Həsrətdən yaranan poeziya

     

Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922-ci il mart ayının 21-də Cənubi Azərbaycanın Gərməri vilayətinin Yengicə kəndində (Bərvana Yenkicəsi) anadan olmuşdur. Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz ətrafına böyük marağı ilə qardaşlarından fərqlənirdi. Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar da daha çox İranın başqa yerlərində işlədiyindən evdə çox vaxt olmadığı üçün ata-ana bütün mehrini balaca Məmmədəliyə saldı. Bu elə bir vaxta təsadüf edirdi ki, atası Hacı Hüseyn Cənubi Azərbaycanın böyük, yorulmaz mübarizlərindən olan Ş.M.Xiyabaninin sədaqətli silahdaşlarından idi.

Böyük təcrübəyə, möhkəm iradəyə malik olan Ş.M.Xiyabani 1917-1920-ci illər hərəkatına qədər 1905-1914-cü illərdə böyük mübarizə məktəbi keçmiş və 1917-1920-ci illərdə həmin mübarizəni davam etdirərək şah üsul-idarəsinə qarşı böyük bir qəhrəmanlıq hərəkatına rəhbərlik etmişdir. Şeyxi digər rəhbərlərdən fərqləndirən bir sıra cəhətlər var idi ki, bu barədə M.C.Pişəvəri yazırdı: «Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş... Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Səttar rəşid imiş, Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi. Şeyx bəlkə də cəng adamı deyildi. Amma tüfəng atanları o ruhlandırırdı. Şeyxin nitqi çox qəvi, olduqca məntiqi idi. Demək olar ki, quru bir səhrada bir gülə təsadüf edirsən. Şeyx də o cür güllərdən idi».

Ş.M.Xiyabani hərəkatının əsas məqsədi İranda şah üsul-idarəsinin ləğv edilməsi və bütün vətəndaşların firavan yaşayacağı ədalətli bir cəmiyyətin yaradılması idi. O, yalnız azərbaycanlıların deyil, bütün İran xalqının azadlığı uğrunda mübarizə aparırdı. Yalnız Azərbaycan əhalisinin deyil, bütün İran xalqının azadlığı uğrunda mübarizə aparırdı.

Şeyx Məhəmməd Xiyabani hicri tarixi ilə 1297-ci ildə (miladi - 1880) Təbrizin Xamənə qəsəbəsində tacir ailəsində anadan olmuşdur. Atası Hacı Əbdülhəmid 30 ilə yaxın Petrovsk (indiki Mahaçqala) şəhərində yaşadığına görə balaca Məhəmməd ilk təhsilini Xamənədə aldıqdan sonra Petrovska gəlmiş, ticarət işlərində atasına kömək etməyə başlamışdır. Təbrizə qayıtdıqdan sonra burada təhsilini davam etdirmiş, dünyəvi və dini elmlərə yiyələnmiş, rus və fransız dillərini öyrənmişdir. Sonra Xiyabani Təbrizdəki Talibiyyə mədrəsəsində astronomiyadan dərs demişdir.

Xiyabani siyasətə 1905-11-ci illər İran inqilabı dövründə qədəm qoymuş, inqilabın fəal iştirakçısına çevrilmişdir (o, Təbrizin Xiyaban məhəlləsində gedən qızğın döyüşlər zamanı göstərdiyi qəhrəmanlığa görə bu ləqəbi almışdı). Siyasi fəaliyyətinin ilkin dövründə Azərbaycan əyalətlərindən ikinci Məclisə nümayəndə seçilən Şeyx Məhəmməd 1909-cu ildə təşkil edilmiş İran Demokrat Partiyasına (İDP) daxil olmuşdur.

1911-ci ilin dekabrında şah rejimi bütün ölkədə demokratik qüvvələrə qarşı hücuma keçdikdə Xiyabani İranı tərk edərək Şimali Qafqaza getmişdi. 1914-cü ildə Təbrizə qayıtdıqdan sonra siyasi təqibdən yaxa qurtarmaq üçün ticarətlə məşğul olmuşdur. Eyni zamanda başçılıq etdiyi ədəbi-fəlsəfi dərnəklərdə gizli siyasi fəaliyyətini də davam etdirmişdir.

