"Yanmamış siqara"dan
başlayan bir ömürlük sevda...
"Yanmamış siqara"dan başlayan bir ömürlük Nazim Hikmət sevdası... Bu
sevdanın ilk günlərində qəribə
bir təzad: Aqşin Babayev bütü tərk edib, bütsındırana qoşuldu.
Tofiq Fikrət barədə
yazacaqdı, dönüb Nazim
Hikmət haqqında yazmağa
başladı. Aqşin Babayevin
"Nazim və Azərbaycan"
kitabının ilk səhifələrini oxuyanda yadıma Haqqı Süha
Gezginin Nazim Hikmətlə
bağlı xatirəsi düşdü.
Tanış olduqları gün Haqqı Süha yoldaşlarına: - "Bu kim?" - deyə sormuş və "arkadaşların birindən:
- "Çox istedadlı, fəqət
şaşılacaq dərəcədə cahil.
Düşün ki, hələ
Tofiq Fikrəti
tanımır. Bir tək misrasını
oxumamış", - cavabını almışdı…
***
"Elə
sanıram ki, gələcək nəsillər Nazim Hikmətin
üzərində bu günkündən daha çox duracaqlar.
Onlar üçün Nazim Hikmət sabah yalnız bu
torpağın yetişdirdiyi bir böyük sənətkar
olaraq dəyər alacaqdır".
Şevkət
Sürəyya Aydəmirin bu qənaəti Nazim Hikmət barədə
ən dəyərli əsərə - Vala Nurəddinin "Bu
dünyadan Nazim keçdi" kitabına yazdığı
ön sözdəndir. Aydəmir bəy Vala Nurəddin Va Nu və
Nazim Hikmətlə birgə 1921-ci ildə Moskvaya gəlib
Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində
təhsil alan üç dostdan biriydi. Onun "Suyu arayan
adam" kitabında da Nazimin gənclik illəri, Moskva
dövrü ilə bağlı maraqlı mülahizələr
var. Yazır ki: "Biz üç arkadaşdıq. Birimiz
şairdi. O daha ilk addımda, yeni iqtisadi politikanı gətirən
Leninə deyil, kədər içində intihar edən….
dünənki gənc qəhrəmanlara haqq verirdi.
Çünki bu şair üçün inqilab partiya
proqramları… demək deyildi… Nazim Hikmət … inqilab cəbhəsinə
nə sinif qovğası yolundan, nə fikir cəbhəsi
yolundan gəlmişdi. Onun bu cəbhəyə gəlişi
bir az təsadüfün, bir az da coşqun duyğuların əsəriydi.
Mütarikədə üçüncü
arkadaşımız Va Nu ilə bərabər İstanbuldan
Anadoluya qaçınca orada sərbəst düşüncəli
bir neçə insanla tanış olmuşdu… fəqət
onların romantik təlqinləri şairin inqilab
torpaqlarına keçməsinə zəmin hazırladı.
Ondan sonra isə təsadüf seyrini tamamladı…
Yazdığı şeirlərə daima kommunist şeirlər
deyərdi. Mənim bildiyim dövrdə… məncə heç
bir zaman kommunist olmadı…"
Ən qədim
dostun və ən dürüst şahidin qənaəti belədir.
19-20 yaşlarına qədər Nazim Hikmət
üçün sinif qovğası yoxdur, partiya proqramları
yoxdur. 1921-ci ildə gəldiyi Moskvadan öncə Anadoluda
tanış olduğu sərbəst düşüncəli
insanların romantik təlqinləri onun Nazim Hikmətə
çevrilməsinə zəmin hazırlayıb. Aydəmirin
bildiyi dövrdə "o heç bir zaman kommunist
olmamışdı", hətta Türkiyə Kommunist
Partiyasının sıralarında da deyildi… Aqşin Babayevin
kitabında da belə bir Nazim qabarır və bu Nazim təkcə
Aqşin Babayevin Nazim Hikməti deyil, həm də Nəriman Həsənzadənin,
Sinan Səidin, Altay Məmmədovun, Qadir İsmayılın, Ələkbər
Salahzadənin, Azər Abdullanın, Tofiq Abdinin… Nazim Hikmətidir.
"Gələcək
nəsillər Nazimin üzərində bu günkündən
daha çox duracaqlar". Bu sətirlərin
yazıldığı dövrdən əlli il keçib. O
zamankı "gələcək nəslin" Nazim Hikmətlə
irtibatda olanları da artıq ixtiyar yaşlarındadır.
