Hər kəsin taleyində
olan yazıçı
Behiştlik Mövlana Cəlaləddin
Rumi "Ney insanın
ən yaxın olanı, onun ruhunun şəkli, səsi kimidi"
- deyə səslənirdi qəlb dostlarına.
Aprelin 2-də Azərbaycan Dövlət Akademik
Milli Dram
Teatrının səhnəsində xalq yazıçısı,
görkəmli ədib İsa
Muğannanın (Hüseynov) ilahi söz uğrunda şam kimi əriyən cismi
önündə, tabutu başında neylə
insan səsi bir
aradaydı. "Ənənəvi bir sual var, - deyirdi
İsa müəllim, - çox vaxt məndən soruşurlar
ki, indiki ağılla
dönüb uşaqlığına qayıtmaq
istəyirsənmi?"
Cavabını da özü verir, özü öz səsiylə
açıqlayırdı: "Uşaqlığım çox romantik keçib. Hər anı mənə əzizdi…
Ancaq gəncliyimə dönmək istəmirəm.
O ağır günlər getsin,
qayıtmasın…"
Onun səsiydi… Yenə də kövrək, həzin,
eyni zamanda məntiqli…
Ötən əsrin 60-cı illərindən bəri bu səsin pıçıltılarından
barınan bütöv nəsillər var.
Qara haşiyəli böyüdülmüş
şəklindən boylanıb baxan İsa müəllimin kövrək cüssəsiylə
yazıb-yaratdığı əsərlərinin mənəvi
gücü, çəkisi yenə ziddiyyətdəydi
elə… Yenə tütək səsi, ney səsi
idi onun duyğusunu şəkilləndirən. Yenə könüllərdə saz dillənirdi.
Son müsahibəsini
xatırlayırdım. Soruşmuşdum:
"İsa müəllim, möcüzə
baş versə, bu an, bu zamanın
özündə kimi görmək, kiminlə
dərdləşmək istərdin?!"
Düşünüb-daşınmadan demişdi:
"Mehdi qağamı, Səməd
qağamı istəyir könlüm".
O istəyinə yetməyin
vaxtı gəlmişdi. Yenə ney səsiylə
qovuşurdular.
Azərbaycan Prezidentinin sayğısını təcəssüm
etdirən əklil görkəmli yazıçının
adına layiq idi.
Yazıçılar Birliyinin gül çələngi
sevgi nişanəsi kimi
dururdu.
Vida mərasimini Baş nazirin müavini, xalq yazıçısı Elçin
açdı: "Yalnız Azərbaycan ədəbiyyatına
deyil, ümumən Azərbaycan mədəniyyətinə,
xalqımıza ağır itki üz verib. Böyük yazıçımız, böyük qələm sahibi
İsa Hüseynov Muğanna vəfat edib. İsa Hüseynov iyirminci əsr Azərbaycan ədəbiyyatının
klassiki idi. Bu klassiklik səlahiyyətini o,
xalqına, vətəninə xidmət edən ölməz əsərlərilə
qazanıb. İsa müəllim ən böyük əsrələrini sovet dövründə yazmışdı. Ancaq onun
yaradıcılığının ilk dövrünü əhatə edən əsərləri
sosializm-realizm metodu
çərçivəsinə qapanıb
qalmamışdı. İlk hekayə və
povestlərində belə azadlıq, sərbəstlik ruhu var idi.
"Kollu koxa"nı belə
yazmışdı, "Şəbbəli"ni,
"Saz"ı, "Teleqram"ı belə
yazmışdı. Bu günün
özündə də oxuyanda
görürsən ki, bu
əsərlər dünya ədəbiyyatının
çox bitkin
nümunələrindəndir, heç cür sovet
ideologiyasının başqı və həmlələrini
özünə yaxın buraxmayan əsərlərdir.
İsa müəllimin itkisi
şəxsən mənim üçün
də ağırdır. Ömrümüzün
axırına qədər yazıb-yaratmalıyıq ki, onun borcundan
çıxaq. Mən hələ on dörd-on beş
yaşında olarkən ilk qələm təcrübələrimi
fikrini bildirmək üçün
İsa müəllimə oxuyardım. O,
altmışıncı illər ədəbi nəslinin müəllimi
idi; həm əsərləri, həm də
cismani baxımdan. O, Azərbaycan
xalqını sevən, milli-mənəvi dəyərlərimizə
bağlı, mentalitetimizə bələd olan
bir vətəndaş idi.
