Teymur Elçinin
nağıl dünyası
Nədənsə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Teymur Elçindən söhbət düşəndə istər-istəməz Yakov və Vilhelm Qrim qardaşlarını xatırlayırım. Höttingen, Berlin universitetlərinin professorları vəzifəsində çalışan bu zəhmətkeş alimlərin əməyi hələ sağlıqlarında layiqincə dəyərləndirilmiş, onlar Prussiya Elmlər Akademiyasının həqiqi üzvləri seçilmişlər. Ancaq bu görkəmli alimlər dünya ədəbiyyatı tarixinə uzun illər xalqdan toplayıb qələmə aldıqları nağıllar vasitəsilə düşmüşlər. Qrim qardaşları deyəndə ilk növbədə onların dəyərli tədqiqat əsərləri yox, sirli-sehrli, neçə-neçə nəsillərin məhəbbətlə, maraqla oxuduğu nağıllar düşür.
Teymur Süleyman
oğlu Əliyev (1924-1992) də sağlığında
böyük nüfuz sahibi olan bir ziyalı, dövlət xadimi
olmuşdur. Azərbaycan Pedaqoji İnstitunda
komsomol komitəsinin katibi (1945-1946), Azərbaycan LKGİ
Bakı şəhər Komitəsinin birinci katibi (1946-1948), Azərbaycan
LKGİ Mərkəzi Komitəsi təbliğat və təşviqat
şöbəsi müdirinin müavini (1948-1949), Azərbaycan
LKGİ Bakı Komitəsinin katibi (1949-1950), Azərnəşrin
siyasi-ictimai ədəbiyyat şöbəsinin müdiri
(1950-1952), Azərbaycan Nazirlər Soveti
yanında Radio Məlumat Komitəsi sədrinin müavini
(1952-1953), Azərbaycan Nazirlər Soveti nəşriyyat qrupunun
rəisi, katibliyin müdiri (1953-1955), Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin elm və mədəniyyət
şöbəsinin təbliğat və təşviqat
bölməsi müdirinin müavini
(1955-1957), Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsinin sədri (1957-1964), Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat
şöbəsinin müdiri (1964-1975), Azərbaycan mədəniyyət
nazirinin müavini (1975-1988), Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi ümumi şöbəsinin müdiri (1988-1990)
vəzifələrində çalışmışdır. Həmişə ictimai-siyasi həyatın qaynar
nöqtələrində çalışan bu vətənpərvər,
zəhmətsevər insanın necə bədii
yaradıcılıqla məşğul olması, özündən
sonra zəngin ədəbi irs qoyub getməsi heyrətamiz bir
faktdır.
«Qar
qız», «Bip-bip», «Qulaq asın, danışım»,
«Qızulduz, Yaşar və Nur nənə», «Din-dan», «Bahar,
adlar, uşaqlar», «Sözlər, nəğmələr,
nağıllar, laylalar», «Laylalar», «Şəkərim, duzum»,
«Xoruzbanı gedirəm», «Torağayın nəğməsi»,
«Toğrul babanın nağıl ağacı», «Balaca Aytən»,
«Balaca ulduzlar» və s. kitablarda toplanan şeirlər, poemalar, mənzum
nağıllar, N.Zabiladan, A.Bartodan, K.Çukovskidən,
İ.V.Turgenevdən, S.Marşakdan, A.Tudoraşdan, P.Voronkadan,
T.Hofmandan, Ş.Rəşidovdan, N.Zəkəriyyədən və
b. elədiyi uğurlu tərcümələr Teymur
Elçinin yaradıcılıq uğurlarının, istedadının,
zəhmətsevərliyinin göstəricisidir.
Uşaq ədəbiyyatına
xüsusi önəm verən Teymur Elçinin əsərlərində
uydurma heç nə yoxdur. Onun şeir və
poemalarının balaca qəhrəmanları həyatda
yaşayan, ürəkləri böyük arzularla dolu, qəribə
mühakimələri ilə diqqəti cəlb edən
insanlardır. Uşaqlarla sıx ünsiyyətdə olmayan
insanın bu qədər dəqiq, real uşaq obrazları
yarada bilməsi təsəvvürə gəlmir.