1917-ci ildə Rusiyada fevral burjua inqilabı nəticəsində çarın devrilməsi, ardınca bolşeviklərin Oktyabr inqilabı, daha sonra - 1918-ci ilin martından rus qoşunlarının İran ərazisindən çıxarılması burada demokratik qüvvələrin fəallaşmasına səbəb oldu. İndiyədək Cənubi Azərbaycanda gizli fəaliyyət göstərən siyasi təşkilatlar açıq işə keçdi. Belə təşkilatların sayları getdikcə çoxalmağa başladı. Bu təşkilatlar içərisində Məhəmməd Xiyabaninin başçılıq etdiyi İDP-nin Azərbaycan Əyalət Komitəsi daha nüfuzlu idi.

Əyalət Komitəsinin 1917-ci il avqust ayının 24-də keçirilən geniş konfransı keçirildi. Bu konfransda komitənin Təbrizdən başqa, Ərdəbil, Zəncan, Qəzvin, Gərməri, Miyana və digər şəhərlərdəki təşkilatlarından 480 nəfər nümayəndə iştirak edirdi. Məmmədəli Müsəddiqin atası Hacı Hüseyn də bu nümayəndələrin sırasında idi. Burada Azərbaycan Demokrat Partiyası (ADP) müstəqil elan edildi. Konfrans həmçinin Xiyabani başda olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi və partiyanın qarşıdakı vəzifələrini müəyyənləşdirən geniş qətnamələr qəbul etdi.

1920-ci ilin əvvəllərində mərkəzi hökumətin, onun başçısı Vüsuqüddövlənin bütün İranda, xüsusilə Cənubi Azərbaycanda cəza tədbirlərini gücləndirməsi, buraya yeni polis dəstələri göndərməsi, digər tərəfdən İrandakı ingilis komandanlığının təcrübəli zabitlərinin Təbrizdə yerləşdirilməsi, ADP üzvlərindən bir neçəsinin həbs edilməsi 8 aydan artıq hazırlanmış üsyanın başlanması üçün bilavasitə səbəb oldu. Aprelin 6-da Təbrizdə ADP-nin rəhbərliyi altında üsyan başlandı. Bununla da Ş.M.Xiyabaninin ictimai-siyasi və dövlət xadimi kimi fəaliyyəti daha da gücləndi. Üsyanı idarə etmək üçün Xiyabaninin rəhbərliyi ilə ictimai heyət yaradıldı. İki gün ərzində demək olar ki, Təbrizdə əsas dövlət idarələri üsyançıların əlinə keçmişdi. Aprelin 7-də polis və jandarm dəstələri də silahlarını təhvil verərək, üsyançılara qoşuldu. Üsyanın rəhbərliyi Tehrandan göndərilmiş dövlət məmurlarını və hərbi qulluqçuları idarələrindən kənar edərək Təbrizdən qovdu.

Üsyanın hərəkətveriçi qüvvələrini emalatxanalarda çalışan sənətkar və fəhlələr, xırda tacirlər və şəhər yoxsulları təşkil edirdi. Üsyanda ziyalıların, milli ticarət burjuaziyasının, liberal mülkədarların, ruhanilərin, orta və aşağı təbəqələrin nümayəndələri və Təbriz mahalının kəndliləri də iştirak edirdilər. Üsyanda iştirak etmək üçün Gərməridən gələn dəstənin içərisində Hacı Hüseyn də var idi. O, yaxınlarının onun bu hərəkatda iştirak etməsini istəməməsinə baxmayaraq, öz mübarizə yoldaşlarından ayrılmamış, vətəninin azadlığı uğrunda canından keçməyə hazır olduğunu bildirmişdi. Müsəddiqin anasından eşitdiyinə görə Hacı Hüseynin belə bir fikri var imiş ki, “əgər mən ölərəmsə, qanım tökülən torpaqlarda gələcək nəsillər, övladlarımız azad yaşayar.” Hərəkatın rəhbərliyi də, başlıca olaraq, həmin zümrələrə mənsub idi. Hərbi qüvvələrin təşkilində isə sənətkarlar, fəhlə və kəndlilərin nümayəndələri əsas rol oynayırdılar.

