Nəmər
Yazıçılardan
biri başına gələni özü danışıb, mən də evə
çatan kimi qələmə
almışam. Necə deyərlər, danışmaq başqa, yazmaq başqa. "Sazan
ayrı, fazan ayrı".
Məxləs, bizim bu yazıçı dostumuzu bir gün
toya çağırırlar. Cibində də pulu az imiş, yəni onun cibindəki pulu toya nəmər salmaq
ayıb sayılarmış. Odur ki, bir kənarda dayanıb
dəftərə nəmər yazdıranları izləyirmiş
ki, görsün
"kasıb-kusub"lar nə vaxt gəlib
nəmər salacaqlar ki,
o da onlara
qoşulsun.
Bu vaxt görür
ki, hərdən şeir
yazan bir iş adamı ona
yaxınlaşır. "Çiçəyi"
çırtlayır. Düşünür
ki, "istədiyi yar
idi, yetirdi pərvərdigar".
İş adamı yazıçı ilə
qucaqlaşıb, marçamarç
öpüşəndən sonra soruşur ki, "toya nə qədər salacaqsan?"
Yazıçı da özünü
sındırmır, deyir, "bəy qohumdur, ona görə gərək
beş yüz manat salam".
İş adamı əlini salır cibinə, beş ədəd şax yüzlüyü çıxarıb verir yazıçıya ki,
"biz ölməmişik, götür, sal toya".
İş adamının yazıçıya pul verdiyini, həm də çox verdiyini
tanışlardan biri görür.
Düşür yazıçının
arxasınca, o hara, bu da ora!
Yazıçının qulağı eşidə-eşidə
ona-buna deyir ki, "dostumun
hamımızın əvəzinə toya salmağa pulu var!" Yazıçı ha
istəyir tanışından uzaqlaşsın, mümkün olmur. Hiss edir ki,
tanışı bundan pul
qoparmasa əl çəkən deyil. Odur ki,
nəmər yığana yaxınlaşır, şəstlə
beş yüz
manatı çıxarıb qoyur onun qarşısına ki,
"yaz, beş yüz!" Nəmər yığan təəccüblə
yazıçıya altdan-yuxarı baxaraq beş yüz manatı götürür, dəftərin altına qoyur, dəftərə də yazır "500 manat".
Yazıçının
tanışı görür ki, pullar əldən
çıxdı, yavaşca ondan aralanır. Elə ki,
uzaqlaşdı, yazıçı tələsik nəmər
yazanın yanına gəlib deyir:
- Verdiyim beş yüz manatı qaytar!
Nəmər yığan
pulu qaytaran kimi, yazıçı dillənir:
- Dəftərdəki beşin yanındakı iki sıfırdan birini poz, bu
da sənin əlli manatın!
Toydan sonra
yığılan pullar
sayılanda bəyin adamları görürlər
ki, sıfırın biri pozulub, beş yüz manat, əlli manat olub. Hamı nəmər
yazandan şübhələnir.
Heç demə, nəmər yazan bəyin qaynı imiş…
Amma
oxuculardan rica edirəm, məndən heç şübhələnməsinlər. Həmin yazıçı mən deyiləm. Vallah-billah,
mən deyiləm!
Xahiş
Rayondan vəzifəli
şəxsin yanına
bir kişi
gəlir. Salam-kəlamdan
sonra utancaq hal alıb, dillənir:
-Vallah, utanıram
deməyə, sizə
kənddən bir quzu gətirmişəm, maşındadır...
Vəzifəli şəxs
belələrini çox
gördüyündən soruşur:
-Nə istəyirsən?
Qonaq yenə əzilə-büzülə dillənir:
-Əşi, heç nə, elə-belə gətirdim quzunu. Paydır da...
Vəzifəli şəxs
yenə soruşur:
-A kişi, sən mənə bir quzu pay verməkdən
ötrü o boyda yolu elə-belə gəlməzsən, xahişini
de...
Qonaq daha utancaq
şəkil alır:
-Yəni fikirləşirsiniz
adama elə-belə pay gətirməzlər? Elə bilirsiniz quzunu sizə tam gətirmişəm?