Nazim Hikmət isə barəsində yüzlərlə kitab
yazılmasına rəğmən, hələ də
bitib-tükənmir, sirr üstünə sirr olaraq qalır,
zaman keçdikcə bir az da əfsanələşir, ədəbiyyata
bütləri sındırmaq iddiası ilə gələn
Nazim Hikmətin özü də artıq yarım əsrdən
çoxdur ki, bir poeziya bütünə, ədəbiyyat mifinə
çevrilib və bunun da tək səbəbi, şübhəsiz,
Nazim Hikmətin kommunistliyi deyil, XX yüzilin ən
böyük şairlərindən biri olmasıdır.
Nazim Hikmətlə
yaradıcılıq təmasına türk düşüncəsinə
ehtiram bəsləyən əsilzadə bir ailənin
övladı və gənc bir araşdırmaçı olaraq
başlayan Aqşin Babayevin "Nazim və Azərbaycan" əsəri
Türkiyədə işıq üzü gördü. Bu dəfə
yaddaşının bünövrəsi Tevfik Fikrətin, Məhmət
Əmin Yurdaqulun, Rıza Tevfikin, Ziya Paşanın şeirlərilə
hörülmüş mütəfəkkir bir Azərbaycan
ziyalısı - görkəmli alim Aqşin Babayev Nazim barədə
üzünü özümüzə deyil, Türkiyəyə,
türk oxucusuna tutub danışdı. Özü də müəllimcəsinə,
ustadcasına danışdı. Çünki Aqşin Babayev məşğul
olduğu sahənin həqiqi professorudur. Haqqında kitab
yazdığı Nazim Hikmətin qürbət və möhnət
dolu günlərinin məhrəm adamıdır.
Ömrünün bir ayını Nazim Hikmətin Moskvadakı
ocağının başında keçirib. Nazimlə
duz-çörək kəsib, Nazimin Hikmətin kədər
dolu işığa qərq olmuş "Cenaze merasimim" şeirindəki:
"Bizim avludanmı kalkacak cenazem? Nasıl indireceksiniz beni
üçüncü kattan? Asansüre sığmaz tabut,
Merdivenlerse daracık…" deyə təsvir etdiyi asansörə
Nazimlə bir yerdə daxil olub, həmin nərdivanlarla Nazim
Hikmətin üçüncü qatdakı evinə qalxıb,
onunla birgə dükandan süd almağa, teatr
tamaşalarına gedib… Nazim Hikmət: "Türk dilinin
saflığı məsələsi və bu uğurda
savaşı mənimlə başlatmaq kəsinliklə
doğru deyil. Dərinə gedin, keçmişə baş
vurun. Türk dili xalq ədəbiyyatında safdır. Sonra da
Yunus İmrənin şeirlərini oxuyun, Məhməd Əmin
Yurdaqulu oxuyun. Türk dilinin saflığını
qoruyanların birincisi mən deyiləm.
Anlaşıldımı?" sözlərini də bir rus
aliminə Aqşin Babayevin yanında deyib. Bu mənada
"Nazim və Azərbaycan" kitabının Türkiyədə
böyük maraqla qarşılanması, qısa müddətdə
kitabın ikinci nəşrinin çapdan çıxması
Aqşin Babayevin Nazim Hikmət barədə dediyi sözün,
yazdığı əsərin nə qədər etibarlı,
necə mühüm olmasını şərtləndirən
ciddi dəlillərdən biridir.
***
Aqşin
Babayevin "Nazim və Azərbaycan" kitabı Nazim Hikmətin
təəssübünü çəkərək
yazılmış gərəkli bir kitabdır. Bu kitab Nazim
Hikməti Azərbaycana daha sıx tellərlə
bağlayır, ilk kitabı Bakıda nəşr olunmuş
Nazim Hikməti həm də Azərbaycanın şairi kimi təqdim
edir, xalq yazıçısı Anarın bir az əvvəl
Türkiyədə nəşr olunmuş və Nazim Hikmətin
xatirəsinə ən dəyərli ədəbi abidələrdən
biri hesab etdiyim (böyük şairlə bağlı
türkçülük tərəfi ağır gələn
ilk kitab kimi Türkiyədə də geniş müzakirələrə
səbəb olmuş) "Kerem gibi" kitabından sonra
professor Aqşin Babayevin kitabı da
nazimşünaslıqdakı boşluqları doldurur,
bioqrafiyasının mübhəm qalmış xanalarına
yeni çalarlar əlavə edir. Aqşin Babayev Nazim Hikmətlə
görüşlərini, söhbətlərini, Nazimdən
eşitdiklərini, sadəcə, yaddaşına toplamayıb,
yaxşı ki, onları yazıya, lentə
köçürüb, bloknotuna qeyd edib və indi həmin
bloknotda, lent yazısında yadigar qalmış Nazim Hikmətin
ədəbiyyat və sənətlə bağlı fikirləri,
Azərbaycandakı dostları barədə dediyi sözlər
xatırlatdığım həmin boş qalmış xanalara
əlavə edilən, Nazim Hikmətin bioqrafiyasını
bütünləşdirməyə yardım edən tarixi sənədlər
kimi böyük əhəmiyyət daşıyır.
