Səmavi
kitabların sonuncusu
Bir
milyarddan artıq insanın etiqad etdiyi islam dininin müqəddəs
kitabı, səmavi kitabların ən sonuncusu olan Qurani-Kərimdə
deyilir: “Məhəmməd Allahın elçisidir”. (“əl-Fəth” surəsi, 29-cu ayə)
Bu
günlər “Allahın elçisi”nin - Məhəmməd
Peyğəmbərin mövludunu bütün müsəlman
dünyası hər yerdə, hər zaman haqqın-ədalətin
qələbəsi, insanlığa möhkəm sülh, əmin-amanlıq
arzusu-diləyi ilə yad edir.
Qurani-Kərimi
ana dilimizə mərhum Ziya Bünyadovla birlikdə
böyük uğurla tərcümə etmiş akademik Vasim Məmmədəliyevin
həmin kitaba yazdığı ön sözü ixtisarla təqdim
edirik.
Qurani-Kərim bir milyarddan
artıq insanın etiqad etdiyi islam dininin müqəddəs
Kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm
abidəsi və səmavi kitabların sonuncusudur. İlahi
gözəlliyə malik olan bu əsər ulu Tanrının
öz möcüzəsi kimi milyonlarla insanın qəlbinə
hakim kəsilmiş,
onların canına, qanına hopmuş, beyninə nüfuz
etmişdir. Quranın ilahi gözəlliyini təsdiq etməyə
təkcə bu kifayətdir ki, ərəb dilini bilməyənlər
belə onu dinləməkdən doymur, ən müqəddəs
kəlam kimi can-dildən ona qulaq asırlar.
Qurani-Kərim
Məhəmməd peyğəmbərə təqribən 23 il
ərzində Allah-taala tərəfindən vəhy
olunmuşdur.
Vəhy
sözünün hərfi mənası "gizli səs",
"gizli danışıq", "gizli işarə",
"pıçıltı", "rəmz" və
"ilham" deməkdir. Allah-taalanın təmiz ürəklərinə,
səmimi etiqadlarına və mənəvi kamilliklərinə
görə insanlar içərisindən peyğəmbər
seçdiyi kimsələrə vəhy üç yolla nazil
olur:
1)
Allah-taala bu və ya digər fikri peyğəmbərin ürəyinə
salır, yaxud gizli bir səslə ona təlqin edir və ya həmin
fikri ona çin olan yuxuda bildirir;
2)
Peyğəmbər Allah-taalanı görmədən ondan gələn
nidanı açıq-aydın eşidir, yəni arada heç
bir vasitə olmadan (hicab arxasından) Allahla danışır:
3)
Allah-taala Öz hökmlərini peyğəmbərə mələk
vasitəsilə göndərir.
Bəqərə surəsinin
sonuncu iki ayəsi istisna olmaqla (bu iki ayə peyğəmbərə
bilavasitə Allah-taala tərəfindən meracda vəhy
edilmişdir) Qurani-Kərim Məhəmməd əleyhissəlama
Allahın əmri ilə vəhy mələyi Cəbrail vasitəsilə
nazil olmuşdur. Mələyin əsas vəzifəsi
Allahın əmrlərini peyğəmbərlərə
olduğu kimi çatdırmaq, onları oxutdurub öyrətmək
və əzbərlətməkdir. Mələk tərəfindən
peyğəmbərlərə təlim edilən vəhy
heç bir zaman unudulmur, onların hafizəsinə nəql
olunub qalır. Sonra peyğəmbərlər həmin əmrləri,
hökmləri olduğu kimi öz ümmətlərinə
çatdırır, təbliğ edirlər. Mələyin
peyğəmbərə nazil olmasını, bu və ya digər
ayəni ona oxudub əzbərlətməsini, mənasını
öyrətməsini peyğəmbərdən başqa
heç kəs görüb eşitməz. Beləliklə,
peyğəmbərlər Allah-taala ilə insanlar arasında
elçi olduqları kimi, mələk də Allahla peyğəmbərlər
arasında elçidir.
Peyğəmbərlərə
mələk vasitəsilə vəhy nazil olması çox
çətin bir işdir.