1920-ci il sentyabrın 11-də irticaçı qüvvələr Milli hökumətin üzərinə qəfil hücuma keçdilər. Sentyabrın 12-də «Ala qapı» alındı, 14-də isə Ş.M.Xiyabani vəhşicəsinə öldürüldü. Üsyançılara amansızcasına divan tutuldu, 300 nəfərdən çox adam edam edildi, bir çoxları həbs olundu. Üsyan fəallarından olan Ş.M.Xiyabaninin, Badamçının, Gənçeynin, Abdulzadənin və başqalarının evləri qarət edildi. Evi qarət olunanlar içərisində Hacı Hüseynə qarşı daha amansız münasibət göstərildi. Məmmədəlinin atası Hacı Hüseyn Şeyx Məhəmməd Xiyabani hərəkatında yaxından iştirak etdiyinə görə, bir neçə məsləkdaşı ilə birlikdə həbs edilmiş, var-yoxları dövlət adamları və yerli mülkədarlar tərəfindən qarət olunmuşdur. Bununla kifayətlənməyən dövlət məmurları Hacı Hüseyni meydanda ayaqlarından başı aşağı asır və buradan qurtarmaq üçün ailəsindən əlavə vəsait tələb edirlər. Ailənin min bir çətinliklə topladığı pulun sayəsində həbsdən canını qurtaran Hacı Hüseyn daha bu kənddə yaşamağın mümkünsüzlüyünü görüb ailəsini də götürərək Miyana şəhərinə köçmüşdür.

İlk təhsilini Yenkicədə atasından alan kiçik Məmmədəli burada həm də molla məktəbinə getmişdir. Miyana şəhərinə köçdükdən sonra orada dövlət məktəbində təhsilini davam etdirərək orta məktəbi bitirmişdir.

İti müşahidə qabiliyyətinə, möhkəm iradəyə malik olan gənc Məmmədəlinin doğma yurduna, sevimli vətəninə olan sonsuz sevgisi onu atasının mübarizə yolunu davam etdirməyə, 1941-ci ildə Cənubda baş verən siyasi cərəyanlarda iştirak etməyə yönəltdi. Elə həmin ildə İran Xalq Partiyasının yaranmasında fəal iştirak edən Seyid Cəfər Pişəvəri ilə tanış olur.

S.C.Pişəvəri Cənubi Azərbaycanda yaranmış inqilabi şəraiti dərk edərək 1945-ci il sentyabr ayının 3-də Azərbaycan Demokrat firqəsini yaratmışdır. Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü sayəsində Azərbaycan Demokrat firqəsi qısa müddət ərzində Cənubi Azərbaycanın bütün zəhmətkeş təbəqələrini və milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatını yarada bilmişdir. 1945-ci ilin oktyabr ayında keçirilən ADf-nin I qurultayı Pişəvərini Mərkəzi Komitənin sədri seçmişdir. ADf-nin orqanı olan "Azərbaycan" qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirilir.

Siyasi fəaliyyətə başladığınin beşinci ili M.Müsəddiq atası ilə birlikdə həbs olunur və bu dəfə də var-yoxları Tehran hökuməti tərəfindən talanır. Bir müddət sonra onlar azadlığa buraxılır. Atası yaşlı və xəstə olduğu üçün Məmmədəli siyasi fəaliyyətini onsuz, dostları ilə birgə davam etdirməli olur.

ABŞ və Böyük Britaniyanın İran şahına dəstəyi və SSRİ-nin Pişəvərini aldatması ilə Milli hökumət 12 dekabr 1946-cı ildə beşikdəcə boğuldu.

Güney Azərbaycan işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi və sürgünə göndərildi.

İranda Azərbaycan Demokratik Respublikası qanda boğulandan sonra Arazın Qüzey tayına "mühacirət”dən başqa əlacı qalmayan Məmmədəli Müsəddiqin 1947-ci ildə Şimali Azərbaycana üz tutmasının bir sıra səbəbləri vardı. Qoca ata-anasından, ilk məhəbbəti- ömür-gün yoldaşı Xədicə xanımdan, altı aylıq qızı körpə Əşrəfdən ayrılan Müsəddiq məhkum olunduğu “ölüm hökmü”dən qaçmaq, Azərbaycanın bu tayında özünə gün-güzəran qurmaq, doğmalarını da buraya gətirmək və vətəninin azadlığı uğrunda mübarizəsini davam etdirmək istəyirdi. Düşünürdü ki, müəyyən zaman keçəndən sonra o öz mübarizə yoldaşlarını taparaq birləşəcək və yenidən siyasi fəaliyyətə başlayacaq.

Lakin onun arzuları baş tutmur.

