İşğalın fəsadları

 

Aprelin 2-də Kəlbəcərin

işğalından 21 il keçdi

  

21 il bundan əvvəl - 1993-cü il aprelin 2-də Azərbaycanımızın dilbər guşələrindən olan Kəlbəcər rayonu erməni qəsbkarları tərəfindən işğal olundu. 72 min əhalisi, 1936 kv.km ərazisi, qızıl, civə, mərmər yataqları, bənzərsiz flora və faunası, 400-dən artıq narzan bulaqları olan bu dağ rayonunun sakinləri ağlagəlməz faciənin qurbanlarına çevrilərək dədə-baba torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Ağdərə yolu məlum səbəbdən bağlı olduğundan kəlbəcərlilər uçrumlar ağzından keçən dolanbac, qarlı-buzlu Murov yolu vasitəsilə məmləkətimizin müxtəlif yaşayış məntəqələrinə qaçqın, köçkün adı ilə üz tutdular…

 

Əslində Kəlbəcərin işğalı 1992-ci ilin aprelində - erməni silahlılarının Ağdabana hücumundan başlamışdı. Həmin günlərdə qüdrətli saz-söz sənətkarı Dədə Şəmşirin doğma kəndi Ağdaban və sümük, qan qohumları olan ağdabanlılar düşmənlər tərəfindən törədilən qətliamın, mən deyrədim ki, soyqırımın qurbanı olmuşdular. Erməni faşistləri otuzdan artıq kənd sakinini amansız işgəncələrlə - kimisini ot tayasına atıb od vurmaqla, kimisini ağaca sarıyıb gözlərini çıxarmaqla, başını kəsməklə qətlə yetirmişdilər. Aşıq Şəmşirin də öz əlləri ilə tikdiyi evinə od vurmaqla atası Ağdabanlı Qurbanın və özünün külli miqdarda əlyazmalarını yandırıb külünü göyə sovurmuşdular.

O zaman Ağdaban harayı Bakıya çatmadı. Erməni faşistləri Kəlbəcəri müdafiəsiz görəndən sonra (əlbəttə ki, dövlət səviyyəsində) təkrar hərbi əməliyyat hazırlayaraq 1993-cü ilin mart ayında - Novruz bayramı günlərində Kəlbəcərə havadan qurudan hücuma keçdilər. Quş tüfəngləri belə əllərindən alınmış əli yalın rayon sakinləri erməni-rus silahlı birləşmələrinin qarşısında duruş gətirə bilməyib canlarını qaçırmaq məcburiyyətində qaldılar. Ancaq hamı qaça bildimi bu fəlakətdən? Əsir düşənlər, girov götürülənlər, döyüşüb şəhid olanlar bir yana, xəstələr, qocalar da canlarını qaçıra bilmədilər - bizim kənddəki poçtalyon Qamboy kişi kimi

Beləcə Kəlbəcərin kəlbəcərlilərin taleyi həll olundu. O zamankı iqtidar buna sevinirdi ki, ermənilərin Kəlbəcərə girməsi BMT-nin bizi dəstəkləməsinə rəvac verəcəkdir. Belə oldu. Tezliklə BMT bir-birinin ardınca 2 qətnamə qəbul etdi. Qətnamənin biri məxsusi olaraq işğalçı ermənilərin Kəlbəcər torpağından qeyd-şərtsiz çıxarılması tələbini ehtiva edirdi. Amma olsun ki, 21 il ərzində o qətnaməyə ermənilər gözünün ucu ilə dönüb baxmadı

Məmləkətin 500-dən artıq yaşayış məntəqəsinə səpələnmiş kəlbəcərlilər bulaq suyunu kanal suyu ilə, dağ havasını aran havası ilə, ağban evləri qaranlıq zirzəmilərlə, ən yaxşı halda uçub-dağılan yataqxana, məktəb, uşaq bağçasının künc-bucağı ilə əvəzləməyə məhkum oldular. Ancaq ürəklərdəki yurd həsrətini, torpaq sevgisini heç ilə əvəz edə bilmədilər. Orta yaşlı nəsil bu həsrətə dözməyərək sıra-sıra dünyalarını dəyişməyə başladılar - çünki dünyanın dəyişməyəcəyini gördülərSazın-sözün beşiyi Kəlbəcərdən gələn şairlər öz yerində, şair olmayanları da dərd şairə çevirdi. Kəlbəcər həsrətini ehtiva edən minlərlə poetik nümunələr yarandı. Savadsız ahıllar, ağbirçəklər bu axından kənarda qalmayıb dərdli, ürək dağlayan bayatılar çağırdılar. Beləcə folklorumuzun sağdaş bayatı dövriyyəsinə yeni nümunələr daxil oldu:

 

Dağda dağ ilanları,

Bağda bağ ilanları,

Eşidib görməmişdim

Evi dağılanları.

 

Tanınmış şairlərimizdən Bəhmən Vətənoğlu, Sücaət, Əli Qurban Dastançı Kəlbəcərdən çıxanda Gəncədə məskunlaşdılar. Murovun başı üstündən əsən Kəlbəcər mehi bir az onlara təsəlli oldu, amma bir azÇox yaşamadılar, Bəhmən , Sücaət , Əli Qurban da, elə Qəmkeş Allahverdi . Gəncə şəhərinin yaxınlığında, Göygöl yolunun üstündə bir məzarıstan var. Adlarını çəkdiyim şairlər orada uyuyurlar - el-oba adamları ilə bir yerdə

, bu da üstündən 21 il keçən Kəlbəcər, yaxud kəlbəcərsizliyin 21-ci ili. Bu ulu diyar saz-söz sənətkarlarının unikal mühiti idi. İşğaldan sonra həmin mühit dağılıb-parçalandı. Kəlbəcər ədəbi mühiti ənənəvi mahiyyətini, regional özəlliyini xeyli itirdi. Buna baxmayaraq kəlbəcərlilər sözü sazı ilə bu itkinin yerini əvəzləməyə çalışdılar. Kəlbəcərli şairlərdən sizlərə təqdim etdiyimiz poetik nümunələr sözügedən ədəbi-estetik mühitlə bağlı müəyyən təsəvvür əldə etməyinizə güman edirik ki, yardımçı olacaqdır.

 

AdilMİL

 

Ədəbiyyat qəzeti.- 2014.- 4 aprel.- S.3.