Kəlbəcər mənim

 

Əslim-nəslim o torpaqdan yaranıb,

Ulu babam olub Kəlbəcər mənim.

Ümidim, pənahım, arxam, dayağım,

Elim, obam olub Kəlbəcər mənim.

 

Qüvvətim, qüdrətim, gücüm, biləyim,

Qəlbim, hissim, duyğum, canım, ürəyim,

Müqəddəs nemətim, halal çörəyim,

Abi-havam olub Kəlbəcər mənim.

 

Atam, anam, bacım, qardaşım, balam,

Çiçəyim, bənövşəm, nərgizim, lalam,

Sütunlu sarayım, möhtəşəm qallam,

İsti yuvam olub Kəlbəcər mənim.

 

Mənə qurban deyib kəsib quzunu,

Sındırıb könlümün kədər buzunu,

Zülmət gecələrdə ömrüm uzunu

Yolumda şam olub Kəlbəcər mənim.

 

Bəhmənəm, mən ona könüllü nökər,

Ondan ayrılalı gözüm yaş tökər.

Ləhcəmdə şirinlik, sözümdə şəkər,

Dilimdə tam olub Kəlbəcər mənim.

 

Bəhmən Vətənoğlu

 

Ədəbiyyat qəzeti.- 2014.- 4 aprel.- S.3.