...Peyğəmbər əleyhissəlama
bu və ya digər vəhy ayələr şəklində
nazil olan kimi, o, həmin vəhyi ətrafındakı əshabələrinə
oxuyar, onları vəhy katiblərinə dəri, sümük,
daş və ya xurma qabıqları üzərində
olduğu kimi yazdırardı. Peyğəmbər həmin ayənin
hansı surədə və hansı ayədən sonra
yazılmalı olduğu yeri göstərər, bu işə
ciddi nəzarət edərdi. Quranın özündə (LII,
3) hələ Peyğəmbər əleyhissəlam
dövründə onun dəri üzərində
yazılmasına işarə vardır. Lakin Məhəmməd
əleyhissəlamın vəfatına qədər vəhy hələ
davam etdiyi üçün ayrı-ayrı parçalar üzərində
yazılmış bu surələr Peyğəmbər
dövründə ardıcıllıqla düzülməmiş,
vahid bir cild, kitab halına salınmamışdı.
Əshabələrin
dediklərinə görə, hər ramazan ayında Cəbrail
əleyhissəlam Qurani-Kərimi Məhəmməd peyğəmbərlə
birlikdə oxuyar, onun mətni başdan-ayağa yenidən təkrar
edilərdi. Peyğəmbərimiz vəfat etdiyi il Cəbrail
nazil olub Quranı onunla birlikdə iki dəfə oxumuşdu.
Qurani-kərimin özündə dəfələrlə onun
Allahdan nazil olduğu və Allah tərəfindən də
qorunub saxlanacağı zikr olunmuşdur (XV,9).
Peyğəmbər
əleyhissəlamın bir çox əshabəsi Qurani-Kərimi
əzbər bilər, hər hansı bir ayənin nazil olma səbəbini,
hökmünü, dəqiq mənasını ondan soruşub
öyrənərdi. Müxtəlif ərəb qəbilələrinə
mənsub olan bu əshabələrin hər biri mətni sabit
saxlamaq şərtilə Allah kəlamını öz ləhcəsinə
müvafiq surətdə oxuyardı. Bu zaman qiraətdə
müəyyən fərqlər əmələ gəlirdi.
Məhəmməd əlayhissəlamın özü buna izn
verərək belə demişdi: "Quran yeddi ləhcədə
(yeddi hərf üzrə) nazil olmuşdur. Sizin
üçün hansı ləhcədə
mümkündürsə, həmin ləhcədə də
oxuyun! Lakin Peyğəmbərin vəfatından
sonra vəziyyət dəyişməyə başladı.
Quranın qiraətindəki sövti fərqlər bəzən
ləfzi fərqlərə gətirib
çıxarırdı, bəzi sözlərin yaxın və
ya oxşar səs tərkibi başqa sözlərlə əvəz
edilməsinə səbəb olurdu. Quranı əzbər bilən
əshabələrdən hər biri öz qiraət
variantını düzgün hesab edir, Allah kəlamının
məhz bu cür nazil olduğunu iddia edirdi. Nəticədə,
Quranın necə oxunması barədə böyük şəhərlərdə
mübahisələr başlandı, müsəlman
icmasının müxtəlif firqələrə
bölünməsi, müqəddəs Kitabın təhrif
olunması təhlükəsi yarandı. Ümmətin
ağıllı başçıları bu barədə
düşünməyə, yaranmış vəziyyətdən
çıxış yolu axtarmağa məcbur oldular.
Qurani-Kərimin vahid bir kitab
şəklində tərtibinə ilk dəfə Yəmamədə
baş verən bir vuruşda Allah kəlamını əzbər
bilən yetmişə qədər əshabə şəhid
olduqdan sonra, Ömərin təşəbbüsü ilə Əbu
Bəkrin xəlifəliyi zamanında başlanmış, sonra
bu iş Osmanın xəlifəliyi dövründə davam etdirilmişdi. Əbu Bəkr
həmin işi Peyğəmbər əleyhissəlamın əsas
vəhy katiblərindən biri olan Zeyd ibn Sabit başda olmaqla,
Quranı əzbər bilən bir neçə yaxın əshabəyə
tapşırmışdı. Onlar Peyğəmbər əleyhissəlam
dövründə dəri, sümük,
daş və xurma ağacının qabıqları üzərində
yazılmış, həmçinin bir çox əshabənin
hafizəsinə həkk olunmuş ayələrin hər birini
Allah kəlamını əzbər bilən iki mötəbər
şəxsin şahidliyi ilə qeydə aldıqdan sonra
bunları cild halına saldılar. Tərtib
edilmiş nüsxə əvvəlcə Əbu Bəkrin, sonra
isə Ömərin yanında saxlanırdı. Ömər vəfat
edərkən həmin nüsxənin öz qızında -
Peyğəmbərin zövcələrindən biri olan Həfsədə
qalmasını vəsiyyət etmişdi.