1947-ci ildə Şimali Azərbaycana gələn Məmmədəli Müsəddiq sərhədi keçdikdən sönra Sovet Azərbaycanı hökuməti tərəfindən həbs edilərək 2 ay Lənkəranda, 1 il Astarada, bir müddət də Bakıya gətirilərək Böyük- Şor əmək-islah düşərgəsində saxlanılmışdır. Buradan azad edildikdən sonra Gəncəyə gedərək Kirovabad Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1953-cü ildə buranı əla qiymətlərlə bitirərək Ağstafa pambıqçılıq təcrübə tarlasında işə başlamışdır. Elə burada da ömrünün sonuna qədər böyük sevgi və hörmətlə həyat yaşadığı ömür-gün yoldaşı Kubra xanımla ailə həyatı qurmuşdur. Bu nikahdan onun iki oğul övladı olmuşdur.

1954-1958-ci illərdə Bakıda Ali Partiya məktəbini oxuyur. Aldığı təhsillə bərabər həm bədii, həm də elmi yaradıcılıqla məşğul olur.

Keçən əsrin 70-ci illərinin əvvəllərində həm Azərbaycan Dövlət Pedaqoji Universitetində fars dilindən dərs deyir, həm də Feyzulla Qasımzadənin rəhbərliyi ilə “Mirzə Mehdi Şükuhinin həyat və yaradıcılığı” mövzusunda namizədlik işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır.

1985-ci ilin iyul ayında İranda altı aylıq qoyub gəldiyi və 39 il üzünü görüb, səsini eşitmədiyi, yalnız nadir hallarda məktublaşdığı qızı Əşrəf xanım atasının görüşünə gəldi. Onu da qeyd edək ki, bu müddət ərzində Müsəddiq İrana göndərdiyi məktubları oradakı əzizlərini İran dövlətinin incitməməsi üçün başqa imzalarla yazırdı (Hüseynoğlu, Sani və s.).

1992-ci ildə 45 ildən sonra doğma yurduna dönərək, Təbriz, Tehran, Miyana və Yengicəni ziyarət edir.

1997-ci il fevralın 21-də dünyasını dəyişir. Vəfat etməmişdən bir qədər əvvəl bir vəsiyyətnamə yazır. Bu vəsiyyətnamənin ictimai-tarixi mənasını gələcək nəsillər dərk edərək nəticə çıxarmalı və öz torpaqlarını sevərək onun uğrunda mübarizəyə həmişə hazır olmalıdırlar. Vəsiyyətnamədə deyilir:

“Ey balalarım! Dostlarım! İstəyən və arzulayanlarım! Bu fani dünyada özümü anlayandan, dünyanı tərk edənəcən Azərbaycanı bölüb hakimiyyət edən, hər vasitə ilə Azərbaycan türkləri olan bizim xalqı aradan aparmağa çalışan rus və fars hakimiyyətinə, şovinizmi son həddə çatdıran hər iki millətin şovinist hakimiyyəti əleyhinə yorulmadan mübarizə aparmışam, onların mənfur millətçi siyasətlərini ifşa etmişəm. Qəbrimin üstündə bitəcək otlar da bu mübarizədən su içəcək”.

Vəsiyyətnamədən göründüyü kimi, Müsəddiqin ictimai məzmun daşıyan şəxsi fikirlərinin arxasında vətəninin azadlığı uğrunda mübarizələrdə formalaşan, öz “mən”ini dərindən dərk edən bir şəxsiyyət ömrü dayanır. Daha sonra burada oxuyuruq:

“Məni istəyən övlad, qohum, vətənini və xalqını istəyən bütün Azərbaycan türklərinə bütün Azərbaycan əhalisinə müraciət edirəm; fars, rus və rus şovinizminin tulası, fars şovinizminin bizə qarşı mübarizə şəriki olan erməni faşizminə qarşı mübarizəni bir an dayandırmayın, bəsdir, yatmayın, mübarizəni çox ciddi şəkildə aparmasanız öz varlığınıza xəyanət etmiş olarsız, düşmənə rəhm edən özünə xəyanət etmiş olar.

Əziz balalarım! Biri-birinizdən ayrılmayın! Qüvvənizi parçalamayın! Qüvvə və qüdrət birlikdədir. Birliyinizi pozmağa çalışanları rədd edin. Birlik bütün çətinlikləri asanlaşdıran, zəhmətləri azaldan, rahatlıq gətirəndir. Təklik qüdrəti azaldan, əzabı çoxaldan, düşmən hücumuna şərait yaradandır. Birlikdə dilinizi və vətəninizi qoruyun, dili olmayan millət yoxdur, vətəni olmayan millət quldur. Qüdrətli, sənətli, cəsarətli və məharətli olun! Belə olsanız dostunuz çox olar, şahlar da qapınıza gələrlər. Bir olun! Bir olun! Bir olun! ... Ata, ana və böyükləri yaddan çıxarmayın ki, özünüz də yaddan çıxmayasız. Uşaqlarınız görsələr ki, ata, ana və böyüklərə ehtiram edirsiz, onlar da sizə ehtiram edəcəklər.”

