Milli özünüdərkin güzgüsü

 

İlyas Əfəndiyev-100

     

XX əsr Azərbaycan ədəbyyatının klassiki, ünlü nasir və dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin zəngin bədii yaradıcılığının milli şüurun və özünüdərkin formalaşmasında xüsusi rolu oldu. Qüdrətli qələm sahibinin çoxşaxəli yaradıcılığı XX əsr Azərbaycan gerçəkliyinin, ədəbiyyat və mədəniyyətinin milli bədii salnaməsidir. İlyas Əfəndiyev həm nəsr əsərləri, həm də dramaturgiyası ilə sovet dövrü ədəbi prosesində və eləcə də teatr prosesində sosializm realizminin ideoloji ehkamlarına boyun əymədi. Xalq yazıçısı dram əsərlərilə Akademik Milli Dram Teatrımıza yeni çalar, yeni ruh, yeni üslub və təravət gətirdi. Dramaturgiyamızda lirik-psixoloji dram məktəbini və onun poetikasını yaratdı.

 

İlyas Əfəndiyev yaşı əsr yarımlıq həddə yaxınlaşan peşəkar teatrımızın əlli illik repertuar ağırlığını çiyinlərində daşıdı. Dramaturgiyamıza onlarca kamil və orijinal obrazlar qalereyası bəxş etdi. İlyas Əfəndiyev Azərbaycan milli teatrında lirik-psixoloji üslubun təməlini qoydu və onun formalaşması üçün ölməz sənət əsərləri yaratdı. Rejissorlar yeni janr, üslub, ifadə vasitələri axtarışlarında öncə İlyas Əfəndiyev dramaturgiyasının incilərinə istinad etdilər. Mövzuların bəşəriliyinə, konfliktlərinin psixoloji dərinliyinə, mənəvi-əxlaqi dəyərlərin miqyasına görə İlyas Əfəndiyevin bədii irsi bu gün də aktualdır. Görkəmli ədəbiyyatşünas, professor Yaşar Qarayev yazırdı ki, «Azərbaycan tarixi barədə klassik sənədlər - yeddi «Qarabağnamə» var. Bütünlükdə İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci «Qarabağnamə» hesab edirəm». Altmış illik yaradıcılığı dövründə İlyas Əfəndiyev yeddi roman - «Söyüdlü arx», «Körpüsalanlar», «Dağlar arxasında üç dost», «Sarıköynəklə Valehin nağılı», «Geriyə baxma, qoca», «Üçatılan», «Xan çinar»; beş povest - «Kənddən məktublar», «Aydınlıq gecələr», «Torpağın sahibi», «Qaçaq Süleymanın ölümü», «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı»; qırx yeddi hekayə, bir çox oçerklər, xatirələr və esselər yazıb. 50 ildən çox teatrlarımızın repertuar ağırlığını çiynində daşıyan qüdrətli sənətkarın dram əsərləri yeni rejissor və aktyor nəslini formalaşdırdı. İlyas Əfəndiyevin tarixi dramlarında əsas aparıcı xətt qəhrəmanlıq motivləridir. Onun keçən əsrin 70 - 90-cı illərində qələmə aldığı «Mahnı dağlarda qaldı» (1971), «Xurşidbanu Natəvan» (1981), «Şeyx Xiyabani» (1986), «Sevgililərin cəhənnəmdə vüsalı» (1989), «Tənha iydə ağacı» (1991), «Dəlilər və ağıllılar» (1992), «Hökmdar və qızı» (1994) tarixi dramları keçmişə yeni təfəkkürlə yanaşması, xalqımızın azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır. İlyas Əfəndiyev tarixə müraciət edəndə yaşadığı dövr haqqında fəlsəfi mühakimələr aparmaq, müasiri olan insanların mənəvi-əxlaqi dünyasını araşdırmaq, cəmiyyət və fərd, insan və zaman arasında münasibətləri aydınlaşdırmaq üçün keçmişə qayıdır, dövrün ictimai-fəlsəfi mənzərəsini gerçək müstəvidə verməyə çalışırdı. 90-cı illərdə dramaturqun pyesləri Türkiyənin Ankara, Ərzurum, Sivas və Kayseri şəhərlərində nümayiş etdirildi və qardaş ölkədə hərarətlə qarşılandı. Müasir türk mətbuatı dramaturqu Azərbaycan ədəbiyyatının canlı klassiki adlandırmışdı. Türkiyənin məşhur rejissoru Kənan İşıq müsahibələrinin birində demişdi: «Siz bu iki tamaşa ilə (söhbət dramaturqun «Sevgililərin cəhənnəmdə vüsalı» və «Bizim qəribə taleyimiz» tamaşalarından gedir) bütün Avropa ölkələrini gəzə bilərsiz. Çünki bu əsərlərdə qaldırılan problemlər millətindən asılı olmayaraq, bütün insanlara aiddir».