Bir ziyalı, ictimai
xadim kimi daim xalqının işıqlı gələcəyini
düşünən Teymur Elçin yaxşı bilirdi ki, gələcəyin
ləyaqətli övladlarını yetişdirmək
üçün uşaq ədəbiyyatına böyük
ehtiyac vardır. Elə buna görə də o, ədəbiyyatımızın
bu sahəsi ilə çox ciddi məşğul olurdu.
Uşaqları balaca ulduzlara bənzədən şair
yazırdı:
Göydə yox, yerdədir
Bizim ulduzlar,
Balaca oğlanlar,
Balaca qızlar.
Günəşin dalınca
Gedirlər hər gün
Dünyanı zülmətdən
Qurtarmaq üçün…
Bu sadə şeirdə o inam öz əksini
tapıb ki, dünyanı zülmətdən uşaqlar
qurtaracaqlar. Bizim gələcəyimiz məhz
necə uşaq tərbiyə eləməyimizdən
asılıdır.Teymur Elçin öz sadə, aydın bənzərsiz
şeirlərində məhz balaca oğlanların, balaca
qızların daxili dünyasını açmağa
çalışır, onların arzu və düşüncələrini
bədii təsvirin mərkəzinə çəkirdi.
Onun balaca qəhrəmanları Fərhad, Günay, Humay, Elcan,
Nərgiz, Toğrul, Aytən, Murad (Muratino), Nezrin, Turan, Sunay,
Lalə, Könül, Cəmil və b. öz maraqlı
davranışları, hərəkətləri ilə diqqəti
cəlb edirlər. Onların öz sehrli dünyası var. Elə
bir dünya ki, ürəklərində uşaqlara sevgi olmayan
insanlar bu dünyaya daxil ola, bu pak
insanların dostuna çevrilə bilməzlər. Teymur Elçin elə xoşbəxtlərdəndir
ki, daim bu balaca, saf, təmiz, kövrək, həssas insanlarla
üz-üzə, göz-gözə olmaqdan zövq
almışdır. Bu uşaqların işlətdikləri
sözlər: dəvəfil, dubalay, tənbəlistan və s.
bu görkəmli uşaq şairinin poeziyasına şən, əyləncəli
bir ovqat gətirə bilmişdir.
«Tənbəlistan» şerindəki incə yumor, bu şəhərə
getmək üçün «tısbağa»nın
əsas nəqliyyat növü olması gülüş
doğurur, balaca oxucuda şən əhval-ruhiyyə
yaradır. Bu qəribə şəhərin mənzərələri
çox lakonik cizgilərlə təsvir olunur. Küçələrdə, həyətlərdə
çarpayıların qatar-qatar düzülməsi bu şəhərin
sakinlərinin işı haqqında dolğun təsəvvür
yaradır. Şeirdə tənbəllikdən
söhbət açılsa da, onun ideyası tamamilə
başqadır. Bu şeri oxuyan uşaqlar tənbəllərə
gülür, onlara bənzəməməyə, əksinə,
qoçaq, zəhmətsevər olmağa
çalışırlar.
«Mən kiməm» adlı nəğmə-oyun
uşaq psixologiyasına çox uyğundur. Mahnıya çevrilən bu əsəri uşaqlar
böyük maraqla dinləyir, özləri də böyüyəndə
şerin qəhrəmanları kimi həkim, bağban,
neftçi, dərzi, xarrat olmaq arzusu ilə yaşayırlar.
Şair incə bir vasitə ilə uşaqlara peşə və
sənətləri sevdirməyə çalışır və
öz məqsədinə nail olur.
Bilirsiniz mən kiməm?
Balaca bir həkiməm.
Trubkanı qulağıma
Bax beləcə taxaram.
Xəstələrə bax beləcə,
Bax beləcə baxarm.
Mən balaca bağbanam,
Siz tanyan bağdanam.