Yurd-yuvası dağıdılan, ocağı söndürülən, altı aylıq körpə qızından - Əşrəfindən ayrılarkən ürəyi para-para olan, doğma yurdunun bir tayından o biri tayına qaçaq keçən, arzuolunmaz "mühacirə" çevrilən, gözlərindən Vətən həsrəti heç vaxt silinməyən bu "cənublu" soydaşımız, ziyalımız bu acıları yana-yana yaşamağa “məhkum” oldu. O, öz ömründə millətimizin başına gətirilən böyük müsibətləri yaşamış və yaradıcılığında əks etdirmişdir.

Məmmədəli Müsəddiq yalnız “cənublu”, "siyasi mühacir" deyil, bütöv, böyük Azərbaycan dərdinə yanan, bu yanğını öz yaradıcılığında əks etdirən vətəndaş olmuşdur.

Məmmədəli Müsəddiqin "Qobustan", “Mədəni maarif işçisi", "Kitablar aləmində", "Azərbaycan", "Varlıq", “İnqilab yolunda" adlı jurnallarda, "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan" qəzetlərində və "Azərbaycan Sovet Ensiklopediyası”nda məqalələri çap olunmuşdur.

Məmmədəli Müsəddiq doğrudan da Vətən yolunda yorulmaz bir mücahid, bir döyüşçü, mübariz ruhlu, yenilməz bir vətənsevər idi. Amma həyat onu tərkisilah eləmişdi, səngərdən çıxarıb silah əvəzinə əlinə qələm vermişdi.

Bakıya gələndən sonra Məmmədəli Müsəddiqin silahı qələm, silahdaşı söz olmuşdı. O, ömrünün sonunadək məğrur, bütöv bir vətəndaş ömrü yaşadı və yaradıcılığını Təbriz, Miyana səngərlərinin davamına çevirdi.

Məmmədəli Müsəddiq əsl vətəndaş, vətənin azadlığı uğrunda mübarizə tərəfdarı idi. O, on yeddi yaşında İran rejiminin iç üzünü dərk edərək, xalqın mübariz oğullarına qoşularaq siyasi fəaliyyətə başlamışdı. Elə bu odun-alovun içində formalaşmış, həyata baxışları dəyişmiş, mübarizə əzmi güclənmişdi.

Onun istər bədii yaradıcılığı, istər tərcümələri Vətən həsrətindən, Vətən uğrunda mübarizə əzmindən güc alıb. Qələmə aldığı şeirləri müəllif yanıb yaxıla-yaxıla, tarixin, taleyin amansızlığına, millətinin sinəsinə çəkilən etiraz duyğusuyla yazılıb; səngərdə ikən güllələrlə deyə bilmədiklərini sözə köçürməkdən başqa əlacı qalmayıb. Bu böyük qəlbli, tərəqqipərvər insan öz xalqına, millətinə bağlı olmuş, bu xalqın uğurları ilə sevinmiş, onun gələcəyinə böyük ümidlər bəsləmişdir.

Məmmədəli Müsəddiqin həsrət və ayrılıq ifadə edən “Azərbaycan”, "Tənha və tənha qalmışam", "Təbrizimin", "Yurdumu dağıdanlara", "Ata", "Anacan", "Ana dilim", "Aman dostlar", "Ağardın saçım, ağardın", ”And olsun”, ”Bürümüş”, ”Beş qəhrəman” və s. bu kimi silsilə şeirlərində ənənəvi və milli kaloritli poetik detallar özünəməxsus ifadə şəklindədir.

Bu məqamda Məmmədəli Müsəddiq şeirlərində Vətən həsrətinin acı və ağrıları, məhrumiyyət və ağırlıqları real həyati təzahürdə özünü göstərməklə bərabər, vətənin yetişdirdiyi mərd qəhrəmanlarla qürur duyulur:

 

Qəhrəmanlar məskəni, verdin qılınc, qüvvətli qol,

Babəkə, İsmailə, Səttarə, Azərbaycan!