Ustad sənətkar öz yaradıcılığı etibarilə klassik irsə, milli ədəbi ənənələrə dərin köklərlə bağlı idi. İlyas Əfəndiyevin əsərləri bir sıra dünya xalqlarının dillərinə tərcümə olunmuş və həmin məmləkətlərdə yaşayan insanların mənəvi aləminə daxil olmuşdur. Sevindirici haldır ki, İlyas Əfəndiyevin oxucu auditoriyası öz çevrəsini mütəmadi olaraq genişləndirməkdədir. Təbii ki, zaman keçdikcə mütəfəkkir sənətkarın yaradıcılığına olan maraq və sevgi daha da artacaq. İlyas Əfəndiyevin ibrətamiz və mənalı həyat yolu sübut edir ki, yazıçının ən böyük vəzifəsi onun yüksək mündəricəli əsərləri, ən böyük sərvəti isə oxucu məhəbbətidir. «İnsan yalnız fədakarlıq göstərəndə öz varlığını sübut edir»- sənətkarın demək olar ki, bütün əsərlərinin leytmotivinə çevrilən əsl ideya budur. Onun çoxmilyonlu oxucularının qəlbinə yol tapan müsbət qəhrəman obrazları da məhz bu ideyanın bədii təcəssümüdürlər. İlyas Əfəndiyevin mədəniyyətimizin inkişafındakı ən böyük xidməti heç şübhəsiz, onun milli teatrımıza bəxş etdiyi dram əsərləri ilə ilişgilidir. H.Cavid, C.Cabbarlı, S.Vurğun kimi dramaturqlardan sonra estafeti ələ alan və onu inamla irəliyə aparan dramaturq teatrımızda xüsusi bir mərhələ təşkil edən «İlyas Əfəndiyev teatrı»nı formalaşdırdı. Dramaturqun yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərib. Azərbaycan teatr poetikası bədii-estetik siqlətini geniş anlamda «İlyas Əfəndiyev teatrı»nda tapdı.

