Ürəyimdə
O çağlayan gur
bulaqlar
Çağlar
mənim ürəyimdə.
Neçə şirin
xatirəni
Saxlar
mənim ürəyimdə.
Lalə, nərgiz
ləçəkləyər,
Üstünə şeh
çiçəkləyər,
Qış günü
də çiçəkləyər,
Dağlar
mənim ürəyimdə.
Orda neçə şirin dastan,
Varaqlanan zaman-zaman,
Leyli, Məcnun əhdi-peyman
Bağlar
mənim ürəyimdə.
Min qüssəli, min təlaşlı,
Baxar Xumar gözüyaşlı,
Yazıq Sənan
boynu xaçlı
Ağlar
mənim ürəyimdə.
Loğmanımsan, gözəl
məkan,
Sənsən verən
Məmmədə can.
Səndən əziz,
Azərbaycan,
Nə
var mənim ürəyimdə?!
Məmməd Aslan
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.3.