Ağacları cərgə-cərgə,
Bax beləcə əkərəm.
Suyunu mən bax beləcə,
Bax beləcə tökərəm…
Bu qayda ilə davam edən şeir uşaq
təfəkkürünə uyğunluğu, cazibədarlığı
ilə diqqəti cəlb edir.
Teymur Elçinin qəhrəmanı olan
balaca uşaqlar öz hazırcavablıqları, həssas
müşahidələri, qəribə mühakimələri
ilə diqqəti cəlb edirlər. Elə
buna görə də bu uşaqlar oxucunun sevimlisinə
çevrilirlər. Onları dinləmək,
hərəkət və davranışlarını
müşahidə etmək çox maraqlıdır. Özü də bu uşaqlar təkcə
Cırtdanı, Divi yox, dünya uşaq ədəbiyyatının
qəhrəmanlarını da tanıyır, sevirlər.
Aybolit, Kaşşey, Buratino onların sevimli qəhrəmanlarıdır.
Teymur Elçinin şeirlərində
uşaqları dərin məhəbbətlə sevən,
onların qayğısına qalan böyüklərin də
(Bahar nənə, Toğrul baba və b.) bədii obrazı
yaradılır. Bu bənzərsiz uşaq
yazıçısının əsərlərində vətənə,
doğulduğu torpağa məhəbbətlə
yanaşı, böyüklərə, nənələrə,
babalara, atalara, analara məhəbbət motivləri də
güclüdür. «Analar və laylalar»
adlı şeirlər silsiləsi indi də öz bədii dəyərini,
tərbiyəvi əhəmiyyətini itirməmişdir.
T.Elçin poeziyasının mövzu və
problematikası zəngindir. O, sadə bir dillə
vətəni, onun bənzərsiz təbiətini uşaqlara
sevdirmək istəyir və öz məqsədinə nail
olurdu. Şair dağı-daşı,
bulağı, çayı, çiçəyi, gülü
uşaq dili ilə danışdırır, təbiətin
gözəlliklərinə uşaq gözü ilə
baxmağı bacarırdı. Onun
poeziyasında təbiət cisimləri bədii obraz səviyyəsinə
qaldırılaraq oxuculara təqdim olunurdu. Məsələn,
«Şeh» şerinə fikir verək:
Gün çıxanda
Gözlərini açar-yumar,
Bizə baxar xumar-xumar.
Göy otların üstündə şeh
Muncuq-muncuq, düzüm-düzüm.
Gün şaxanda
Qorxub qaçar, qaçar, qaçar.
Buludların
Qucağına uçar.
Baxıb deyər:
Eh, eh!
Burada şerin canlı bir varlıq kimi təqdim
olunması uşağın qəlbində onunla daha
yaxından tanışlıq arzusunu gücləndirir. Şairin günəş şüaları
altında bərq vuran şehi «gözlərini açar-yumar,
bizə baxar xumar-xumar» misraları ilə təqdim eləməsi,
günün istisi artanda onun qorxub buludlara uçması da
maraqlı detallar kimi yadda qalır. T.Elçin
fəsillərə həsr elədiyi şeirlərdə
uşaq təxəyyülünə uyğun ən səciyyəvi
detallar tapmağa çalışır ki, bunun vasitəsilə
uşaqların yaddaşına iz sala bilsin.
Deyin nə vaxt
Əriyir qar,
Baş qaldırır
Yaşıl otlar?
Deyin nə vaxt
İsti olur,
Anbarlara
Taxıl dolur?
Deyin nə vaxt
Bağlar solur,
Yarpaqları
Yellər yolur?
Deyin nə vaxt
Sular donur,
Yerə ağ-ağ
Quşlar qonur?
Dilimizin incəliklərini gözəl bilən
Teymur Elçin hər sözü uşaq dünyasına,
uşaq anlamına uyğun şəkildə mənalandırmağı
bacarır və bu yolla balalarımza Azərbaycan dilini
sevdirirdi.
Azər ləki
Bağban təki
suladı.
