“Mübarizə
bu gün də var, yarın da…”
Sabir
Rüstəmxanlı. "Əbədi sevda".
"Təhsil" nəşriyyatı - 2012
Kainat boydadı hər qum
dənəsi,
Suyun hər damlası okean kimi…
Tarix ölçüsündə
bir andır ömrüm,
Tarixlər ömrümdən keçdi an kimi!
Ömürdən bir an
kimi keçib gedən tarixlərə yapılan abidə kimi araya-ərsəyə gəlib xalq şairi Sabir Rüstəmxanlının "Əbədi sevda" adlı şeirlər və poemalar toplusu. Bu toplu həm də müəllifin içindəki
dərd ağacının
şəkillənməsi kimidi;
hər vərəq xəfif bir yarpağın pıçıltısını
oxşayar qoynunda, bəslər içində…
Yollarda tapılıb da, yollarda itən
adamın, vətənində
bir qərib, qürbətdə Vətən
adamın, bir ocağa gəlişiylə
min dildə bitən adamın könül meyvələri keçir
"Əbədi sevda"dan…
Ölümün yanına sevgilimiz tək tələsə-tələsə getməyin belə yolunu öyrədir bu kitab bizə. Məsləksiz dostları atıb
cərgədən, onların
yerinə çalışmağın
yolu belə "Əbədi sevda"dan keçir. Oxuduqca bir gözdən
min gözə işıq
salmağın mətləbi,
məramı çin-çin
açılır. Nə
yazdığının, nəyi
demək istədiyinin
fərqində ola-ola yazıb bu misraları
S.Rüstəmxanlı:
Mənim nəğmələrim
hamının deyil,
Hamıya yetəsi ev tikmək
çətin.
Mənim danışdığım
bu əsəbi dil
Ya dərdin şəklidir, ya da həsrətin…
Sabir Rüstəmxanlı millətin, xalqın adından danışmaq səlahiyyətini elə bu xalqın, millətin azadlıq mübarizəsinə verdiyi
yüksəliş ruhuyla,
döyüşmək əzmkarlığıyla
qazanıb. Ona görə
də millətin, xalqın adından bəyan etdiyi bir misra, hər
söz belə əziz tutulur:
Mənim yoluma bax,
əzəldən haqdı,
Haqqı gücsüz bilib gülmək günahdı.
Gələcək cəzanı çəkməyin vaxtı,
Hesabı axırda kəsən millətəm.
Azadlıq, müstəqillik uğrunda ölə bilməyi bacaran bir millətin övladı olmaq şairin qürur mənbəyidi. Fərqindədi ki:
İnsana ölməzlik öyrədənlərin
Üzünə qəbirlər açılır hələ.
Hətta məzarı da göz çıxarırsa
Bu millət ölməyi bacarır hələ.
Ölməyi bacaranların ölü olmaması həqiqətinə bağır
basıb, baş endirən millət ruhunun şəkillənməsidi
Sabir Rüstəmxanlı
poeziyası və bu tendensiya onun
"Əbədi sevda"
kitabında yer alan şeirlərindən
bütöv, boyaboy görünür. Sabir Rüstəmxanlı "Sübh
çağı atam yadıma düşür
- durulmuş su kimi… Tanrıya yaxınlaşıram - atamın
arzusu kimi" misralarıyla qosqoca bir qədimlikdən gəlir… "Xəyanətlər
uc-uca, əlli deyil, yüz deyil, Təbriz buna dözəmməz, dözərsə Təbriz
deyil" səslənişiylə
Səttar xan, Pişəvəri, M.Ə.Rəsulzadə,
Şəhriyar, Bəxtiyar
Vahabzadə məfkurəsindən
gəlir. "Dünyanı dolaşan dərd muzeyiyəm" ağrısıyla Ə.B.Hüseynzadə,
Ə.Ağaoğlu düşüncəsini
yenidən ortaya qoyur. Eyni zamanda da Sabir Rüstəmxanlı.
Özü həm əkinçi, həm də torpaqdı,
Ümiddən su içib
yaşayacaqdı.
Vətən yüyürəndə
ürək bayraqdır,
Vətən əriyəndə ürək soyuyur -
misraları ilə çağdaşlığımızın müdrik Dədə Qorqudu, Qazan xanıdı. O, azadlıq
nəğməkarı X.R.Ulutürkü
"Ölümündən doğulan ey böyük Xəlil Rza" qutlamasında, görkəmli alim Ziya Bünyadovu elmin zirvəsinin akademiki, savaş zirvəsinin milli qəhrəmanı kimi dəyərləndirməsində də eyni mənəvi
ucalıqdan dərs almış böyük vətəndaş mövqeyini
inamla ortaya qoyur. Ustad el aşığı Mikayıl
Azaflıya ünvanladığı
" Haqqa tapınanlar daş qoyan yerə biz də baş qoyaraq ölənlərdənik"
misralarıyla əslində
ulu bir xalqın
milli yaşam tərzini, düşüncəsini
ortaya qoyur.
Sabir Rustəmxanlı ədəbiyyat, əbədiyyət
naminə "sonuncu sözədək" döyüşənlərdəndi. Vətən üçün verilən ömrü qurban etməyin halallığına tapınanlardandı.
Qürurla bəyan edir ki:
Qayanın mamırı, suyun qırçını,
Durnanın lələyi, yolun daşıyam.
Mən dünya dilini bildiyim üçün
Yerin şair adlı vətəndaşıyam.
Xalq şairinin yeni kitabında bölünmüş, 35 milyonu
hələ də İran rejimi əlinin altında inləyən, ərazilərinin
iyirmi faizi Ermənistan tərəfindən
işğal edilmiş
Azərbaycan xalqının
əsas mövzularından
biridir. Necə deyərlər, "mübarizə bu gün də var, yarın da". S.Rüstəmxanlı
da sözüylə, əməliylə, yeni kitablarıyla onun ön sıralarında…
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.-2013.- 25 yanvar.-
S.4.