Evdən çıxanda
arvad dedi ki, əşi, bir budunu kəs,
qoy evdə, uşaqlar yesin. Demək istəyirəm ki, quzunun bir parçasını
da özümüzə
saxlamışıq. Yəni
qalanı sizə halaldır!
Vəzifəli şəxs
səsini qaldırdı:
-A kişi, xahişini
de!..
Qonaq:
-Əşi, sizin
sağlığınız... Sadəcə istəyirəm
oğlumu müstəntiq
işinə düzəldəsiniz...
Vəzifəli şəxs:
-Sonra?
Qonaq:
-İndi istəyəcəyim
sizin üçün
çətin olmaz, müəllim! Evimizin yaxınlığında qırx sot torpaq sahəsi var, rayon bələdiyyəsinə zəng
vurun, oranı versin mənə.
-Sonra?
-Bir də, bizim balaca bu
il orta
məktəbi bitirir, onu bir universitetə
ilişdirmək yaxşı
olardı...
Vəzifəli şəxs:
-“Hörmətli” qonaq, təəssüf ki, sənin xahişlərini yerinə
yetirə bilməyəcəyəm. Çünki mən belə işlərlə məşğul olmuram!
Qonaq hirsləndi:
-Nə?! Mən
də elə bildim, sizin əlinizdən
bir iş gəlir! Daha quzunu verəsi olmadım! Elə gətirdiyim maşınla
qaytaracam geri, rayona. Özüm yeyərəm!
Çağırılmamış
qonaq qapını çırpıb getdi.
Az sonra yeni bir
qonaq gəldi, əlində də bir kiloqram Şəki
halvası... Kaş onun vəzifəli şəxsdən nələr
xahiş etdiyini eşidəydiniz...
Ağıllı olmaqdansa…
Başım
birdən bərk ağrımağa başladı. Bu ağrıya dözmək
çox çətindi.
Getdim həkimə ki, «həkim, ölürəm!». Həkim də dedi ki, başın
içi görünmədiyi
üçün gərək
tomoqrafi aparatından keçəsən. Nə
az, nə
çox, düz iki yüz manat
ödəyib uzandım
aparata. Bilirsiniz də həmin
aparatda şüa çox güclüdü.
Beynin şəklini çəkirlər, olan-qalan
beyin də az qalır
xarab olsun!
Təxminən qırx
dəqiqə uzanıb
ayağa qalxanda hiss etdim ki, başım
fırlanır. Az qala yerə
yıxılacaqdım. Həkimlər yığışıb beynimin
şəklini incələdilər,
dedilər «səndə
heç nə yoxdur». Soruşdum:
- Necə yəni
«heç nə yoxdur?» Yəni beynim
yoxdur demək istəyirsiniz?
Hamı gülüşdü:
- A kişi, narahat olma, beynin
yerindədir. Demək istəyirik
ki, ağrının beyinlə əlaqəsi yoxdur.
Məxləs,
tomoqrafi üzrə bir arayış yazdılar ki, başım, beynim yerindədir.
Amma
bu arayış məni çox məyus etdi. Mən istəyirdim həkimlər
yazsınlar ki, xəstənin (yəni mənim) başı-beyni yerində deyil. Çünki Allahdan gizli
deyil, sizdən niyə gizlədim, çox vaxt başı-beyni yerində
olanlara vəzifə vermirlər, mən isə vəzifə istəyirəm.
İndi
belə qərara gəlmişəm ki, gedim həkimlərə «hörmət-zad» eləyim,
arayışın məzmununu
dəyişsinlər. Yazsınlar ki, «bu adamda nə
baş var, nə də beyin!» Bəlkə
həmin arayışdan
sonra mənə vəzifə verdilər…
Bir
də arayış alandan sonra istəyirəm
qəzet, jurnal, radio, televiziya ilə məlumat yayım ki, məndə nəsə çatmır. Bəlkə ondan sonra perspektivlər üzümə açıldı,
rahat yaşamağa başladım… Necə deyərlər, ağıllı
olub xalqın dərdini çəkincə,
dəli ol, qoy, xalq sənin
dərdini çəksin!...
Xeyrəddin Qoca
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.8.