İslam Səfərli - 90

  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tanınmış şair, dramaturqpublisist İslam Səfərlinin 90 illik yubileyinin Naxçıvanda geniş şəkildə qeyd olunması ilə əlaqədar 18 yanvar 2013-cü il tarixdə imzaladığı sərəncamdan irəli gələn vəzifələrin müəyyənləşdirilməsi və müxtəlif səpkili yubiley tədbirlərinin keçirilməsi ilə bağlı Naxçıvan Dövlət Universitetində iclas keçirilib. İclası giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli sevimli yazarımızın həyat və yaradıcılığından danışıb. Qeyd olunub ki, İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Naxçıvandakı 1 saylı məktəbi bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib. Müharibə mövzulu şeir və poemalarında həmvətənlərimizin alman faşizminə qarşı mübarizədə göstərdiyi şücaəti təsirli poetik lövhələrlə vəsf edib.

İslam Səfərli dramaturq kimiböyük uğurlar qazanıb. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. əsərləri müxtəlif vaxtlarda ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb. İslam Səfərli oçerk, novella, librettokinossenari, məqalələr müəllifi kimi də tanınıb, görkəmli sənətkarların əsərlərindən uğurlu tərcümələr edib. Şairin "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı-gözü qara qız", " xalatlı həkimlər", "Gəncliyimi gəzirəm", "Aylı gecələr" və s. bu kimi neçə-neçə mahnısı dillər əzbəridir. Akademik İ.Həbibbəyli şairin Azərbaycanın böyük mütəfəkkiri Nəsirəddin Tusinin nəslindən olduğunu da xatırladıb.

Sonra şairin yubileyi ilə bağlı universitetdə keçirilməsi nəzərdə tutulan elmi konfransın təşkili, bu istiqamətdə müxtəlif elmi nəşrlərin, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. İslam Səfərli irsinin tədqiqi və təbliği məqsədilə dövri mətbuatda şairin həyat və yaradıcılığı ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların vacibliyi vurğulanıb.

Sonda mövzu ətrafında çıxışlar olub.

 

 

Səadət ƏLİYEVA

NDU-nun Media mərkəzinin əməkdaşı

 

Ədəbiyyat qəzeti.- 2013.- 25 yanvar.- S.8.