəqiqə heyrət içərisində qaranlığa baxdı. Sonra daşın altına çəkilib yatdı... Subh tezdən ayılanda başının üstündə pıç-pıçla danışan bir neçə rizə balıq gördü. Onlar qara balığın yuxudan ayıldığını görüb dedilər:

- Sabahın xeyir!

Qara balıq onları tanıdı:

- Sabahınız xeyir olsun! - dedi. Nəhayət, ardımca gəlib mənim dediyim yola düşdünüz?

Rizə balıqlardan biri:

- Bəli, - dedi, - ancaq hələ də qorxu canımızdan çıxmayıb.

Bir başqa balıq:

- Saqqa quşunun fikri bizi rahat buraxmır,- deyə dilləndi.

Balaca qara balıq:

- Siz çox fikirləşirsiniz. Hər şeyi fikirləşmək, özü də bir dəfəyə fikirləşmək düz deyil. Yola düşən kimi qorxu bizi tərk edəcəkdir, - deyə cavab verdi.

Birlikdə yola düşmək istədilər. Gördülər ki, dövrələrindəki su yuxarı qalxdı, başları üzərinə örtük çəkildi. Hər yer qaranlıqlaşdı, qaçmağa imkan qalmadı. Balaca qara balıq o saat başa düşdü ki, saqqa quşunun kisəsinə düşübdür.

Balaca qara balıq dedi:

- Dostlar, biz saqqa quşunun kisəsinə düşmüşük, lakın xilas olmaq üçün yol var.

Rizə balıqlar ağlayıb ah-zar etməyə başladılar.

- Artıq bizim qaçmağa yolumuz yoxdur! Təqsir səndədir. Bizi yoldan çıxardın!

- İndi bizim hamımızı "qurt" eləyib udacaq, işimiz bitti.

Qorxunc bir qəhqəhə səsi eşidildi. Bu saqqa quşu idi, gülürdü və gülə-gülə deyirdi:

Rizə balıqlar necə də kirimə geçib! Ha! Ha! Ha! Ha! Sizin halınıza yanıram, heç ürəyimdən gəlmir, sizi "qurt" eləyib udum. Ha! Ha! Ha! Ha!

Rizə balıqlar yalvarmağa başladılar:

- Həzrəti-ağayi saqqa quşu, sənin tərifini çoxdan eşitmişik, lütf edib mübarək dimdiyinizi bir qədər aralasaydınız buradan xilas olub mübarək vucudunuza duaçı olardıq.

Saqqa quşu dedi:

- Mən hələ bu saat sizi "qurt" eləyib udmaq fikrində deyiləm. Kisəmdə ehtiyat balıqlar var, bir qarnımın altına baxın.

Kisənin aşağı hissəsində iylənmiş bir neçə rizə balıq var idi.

Rizə balıqlar bir səslə dedilər:

- Həzrət-ağayi saqqa quşu, bizim günahımız yoxdur, bu balaca qara balıq bizi yoldan çıxardıb...

Balaca balıq:

- Qorxaqlar! - dedi. - Siz elə xəyal edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhmətlik edib sizi buraxacaq?

Rizə balıqlar qorxuya düşüb dedilər:

- Heç, nə danışdığını da bilmirsən. İndi görərsən ki, həzrəti-ağayi saqqa quşu bizi necə bağışlayacaq və səni necə "qurt" eləyəcəkdir!

Saqqa quşu dilləndi:

- Doğrudur, sizi bağışlayıram, ancaq bir şərtlə!

- Şərtinizi buyurun, qurban!

- Azadlığınızı bu boşboğaz balığı öldürməklə əldə edə bilərsiniz.

Balaca qara balıq bir qədər kənara çəkilib rizə balıqlara:

- İnanmayın, - dedi, - bu hiyləgər bizi bir-birimizin canına salmaq istəyir, mənim başqa fikrim var!...

Rizə balıqlar azadlığa çıxmaq istəyi ilə balaca qara balığın dediklərinə qulaq asmadılar, qalxıb onun üstünə düşdülər. Balaca balıq yavaş-yavaş arxaya çəkilib:

- Qorxaqlar! - dedi, - hər halda girə düşmüsünüz, qaçmağa da yolunuz yoxdur. Mənə də ki, gücünüz çatmaz!

- Biz azadlığa çıxmaq istəyirik, onun üçün də səni öldürməliyik!

- Ağlınızı başınıza yığın! Məni öldürsəniz də qaçmaq üçün yol tapa bilməyəcəksiniz. Hiyləgər quşa inanmayın!

- Sən əsla bizim fikrimizi çəkmirsən, bu sözləri öz canını qurtarmaq ücün deyirsən!

- Elə isə qulaq asın, sizə nəcat yolu göstərim. Mən özümü ölülüyə vurub ölü balıqların içərisində gizlənəcəyəm. Görək saqqa quşu sizi azad edəcəkmi?!

