Ayrılıqdan çəkilən
sədd
Neçə il əvvəlin sözüdür. "Hökumət evi" adlandırdığımız binanın yeddinci mərtəbəsinə qalxmışdım. Köhnə həmkarlarımı aradım; bir vaxt respublikamızın təhsil işi onların çiynində daşınmışdı. Mərhumlar - Nazir Mehdi Mehdizadədən tutmuş Əfsun Əfəndiyev, Nəriman Məhərrəmov, İmran Məmmədov, Ağamehdi Mehdiyev, Cəlal Hüseynov və nəhayət, Əfrayıl Məhərrəmov bu binada çalışmışlar. Hər dəfə onunla rastlaşanda əl verib görüşər, hal-əhval tutardıq. Adəti üzrə saatına baxıb dillənərdi:
- Birinci mərtəbəyə
- çayxanaya! - Özünə məxsus tərzdə Əfrayıl
müəllimin ağzından çıxardı bu sözlər.
Yanındakılar da etiraz etməzdilər, çünki Əfrayıl
müəllim çay içmək üzrə mütəxəssis
sayılırdı.
Bir küncdə
dayanmışdım, yanımdan ötənlər az deyildi,
tanıdıqlarım çoxdu, amma o nəsil, adlarını
heç vədə unutmadığım o rəhmətliklər
elə bil bu dünyada yaşamamışdılar. Qəribədir,
onların ölümündən on illər keçir,
neçə-neçə nazir, müavin, inspektor dəyişib,
bir kərə də olsun xatırlanmayıblar, ruhlarına,
şərəflərinə bir yığıncaq, gecə belə
keçirilməyib. Bəlkə də bu, xislətimizdəndir,
vəzifədən çıxanları və
dünyasını dəyişənləri bir kimsə yada
salmır. Bizim xalqımızın payına unutqanlıq daha
çox düşübdür, deyəsən.
Geri qanrıldım,
hansı iş üçün gəlmişdim, fərqi yoxdu,
kövrək kədər gözlərimi sıxmağa
hazırdı. Mərtəbələri bir-bir enməyə
başladım. Və xəyalım da qat-qat o pilləkənlərə
təslim olmuşdu.
Əfrayıl Məhərrəmov
Kürdəmirdə kasıb ailədə doğulmuşdu.
Müharibə başlayanda beş yaşında idi,
atasını da davadan az sonra itirmişdi. Anası,
qardaşı, bacıları da dünyanın çətinliklərində
yaşadılar. Əfrayıl isə orta məktəbi
qurtarıb Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsinə qəbul olundu. O, həmişə müəllimlərindən
Əli Fəhmi, Əli
Sultanlı, Xəlil Əlimirzəyev, Xalid Əlimirzəyev, Təhsin
Mütəllimov, Ağamusa Axundovdan dönə-dönə
danışır, onların pedaqoq ustalığını, ədəbiyyat
elminin incəliyinə varid olmalarını tərifləyirdi.
Xüsusilə, Əli Sultanlı ilə Əli Fəhminin nitq ecazkarlığını
vurğulayırdı: - Tələbə onda itirir, auditoriyada
möcüzə ilə üzləşmir. Sənət-ədəbiyyat
aləminin sirri açılmır. O sahədə bizim bəxtimiz
gətirib. - Əfrayıl müəllim bu sözləri elə
şövqlə deyərdi, qəlbində nəyisə
itirdiynə heyifsilənərdin. Mən də cavabsız
qoymazdım: - Feyzulla
Qasımzadə, İsmayıl Şıxlı, Sədi Əfəndiyev,
Əbdüləzəl Dəmirçizadə, Kamal Qəhrəmanov,
Əhəd Hüseynovdan dərs almışam. - Qürrələnirəm.
O isə yenə şövqlə deyərdi: - İsmayıl
müəllim Əli Sultanlının tələbəsi olub.
Təhsin, Xalid, Ağamusa müəllimlərimsə Feyzulla Qasımzadənin, Əbdüləzəl
Dəmirçizadənin yetirmələridir. Bax, varisliyin nəticəsi!
Və yolumuzu
çayxanaya salardıq.