Dramaturqun yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. 1968-ci ildə «Unuda bilmirəm» pyesi ilə ilk dəfə olaraq bu mövzu səhnəmizdə öz bədii təcəssümünü tapdı. Səciyyəvidir ki, ictimai fikir tariximizdə və ədəbiyyatda bu mövzu qadağan olunduğu bir dövrdə səhnəyə gəldi. Burada həm də Gürcüstan ərazisində qalmış qədim Borçalı mahalının xəritədə Azərbaycanın hüdudları daxilində səhnədən tamaşaçıların gözləri önündə nümayiş etdirilməsi o dövrdə sənətkardan böyük cəsarət tələb edirdi. O zamalar əsərə güclü təzyiqlər olsa da, bu tamaşa on yeddi il fasiləsiz repertuardan düşmədi və 500 dəfədən çox göstərildi. Dramaturqun tarixi dramlarında aparıcı xətt milli azadlıq və qəhrəmanlıq motivləridir. Onun tarixi dramları tarixə yeni təfəkkürlə yanaşması, yeni münasibəti, xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır. Bu dramlarda istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümünü görürük. Sovet hakimiyyəti illərində ideoloji sistemin sərt qayda-qanunları bu mövzuda danışmağı və əsərlər yazılmasını həmişə yasaq etmişdi. Rus imperiyasının və fars şovinizminin bu çirkin siyasəti kommunist rejiminin qılıncının dalının və qabağının kəsərli vaxtlarında daha da gücləndi «Sosializm realizmi» deyilən qondarma (əslində ideologiyanı təbliğ edən) bir metodun tüğyan etdiyi zamanda xalq yazıçısı öz mənəvi dünyasında yaşatdığı əsl sənət əsərlərini yaratdı. Vətənimizi iki yerə parçalayan müstəmləkəçilik siyasəti, xalqımızın bütövlüyü və müstəqilliyi hər an sənətkarı düşündürən əsas məsələlərdən olub. Cənubi Azərbaycanın tarixi olayları, milli xalq qəhrəmanlarının şərəfli mübarizə yolları, tarix və ədəbiyyatı, mədəniyyət və dil məsələlərinin dərindən tədqiq edilib öyrənilməsinə xalq yazıçısı ciddi əhəmiyyət verirdi. Xüsusilə, milli folklor xəzinəmizin toplanmasında və nəşrində Cənubi Azərbaycan folklorunun oraya qatılmasını da ustad sənətkar vacib sayırdı. Sovet ideologiyasına xidmətdən hər zaman uzaq olan yazıçı müsahibələrinin birində yazırdı: «Hər xalqın taleyində müqəddəs, göynərtili dərdlər olur. Azərbaycan xalqının da belə faciələrindən biri onun ikiyə parçalanması, qardaşın qardaşa həsrət qalmasıdır. Bu elə dərddir ki, Azərbaycan dilində yazan hər bir sənətkarın ürəyində qubar bağlayıb. Kimi az, kimi geniş şəkildə müxtəlif formalarda həmin mövzulara müraciət edib. O cümlədən mən də». Azərbaycanın bütövlüyü ideyası heç bir vaxt sovet rejiminə sərf etməyib. Bütün bu qadağalara baxmayaraq, dramaturq bir sıra əsərlərində Cənub mövzusuna geniş yer ayırdı. Və bu əsərlərində vətənimizi iki yerə parçalayan müstəmləkəçilik siyasətini kəskin ifşa etdi. İdeoloji sistemin sərt qayda-qanunları yazıçılarımızı bu mövzuda yazmağı yasaq etdiyi bir dövrdə ustad sənətkarımız Arazın o tayındakı yurddaşlarımızın hüquqsuzluğuna, tarixi taleyinə, mənəvi suverenliyinə və azadlığına üz tutdu. Bu ayrılığın acısını, insani hüquqları tapdanmış yurddaşlarının acınacaqlı taleyini düşünən sənətkar yazırdı: «Ümumiyyətlə, bu ayrılığın acısını qəlbimdə həmişə hiss edirəm. Yeri gəldikcə, istər «Apardı sellər Saranı», «Qarı dağı», «Gənclər» və sairə nəsr əsərlərində, istərsə də «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Natəvan», «Büllur sarayda», «Bizim qəribə taleyimiz» pyeslərimdə bu barədə bəzən dolayı yolla, bəzən də birbaşa sözümü deməyə çalışmışam. Əlbəttə ki, vaxtı ilə bu mövzunu dilə gətirmək mümkün deyildi». Bütün zamanlarda həqiqəti söyləmək əsl istedad sahiblərinin, namuslu və vicdanlı qələm sahiblərinin başlıca həyat amalı olub. Sovet dönəmində dilə gətiriləsi mümkün olmayan real həyat həqiqətlərini sərbəst fikir azadlığı ilə ədəbiyyata gətirmək sənətkardan əsl vətəndaşlıq qeyrəti və cəsarəti tələb edirdi. Dramaturq özünəxas yazıçı sərbəstliyini, düşüncə və duyğularını ifadə edərək yazırdı: «… Gərək sənətkar, istəyir yazıçı olsun, istəyir rəssam olsun, istəyirsə də musiqiçi olsun, gərək insan təbiətinin ən gizli qatlarında olan həqiqəti, onun dünyaya münasibətini, bütün əlamətlərini, bütün, demək, faciəsini, sevincini - bax, bunu ortaya çıxara bilsin; çıxara bilirsə, bu, deməli yazır, yaza bilir, sənətkardır, çıxara bilmirsə, sənətkar deyil». Bu həqiqətləri böyük cəsarətlə dediyinə görə sənətkara dövrün ideoloji hücumları da oldu, fəqət o, əqidəsindən, inam və inadından heç bir zaman dönmədi.