"Nazim və
Azərbaycan" kitabının üstünlükləri
çoxdur və o məziyyətlərin içərisində
daha çox könül aydınladan, daha artıq diqqəti cəlb
edən məqamlardan biri Mirzə Fətəli Axundzadənin
150 illik yubileyində Nazim Hikmətin
çıxışının bu günə qədər
heç yerdə dərc olunmamış mətnidir. Bu
çıxışında Mirzə Fətəlini Namik
Kamalla, Ziya Paşa və Əli Süavi ilə qiyaslandıran
Nazim Hikmət: "Biliyorsunuz… Axundzadə zalimə
qarşı nasıl qovğa ediləcəyini göstərərək
hətta böyük bir Doğu dünyası
üçün örnəkdir", - deyə
üstünlüyü Mirzə Fətəli Axundzadəyə
verirdi.
Bu kitabda
Nazim Hikmətin təzim etdiyi Füzuli, Sabir, Mirzə Cəlil
var. Bu kitabda Zəkəriyyə Sərtəlin Bakıda
keçən günləri, Bakıda dünyasını dəyişən
Sabiha Sərtəl var. Bu kitabda Nazim Hikmətin başı bəlalı
həyat yoldaşı Münəvvər Andaçın
Bakıdakı yaşantıları, bacısı Samiyə
xanımın "Zavallı abim", - deyə Bakıda dilə
gətirdiyi üzüntüləri var. Bu kitabda Nazim Hikmət
və Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi
Hüseyn, Rəsul Rza, Mikayıl Rəfili, Nazim Hikməti Nazim
Hikmətə tanıtdıran Əkbər Babayev, Fikrət Əmirov,
Niyazi, Arif Məlikov, Nazim Hikmətin mənəvi qızı,
heykəltəraş Münəvvər Rzayeva da var.
Bu kitabda
Nazim Hikmət Moskvada Qorki küçəsində Yermolova
Teatrının qarşısında narın-narın yağan
qarın altında dayanıb Mehdi Hüseyni gözləyir -
bir yerdə "Enayi" tamaşasına baxacaqlar. Bu kitabda
"kardeşim Süleyman, bu şiiri, ne olur, güzel dilinize
çevir", - deyən Nazim Hikmətin Süleyman Rüstəmə
iltiması var, Nazim Hikmətin Rəsul Rza barədə
yazdığı məqalələr var, Arif Məlikovun
"Məhəbbət əfsanəsi"nə uşaq kimi
sevinən və hər addımında Azərbaycanla nəfəs
alan qərib türk şairi Nazim Hikmət var. Və hər
şeyin ötəsində bu kitabda Aqşin Babayevin səmimiyyəti,
sədaqəti və ustalığı var ki, hər şeyi və
hamını iki qütbün - Nazim Hikmətlə Azərbaycanın
cazibəsinə ahəngdar bir şəkildə sövq edə
bilib.