Əfrayıl
universiteti bitirib Salyana təyinat aldı, Kərimbəyli kənd
orta məktəbinə. Dil və ədəbiyyatı tədris
elədi. Burada da o, müəllimlik fəaliyyətinin zirvəsinə
qalxdı. Füzulini, Sabiri
eşqlə öyrətdi, ürək yanğısı ilə
sinfə gətirdi. Onun o vaxtkı şagirdlərindən, indi
sənət-peşə sahibləri jurnalist Səxavət
Qarayev, Cəfər Cəfərli, şair Nizami Oruc, mühəndis
Müslət Nəcəfov, həkim Vahid Rüstəmov müəllimlərinin
şeiri necə "xırdalamasından", poetik
misraları hansı şövqlə söyləməsindən
- pedaqoqluğundan dünənin olmuşu kimi söz
salırlar. Və bir də bunu vaxtilə onunla bir məktəbdə
işləmiş (Əfrayıldan sonra o ocaqda mən dərs
dedim) mərhum Ağamalı Məmmədov, Əhliman
Şirinov, Bayram Salmanov Əfrayılın cəsarətindən,
şəhərin (Kərimbəyli məktəbi Əli
Bayramlıya daxil idi) vəzifəli şəxslərini mətbuatda,
rəsmi yığıncaqlarda necə konkret və pafosla tənqid
eləməsindən. O vaxtın yaşlı nəsli "Məxfi
məktub", "Qeyb olunmuş həvəs" və digər
kəskin felyetonların "Ədəbiyyat və incəsənət"
qəzetində çapını xatırlayırlar. Neçə
dəfə onun kirayə qaldığı mənzilə
hücumlar ayaq açıb, amma cəsarətli kənd müəllimi
ayağını tərpətməyibdir. Və bir də…
Əfrayılın mərkəzi
qəzet və jurnallarında çıxan lirik, epik şeirlərini
unutmaq insafsızlıq olardı. "Günəş nəğmələri"
silsilə şerlərini (Əli Bayramlının işıq
paylayan fəhlələrinə həsr edilmişdi) "Azərbaycan"
jurnalında oxuyanda tələbə idim. APİ-də (indiki
APU) ədəbiyyat dərnəyində rəhmətlik
İsmayıl Şıxlı (Əfrayıl
yazıçı ilə sıx əlaqə
saxlayırmış, yazılarını ona oxuyurmuş) bu
şeirlərin müəllifinin adını çəkdi və
yadımdadır, dedi ki, siz də kəndlərə gedəcəksiniz,
ruhdan düşməyin,
yaradıcılığınızı söndürməyin.
Tale elə gətirdi
ki, az sonra Əfrayılla tanış oldum. Onun lirik, epik
şeirlərini oxudum. "Narahat dağ" adlı ilk
şeirlər kitabı əlimə keçdi, vərəqlədim.
Sevdalı gənclik illəri poeziyasında kövrək əks-səda
vermişdi. O vaxt oxucuların sevdiyi "Günahkar mənəmmi?"
şeri populyardı. İndi sahibsiz qalan misraları
yaddaşımda çözələyirəm:
Həmişə yaz vaxtı açılar güllər,
Bahardan-bahara təzələşərdin.
Günahkar mənəmmi, ötdükcə illər,
Sən də ildən-ilə gözəlləşərdin.
Deyərdin ocağam, bəs tüstün hanı?
Tüstülü ocaqlar yanmazmı tez-gec?
Deyərdin atəşəm, bəs istin hanı?
Səni söndürəni yandırmadın heç.
Bu misraları Əfrayıl yazmışdı, Kərimbəyli
kəndində. Ağlına gələrdimi taleyi onu
aldada-aldada əlli yaşına qədər aparacaq. Və günlərin birində…
Əfrayıl ədəbi
uğuru daha çox satirada qazanırdı, "stenoqrafik
hekayələr" janrında "Ədəbiyyat və incəsənət"
qəzetində çap olunurdu. O vaxt istedadlı mərhum
yazıçımız, tarixi romanların müəllifi Fərman Kərimzadə dostunu
ruhlandırır, məhsuldar yazmağa təhrik edirdi. Əfrayıl
üslubunda isə sözə qənaət, xalqın
unudulmuş ifadə və ibarələrinə dərindən
bələdlik mövzunun gözlənilməzliyinə meyil
kimi yazıçıya məxsus xüsusiyyətlər
çoxdur. O, həm də başlıcası oxucusunu
"şirnikləndirməyi" bacarırdı və bu ad əsərdən
doğurdu. "Göydən heç nə düşmədi",
"Dərədən reportaj", "Başlı adam",
"Buğa", "Qoyun axtarışı" və s.
satirik hekayələrini qəzet səhifələrində
oxumaqla bədii həzz almamaq və dərindən
düşünməmək mümkün deyildi. "Təhlil"
hekayəsində söhbət tənqidçinin bir söz
ustasının romanının təhlilindən gedir və
müəllif bu tənqidçinin sadəcə şərhindən
onun həm xarakterindəki ikiliyi, həm də səviyyəsini
verir.