İlyas Əfəndiyev elə bir şəxsiyyət və elə bir yaradıcı sənətkar idi ki, o, istedadının gücü ilə mədəniyyətimizin müxtəlif sahələrinə nüfuz edə bilmişdir. Xalq yazıçısının çoxçeşidli yaradıcılığında televiziya, kino, teatr, musiqi və xanəndəlik sənəti sanki bir-birinə ilişgili qarışıb yaşayır. Belə ki, Azərbaycan ədəbi mühitində ustad sənətkarın bir sıra əsərləri həm uğurla səhnədə tamaşaya qoyulmuş, həm də kino və televiziya ekranına yol tapmışdır. Bütövlükdə İlyas Əfəndiyev yaradıcılığı milli mədəniyyətimiz üçün əsl məhək daşı funksiyasını yerinə yetirmək qüdrətinə malikdir. Xalq yazıçısının dram əsərləri ilə yeni rejissor, aktyor, bəstəkar və rəssam nəsli formalaşdı. «İlyas Əfəndiyev teatrı»nın fəlsəfi -estetik və fikri-bədii təravəti bu gün də oxucuların və tamaşaçıların vətənpərvərlik hissinin və estetik zövqünün formalaşmasına öz təsirini göstərir. Akademik Bəkir Nəbiyev qeyd edirdi ki, «Leninə, Stalinə, sosializmə, partiyaya dair şüar və şit təriflərlə dolu olan bu cür yazılardan tamamilə fərqli olaraq İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə məhz ədəbi, milli-mənəvi dəyərlər, yüksək bəşəri ideallar işığında təqdimindən və tərənnümündən ibarətdir».

İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan nəsr tarixinin ən parlaq, ən uğurlu səhifələrindən biridir. Onun «Kənddən məktublar», «Yun şal», «Qırçı və qırmızı çiçək», «Apardı sellər Saranı», «Yusif və Esfir», «Yaylaq qonşumuz», «Dağlar arxasında üç dost», «Üçatılan», «Geriyə baxma, qoca», «Körpüsalanlar», «Söyüdlü arx», «Sarıköynəklə Valehin nağılı» və s. hekayə, povest və romanları milli ədəbiyyatımızın yeni bir mərhələsidir. İlyas Əfəndiyev Azərbaycan sovet ədəbiyyatının kanonlaşdırılmış çərçivələri hüdudlarından imtina edərək ekzistensializmə sarı körpü atdı və yeni ədəbiyyatın yaranması üçün bədii-estetik zəmin hazırladı.