 

O, baharı qışa döndərilmiş, qara dumana bürüdülmüş doğma Təbrizini, öz sevimli vətənlərinin azadlığı uğrunda mübarizə aparan, zaman-zaman müxtəlif meydanlarda dara çəkilən, azadlıq ağacını qanları ilə suvaran, daha da gücləndirən qəhrəman soydaşları, silahdaşlarını yana-yana yad edir:

 

...Təbrizi bürümüş, qara bir duman,

Elə bil havadan, qan tökülür, qan.

Təbrizin kənarı ölüm meydanı,

Bura çox görübdür qanı, qurbanı.

Yenə beş qəhrəman düşdü maşından,

Titrədi cəlladlar, titrədi meydan.

 

Şair meydanda titrəyən əlində Quran qıhramanların öldürülməsinə fətva verməyə hazır dayanmış qazinin qarşısında Vətən uğrunda ölümdən qorxmayan bu igidlərin məğrurluğundan qürur duyur:

 

Düzüldü cərgəyə o beş qəhrəman,

Qazinin əlində, titrədi Quran.

Qazi bir igidə, tutub üzünü

Dedi: - Yalvar şaha, qurtar özünü.

Budur nəsihətim, yaz ona yalvar,

«Adildir» şahımız, səni bağışlar.

Qəhrəman qeyzlə, qaziyə baxdı,

Onun gözlərində ildırım çaxdı.

 

Şair ümid edir ki, zindanların boşalacağı, meydanların dar ağaclarından təmizlənəcəyi, zülmün sona çatacağı zaman gələcək. İndi iqtidar sahibi olanlar yüzlərlə insanın səsini batırmağa çalışsalar da, xalqın səsini boğa bilməyəcəklər. Bütün İran yadellilərə satılsa belə, azərbaycanlı ruhunun mübarizliyi qarşısında baş əyməli olacaqlar:

 

Təbrizin üstünü bürüyən duman,

Bu dar ağacları, o zülm, o zindan.

Tezliklə qopacaq öz təməlindən,

Qurtarmaz yaxanız haqqın əlindən.

 

Ömrünün ən mənalı illərini - gənclik dövrünü şah rejiminə qarşı, xalqının azadlığı uğrunda mübarizələrdə keçirən Məmmədəli Müsəddiq inanırdı ki, qan tökənlərin qanda boğulacağı, “qara günlərin” keçəcəyi gün uzaqda deyil:

 

Sizi də boğacaq tökdüyünüz qan,

Azadlıq günəşi nur saçan zaman.

Tarixin hökmüylə bu qara günlər,

Sizinlə məhv olar, xoş yaşar ellər.

 

Eyni zamanda, Müsəddiq öz doğma yurdu uğrunda “azadlıq ağacının göyərdilməsi üçün” hələ çox qanların töküləcəyindən də narahatdır. Bu mənada

 

Ağac su içməsə bar verə bilməz,

Azadlıq ağacı qansız göyərməz…

 

- deyən şair vətəni naminə hər tufana, hər şimşəyə sinə gərməyə hazırdır. Lakin belə bir halda Məmmədəli Müsəddiqə məxsus bacarıq ondadır ki, o, şimşək ömrünün bir anlıq olduğunu nəzərə alıb, bütün ömrü boyu yandığından, müqayisədə özünü şimşəkdən üstün hesab edir. Məmmədəli Müsəddiqin poetik dünyasında bir vətəndaş, əsl insan obrazı əks etdirilir. Onun poeziyasında təsvir olunan bu şəxs Vətəni hər şeydən üstün tutan, onun gələcəyinə yüksək inamı olan bir şəxsiyyətdir. Yaradıcılığı ilə dərindən tanışlıq göstərir ki, həmin şəxsiyyət elə şairin özüdür. Problemin bu cür qoyuluşunda onun lirikasının vətəndaşlıq mündəricəsi əhəmiyyətli dərəcədə dərinləşir, yüksək fəlsəfı dəyərlər kəsb edir. Bu şəxs öz dilinin, öz Vətəninin, öz tarixinin, gələcəyinin təəssübkeşi rolunda çıxış edir. Bu onun “Ana dilim” şeirində obrazlı şəkildə öz əksini tapmışdır:

 

Hələ mən dünyaya qədəm qoymamış

Anam öz qanıyla öyrətdi səni.