Balaca kök
Dedi: tök,
Tö-ök, tök!
Balaca kök yekəldi,
Şişdi, şişdi, kökəldi…
Şairin söz oyunu üstündə
qurulan bu tipli şeirləri çoxdur. Bu cür şeirlər uşağı sözün
məna çalarını tapmağa həvəsləndirir,
onda dilə qarşı maraq oyadır.
Teymur Elçinin «Qaranquş», «Sərçə», «Can nənəm»,
«Bizim həyət», «Gəl, bahar», «Bip-bipin nəğməsi»,
«Qış nəğməsi» və s. şeirlərini bilməyən
uşaq yoxdur. Bu şeirlərə mahnı bəstələnməsi
onların populyarlığını təmin edən vasitəyə
çevrilmişdir. Teymur müəllim o xoşbəxtlərdəndir
ki, onun sözlərinə yazılmış «Göygöl»,
«Gülür ellər», «De görüm neyləmişəm»,
«Bir gül seçdim yar üçün», «Qarabağın
qızları» və s. mahnılar dillər əzbəridir.
Öz şeirlərini dialoqlar
üstündə qurması Teymur Elçinin ədəbi
üslubu üçün səciyyəvi bir cəhətdir. Şair qəhrəmanlarının xarakterini məhz
bu yığcam söhbətlər vasitəsilə
açmağa çalışır. Məsələn,
«Vertalyotda söhbət» adlı şeirdə iki bacının
Lahıca uçması təsvir olunur. Hündürdən
təbiətin gözəlliyini seyr edən uşaqlar söhbət
edirlər:
Günay deyir:
- Dağa bax,
Qoyubdur yaşıl papaq.
Humay deyir:
- Yaxşı bax,
Papaq deyil, meşədir.
- Sən hələ bir göyə bax,
Elə bil göy şüşədir!
- Evciklərə bax orda,
Hamısı xırda-xırda.
- Evlərdir, evcik deyil,
Görəcəksən axırda.
Bu tipli təsvirlər şairin «Qırmızı
komandir», «Mən də, mən də», «Siçan balası»,
«Üşüdüm», «Qulaq - qulaqlıq», «Gözlər» və
s. şeirləri üçün də səciyyəvidir. Dialoqlar həm balaca oxucuları diqqətli olmağa,
həm də onları düşünməyə sövq edir
ki, bu da uşaq ədəbiyyatı üçün çox
vacib məsələdir.
Onun yazdığı tapmacalar
uşaqları düşündürmək, nağıllar, mənzum
nağıllar balacaların təxəyyülünü,
fantaziyasın genişləndirmək, inkişaf etdirmək məqsədilə
qələmə alınmışdır. Şairin
yazdığı «Pişik və sərçə»,
«Dovşan, tülkü, canavar», «Üç qardaş, bir
bacı», «Qarğanın məktəbində», «Qonaqlıq»,
«Billurənin nağılı», «Bip-bip», «Qızulduz, Yaşar
və Nur nənə», «Toğrul babanın nağıl
ağacı», «Oğul Buğac» və s. əsərlərində
xalq nağıllarının ritmi, ruhu vardır. Eyni zamanda bu əsərlərdə fantastika elementləri
də güclüdür. Bu mənzum
nağılların, poemaların dili sadə və
aydındır. Kiçik
ölçüdə yazıldığı
üçün uşaqlar bu əsərləri çətinlik
çəkmədən, asanlıqla oxuyurlar.
Teymur Elçinin bədii əsərləri
həm də gör-götür dünyasının bəhrələridir. Zəngin folklorumuzu, klassik Azərbaycan və
dünya ədəbiyyatını daim mütaliə edən
Teymur Elçinin yaradıcılıq üslubu zəngin ədəbi
əlaqələrdən qaynaqlandığı
üçün istər məzmun, istərsə də bədii
ifadə baxımından mükəmməl poetik nümunələrdir.
Digər tərəfdən, uşaq
psixologiyasına dərindən bələdlik onun əsərlərinin
təsir gücünü, emosionallığını, cazibədarlığını
artıran əsas amillər sırasındadır.