Onun yaradıcılığında müasirlik geniş fəlsəfi məna daşıyır. Müasirlik öncə onun əsərlərinin ideya-məzmununda, yaratdığı obrazların dünyagörüşündə, mənəvi-əxlaqi aləmində özünü göstərir. Dramaturqun qəti inamına görə ədəbiyyatda müasirlik müasir həyatı düzgün, istedadlı duyub istedadlı əks etdirmək deməkdir. Professor Yaşar Qarayev yazırdı ki: «Sənətdə Cabbarlı təliminin bir məqamı İlyas Əfəndiyevin yazıçı üslubunda xüsusi olaraq gözlənilir: məişətdə, əxlaqda inqilab və yenilik. Yalnız texnikada, sənayedə, paltarda və güzəranda yox, ürəkdə, fikirdə, daxili aləmdə yenilik. Məhz müasirlik- bir keyfiyyət kimi bu yaradıcılığı mövzu-problem baxımından tam xarakterizə edir: o, müasir olmayan pyes, müasirliyə xidmət etməyən nəsr yazmamışdır. Ən başlıcası isə odur ki, ədibin həyatda yenilik, müasirlik axtarışları sənətdə və sənətkarlıqda yenilik axtarışları ilə vəhdət təşkil edir». İlyas Əfəndiyev dövrün hakim ideologiyasına boyun əyməyərək, xalq həyatını azərbaycançılıq və türkçülük məfkurəsi ilə təcəssüm etdirərək XX əsr Azərbayacn ədəbiyyatının klassikinə, ən böyük yazıçısına çevrildi. Onun bəşəri, və heç bir zaman təravətini itirməyən əsərləri dünya miqyasında tanıtdı. Sənətkarın əsərləri fransız, ingilis, alman, ərəb, rus, fars, türk, çex, polyak, slovak, bolqar, macar, ispan, Litva, eston, gürcü və s. xalqların dillərinə tərcümə olunub. İlyas Əfəndiyev XX əsr Azərbaycan nəsrinin, dramaturgiyasının, ədəbi dilinin və teatr sənətinin inkişafında xüsusi yeri olan sənətkardır.

Dramaturq İlyas Əfəndiyevlə rejissor Tofiq Kazımov arasındakı dostluq və qarşılıqlı sənət həmrəyliyi sonralar sənətkarın bir sıra pyeslərinin teatrda böyük uğur qazanmasına səbəb oldu. Müxtəlif illərdə T. Kazımov dramaturqun «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Bağlardan gələn səs» pyeslərinə quruluş vermişdir. Dramaturqun tarixi dram əsərləri özünün bədii-fəlsəfi fikir dərinliyi, milli problematikanın müasirliyi, mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə özünəməxsus mövqe tutur. Yüksək ideya - bədii səviyyəsinə, tarixi hadisələrin real təsvirinə və müvəffəqiyyətli səhnə təcəssümünə görə dramaturqun «Xurşidbanu Natəvan» əsəri həm oxucularn, həm də tamaşaçıların dərin marağına səbəb oldu. Dramaturq öz müsahibələrində göstərirdi ki, tarixi hadisələrə yanaşanda tarixilik prinsipi əsas götürülür. Müəllifin fikrincə, xalq qəhrəmanı haqqında yazarkən, onun şəxsi həyatındakı faktları dəyişmək olar, lakin onun xalqla bağlı mübarizə yolu olduğu kimi göstərilməlidir. Natəvan dramda təkcə bir şairə kimi göstərilməyib, o, həm də şairlikdən çox Qarabağ bölgəsinin hökmdarı, xan kimi göstərilib. Dövrün ziyalıları ilə ünsiyyətində, xalqın mədəni tərəqqisində, bütün məsələlərdə o güclü görünür, müsahiblərini üstələyir. Ümummilli lider Heydər Əliyev «Xurşidbanu Natəvan» pyesinn uğurlu tamaşasına baxdıqdan sonra öz fikirlərini dramaturqa bildirərək demişdir: «Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim Şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm. Mən son monoloqunuza görə sağ ol deyirəm». Natəvan daxili bir inamla deyirdi: «Bizi bu əzablı yolların axırında azad Azərbaycan gözləyir», 80-ci ildə Natəvanın dili ilə mütəffəkkir sənətkar müstəqilliyimizə və istiqlaliyyətimizə gedən yola işarə edirdi.

İlyas Əfəndiyev qeyri-təbiiliyi sənətin birinci düşməni hesab edirdi. O, Azərbaycan teatrının zəngin ənənələrini yaşatmaq üçün istedadlı rejissorların olmasını vacib sayırdı. İstedadlı gənc rejissorların Moskvanın, Sankt-Peterburqun böyük teatrlarında təcrübə müddəti keçməsini təxirəsalınmaz vəzifələrdən biri sayırdı: “Akademik dram teatrının hər bir rejissoru dövrün mədəni, məlumatlı ziyalısı olmalıdır. Yalnız bizim ədəbiyyata deyil, dünya ədəbiyyatına, dünya dramaturgiyasına, dünya teatr sistemlərinə bələd olmalıdır. Biz rejissor işində ağıllı orijinallıq, müasir həyatın, müasir atmosferin sərbəst ifadəsi olan həqiqi novatorluq görməliyik”. Sənətkara görə yaxşı dram əsəri tamaşaya yalnız yaxşı qoyulduğu zaman aktyorun yetişməsinə kömək eləyə bilər. “Zəif, xaltura əsərlər tamaşaçıları teatrdan didərgin salar.”