Tarixi
qaynaqlar Quran nüsxələrinin eyni zamanda Əli əleyhissəlam,
Peyğəmbərin digər əshabələri Übeyy ibn
Kəb, Abdullah ibn Məsud, Miqdad və Əbu Musa əl-Əşəri
tərəfindən yazıldığını da xəbər
verir.
Xəlifə
Osmanı isə yenidən bu işə sövq edən
aşağıdakı hadisə olmuşdu. Məşhur
sərkərdə Hüzeyfə bin əl-Yəman hicrətin
35-ci ilində suriyalı və iraqlı əsgərlərdən
ibarət ordunun başında Azərbaycan döyüşən
zaman şamlılar Übeyy ibn Kəbin, kufəlilər
Abdullah ibn Məsudun, bəsrəlilər isə Əbu Musa əl-Əşərinin
tərtib etdiyi Quranı oxuyur, hərə öz nüsxəsinin,
öz qiraətinin düzgün olduğunu iddia edirdi.
Hüzeyfə Mədinəyə qayıtdıqdan sonra Azərbaycanda
baş vermiş hadisəni Osmana danışıb, bu sahədə
təcili bir iş görməyin vacib olduğunu ona
demişdi. Xəlifə Osman özü də həmin fərqləri
hiss etmişdi. Çünki Mədinə qarelərinin öz
aralarında belə Quranın qiraəti barəsində bəzən
Allah kəlamının təhrif olunmasına gətirib
çıxarda bilən fikir ixtilafı var idi. Buna
görə də Osman Məhəmməd peyğəmbərin
yanında katiblik edən məşhur əshabələri bir
yerə yığıb Əbu Bəkrin xəlifəliyi
zamanında tərtib edilmiş Quranı onlara vermiş,
oradakı ayələri yenidən nəzərdən
keçirib dəqiq düzəlişlərlə vahid
bir mətn tərtib etməyi tapşırmışdı. Bir
müddətdən sonra Zeyd ibn Sabitin başçılıq
etdiyi bu işçi heyət Allah kəlamının vahid mətnini
tərtib etdi. Osman həmin mətni 4, yaxud 6 nüsxədə
yazdırıb, birini Mədinədə saxladı, digərlərini
Şam, Kufə və Bəsrəyə göndərdi. Qalan
bütün nüsxələr isə yığılıb
yandırıldı. Beləliklə, islam aləmində
Qurani-Kərimin bu gün əlimizdə olan vahid mətni
qaldı.
İslam
ərəb aləmində şəhər əhalisi sabitləşdikcə
onlar məscidlərə toplaşıb Quranı düzgün
oxumağı öyrənirdilər. Məscidlərdə
Quranı öyrənmək məqsədilə xüsusi məktəblər,
mədrəsələr təşkil olunduğu
üçün bu işi gözəl bilən müəllimlərə
böyük ehtiyac hiss olunurdu. Nəticədə,
Quranın qiraət variantları, avazla oxunması, təfsiri,
surə, ayə, söz və hərflərinin sayı
böyük diqqətlə öyrənilməyə
başlandı. Həmin dövrdə bu, bir tərəfdən
Allah kəlamını düzgün oxuyub, düzgün izah
etmək, digər tərəfdən isə islam dinini
möhkəm qorumaq, onun təhrif edilməsinə yol verməmək
sahəsində görülən ən zəruri iş hesab
olunurdu.
Quran
sözünün mənası "oxumaq", "tələffüz
etmək", daha doğrusu, Allahdan Məhəmməd əleyhissəlama
nazil olan sözlərin oxunması, tələffüz edilməsi
deməkdir. Qurana, həmçinin, müshəf (səhifələnmiş
kitab, lülə halında bükülmüş
kağız), zikr (xəbərdarlıq, xatırlatmaq,
öyüd-nəsihət), fürqan (haqla nahaqqı ayırd
edən) və s. də deyilir. Məhəmməd əleyhissəlama
ramazan ayında nazil olan Quran 114 surədən, müxtəlif
qiraət variantlarına və bölgülərə görə
6204, yaxud 6236 ayədən, 77934 sözdən ibarətdir.
