AH

 

Hekayə

    

- Nə oldu, Kamili niyə yuxudan durğuzmursan?

Atamın səsi idi. Anamın üstünə qışqırırdı. Mən isə çoxdan oyaq idim. Yerimdə qurcalanırdım. Ağlım kəsəndən ilk dəfə idi ki, bu gecənin həmişəlik uzanmasını, səhərin gəlməməsini istəyirdim. Dünən axşam anam beş övladından dördünə ağlaya-ağlaya şam yeməyi vermiş, özü isə ac-susuz yatmışdı. Gözünün yaşını silə-silə eyni sözləri deyirdi:

- Allah, sən bu bəlanı mənim balalarımdan uzaq elə! - Sonra da qorxa-qorxa evin ortasından asılmış nənniyə yaxınlaşır, qulağını orada yatmış kiçik qardaşım Hicranın ağzına dirəyir, nəyəsə qulaq asırdı. - Şükür Allaha, nəfəs alır deyə-deyə bizə elə baxırdı ki, sanki kimsə bizi onun əlindən alırdı. Biz isə süfrə qırağında cınqırımızı belə çıxarmırdıq. İki il əvvəl rəhmətə getmiş nənəm bizi elə öyrətmişdi ki, “bismillahdeyildimi hamı susmalıdır. Kim yeməyini bitirdimi, lal-dinməz süfrə başında oturanlara baxırdı. Sonuncu adam yeməyi bitirən kimi nənəm “əlhəmdullah” - deyib duaya başlayırdı:

- İlahi, şükür sənə, biz yeyib doyduq, sən bütün acları doydur. - Bizim azadlığımız duadan sonra başlanırdı.

İndi nənəm yox idi. Amma onun zabitəsi qalmışdı. O yadıma düşəndə isə gündüzlər ağlamağa utandığımdan axşamlar yorğanı başıma çəkir, xısın-xısın göz yaşı tökürdüm.

Evin böyük uşağı idim. Yadımda deyil o zaman 9 ya 10 yaşım vardı. Məndən sonra Nisəxanım gəlirdi. Sonra qardaşım Yaşar, ondan da kiçiyi Şərəf idi. Evdə qazan bir dəfə qaynayırdı. Axşam hamımız süfrə başına yığışırdıq. Hərdən atam yubananda onu gözləyirdik. Nənəmin vəfatından sonra atam əsəbi olmuşdu. Demək olar ki, hər gün evdə qışqırırdı. Uşaq olduğumdan heç nə anlamırdım. Qonşuluqda tək yaşayan Bədircan arvadla söhbətində bir dəfə anam atamdan gileyləndi:

- Bilmirəm bunaolub? Günü-gündən səsi qonşuları başına götürür.

- Az, neyləsin? Elə bilirsən beş uşağın qarnını doydurmaq, əyin-başını çatdırmaq asandır. Rəhmətlikdən sonra sağan olmadı, inəyi də satdınız. Görmürsən özünü oda-közə vurur. Eh... elə olur da. Mən ondan da bərk əsəbiyəm. Həyama qısılmışam. Onda ki, uşaqlar böyüyür, əlləri çörəyə çatır, əzrayıl qapını döyür. Özün gördün ki, yazıq İmaməli bu günləri görmədi. Uşaqlar hər həftə yanıma gəlir. Nə olsun, İmaməlisiz nə ləzzəti. Görünür, qismət beləymiş. Eh, nə zülmlə onları saxladı. Çarəmiz nədir... Allahın birinci adı səbrdir. Səbrin mükafatı böyükdür...

Övladları şəhərə köçüb getsə də, Bədircan arvad ev-eşiyini atmamışdı. Ev deyəndə ki, bir koma idi. Bu qonum-qonşunu haradan tapacağam,-demişdi. Elə söz-söhbət çəpərin üstündən Bədircan arvadın həyətinə uzanan tut ağacının köklü bir qoluna görə idi. Bir neçə gün bundan qabaq Bədircan arvad atamın yanında sözarası demişdi ki, bu tut ağacının həyətinə uzanan budağının altını hər gün səhər süpürür, o biri gün isə həyət yenə tutla dolu olur. Səhərdən axşama kimi tuta daraşan uşaqların əlindən başı ağrıyır. Deyəsən bu bəhanə atam üçün göydən düşmüşdü. Çünki qəssab Heybətin o ağacda gözü vardı. Atamı girləyib-fırlayıb o ağacdan bir ət kötüyü qoparmaq istəyirdi. Bütün kəndin uşaqlarını başına yığan, indiki qocaların uşaq ikən gördükləri o ağacı kəsməyə kimin əli gələrdi. Səksən yaşında dünyasını dəyişən Şirməmməd kişi deyirdi ki, onun atası dünyaya göz açandan bu ağacı görüb. Ötən ay atam məni qəssab Heybətin yanına ət üçün göndərəndə onun yanında dayanan Əsədbala əmioğlu soruşdu:

- Bu Səttarın oğlu deyil?

- Odur, amma Səttardan bir kötük qoparacağam, - deyə qəssab hırıldadı. Əsədbala əmioğlu qıyğacı Heybəti süzdü:

- Yəni o ağacı kəsməyə adamın əli qalxar. İnanmıram Səttar o ağaca qıysın.

- Mənə Heybət deyərlər.

Yorğanın atında qulağıma Heybətin o hırıltısı gəlirdi.

Atamın səsi yenə həyəti başına götürdü.

- oldu, bunun yuxudan durmağı?

- Deyəsən bu gecə mənimçün bundan çox uzana bilməzdi. Səkinin üstündəki yatağımın yanındakı şalvarı götürüb yorğanın altında əynimə keçirtdim. Anam qucağında qardaşım Hicranı tutmuşdu. Ağlayırdı. Atam ona fikir vermirdi. Gözü ağacda idi.

Gözucü mənə tərəf baxıb - get əmingildən hərrəni gətir, - dedi:

Səsə Bədircan arvad da çıxdı. Gülə-gülə: - olub səhər-səhər sizə - dedi, sonra anamın gözünü yaşlı görüb ciddiləşdi:

- Aaz, sən niyə ağlayırsan?

- Görmürsən, nədən yapışıb, tut ağacının sizə tərəf gedən budağını kəsmək istəyir. Başa sala bilmirəm ki, ağacın ahı var, naləsi, qarğışı var. Mən bu uşaqlardan qorxuram. Sən Allah, Bədircan bacı, sən özün onu başa sal. Heç olmasa qoy barın töküb qurtarsın, sonra kəssin.

- Barın verənə kimi, xalxın həyətini zibilləsin, - atam qəzəbindən əlindəki siqareti kənara tolazladı.

Bədircan arvad barmağını dişlədi.

- Zibilləyir, qoy zibilləsin. Onsuz da hər gün o həyəti süpürürəm. Tut qurtaranda da. Sonra atama tərəf baxdı:

- Sən Allah, məni bu günaha qatma. Yaşıl ağaca qıymazlar.

Atam yumşalantəhər oldu:

- Yox, təkcə sənlik deyil, o qəssaba söz vermişəm.

Sonra mənə tərəf acıqlı-acıqlı baxdı:

- Sən döyüküb baxırsan. Demədim get, hərrəni gətir. Əmioğluna da de, gəlib mənimlə hərrəni çəksin.

- Heç olmasa uşağı günaha batırma - anam nalə çəkdi.

- Yenə başladı, “günah”, “günah”. günah”, “günahsalmısan. Camaat bir bağı qırır, günah olmur, biz bir budaq kəsəndə həşir qopur.

...Mən əmioğlumnan qayıdanda yenə anam yalvarmağa başladı. - Allahın olsun, qıyma o barlı ağaca, ahından qorx...

Atam yerində donub qalmış, bu cəncəl işə düşmək istəməyən əmimoğluna tərəf döndü.

- marıtdıyıb, gözünü döyürsən? Hərrənin o başından tutsana.

Anam işarə ilə məni yanına çağırdı, evə keçdik. Bəlkə hərrənin səsini eşitməmək üçün. O, çay tədarükündə idi. Qucağında kiçik qardaşım Hicranı tutmuşdu. Bir azdan uşaqlar da yuxudan duracaqdı. Mən ara-bir onun hıçqırığını eşidir, edəcəyimi bilmirdim. Elə bu an həyətdən atamın səsini eşitdim.

- oldu bizim çayımız?

- Çay hazırdır, qənd qurtarıb.