İstedadlı rejissor Mərahim Fərzəlibəyov dramaturqun yeddi - “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” pyeslərinin quruluşçu rejissoru olmuşdur. Dramaturqun fikrincə, kamil rejissor təhsili olmayan rejissorlara teatrlarda quruluş tapşırmaq heç bir səmərə vermir. Bununla ilgili o, teatr rəssamının da quruluşçu rejissor kimi əsəri dərindən duymasını, xüsusilə yeni boyalar və yeni ifadə vasitələri tapmasını vacib şərtlərdən sayırdı. Teatr rəssamının novatorluğunu pyesə verdiyi bədii tərtibatda görürdü. İlyas Əfəndiyev mətbuatda, televiziya və radioda teatr tənqidinə dair tez - tez savadsız və sönük çıxışlar edən “teatr tənqidçiləri”ni kəskin tənqid edərək yazırdı ki, “teatrı, sənəti bilməyən, rejissor işindən başı çıxmayan, müəllif qayəsini dərk eləməyən belə “tənqidçilər” üçün heç bir meyar yoxdur”. Teatr tənqidinə yüksək estetik tələblərlə qiymət verən sənətkar fikrini bədii araşdırma müstəvisində davam etdirərək çox maraqlı nəticə ilə sonuclayır: “Teatr sənətimizin hal-hazırda dərin düşüncəli, geniş dünyagörüşlü, savadlı, namuslu ədəbi tənqidə son dərəcə böyük ehtiyacı var”.

İlyas Əfəndiyev yaradıcılığı boyu milli mədəniyyətimizin təəssübkeşi olub. Onun mədəniyyətimizə həsr etdiyi nəzəri-estetik məqalələri öz aktuallığı, məna tutumu ilə seçilir. Dramaturgiyaya, teatra, kinoya, musiqimizə, təsviri sənətimizə, mənəviyyatımıza həsr etdiyi məqalələri bu gün də müasirdir. Dramaturqun milli mədəniyyətimizə həsr etdiyi əsərləri sənətşünaslıq elmimizdə hələ öz elmi tədqiq və qiymətini almayıb. Bu əsərlər diqqətlə və hərtərəfli öyrənilməyə layiqdir və xüsusi tədqiqatın predmetidir. Dramaturqa görə, teatr xalqın ən incə duyğularını, romantik xəyallarını, sevincini, dərdini, arzularını ifadə edir. Xalqın teatrı onun milli mədəniyyətinin təntənəsidir. Yazıçının teatra həsr etdiyi məqalələri estetik siqləti və fəlsəfi tutumu ilə yadda qalır. Ustad sənətkarın fikrincə, teatr həmişə mənəvi yüksəliş aynası olub. Teatr yalnız ədəbiyyat və incəsənət deyil, eyni zamanda, tamaşaçı mədəniyyətinin də meyarıdır. «Müasirlik, sənətkarlıq, xəlqilik» (musiqimiz haqqında qeydlər) məqaləsində İlyas Əfəndiyev qeyd edirdi ki, «Hər bir xalqın mədəni - intellektual inkişafında incəsənətin bütün sahələri sırasında musiqi də bir ölçü, meyar sanbalında qəti səsə malikdir. Ədəbiyyat, rəssamlıq, heykəltəraşlıq kimi, musiqi də sosial həyatı əks etdirir, incəsənətin böyük möcüzələrindən olan muğamlardakı ecazkar təsir qüvvəsi, kökünü uzaq əsrlərdən alan mərdlik, qəhrəmanlıq nidaları, mənəvi zənginlik xalqımızın mətin mübarizələrinin əks - sədası deyilmi?»