Quranın fəsillərini təşkil edən surələr bir-birindən bismillahla
ayrılır. Yalnız IX surədə bismillah ifadəsi
yoxdur. Müfəssirlər bunun səbəbini onun VIII surənin
ardı olması ilə izah edirlər. Quranın ilk surəsi
fatihə istisna edilməklə, qalan surələr, əsasən,
uzundan qısaya qaydası ilə düzülmüşdür.
Surələrin, eləcə də bir sıra ayələrin
xronoloji ardıcıllığı isə təfsirlərdə
müəyyən edilmişdir. Hər surə ayələrə
bölünür: ayə bəzən bir, iki və ya bir
neçə cümlədən ibarət olur. Ayələrdə,
ümumiyyətlə, 1-dən 68-ə qədər söz
mövcuddur. Quranın ən uzun surəsi Bəqərə 286
ayədən, ən qısa surəsi Kövsər isə 3 ayədən
ibarətdir. Musanın Tövratından, İsanın
İncilindən fərqli olaraq Qurani-Kərim Peyğəmbər
əleyhissəlama birdən-birə, bütöv şəkildə
deyil, hissə-hissə, əvvəlcə Məkkədə,
sonra isə Mədinədə nazil olmuşdur. Odur
ki, Quranın nazil olması dedikdə onun Allah-taalanın əmri
ilə Cəbrail tərəfindən təqribən 23 il ərzində
Məhəmməd peyğəmbərə ayə-ayə, hissə-hissə
çatdırılması nəzərdə tutulur. İslam
alimlərinin fikrincə, Quranın təxminən 90 surəsi
Məkkədə, 24 surəsi, yəni beşdə biri Mədinədə
nazil olmuşdur. İlkin Məkkə surələri həcmcə
çox qısadır.
Bütün ərəb qəbilələrinin
ən müqəddəs ziyarətgahı Kəbənin yerləşdiyi
Məkkədə yaşayan Qüreyş qəbiləsinin ləhcəsi
VI-VII əsrlərdə Ərəbistan yarımadasında əvvəlcə
ümumxalq dili, sonra isə ədəbi dil rolunu oynamağa
başlamışdı. İslamdan qabaqkı dövrdə bu dildə artıq Muəlləqat kimi
möhtəşəm poeziya nümunələri
yaradılmış, onlar ölməz sənət əsərləri
kimi Kəbənin divarlarından asılmışdı.
Qüreyş ləhcəsində nazil olmuş Qurani-kərim
isə ərəb dilində ilk təkrarolunmaz nəsr
nümunəsidir.
Dünya
mədəniyyətinin ən möhtəşəm abidələrindən
biri olan Qurani-Kərim müsəlmanlığın dini-fəlsəfi,
hüquqi qaynağı olmaqla yanaşı, həm də
çox mühüm bir ədəbi-tarixi mənbədir. Quranda ərəblərin islamdan əvvəlki tarixinə,
adət-ənənələrinə, həyat tərzinə,
dinlərinə, sami xalqlarının
dünyagörüşünə, etiqadlarına, ümumiyyətlə,
bəşər tarixinə, onun keçmişinə və gələcəyinə
dair çox qiymətli məlumatlar vardır. Qurani-Kərim
Yerin, Günəşin, Ayın, səyyarələrin hərəkət
etməsini heyrətamiz bir şəkildə bəyan etmiş,
sonradan baş verəcək bir çox hadisələr, elmi kəşflər
barəsində doğru-düzgün məlumat vermişdir.