Teymur Elçin təkcə Azərbaycan
yox, bütün dünya xalqlarının folkloruna
böyük maraq göstərmiş, bir çox dillərdən
folklor nümunələrini ustalıqla tərcümə
etmişdir. folklora, xalq deyim tərzinə
yaxından bələdlik onun poeziyasına da xüsusi bir ahəng,
rəng çaları, məna tutumu gətirmişdir.
Nigar qara saçına
ləçək bağladı,
O, balaca olsa da
Qəşəng bağladı.
Evdən bağa gələndə
Birdən ləçək
sürüşdü.
Bir qızılgül kolunun
Üstünə düşdü.
İlişdi ləçək,
Tikanlar ondan
Yapışdı bərk-bərk.
Kiçik Nigar gülə-gülə,
Belə dedi qızılgülə:
- Qızılgülüm, ver ləçəyi,
ləçəyimi ver!
Axı sənin var ləçəyin,
ləçəyimi ver!
Ləçəklərin qıpqırmızı,
Gəl incitmə kiçik qızı…
Teymur Elçinin adı ölkəmizdə
həmişə hörmətlə, məhəbbətlə
çəkilir. Onu tanıyan adamlar Teymur müəllimin
vətənpərvərliyini, zəhmətsevərliyini, rəhbərdlik
səriştəsini, insanlara qayğı və diqqətini, dəqiqliyini
və s. insani keyfiyyətlərini yaxşı
xatırlayırlar. Tanımayanlar isə onun şeirlərini,
mənzum nağıllarını mütaliə edə-edə,
mahnılarını oxuya-oxuya böyüyür, vətənin
adına layiq oğullar, qızlar olmağa
çalışırlar. Onları bu arzuya
salanlardan biri də üzünü görməsələr də,
sözünü dinlədikləri Teymur müəllimdir.
Teymur müəllimin nağıllar
dünyası çox zəngindir, cazibədardır. İndi bu görkəmli insanın ömrü də
nağıla çevrilib, mənalı həyat
nağılına. Onun həyat və
yaradıcılığına həsr olunmuş «Ziyalı
ömrü» adlı bir film də çəkilib…
Doğrudan da, Teymur Elçin ləyaqətli
bir insan, dövlət xadimi, əsl ziyalı ömrü
yaşamışdır. Yaradıcılıq
nümunələri bizə əbədi yadigar qalan Teymur
müəllimin əsərlərinə maraq gündən-günə
artır. Onun
yaradıcılığına həsr olunmuş
dissertasiyaların yazılması, əsərlərinin tədqiqata
cəlb olunması önəmli faktlar sırasındadır.
Teymur Elçinin - Teymur Əliyevin xatirəsi
ölümündən sonra əbədiləşdirilmişdir.
İndi Bakımızda Teymur Əliyev adlı
bir küçə var. Özü də simvolik olan bir məqam
var ki, Azərbaycan Mətbuat Şurası məhz bu
küçədə yerləşir. Ancaq yəqin ki, bu
küçədən illər uzunu keçib gedən
saysız-hesabsız insanlar heç Teymur Əliyevin kim olduğunu da bilmirlər. Onların
xəbəri yoxdur ki, vaxtilə yüksək vəzifələrdə
işləyən Teymur Əliyev həm də Azərbaycan
uşaq ədəbiyyatının görkəmli nümayəndəsi
olan Teymur Elçindir. Teymur Elçin Azərbaycan
uşaq ədəbiyyatı şəhərində adına layiq bir küçə salıb,
Teymur Elçin küçəsi… Bu
küçədən hər evə cığırlar
uzanır. Bu cığırlarla təzə-təzə
dil açan körpələrimiz şeir-sənət
dünyasına doğru yol gedirlər. Hələ
neçə-neçə nəsillər bu yolun yolçusu
olacaqdır.
Rafiq
YUSİFOĞLU
filologiya
üzrə elmlər doktoru,
professor
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.5.