Bu qısa
qeydlərimin sonunda Aqşin Babayevin Nazim Hikmət
dünyasına hansı miqyasda vaqif olduğunu təsdiqləyən
incə bir məqamı xatırlatmaq istəyirəm. Bir dəfə
Mədəniyyət və İncəsənət Universitetində
kafedra müdiri, professor Aqşin Babayevin iş otağında
türkiyəli bir nazimşünasla onun arasında keçən
maraqlı (və həm də qürurverici) bir söhbətin
şahidi oldum. Türkiyəli alim Nazimlə bağlı nə
söylədisə, Aqşin müəllim, böyük nəzakətlə
həmsöhbətinin, az qala, bütün fikirlərinə
düzəlişlər etdi. Türkiyəli nazimşünas
Nazimin həyatından hansısa faktı dedi, Aqşin müəllim
o faktın elə deyil, əslində, necə olduğunu
söylədi. Nazimşünas Nazim Hikmət haqqında
hansısa kitabdan heyranlıqla söz açdı, Aqşin
müəllim həmin kitabın hansı hissələrində
məsələlərin necə qarışdırıldığını
söylədi. Aqşin Babayev öz kafedrasında bir stəkan
çay ikram edərək türkiyəli nazimşünasa
Nazim Hikmət barədə gözəl və unudulmaz bir
mühazirə oxudu. Ayrılmazdan öncə qonaq "Bu
memleket bizim" şeirini söylədi, həmsöhbətinin
oxuduğu şeiri diqqətlə dinləyən Aqşin
müəllim sonda bu şeirin orijinalda bir qədər fərqli
olduğunu bildirdi və Nazim Hikmətin həmin şeirini
Türkiyə türkcəsində aramla, bir az da Nazimin
çiləli ahəngini xatırladan bir üslubda təkrar
etdi:
Dört nala gelip
uzak Asyadan
Akdenize bir kısrak
başı gibi uzanan
Bu memleket bizim.
Bilekler kan
içinde
Dişler kenetli
Ayaklar çıplak
Ve ipek bir
halıya benzeyen toprak
Bu cehennem, bu cennet
bizim.
Kapansın el kapıları
Bir daha açılmasın
Yok edin insanın
insana kulluğunu
Bu davet bizim.
Yaşamak bir ağac
gibi tek ve hür
ve bir orman
gibi kardeşcesine
Bu hasret bizim.
Şeiri oxumaqla da yetinmədi, "Bu məmləkət bizim"
şeirinin Türkiyə
türkcəsi ilə
Azərbaycan türkcəsinə
uyğunlaşdırılmış və ruscaya tərcümə olunmuş
versiyalarını müqayisəli
təhlil etdi.
… "Nazim və
Azərbaycan" kitabını
Türkiyə türkcəsinə
müəllifinin üslubunu
ustalıqla qoruyaraq Aslan Kavlak uyğunlaşdırıb.
"Aslan Kavlakda
Nazim Hikmətdən bir parça var", - deyən Aqşin müəllimin sözlərinə daha nəyi əlavə etmək olar, bilmirəm. Hər halda, çox
yüksək bir qiymətdir və bundan artığını
deməyə məncə
heç ehtiyac da yoxdur. Amma kitabı oxuyarkən bəzən müəllifinin
rəvan təhkiyəsini
"ləngidən" bir
məqamı qeyd etməliyəm. Kitabda
Qara Qarayev, Fikrət Əmirov, yazıçı Mehdi Hüseyn barədə işlənmiş "sanat
emekçilerimiz" ifadəsi
məncə nə Türkiyə türkcəsində,
nə də Azərbaycan türkcəsindədir.
Yaxud, çağdaş Türkiyə
türkcəsində çox
işlənən kötümsər,
iyimsər, karamsar kimi sözlərin Nazimdən bəhs edən bir kitaba
ağırlıq gətirdiyini
dərhal sezirsən.
Bir halda ki, türk dilinin
böyük şairi Nazim Hikmətin özü də yazılarında "iyimsər"
deyil, "nikbin" kəlməsini işlədib
(və bu adda bir şeri
də var), "karamsar"ın yerinə
"bədbin" yazıb,
"kötümsər" əvəzinə, bunun qarşılığı olan
"umudsuz" sözündən
istifadə edib ("umutsuz çaresiz sallanan eller kavuşulmamayı anlatıyorlar…")
məncə elə bu sözləri saf türkcəmizin misilsiz şairi olan Nazimin öz
üslubunda yazmaq daha uyğun olardı. Hər halda, bu xırda iradlar Aslan Kavlakın böyük zəhmətinə
kölgə düşürə
bilməz.
***
…Əfsus ki, Nazimin yaradıcılığı
ilə sistemli, ardıcıl məşğul
olan alimlərimiz azdır. Aqşin müəllimin Nazim Hikmətlə tanışlığına vəsilə
olmuş Əkbər Babayevdən sonra bu sahədə Aqşin Babayev tək alimimizdir, həyatının bir mərhələsini deyil,
bütün ömrünü
Nazim Hikmətə həsr etmiş yeganə tədqiqatçıdır
və bunun nəticəsidir ki, Azərbaycanda Nazim Hikmətsiz bir Aqşin Babayev, yaxud əksinə, Aqşin Babayevsiz bir Nazim Hikmət
təsəvvürə gətirmək
indi çox çətindir.
Azər Turan
Ədəbiyyat qəzeti.- 2013.- 25
yanvar.- S.5.