Dəymədim xətrinə

 

Sifəti tanışdı, üzü tanışdı,

Bu qız zəmanənin öz uşağıdı.

Məni görən gündən yalan danışdı,

Dedi inanacaq, söz uşağıdı.

 

Üzdü işvə məni, üzdü naz məni,

Bu yollarda az gözlətdir, az məni.

Dedi kənddən gəlib, anlamaz məni -

Dərə uşağıdı, düz uşağıdı.

                   

Düşündü, atmağa var ki, bunu,

Özgəyə satmağa var ki, bunu.

Dedi aldatmağa var ki, bunu -

Əyri zəmanənin düz uşağıdı.

 

Bitib yollarında qala bilərdim,

Yarı öz günümə sala bilərdim.

Mən ondan intiqam ala bilərdim,

Dəymədim xətrinə - qız uşağıdı.

 

Ələmdar Cabbarlı

 

Ədəbiyyat qəzeti.- 2014.- 4 aprel.- S.3.