- Göndər onu, pul verim, qənd alsın.

- Anam bir əli ilə məni elə qucaqlayıb sıxdı ki, sanki kimsə məni onun əlindən alacaqdı.

- Kamil, sən Allah, divarın dibi ilə get. Maşından muğayat ol. Bunun bir lovu, nifrini var.

Dükançı Topal Tərlan taytıya-taytıya hələ dükanın qapısına indi yaxınlaşırdı.

- Səhərin gözü açılmamış olub belə?

- Qənd almağa gəlmişəm - yaxınlaşıb tez pulu ona uzatdım.

- Saxla pulu özündə, köpəkoğlunun adamı. Qapıda qənd satırlar. Hələ bir dayan dükanı açım, yerbəyer olaq.

Uşaqlar ona Dükançı Tərlan, böyüklər Topal Tərlan deyirdilər. Dükançı halını pozmur, mənim isə ürəyim çırpınırdı. Dükanda nələrisə yerbəyer edir, ora-bura göz gəzdirirdi. Yarı canım anamın, bir tut ağacının yanında idi. İstəyirdim ki, dükançı tələssin, cəld olsun. Uşaqdım. edə bilərdim ki... Handan-hana çalovu qənd kisəsinə soxdu... Qəndin xışıltısı gələndə barmaqlarımın ucunda qalxıb kisəyə tərəf baxdım. Sanki bununla tezləşəcəkdi. Bu hərəkətim Dükançı Tərlanın gözündən yayınmadı.

- olub, işə tələsirsən?

- Atam deyib tez gəl. Qəndimiz yoxdur.

- O qədər qəndsiz çay içmişik ki... Aman Allah, əgər müharibədən danışmağa başlasa...

Yaxşı ki, danışmadı. İkiqat kağızı sol qoluna dolayıb üçkünc torba düzəltdi. Sivrivari kağız torbanın ucunu burdu. Tərəzinin yanında, çalovun içində qoyduğu qəndi torbaya əndərdi...

- Götür apar, görürəm darıxırsan, amma səni dükanın qabağında oynayan görməyim.

Həyətə girəndə yerimdə donub qaldım. Qardaşım Hicran qonşumuz Malakeş Talıbın qucağında idi. Talıb əmi, atam onu elə çağırırdı, səkinin üstündə, pəncərənin məhəccərində oturaraq əlindəki güzgünü Hicranın ağız-burnuna tutmuşdu. Anam ayaq üstündə quruyub qalmışdı. Ağlamırdı. Amma gözü Talıb əminin əlində idi. Atam kəsilmiş yaş kötüyün üstündə oturub siqaret çəkirdi. Əmim oğlunun da, Bədircan bacının da diqqəti Talıb əmidə idi. Həyətimiz şəhərdə gördüyüm heykəlli qəbiristanlığa oxşayırdı. Həyətdəkilər oradakı abidələr kimi donmuşdular. Sükutdan elə qorxdum ki... Anama qısıldım. Əlləri taxta idi. Həmişəki kimi dükandan gəldiyimə sevinmədi. Talıb əmi güzgünü çevirib diqqətlə baxdı. Başını yelləyib yenidən Hicranın nəfəsinə tutdu. Bir az keçmiş güzgünü yenidən çevirdi. Gözləri doldu. Yanaqlarında yaş göründü. Mən ilk dəfə idi ki, ağlayan kişi görürdüm. Ətrafa baxdı. Gözü Bədircan bacını tutdu, imdadı ondan gözlədi:

- Bir tap gətir, üzünə örtək.

Otağa keçib uşağı evin ortasındakı beşiyə qoydu. Bədircan arvad öz evindən gətirdiyi döşək mələfəsini bir göz qırpımında Hicranın üstünə örtdü. Talıb əmi yenə Bədircan arvada baxdı:

- Bunlar cavandı. Sən onlara təskinlik ver. Mən gedim İbrahim kişi ilə qəbir yeri qazım.

Anam yenə əvvəlki kimi donub qalmışdı. Üzünü evimizin üstündəki səkidən görünən qəbiristana tərəf tutmuşdu. Tut ağacının kəsilmiş budağından göz yaşına oxşayan damlalar süzülürdü.

 

Atababa İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.- 2014.- 4 aprel.- S.7.