Əgər sözümə qulaq asmasanız bu xəncərlə hamınızı qıraram, quşun da kisəsini parçalayıb çıxaram. Siz isə ...

Rizə balıqlardan biri onun sözün kəsib:

- Daha bəsdir! - dedi, - mən bu sözlərə inanmaq istəmirəm. - O, bu sözləri deyə-deyə ağlamağa başladı.

Balaca qara balıq onun ağladığını görüb dedi:

- Bu anasının naz-naz balasını niyə yanınıza salıb gətiribsiniz?

O, xəncərini çıxarıb balıqların üstünə cumdu. Rizə balıqlar çarəsiz qalıb balaca qara balığın təklifini qəbul etdilər. Yalandan bir-birləri ilə dalaşmağa başladılar. Balaca qara balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar:

- Həzrəti-ağayi Saqqa quşu, - dedilər, - çoxbilmiş qara balığı öldürdük.

Quş güldü:

- Çox yaxşı iş gördünüz, - dedi, - bunun əvəzində sizin hamınızı diri-diri udacağam, qarnımda istədiyiniz qədər gəzərsiniz.

Rizə balıqlar macal tapmamış bir andaca saqqa quşu onları uddu. Qara balıq isə cəld xəncərini çəkib möhkəm zərbə ilə quşun kisəsini yırtdı və deşikdən çıxıb qaçdı.

Saqqa quşu aldığı zərbənin ağrısından fəryad qopardı, başını suya salıb balaca qara balığı yenidən tutmaq istədi. Lakin gücü çatmadı...

Günorta idi. Artıq nə dağ görünürdü, nə dərə. Çay axıb geniş düzənlikdən keçirdi. Çayın sağ-solundan tökülən kiçik çaylar onun suyunu qat-qat artırdı. Balaca qara balıq suyun çoxluğundan ləzzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. O yan-bu yana baş vurdu, heç yana çıxa bilmədi. Az qala qərq olmuşdu. Ürəyi istədiyi qədər üzəndən sonra da əli bir yana çatmadı. Birdən gördü ki, ağzının qabaq hissəsindən mişarvari dişləri olan uzun bir heyvan ildırım sürətilə ona hücum edir. Balaca qara balıq hiss etdi ki, heyvan o saat onu parça-parça edəcəkdir. Çabalayıb tez suyun üzərinə qalxdı. Bir müddətdən sonra suyun altına endi. Yolun yarısında minlərlə balıq dəstəsinə rast gəldi. Onlardan birini saxlayıb soruşdu:

- Qardaş, qəribəm, uzaq-uzaq yerlərdən gəlirəm. Deyin görüm bura haradır?

O dönüb balaca qara balığa dedi: - Qardaş bizim dənizə xoş gəlibsən!

Balıqlardan biri dedi:

- Bütün çaylar və arxlar bura tökülür.

Başqa bir balıq isə:

- İndi get bir az gəz. Suyun üzünə çıxmaq istəsən balıqudandan ehtiyatlı ol. Bu günlər o heç kəsdən qorxmur. Hər gün dörd-beş balıq ovlamasa yaxamızdan əl çəkmir, - dedi.

Balaca balıq dəniz balıqlarının dəstəsindən aralanıb təklikdə üzməyə başladı. Az sonra dənizin üstünə çıxdı. İndi o, qızmar günəşin yandırıcı hərarətini öz kürəyində hiss edir, bundan ləzzət alırdı. Aramla üzür, öz-özünə deyirdi: "Bu saat ölüm çox asanlıqla mənim sorağıma gələ bilər. Yaşamağa qadir olduğum halda onu özümə yaxın buraxmamalıyam"

Balaca qara balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balıqudan gəldi, onu götürüb apardı. Balaca balıq balıqudanın uzun dimdikləri arasında çapalasa da, özünü xilas edə bilmədi. Balıqudan dimdiyi ilə onun belini elə bərk sıxırdı ki, az qala canı çıxacaqdı. Digər tərəfdən də balaca qara balıq sudan qıraqda nə qədər sağ qala bilərdi? Ölümün qabağını almaq üçün lap balıqudanın qarnına getməyə razı idi, axı oradakı nəmişlikdən istifadə edə bilərdi. Buna görə balıqudana dedi:

- Nə üçün məni sağ-sağ udmursan? Mən o, balıqlardanam ki, öləndən sonra bütün bədənim zəhərə dönür.

Balıqudan heç nə deməyib fikrə getdi:

"Ay hoqqabaz, - dedi. İstəyirsən məni dilləndirib aradan çıxasan?"

Sahil getdikcə yaxınlaşırdır. Balaca qara balıq "quruya çatsaq, daha iş bitdi" - deyə düşündü və nəhayət, balıqudana dedi:

- Bilirəm, məni balaların üçün aparırsan. Amma sahilə çatana qədər öləcəyəm, bədənim zəhər kisəsinə dönəcək, balalarına niyə rəhmin gəlmir?!