Müəllifin nəzəri - estetik məqalələri arasında xanəndəlik sənəti haqqında da maraqlı mülahizələr var və bu mülahizələrdə muğam sənətinin sehri, qədim kökləri valehedici gözəlliyi yüksək sənətkarlıqla incələnir. Burada ayrı-ayrı böyük xanəndələrin ifa tərzi, sənətkarlıq məharəti, səsin gözəlliyi və sənətkarlığı, müğənninin səhnə mədəniyyəti konkret faktlar əsasında aşkarlanır: «Məlumdur ki, xanəndəlik sənətinin kökləri bizdə çox uzaq əsrlərə gedir. Xalqımız böyük xanəndələrin xatirəsini, onların ifasındakı gözəlliyi ürəyində əbədiləşdirib. Klassik ustadların sənəti, nəfəsi, avazı haqqında xatirələr, onların hər birinin ifasında, səsində məxsusi cəhətlər haqqındakı fikirlər şifahi olaraq nəsillərdən-nəsillərə keçir… İslamın «Segah»ı, Cabbar Qaryağdıoğlunun «Qatar»ı, Seyid Şuşinskinin səsi bu gün də bir əfsanə kimi yad edilir. Qarabağda deyərdilər ki, «Dünyaya iki oxuyan gəlib, biri Həzrəti Davud, digəri Seyiddir. (Əfsanəyə görə, Davud peyğəmbərin səsinə çatan səs yoxmuş dünyada)». Xalqımızın milli xüsusiyyətlərini dərindən öyrənməyə, dərindən duymağa çağırırdı ustad sənətkar. Hər bir insanda yüksək şüurun, Vətən sevgisinin, torpağa məhəbbətin və ali mənəviyyatın olmasını arzu edirdi. «Yüksək mənəviyyat uğrunda» məqaləsində dramaturq yazırdı ki, həqiqi vətəndaş yalnız gözəlliklərdən zövq alan seyrçi deyil. Vətənin və xalqın rifahı və inkişafı naminə görülən ümumi işin ağırlığının müəyyən hissəsini çiynində daşıyan, bir az da aydın desək, özünün yüksək vicdani borcunu məhz bunda görən ilhamlı bir fədaidir. Yazıçı milli-mənəvi dəyərlərimizi, adət və ənənələrimizi, xalqımızın folklor ədəbiyyatını dərindən öyrənməyi təbliğ edirdi. Sənətkara görə, mənəvi mədəniyyətin yüksəkliyi hər bir insan üçün vacib şərtdir. Bu baxımdan, qüdrətli qələm sahibinin zaman məhdudluğu tanımayan zəngin bədii irsi milli ruhumuzun mənəvi tərcümanına çevrilib. Mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına yazıçı daima yüksək qiymət verirdi. O, milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən, babalarımızın vaxtilə müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmir. «Bizim milli namusumuz hər dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə aid olmayıb. Atalarımız milli namus dedikdə, vətən, millət namusu, qonum-qonşu təəssübü, böyük-kiçiyə hörmət və izzət haqqında düşünüblər». «Geriyə baxma, qoca» romanının bir yerində Qaçaq Xanmurad biləndə ki, soymaq üçün saxladığı faytonda nişanlı bir qız gedir, fikrini dəyişir, həm də barmağındakı üzüyü ona boygörüncəyi verir. Göründüyü kim, burada namus, ləyaqət, milli əxlaqi dəyərlərə hörmət prinsipləri ön plana çəkilir. Yazıçı Qaçaq Xanmurad obrazını səciyyələndirərək yazırdı ki, «Xanmurad birdən - birə qaçaq olduğunu unudub, əsrlər boyu babalarının yaşatdıqları adət - ənənələrin hökmünə tabe olur. Ola bilsin ki, Xanmuradın özü bunu hiss eləmir, başa düşmür, kortəbii şəkildə damarlarında axan qanın diktəsinə əməl eləyir, bunu araşdırmaq, təhlil eləmək, sənətə gətirmək artıq yazıçıya aid bir işdir. Mən burada bir fikri əsas götürmüşəm. Xanmuradın əcdadları nişanlı qız yanında həmişə özlərini belə aparıblar. Deməli, ola bilməz ki, onun qəlbində yenicə baş qaldırmış, hələ bir o qədər möhkəmlənməmiş qaçaqlıq duyğusu neçə - neçə nəsildən süzülüb gələn əxlaqı sarsıtsın və yaxud dəyişsin».