Quranın hələ lazımınca
açılmamış, dərk edilməmiş ayələri
isə bu gün insan idrakına sığmayan gələcək
elmi kəşflərdən xəbər verir. Həmin elmi kəşflər,
ixtiralar bir-bir yerinə yetdikcə, Quran ayələrinin də
əsl məzmunu, mahiyyəti tədriclə
anlaşılır. Eyni zamanda həyat, cəmiyyət
inkişaf etdikcə, elmi kəşflər, müasir kosmik tədqiqatlar
artdıqca, həmin ayələr yeni məzmun, yeni mahiyyət
kəsb edir və yenə də insan idrakı
üçün bir müəmma olaraq qalır. Qurani-Kərimi oxuyan onun təkcə çətin,
mütəşabih ayələrinin deyil, eyni zamanda zahirən
asan anlaşılan ayələrinin də arxasında batini bir
məna, rəmz olduğunu görüb bundan heyrətini gizlədə
bilmir və onun doğrudan da fövqəlbəşər
söz, Allah kəlamı olduğuna inanır. Peyğəmbər
əleyhissəlamdan rəvayət olunan bir hədisdə bu barədə
deyilir: "Quranın zahiri və batini (daxili məzmunu, gizli mənası)
var, batininin də batini var. Onun batini yeddiyə qədərdir".
Burada
yeddi rəqəmi bildiyimiz müəyyən say ədədi
deyil, qədim ərəblərdə işlənən intəhasız
çoxluq mənasındadır.
Böyük
türk şairi Cəlaləddin Rumi bu hədisi nəzmə
çəkərək yazmışdır: "Bil ki,
Quranın zahiri vardır. Zahirin altında isə çox
çətin anlaşılan bir batin vardır. O batinin
altında daha bir batin, sonra isə üçüncü batin
mövcuddur ki, orada bütün ağıllar özünü
itirib çaşbaş qalar…"
Məhz buna görədir ki,
Qurani-Kərim nazil olduğu gündən indiyə qədər
ona çox mötəbər alimlər tərəfindən
yüzlərcə, minlərcə çoxcildlik təfsirlər
yazılmasına, haqqında saysız-hesabsız tədqiqatlar
aparılmasına baxmayaraq, bu Allah kəlamının bir çox mütəşabih, qəliz ayələri
hələ də açılmamış qalmış, onlar
barəsində müxtəlif mülahizələr söylənmiş,
nəhayət,
"ən yaxşısını, ən doğrusunu Allah
bilir", - deyə, əsas məna elmi-ilahinin Özünə
həvalə edilmişdir. Başqa sözlə,
zülmətləri yaran bir nur, haqqa yol göstərən bir
çıraq olan Quran, əsl Allah kəlamı kimi dövrə,
zamana görə açıqlanır, həmin dövrdə
yaşayan insanların əqli, elmi səviyyəsinə
müvafiq şəkildə təfsir edilir. Hər gələn
nəsil özünü narahat edən məsələlərə
Quranda cavab tapa bilir. Bundan da böyük möcüzə
olarmı?!
Qeyd etdiyimiz kimi, islamın ilk
dövrlərində Qurani-Kərim göydən nazil
edilmiş Kitab olmaqla yanaşı, eyni zamanda bütün elmləri,
ictimai-siyasi həyatın ən mühüm problemlərini, cəmiyyəti
düşündürən və narahat edən məsələlərin
cavabını, müsəlman icmasının əsas
hüquqi məsələlərini özündə cəmləşdirən
yeganə nüfuzlu mənbə hesab olunurdu. Yeni
dinin tədriclə beyinlərə, fikirlərə hakim kəsildiyi,
həyatın bütün sahələrinə nüfuz etdiyi
bir dövrdə qapalı qəbilə həyatına adət
etmiş bütpərəst ərəblərin
qarşısına ictimai-iqtisadi münasibətlər, ailə
həyatı, qohumluq-dostluq əlaqələri, fərdi həyat,
ibadət, etiqad və başqa məsələlərlə
bağlı yeni problemlər çıxır, onlar həmin
problemləri həll etmək üçün yollar
axtarırdılar. Bu məqsədlə tez-tez Peyğəmbər
əleyhissəlama müraciət edilir, ondan bu və ya digər
müşkül məsələnin açılması, həll
olunması xahiş edilirdi. Peyğəmbərimiz Allah dərğahına
üz tutub bu suallara cavab istəyir, həmin cavablar ona
Allah-taala tərəfindən Cəbrail vasitəsilə ayə-ayə
nazil edilirdi. Bəzən eyni bir məsələyə
müsəlman icmasının inkişaf səviyyəsinə
müvafiq olaraq müxtəlif cür yanaşılır, eyni
bir suala dövrə görə müxtəlif cavablar verilirdi.