Dünyaya gəldiyim ilk dəqiqədən,

Südüylə, canıyla öyrətdi səni.

 

Onun yaradıcılığında müasir dünyanın, ictimai-siyasi həyatın, inqilabi ideyaların təsvir və tərənnümü də özünəməxsus yer tutur. Məmmədəli Müsəddiqin 1941-46-cı illərdə Cənubi Azərbaycanda milli-azadlıq hərəkatından güc alan lirikası və bu lirikada sülhün, demokratiyanın, azadlığın tərənnümü onun bütün yaradıcılığının ana xəttini təşkil edir. Vətənə, torpağa olan sonsuz məhəbbət, bağlılıq şairin poetik “mən”ində öz ifadəsini tapır:

 

Düşünən beynimiz, vuran qəlbimiz,

Sənsən, həm anamız, həm vətənimiz.

Biz səni sevirik canımız kimi,

Damarlarda gəzən qanımız kimi.

 

Sevimli vətəni Azərbaycan kimi Müsəddiqin də taleyi parçalanmış, yana-yana yaşadığı “ömür səhifələri”nə "mühacir" sözü yazılmışdır. Gözlərindən Vətən həsrəti heç vaxt silinməyən "cənublu" sənətkarlarımızın bir qismi bu acıları qovrula-qovrula yaşamağa “məhkum” olunmuşlar. Azərbaycanın XX yüzilliyinin bir parçası olan belə sənətkarlar, öz ömürlərində millətimizin başına gətirilən böyük müsibətləri yaşayaraq yaradıcıqlarında əks etdirmişlər.

Vətən sevgisindən, millətin, xalqın azadlığından danışarkən misralarına üz tutduğumuz, bir dövrə nur saçan, daim vətən həsrəti, el-oba sevgisi ilə ürəyi döyünən bu mübariz ruhlu söz ustadlarımız sözün əsl mənasında, Cənubi Azərbaycan poeziyasının da mənəvi tutumunu yaradıb-yaşadanlardandırlar.

Taleyin hökmü ilə Azərbaycanın bir neçə rayonunda qısa bir müddət yaşadıqdan sonra Bakıda məskunlaşmaq məcburiyyətində qalan üsyankar təbiətli Məmmədəli sevdiyi ailəsinə, dostlarına, doğma yurduna dönə bilmir. Qəlbinin yanğısını, ürəyinin səsini “Aman dostlar” şeirində bədiiləşdirir:

 

Eldən mənə soraq verin,

Aman dostlar, aman dostlar.

Ürəyimə dayaq verin,

Aman dostlar, aman dostlar.

Doğma yurda yolum bağlı,

Sağım bağlı, solum bağlı,

Əlim bağlı, qolum bağlı,

Dada çatın, aman, dostlar,

İşim olub yaman, dostlar.

Qəmlər ümman olub coşub,

Dalğaları başdan aşıb,

Ayrılıqdan ağlım çaşıb,

Dada çatın, aman, dostlar,

İşlər olub yaman, dostlar.

 

Müsəddiqin poeziyası mənalı və hikmətlidir. Həyatiliyi və məqsəd aydınlığı ilə seçilir. Çox vaxt elə bilirsən ki, şair özü səninlə söhbət edir, sənə məlumat verir, lakin bu, şeirin bədii təsir qüvvəsini, poetik sanbalını azaltmır, əksinə, onu anlaşıqlı və oxunaqlı edir.

Məmmədəli Müsəddiqin siyasi lirikası təkcə öz xalqının, vətəninin taleyini tərənnümlə məhdudlaşmır. Dünyanın bütün azadlıqsevər xalqları, azadlıq uğrunda çarpışan insanları onun əsərlərinin qəhrəmanlarıdır.

Bütün milli qəhrəmanları bir dərd birləşdirir - Vətən dərdi, bir amal məqsədə yaxınlaşdırır - Vətən eşqi. Xarici görkəmcə nə qədər fərqlənsələr də, daxili aləmləri çox yaxındır. Müsəddiqin sevə-sevə vəsf etdiyi, ağrısına acıdığı, sevincinə sevindiyi qəhrəmanlar sanki onun özünü, arzu və istəklərin özlərində birləşdirir.

 

 

Sədaqət MƏMMƏDOVA,

filologiya üzrə fəlsəfə doktoru,

dosent

 

Ədəbiyyat qəzeti.- 2013.- 25 yanvar.- S.4-5.