Əfrayıl
mövzunu sırf "təxəyyül uydurmasından"
almırdı. Həyat, adamlar onun yazıçı duyumunun,
müşahidəsinin əhatəsində idi. Bir gün sahildə
gəzirdik. Haşiyə çıxım ki, o yazacağı
əsərin süjetini, fabulasını təxəyyülündə
hazır eləyəndən sonra həvəslə
danışmağı xoşlayırdı. İlk
"şifahi oxucusu" məndim. O, bir əhvalatı
danışırdı, hərdən mənim reaksiyama diqqət
eləyirdi. Yumoristik bir hekayəydi və mən axırda
dedim:
- Əfrayıl, bunu
niyə başqasından oxuduğunu deyirsən, axı hekayə
büsbütün sənindir, obrazlarının
danışığı bəsdir. Yaxşı, adını
nə qoymusan?
O, çox məmnun
oldu, hiss elədi xoşuma gəlib:
- Düz tapmısan,
adı "Çeçələ barmağın gülməsi"dir,
əslində satirik povestdir…
Əfrayıl maarif
sahəsində zəngin təcrübəli, məlumatlı
mütəxəssis idi. Rayonlarda tez-tez ezamiyyətdə olurdu.
Və hər dəfə qayıdanda yüksək əhvalla
çay içə-içə gördüyü adamlarla, məktəb
direktorları ilə, müəllimlərlə necə
kontaktda bulunduğunu, məktəbdə belələrinin fəaliyyətsizliyini
həvəslə danışardı. Yaxşı hekayə
mövzusu tapmışam bu dəfə, - deyərdi. Və
günün birində onun "Təlim" yumoristik hekayəsini
qəzetdə oxudum. Savadsız bir ədəbiyyat müəlliminin
Füzulinin "Leyli və Məcnun" əsərini
necə tədris etməsindən danışılır.
Müəllimin şagirdlərə Leyliylə Məcnunu necə
təqdim etməsinə baxaq: "Keçən dəfə
demişdik ki, Leyli Məcnuna ərə gedə bilmir,
çünki alnına yazılmışdı ki, gedə bilməyəcək.
Odur ki, ikisi də çox yanıqlı olublar. Elə indinin
özündə də yanıqlı olub qalıblar"…
Şagirdlərdən biri müəlliminə sual verir ki,
quşlar yuvanı nə üçün Məcnunun
başında tikirlər? Müəllim cavabında
özündən məmnun halda deyir: "Çünki səhrada
ağac yox idi"…
Əfrayıl söz
üçün özünü zora salmırdı, onun iti
müşahidə qabiliyyəti, dilinin zənginliyi, ümumiləşdirmə
bacarığı - yazıçıya xas bu keyfiyyətləri
tükənməzdi. Amma bunun müqabilində çox təvazökardı,
redaksiyaların, nəşriyyatların qapısını
döyməzdi. O vaxt (1960-1970-ci illərdə) nəşriyyatlarda
məsul vəzifələr tutan İlyas Tapdıq, mərhumlar
Əlican Əliyev, Vidadi Paşayev, Vaqif Musa və
İsmayıl Qarayevlə səmimi dostluq edən Əfrayıl
onlardan istifadə etmirdi. "Müəmmalı hekayələr"
adlı satirik hekayələr kitabı çıxandan sonra ədəbi
mühitdə yaxşı qarşılandı. Resenziyalar
çıxdı. Bundan ruhlanan Əfrayıl yeni
kitabını nəşriyyata təqdim elədi. Plana
düşdü, mətbəəyə göndərildi,
yığıldı da. Hansısa namərd əsərin nəşrinə
maneçilik məqsədiylə əlyazmanı o vaxt məşhur
və üzüyola tənqidçiyə (onun qələmi
belə bəd işlərdə lazım olurdu, indi
dünyasını dəyişib) göndərib, mənfi rəy
almağa nail oldu. Yığılmış kitabı - metal əlyazmanı
əritdirdi. Bu hadisə Əfrayılı möhkəmcə
sarsıtmışdı, özünə qayıda bilmirdi.
Lakin onda iradə, hisslərini bərpa eləmək qabiliyyəti
vardı. Və bir neçə ayda maraqlı povest və hekayələr
qələmə aldı. Xüsusilə Fərman Kərimzadə, Əlisa Nicat,
Abbas Abdulla, Mövlud Süleymanlı ona mənəvi dayaq
oldular.
Əfrayıl məktəbin
idarə edilməsi, sənədləşdirmə və s. sahələrdə
görkəmli mütəxəssis idi. Bu gün də təhsil
sistemində çalışan Nəcəf Nəcəfov,
Arif Muradov Əfrayılın səriştəsindən
ağızdolusu danışırlar. Lakin 1980-ci ilin əvvəllərində
nazir, akademik M.Mehdizadəni sırf partiya işçisi, mərhum
Elmira Qafarova əvəzlədi. O, tam başqa yolu tutdu.
Nazirlikdən xeyli mütəxəssisi uzaqlaşdırdı,
o cümlədən Əfrayıl Məhərrəmovu. Əfrayıl
orta məktəbdə ədəbiyyatdan dərs dedi və
yenidən pedaqoji kollektivlə qaynayıb-qarışdı.