İcmanın ilk dövründə bütpərəst ərəbləri
yeni dindən uzaqlaşdırmamaq məqsədilə caiz
buyurulan bir şey, sonralar tədriclə qadağan edilir, bir ayənin
hökmü başqa bir ayə ilə ləğv olunur,
Quranın öz təbiri ilə desək, ondan daha
yaxşısı, daha mükəmməli ilə əvəz
edilirdi. Müsəlman icmasının ilkin inkişaf dövründə zinət
hesab edilən, buna görə də yasaq buyurulan bir şey
onun sonrakı
inkişaf dövründə zərurətə çevrildiyi
üçün caiz hesab olunurdu. Məsələn, Quranda
şərab haqqında üç ayə nazil olmuşdur. Birinci ayədə şərabın insana həm
xeyir, həm də zərər verdiyi, lakin zərərinin
xeyrindən çox olduğu göstərilmiş, ikinci ayədə
sərxoş vəziyyətdə namaza yaxın durmamaq əmr
olunmuş, üçüncü ayədə isə şərab
haram buyurularaq onu içmək qadağan edilmişdi.
Quranda bu cür ayələr çoxdur. Onların
araşdırılması ilkin islam icmasının təşəkkülünü
və inkişaf dövrlərini öyrənmək
baxımından müstəsna əhəmiyyət kəsb
edir. Maraqlıdır ki, olduqca çevik, dinamik
bir din olan, cəmiyyətin inkişaf mərhələlərinin
qanunauyğunluqlarını həmişə nəzərə
alan islam dininin Qurandan gələn bu ənənəsi,
Peyğəmbərin vəfatından, vəhy kəsildikdən
sonra da, Quran təbirilə desək, "elmdə qüvvətli, möhkəm olan" müctəhidlər, alimlər
tərəfindən davam etdirilmişdir. İslam dini qüvvətləndikcə,
bütpərəstlik təhlükəsi aradan qalxdıqca
müəyyən bir dövr üçün qadağan
olunmuş bu və ya digər bir şey, başqa bir dövr üçün
caiz buyurulmuşdur. İslam beynəlmiləl
dinə çevrildikdə hüquqi məsələlərdə
mötəbər müsəlman alimlərinin hər hansı
bir şəri məsələ barəsində ümumi fikir
razılığı ilə yanaşı, islamı qəbul
etmiş qeyri-ərəb xalqların adət-ənənələri
də nəzərə alınmağa başlanmışdı.
Bütün bunlar islam dininin çox vaxt heç bir təbliğat
olmadan sürətlə yayılmasına səbəb olurdu.
Göründüyü kimi, islam donuq ehkam deyil, zamanın tələblərini,
cəmiyyətin inkişaf qanunauyğunluqlarını nəzərə
alan, onlarla hesablaşmağı məharətlə bacaran bir
dindir.
Bəzən də Allah-taala
Peyğəmbər əleyhissəlamın və möminlərin
nəzər-diqqətini hər hansı bir işin
mühümlüyünə, vacibliyinə cəlb etmək məqsədilə
eyni bir sözü, fikri müxtəlif surələrdə təkrar-təkrar
onların yadlarına salır. Məhəmməd
əleyhissəlamın çətin anlarında özündən
əvvəlki peyğəmbərlərin hekayətləri,
onların başına gətirilən müsibətlər dəfələrlə
xatırladılır, ona təsəlli verilir, səbrli, təmkinli
olmaq tövsiyə edilir. Müfəssirlərin bəziləri
Quranda 114 dəfə təkrar edilən bismillahın belə hər
surədə yeni bir məna ifadə etdiyini göstərmiş,
onları izah etmişlər. Qurani-Kərimdə
çoxlu təkrarlar, qarmaqarışıqlıqlar, ziddiyyət
olduğunu idda edən bəzi tənqidçilər və
ateistlər bunların Allah kəlamında bilərəkdən,
məhz yuxarıda göstərdiyimiz məqsədlərlə
edildiyini, təəssüf ki, görmür, ya da qəsdən
görmək istəmirlər. Qeyd etmək
lazımdır ki, Quranın özündə orada heç bir
ziddiyyət olmadığına, eləcə də bu və ya
digər fikrin qüvvətli təlqin məqsədilə təkrar-təkrar
verildiyinə işarə olunmuşdur (XXXIX, 23).