Sənətkarın kino fəaliyyəti və bu mövzuya həsr etdiyi məqalələri də onun yaradıcılığında əsas yerlərdən birini tutur. Məlumdur ki, dramaturq bir müddət kinostudiyada ssenari şöbəsinə rəhbərlik edib. Milli kinomuzun inkişaf tendensiyaları, cəmiyyətdə onun yeri və rolu, kinorejissor və ssenari müəlliflərinin yaradıcılığı həmişə ədibin diqqət mərkəzində olmuşdur: «…Beləliklə, biz kino sahəsində də, teatr aləmində də birbaşa «mərkəzə» baxan, onların çaldıqları ilə oynayan, heç bir müstəqilliyi olmayan əyalət miqyasında idik». Müəllif öz fikir və mülahizələrini davam etdirərək daha sonra yazırdı: «70 ildə bizim mənəviyyatımız və həmin mənəviyyatın bədii yaradıcılıq dünyası heç bir zaman azad, müstəqil olmamışdır, heç bir zaman «yuxarısız», «Mərkəzi Komitəsiz» olmamışdır». Xalq yazıçısı həm də sərhədlərimizdən uzaqlarda yaranan ədəbiyyat, incəsənət və mədəniyyətimizin milli-ictimai təfəkkür potensialımızın öyrənilməsini də vacib sayırdı. Yazıçının mədəniyyət tariximizə, sənət məsələlərinə həsr etdiyi elmi-nəzəri məqalələri, esseləri və müsahibələri axtarış ruhunun təzəliyi ilə diqqəti cəlb edir.

Azərbaycan ədəbiyyatı və mədəniyyətini həmişəyaşar əsərləri ilə zənginləşdirən görkəmli dramaturqumuz, unudulmaz xalq yazıçımız İlyas Əfəndiyevin vəfatından on səkkiz il keçir. Çoxşaxəli yaradıcılığında milli özünüdərklə ümumbəşəri dəyərlər arasında bir körpü yaradan dünya şöhrətli dramaturqun bütün zamanlarda oxunan bədii irsi bu gün də çoxmilyonlu oxucular tərəfindən sevilə - sevilə oxunur. Azərbaycanın mədəniyyət quruculuğunda əbədiyaşar İlyas Əfəndiyev yaradıcılığının xüsusi yeri var. O, şərəfli ömrünün altmış ilini bədii yaradıcılığa, bütünlükdə mədəniyyətimizin inkişafına həsr etdi. Tanrının bəxş etdiyi istedadla o, ölməz sənət əsərləri yaratdı. İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, öz yaradıcılığında azadlığımızı, milli suverenliyimizi və istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın ermənilər tərəfindən işğalı ona böyük dərd oldu. Və özüylə birlikdə Qarabağ nisgili apardı. Doğulduğu Füzuli rayonunun işğalı barədə yazıçı ürək ağrısı ilə yazırdı: «füzuli şəhəri, füzuli rayonu bir tərəfdən sovet imperiyasının zülmünə, repressiyasına məruz qaldı, digər tərəfdən də erməni işğalçılarının. Deməli, füzuli şəhəri iki dəfə qarət edildi. Bunun necə böyük dərd olduğunu demək çətindir».

Xalq yazıçısının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, «İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur».

Yüz yaşlı İlyas Əfəndiyev şəxsiyyəti və həmişəyaşar zəngin bədii irsi həmişə bizimlədir.

 

Vəfa Xanoğlan

 

Ədəbiyyat qəzeti.- 2014.- 4 aprel.- S.2; 4.