Yetmiş yaşın zarafatı

 

Açmaq olmur qocalığın aybını,

Diş geydirmə, başda daraq yerimir.

Əl ilişir, dil dolaşır: - Vay, bunun

Boş məzəmmət, yersiz qınaq yerimir.

 

Bahar yeli tumar çəkir işlərə,

Lalə qalxır yamaclara, döşlərə.

Könlüm uçur zirvələrə, qaşlara,

Diz qatlanır, getmir, ayaq yerimir.

 

Həvəs məni salır tora arabir:

Mən gedim restorana, bara bir.

Bəzənirəm, düzənirəm arabir,

Görürəm ki, bu təmtəraq yerimir.

 

Üz qalmayıb bir gözələ üz vurum,

Deyim-gülüm, məzələnim, göz vurum.

İstəyirəm cavanlarla "yüz" vurum,

Xirtdəyimdə qalır araq, yerimir.

 

Bekar qalır, yoldan sapır uşaqlar,

Qıdıqlanır, oyun tapır uşaqlar.

Mənimkidir qovur, çapır uşaqlar,

Mən minirəm, uzunqulaq yerimir

 

 

Şeytan çıxır

 

Gah dərədən boylanır,

Gah bərədən boylanır,

Gah bəridən boylanır,

Gah geridən boylanır.

Körpülərin, tağların,

Lap ən uca dağların

Üstünəşeytan çıxır

 

Hamıdan əvvəl bilir

Yel ha tərəfdən əsir.

Qulluğa cəld, müntəzir,

Xalis adamdır, gəzir

Sir-sifətqaş-gözburun

Toğlu kəsim mən bunun

Şəstinəşeytan çıxır

 

Yaxşı bax ətrafına:

Dostun olur kim sənin?

"Ay gözəl insan", - deyib,

Dost arayan kimsənin

Başmağına, çustuna,

Məstinəşeytan çıxır

 

Bir görürsən qızıb,

Getdiyi yoldan azıb,

Buynuz atır hey kələ.

Haydı! Çıxır ərsəyə,

Bərk dirənir kürsüyə,

Sanki dönür heykələ.

Oxşayır Şaumyanın

Büstünəşeytan çıxır

 

Dil acıdır, can şirin

Zatına lənət şərin!

Yolda maşın gözləyən

Əl eləyən şairin

Rastınaşeytan çıxır

 

 

Daşlar ayrıdırsa

 

Bu daşlar bir zaman divarda olub,

Üst-üstə, yan-yana, ard-arda olub.

Bünövrə işində, özül işində

Ölçü-biçi olub düzülüşündə.

Divarda hər daşın təpəri olub,

Bu daşın o daşdan xəbəri olub.

Daşın da həmsoyu, qan qardaşı var,

Daşın da silinməz daş yaddaşı var.

Qana bulanmışı, oxlanmışı var,

Köksü yanmışı var, dağlanmışı var.

 

Bu daşı o daşdan kim ayırdı bəs?

Daşlar ayrıdırsadünya düzəlməz

 

 

Divar hörürəm

 

Divar hörürəm,

Əlimin altında

var - hörürəm.

Kərpic-kərpic

Kitab göndəriblər

Qrafomanlar-gəvəzələr,

Üst-üstə ən azı bir "Kamaz".

Hörürəm

Yavaş-yavaş,

Asta-asta,

Az-az.

Üzünü mürdəşir

Yumuşlar demiş:

Kamaz-kamaz.

Kitab göndərin! "Şeir kitabı"

Qalın olsun! Qalın a!

Hörürəm

Üstündən suvaq çəkirəm.

Kitabı çıxmayan

Arıq-uruq şairlərə

Dağ çəkirəm"

"Alın a!

Yana-yana qalın a!"

Kərpic-kərpic kitablardan

Hörürəm gəlir,

keçir əlimə.

Hin tikirəm

Bu yaz

Yumurtadan təzə çıxan

Cik-cik cikkildəyən,

"Şeir oxuyan"

cücələrimə

 

 

Basıram düyməni

 

Basıram düyməni xoş söz eşidim,

Başlanır ayrı həyat ekranda.

 

O filan oğlu filanın balası

Soyunub lüt bu saat ekranda.

 

Mahnını dərk eləyənlər hanı bəs?

Bu açır gündə qanad ekranda.

 

Bütün ölkə, mən ölüm, aşpazmış,

Düzülür dolma, salat ekranda.

 

Millətin tən yarısı zurnaçıdır,

Gündə toy, gündə büsat ekranda.

 

Odur, alkaş qaqaşım molla imiş,

Çevirir hey salavat ekranda.

 

Başqa bir düyməni basdım, ay aman,

Partapart, dadi-bidad ekranda.

 

Dili pəltək xanımı anlamadım,

Dilimiz oldu boyat ekranda.

 

Yorğan altında biri xorna çəkir,

Xornası min kilovatt ekranda.

 

Ədəb-ərkandan uzaq bir neçə kəs

Göstərir hər cürə zad ekranda.

 

Yumdum axır gözümü, baxmalı zad

Görmədim, ay camaat, ekranda

 

***

Novruz mehindən xumar

Bir gül bir gülü öpdü.

Bir az yarımyuxulu,

Bir az mürgülü öpdü.

 

Bu gül utandığından

Qızardı yavaş-yavaş.

O gülün yanağında

Bərq vurdu bir damla yaş

 

 

Məhəbbət elmi

 

Eşqini göydən endirir,

Aşiqə buta göndərir.

Kərəmi külə döndərir, -

Tanrının zülmü belədir.

 

Sevdalı bülbül olasan,

Oxuyub yüngül olasan.

Gərək yanıb kül olasan, -

Məhəbbət elmi belədir.

  

 

Ağasəfa

 

Ədəbiyyat qəzeti.- 2013.- 25 yanvar.- S.6.