Qurani-Kərim Adəm oğluna
valideynlərinə hörmət göstərməyi, son nəfəsə
qədər onların qulluğunda durub ehtiramlarını
gözləməyi, qohum-əqrəbaya kömək etməyi,
qohumluq əlaqələrini qoruyub saxlamağı, onları
daha da möhkəmləndirməyi əmr edir. Qurani-Kərim yetimi ərsəyə
çatdırıb malını qorumağı, ona
düşən mirasdan bir çöpə belə haqsız
yerə toxunmamağı, yoxsula, miskinə, müsafirə, qəribə,
dilənçiyə, ümumiyyətlə, ehtiyacı olan hər
bir kimsəyə təmənnasız yardım göstərməyi
vacib buyurur.
Qurani-Kərimdə bir tərəfdən
təkallahlığın, tövhidin çox ciddi və
ardıcıl qoyulması, digər tərəfdən ictimai ədalət
prinsiplərinin və əxlaq məsələlərinin
ön plana çəkilməsi - məhz bu amillər
müasir dövrdə islam dininin inkişaf etmiş Avropa
ölkələrində, ABŞ və Kanadada kütlələr,
xüsusilə ziyalılar içərisində missionersiz
yayılmasına zəmin yaradır. Bu isə, təbii ki, Qərbdəki
bir sıra dairələri narahat edir. Səlman Rüşdi
kimi avantüristləri və ona dil verənləri yerindən
oynadan, hiddətləndirən, onu "şeytan ayələri"
kimi cəfəngiyat yazmağa təhrik edən də elə həmin
narahatçılıqdır.
Qurani-Kərim
səc-qafiyəli nəsr şəklində nazil olmuşdur. Qurandakı kəlmələr və ifadələr,
söz sırası, sövti tərkib, səs uyuşması
baxımından bir-birinə elə qaynaq edilmişdir ki, orada
bir sözün yerini dəyişmək, bir sözü, yaxud
bir hecanı belə atmaq qeyri-mümkündür. Qurani-Kərimdə tələffüz edilən səslər,
işlədilən sözlər, ifadə və tərkiblər
klassik ərəb dilində işlənən səs, söz,
ifadə və tərkiblərdən ibarət olmasına
baxmayaraq, Allah kəlamı içində onların
seçilişi, düzülüşü, ardıcıllığı, lakonikliyi və tutumu o qədər
qeyri-adidir ki, o, həmin dövrdə söylənmiş
xütbələrə, yazılmış şeirlərə əsla
bənzəmir, oxunanda insana əsrarəngiz təsir
bağışlayır, dinlənəndə isə qulaqda
tamam başqa cür, yeni ahənglə səslənir.
Xüsusilə Quran avazla oxunduqda bu səslər və sözlər
üzvi surətdə bir-birinə qovuşub ilahi bir harmoniya
yaradır.
Məlumdur ki, Qurani-Kərim
nazil olduğu dövrdə Ərəbistan yarımadasında
şeir, natiqlik sənəti çox inkişaf etmiş, fəsahət
və bəlağət özünün ən yüksək
zirvəsinə çatmışdı. İmruulqeys, Əntərə,
Nabiğə, Züheyr, Əşa, Xənsa, Həssan ibn Sabit
kimi şairlərin şöhrəti bütün ərəb qəbilələri
arasında yayılmışdı. Ərəb qəbilələrinin
əksəriyyətinin axışıb gəldiyi Ukaz
bazarında təkcə alver getmir, ticarət sazişləri
bağlanmır, eyni zamanda qədim Afinada olduğu kimi,
şair və natiqlərin müsabiqələri də keçirilirdi.
