Bir şair ömrünü yaşatmaq üçün

  

 “Tarixə düşməyibdi bizim tarixi hünər” - ağrısı bütün yaradıcılığı boyu şair Nəriman Həsənzadənin düşüncə, ağrısı olub. Bu səbəbdən də tarixi hünərimizin dilmancı kimi olub-keçənlərin unudulmazlığına sönməz vəfadarlıq hissi ilə yazıb-yaradıb. Heç vaxt unutmayıb ki, “Qulağın bir səsə, gözün bir üzə, ağızın bir dada ehtiyacı var”. Eyni zamanda tarixi qədirbilənlik köynəyindən keçirə bilməyənlərə tarix özü qənim olur səslənişinə etinalı olub.

Yaxın günlərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən “Nəriman Həsənzadə haqqında yazılanlar” adlı toplu da əslində tarixə, bütün yazılmışlara olan hörmət, etina düşüncəsindən qaynaqlanıb. Bu sıradan 1-ci kitab kimi araya-ərsəyə gələn yeni nəşr ulu öndər Heydər Əliyevin 3 dekabr 2001-ci ildə N.Həsənzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında imzaladığı fərmanla və böyük şairə 70 illiyi münasibətilə ünvanladığı məktubla açılır.

Növbəti səhifədə isə Azərbaycan Prezidenti İ.Əliyevin Nəriman müəllimə “Xalq şairi” fəxri adı verilməsi münasibətilə imzaladığı sərəncam verilib.

Sonra da gəlir ayrı-ayrı illərdə ustad şairin bənzərsiz yaradıcılığı haqqında yazılanlardan seçmələr. Sərvaz “Durur ayrıldığım kölgəli çinar” yazısında şairin 80 illik yubileyilə bağlı Yazıçılar Birliyində keçirilən tədbirdə deyilənləri qələmə alır. Həmin mərasimdə xalq yazıçısı Anar vaxtilə “Bir insan ömrünü girov qoymuşam, bir şair ömrünü yaşatmaq üçünyazan şair ömrünün səksən illik hesabına inamla gəlib” - deyir. Xalq şairi Fikrət QocaŞair belə olar, özü gözəl, sözü gözəl” - deyir. Sonrakı yazılarda şair yaşının ölçüsü olmur, həqiqəti dönə-dönə vurğulanır. Akademik Bəkir Nəbiyevin, xalq şairi Bəxtiyar Vahabzadənin, xalq yazıçısı Mirzə İbrahimovun, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun, xalq şairləri Məmməd Arazın, X.R.Ulutürkün akademik İsa Həbibbəylinin, professor Buludxan Xəlilovun, əməkdar mədəniyyət xadimi Barat Vüsalın, tanınmış jurnalistlər Flora Xəlilzadənin, Atababa İsmayıloğlunun, professor Qara Namazovun, xalq şairi Nəbi Xəzrinin və başqalarının ürək sözləri dərin qədirbilənliklə oxunur. Ustad yazıçımız Mir Cəlal şəhadət verir ki, Nərimanın şeirləri danışıq dilinə yaxın, səlis, sadə üslubu ilə seçilir.

Yeni nəşrdə varAvtoqraflar, xatirələr, məktublar” bölməsi, unudulmaz fotoşəkillər bölməsi, şairin kitablarına yazılmış ön söz bölməsi və s. Hər biri unudulmaz, hər biri bir tarix. Elə bil qədim Gəncə çinarlarının kövrək yarpaqları ürpəşir. Hər münasibət doğma, hər nəfəs əziz...

Yeni nəşrin tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Nazim Həsənzadə, redaktoru ədəbiyyatşünas Güldanə Əhmədovadır.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 25 yanvar.- S.8.