Balıqudan bir anlıq fikrə getdi: "Ehtiyat yaxşı şeydir. Hər ehtimala qarşı onu özüm yeyim, balalarım üçün isə başqa balıq tutum... Birdən bu bir kələk işlədə bilər... Yox, canım, heç bir kələk işlədə bilməz". Sonra gördü ki, qara balıq sustalıb candan düşür. Öz-özünə dedi:

"Deyəsən öldü, artıq onu özüm də yeyə bilmərəm". Zərif və yumuşaq balığı yeməkdən ehtiyat elədi. Ancaq yenə qara balığı səsləyib ölüb-ölmədiyini müəyyən etmək istədi. Düşündü ki, yarımcandırsa yesin, ölübsə... Dimdiklərini aralayan kimi qara balıq onun ağzından xilas oldu. Balıqudan aldandığını görüb, balaca qara balığı təqib etdi. Balaca qara balıq havada ildırım kimi şığıyıb aşağı düşür, ağzını açıb dənizin rütubətli havasını udurdu. Nəhayət, suya düşdü. Köksünə yeni nəfəs doldu. Balıqudan da ildırım sürəti ilə şığıyıb onun arxasınca suya baş vurdu, aman verməyib yenə də balığı uddu. Balaca qara balıq bir xeyli vaxt başına nə gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yer qaranlıq və rütubətlidir, çıxış yolu isə yoxdur. Elə ki, gözləri qaranlığa alışdı, ağlayıb anasını istəyən bir rizə balıq gördü. Yaxınlaşıb ona nəsihət verdi:

- Qalx ayağa, ay balaca! Başına çarə qılmaq haqqında fikirləş, ağlamaqdan, ananı çağırmaqdan bir şey çıxmaz.

Rizə balıq soruşdu:

- Sən kimsən? Məgər görmürsən get-gedə məhv oluram? Ana... Ay ana, hardasan, imdadıma çat! Daha mən səni görə bilmiyəcəyəm, ana!

Balaca qara balıq:

- Daha bəsdir, canım, - dedi, - sən bütün balıqları rüsvay elədin.

Rizə balıq ağlamağına ara verən kimi balaca qara balıq dedi:

- Mən balıqudanı öldürüb bütün balıqları azad etmək fikrindəyəm. Səni onun qarnından xilas edəndən sonra bunu həyata keçirmək istəyirəm.

- Sən özün ölümlə əlbəyaxasan. Balıqudanı necə öldürə bilərsən?

Balaca qara balıq xəncərini göstərib dedi:

- Bununla onun qarnını cıracağam. Hələlik mənə qulaq as, gör nə deyirəm. Mən balıqudanın qarnında o tərəf-bu tərəfə gedib onun əsəbləri ilə oynayacağam. Bu zaman o məni məsxərəyə qoyub başlayacaq qəhqəhə çəkib gülməyə, elə ki, dimdiklərini açıb gülməyə başladı, cəld özünü bayıra at.

- Bəs sən?

- Mənim fikrimi çəkmə. Bu bədcinsi öldürməmiş bayıra çıxası deyiləm.

Balaca qara balıq bu sözləri deyib balıqudanın qarnında o tərəf-bu tərəfə var-gəl etməyə başladı. Rizə balıq isə balıqudanın mədəsinin ağzında hazır dayandı. Balıqudan ağzını açıb qəhqəhə ilə gülməyə başlayanda onun ağzından bayıra atıldı və suya düşdü. Çox gözlədi, xilaskarından xəbər çıxmadı. Birdən gördü ki, balıqudan havada mayallaq vurub fəryad qoparır... Nəhayət, o müvazinətini itirib şappıltı ilə suya düşdü. Lakin balaca qara balıqdan yenə də xəbər çıxmadı və indiyə qədər də bir səs-soraq yoxdu.

Burada qoca balıq nağılını bitirdi. Üzünü on bir min doqquz yüz doxsan doqquz nəvə və nəticəsinə tutub dedi:

- Daha yatmaq vaxtıdır, balalarım, gedin yatın!

Nəvə-nəticələri ondan soruşdular:

- Nənəcan, axı sən balaca qara balığın başına sonra nələr gəldiyinı demədin?

Qoca balıq dedi:

- O da sabahkı gecəyə qalsın, balalarım. Artıq yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın!

On bir min doqquz yüz doxsan doqquz bala balıq bir ağızdan:

- Gecəniz xeyrə qalsın! - dedi və yatmağa getdi. Nənəni də yuxu apardı. Balaca qızıl balıq isə nə qədər çalışdısa yata bilmədi. Sübhədək dəniz barədə fikirləşdi...

 

 

Səməd Behrəngi

 

Ədəbiyyat qəzeti.- 2013.- 25 yanvar.- S.7-8.