Müsabiqə zamanı oxunan şeirlərin,
söylənən xütbələrin münsiflər tərəfindən
qiymətləndirilməsi o dövrdə yazılı surətdə
olmasa da, şifahi şəkildə bütün Ərəbistan
yarımadasında intişar tapmış ümumi estetik tələblər,
müəyyən stilistik normalar əsasında həyata
keçirilirdi. Az sözlə çox şey
deməyə, bütöv bir fikri qüsursuz ifadə etməyə
xüsusi əhəmiyyət verilirdi. Şeirin, natiqliyin,
üslubiyyatın yüksək inkişaf etdiyi belə bir
dövrdə nazil olmuş Qurani-Kərim ərəblərin
şöhrəti dillər əzbəri olan bütün
möhtəşəm sənət əsərlərini
öz təkraredilməz gözəlliyi ilə kölgədə qoymuş, onların
bədii təsir qüvvəsini heçə endirmişdi. Həmin dövrdə və sonrakı vaxtlarda bir
çox görkəmli ərəb şair, nasir və xətibləri
Məhəmməd peyğəmbərin Quranı özündən
uydurduğunu iddia edərək ona bənzər nümunələr
yaratmağa cəhd göstərmiş, lakin sonda bu cəhdlərinin
boşa çıxdığını görüb
Quranın həqiqi Allah kəlamı, asimandan nazil edilmiş
bir möcüzə olduğunu etiraf edərək islama
dönmüşdülər.
Qurani-Kərim
insan sözü, bəşər kəlamı deyildir. Bu, uzun əsrlərin
təcrübəsində dəfələrlə sübut
olunmuşdur. Mötəbər rəvayətə
görə, bir ərəb şairi kağız üzərinə
bir şeir yazmış, misralar arasına bir neçə sətir
hədis və bir Quran ayəsi əlavə edib onu islam dinindən
və Qurandan xəbəri olmayan, lakin ərəb dilini
çox gözəl bilən bir bədəviyə (səhrada yaşayan köçəri ərəbə)
oxutdurmuşdur. Bədəvi şeiri oxumuş, hədisə
çatdıqda: "Bu, yuxarıdakı sətirlərə bənzəmir,
buradakı sənət daha yüksəkdir", - demiş,
Quran ayəsinə yetişdikdə isə şaşqın bir
vəziyyətdə: "Bu isə heç bir sözə bənzəmir.
Burada məna içərisində məna vardır.
Hamısını anlamağa imkan yoxdur!" - söyləmişdi.
Bəşər mədəniyyətinə
ölməz poeziya nümunələri, cahanşümul sənət
əsərləri bəxş etmiş ərəb ədəbiyyatında
Quran qədər güclü və təsirli poetik nəsr
nümunəsi yaradıla bilməmiş, o, təkraredilməz,
təqlidolunmaz bir kəlam kimi qalmış və
şübhəsiz ki, dünya durduqca da qalacaqdır.
Qurani-Kərimin özgə dilə
tərcüməsi ilə əlaqədar yuxarıda deyilən
çətinliklərlə yanaşı, Məhəmməd əleyhissəlam
bütün bəşəriyyətə peyğəmbər
göndərildiyinə, Quran dünya mədəniyyətinin ən
möhtəşəm abidələrindən biri olduğuna
görə o, başqa dillərə tərcümə
olunmalı və yayılmalıdır.
Vasim MƏMMƏDƏLİYEV,
akademik
---------------------------------
Mənə
bəxş edildi...
...Ona
Quranı nazil etdi. Bir Kitab ki, işığı sönməz,
parıltısı azalmayan çıraqdır. Dərinliyinə
heç kimin vara bilmədiyi dənizdir, yolçunu
azdırmayan bir yoldur. İşığı
solğunlaşmayan nurdur.
Həzrət
İmam Əli (ə)
Ya
həbibullah! Ya xeyrül-bəşər! -
müştaqinəm,
-
Eylə
kim, ləbtəşnələr yanıb dilər
həmvarə
su!..
Füzuli
Mənə
bəxş edildi
Qurani-Kərim,
-
Qərq
oldu işığa yorğun gözlərim!..
Qayğılar
içində təngnəfəsdim, -
Dedim
bir göz açım,
bir
nəfəs dərim...
Gördüm
bu işıqda
ötən
illəri, -
Yaşayan
illəri, itən illəri.
Sanki
üşüyürdüm, gəzdi saçımda
İlahi
qüdrətin isti əlləri.
Dünya
həm sevincdi,
həm
də iztirab, -
İnsandır
gətirir hər əzaba tab;
Yer
üzündən şəri bəşər siləcək, -
Bir əlində
qələm,
birində Kitab!..
Ayaz VƏFALI
Ədəbiyyat qəzeti.- 2013.- 25
yanvar.- S.2-3.