Yaradıcılığından
qalmadı. Vaxt tapıb qələm dostları ilə bir yerə
yığışırdıq. Abbas Abdulla, Vahid Əziz,
Mövlud Süleymanlı, Adil Rəsul, Əbülfəz
Naxçıvanlı arasında gur səsi, yumorlu
danışığı ilə seçilirdi. Abbas Abdulla da,
Mövlud da Əfrayıla "Ulduz" və "Azərbaycan"
jurnallarına (onlar bu jurnallarda
çalışırdılar) əsər vermələrini təkid
eləyirdilər.
Bir gün Əfrayılla
görüşdüm. Qoltuğunda qovluq vardı, dedi:
"Çeçələ barmağın gülməsi"
povestinə əl gəzdirdim, Mövluda verəcəyəm. -
Gülümsündü. - Amma çayxanada pürrəngi
çay içəndən sonra. Və əlyazmanı jurnala
apardı. Mövlud oxuyub, Əfrayıla əsəri bəyəndiyini
demişdi. Povest çap olundu…
1986-cı il idi. Mən
"Maarif" nəşriyyatında artıq ikinci ildir
işləyirdim. Bir həftə keçmişdi, Əfrayıl
gözə dəymirdi, fikirləşdim ki,
qayğıları çoxdur, beş övladı
böyütmək hünər işdi. Düzü, daxilən
nigarandım. Bir gün telefonda Əfrayılın həyat
yoldaşı Dilbər xanımın kövrəlmiş səsini
eşitdim: - Əfrayıl xəstəxanadadır, deyir
Allahverdi mənə dəysin. - Susdu və telefonu asdı.
İşin sonunda Əfrayılın
çarpayısında onun hələ işıqdan
düşməyən gözlərinə baxırdım,
bir-iki nikbin sözlə onu qaldırdım. O, bu anda da
yumorundan qalmırdı, dedi ki, çaşıb o məsələ…
- Əliylə havanı yardı. - Çaşıb
Mövluda verdiyim əsərin çapını görmərəm!
- Özünü o yerə qoymadı.
- Keçib gedən
şeydir xəstəliyin. Allah qoysa çıxarsan, - dedim. -
Həkiminlə də özüm ayrıca
danışacağam. Darıxma, hər şey
yaxşıdır.
Bir saatlıq söhbətdən
sonra mən ondan ayrıldım. Və bir həftədən
sonra sədaqətli dost, istedadlı satirik yazıçı,
şair, gözəl pedaqoq Əfrayıl Məhərrəmov
amansız xərçəngdən dünyasını dəyişdi.
Onu doğulduğu, boya-başa çatdığı Kürdəmirdə
dəfn elədik. Neçə-neçə yumorlu, satiralı
əsəri özü ilə apardı. Onun bu gün də qələm
və gənclik dostlarının dillər əzbəri olan
"Əliyyül-əla" kəlamı unudulmayıb. Kefi
kök olanda bu sözü işlədərdi.
Əfrayılın
ölümündən sonra istedadlı şair Müzəffər
Şükür qələm dostuna "Əliyyül-əla"
adında bir şeir həsr elədi. Əlyazmasını mənə
yadigar kimi vermişdi. Onu tapıb möhtərəm oxuculara təqdim
edir və yazımı bu misralarla bitirirəm.
Ucaboy, enlikürək,
qəddi əliyyül-əla,
Deyərdi bir nəfərə
yeddi əliyyül-əla!
Ürəyi gül
kimi, bir eldən alınmış qələmə,
Suvarıldı o
çinar, bitdi əliyyül-əla!
Yana bildikcə elə
şam kimi yandı-yandı,
Uzanan əllərə
də yetdi əliyyül-əla!
Bu tikanlıqda o da nalə
çəkib çırpındı,
O da bir bülbül
olub ötdü əliyyül-əla!
Baxıram dünyaya mən
dərdlər ilə yüklənmiş,
Ayrılıqdan
çəkilən səddi-əliyyül-əla!
Yaramaz dünyada ki, yer ilə yeksan oldu,
Batdı min yaxşı belə, itdi əliyyül-əla!
Oyanıb düşdü yada beş gün tez, beş
gün gec,
O nəfəs ki, tükənib bitdi əliyyül-əla!
Dil açıb hardasa Həvva danışır Adəmlə,
Neçə xəttatda qalır xətti əliyyül-əla!
Bir ömür bəxş elədi ömrü uzun
dünyaya,
Bir ömür ki, mənası məddi əliyyül-əla!
Nə könül qırdı, nə ev yıxdı
gözəl qəlbiylə,
Əliyyül-əla gəlib, getdi əliyyül-əla!
Allahverdi
EMİNOV
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.7.