Onun ümummilli lider Heydər Əliyevə xüsusi
bir məhəbbəti vardı və bu münasibət qarşılıqlı bir xətir-hörmətə söykənirdi.
Yadımdadı, 1972-ci ildə Nəsiminin yubileyinə
hazırlıq gedən zaman milli düşmənlərimiz mane
olmaq istəmişdilər. Xalq yazıçısı Mirzə İbrahimov onların cavabını vermiş və bu barədə
xalqımızın böyük oğlu Heydər Əliyevə bildirmişdi.
Heydər Əliyev o zaman
"Nəsimi" filminin çəkilməsini
tapşırmış və filmin ssenarisini məhz İsa
müəllimə həvalə etmişdi…"
Xalq yazıçısı sonra
İ.Hüseynovun ədəbiyyatımız
qarşısındakı xidmətlərindən ətraflı
bəhs etdi.
Mədəniyyət və
turizm naziri
Əbülfəs Qarayev də İ.Hüseynovun bənzərsiz
yaradıcılığından, mənalı ömür
yolundan söz
açdı: "Bu qüdrətli sənətkarın
bədii əsərləri, təsvir etdiyi
hadisələr o qədər
canlıdır ki, oxucu
yaddaşından ömürlük silinmir, əsərlərinin humanizmi
fəlsəfi dəyərləri əks etdirir.
Onun düşüncə tərzi bizim kainat, Yer
kürəsi ənginliklərində uçurdu.
Şəxsiyyəti örnək idi. Azərbaycan
dövləti onun yaradıcılığını
həmişə yüksək qiymətləndirib, əsərləri
xalq tərəfindən sevilə-sevilə
oxunub".
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar
vida mərasimində
çıxış edərək dedi:
"İtkimiz çox
böyükdür. Bu
itki xalqımızın, ədəbiyyatımızı
və İsa Hüseynovu
sevən, ona pərəstiş edən hər
bir kəsin itkisidir.
İsa müəllimin mənim ədəbi taleyimdə də böyük rolu olub. İlk hekayəmin
çapına o kömək edib. İlk
kitabımın çapına yaradılan əngəlləri
dəf edib. Ən əsası, Azərbaycan
nəsrinin incilərini yaradıb. İsa
müəllim dövlətimizin çox
yüksək fəxri
adlarını, mükafatlarını alıb. Qürur
duyuram ki,
Yazıçılar Birliyinin təsis etdiyi "Nəsimi" mükafatını da ilk dəfə məhz İsa müəllimə vermişik.
Onun yeri həmişə
görünəcək, əsərləri yaşayacaq".
Xalq şairi Nəriman Həsənzadə
İsa müəllimdən böyük Azərbaycan ədəbiyyatının
böyük varisi kimi söz açdı:
"O, ədəbiyyatımızın vicdan
səsi idi. İnsan kimi də, müdrik
yazıçı kimi də səmimiyyət
mücəssəməsi idi.
Yazdığı əsərlər qalsın bir
yana, özü
yazılmamış bir əsər oldu…"
Vida mərasimində xalq artisti Eldar Quliyev
böyük yazıçıyla
bağlı xatirələrini dilə gətirdi, ustadın
qızı Sevinc xanım bu
kədərli gündə atasının xatirəsinə
göstərdiyi ehtirama görə Azərbaycan
Prezidenti İlham
Əliyevə, mərasimdə vida sözü söyləyənlərə və atasının xatirəsini əziz tutan hər kəsə dərin minnətdarlığını
bildirdi: "O, göylər
adamıydı, mələk kimi gəlmişdi,
gəldiyi kimi də getdi…"
Vida mərasimini Baş nazirin müavini, xalq yazıçısı Elçin
yekunlaşdırdı.
Görkəmli
yazıçının cismi Fəxri xiyabanda əbədi məkanına
tapşırıldı.
Son arzusu da yerinə yetdi - "Ruhani" çalındı qəbri
başında.
Ruhu şad olsun.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2014.- 4 aprel.- S.1.