Qıfıl
Rüstəm Kamala
Bizimlə bir
dəstə açar
gəlibdi,
məhlənin açarı, evin açarı.
Kefim qıfıllanıb üzümdə mənim,
qalıb evimizdə kefin açarı.
İnadım əyilib,
vüqarım sınıb,
o da qalaq-qalaq
il altındadı.
Bilirəm, qapımız
o vaxtdan yanıb,
qıfıl bir kalafa kül
altındadı.
O qıfıl dil
açar günün
birində,
sükutun içində çürüyür,
itir.
Onun torpaq dolmuş
açar yerində,
hər bahar bir həsrət
çiçəyi bitir.
Qapılar görmüşəm,
o vaxtdan bəri
bu dərdin işığı
içəri düşmür.
İndi mən
neyləyim, ayrı qapıya
bizim qapımızın açarı
düşmür!
Hayana üz
tutdum, qıfıl göyərdi,
ümid qıfıllıdır, arzu
qıfıllı.
Bərəkət qıfıllı,
ruzi qıfıllı,
bu tale, bu qismət, yazı qıfıllı.
Tətiyi qıfıllı
silahımızın,
tətiyi çəkəsi əlim
qıfıllı,
"Susuram, başımı
saxlamaq üçün",
ağzım qıfıllıdır, dilim
qıfıllı.
Çaşdımı, tərk etdi oba yurdunu,
dərdi köç üstünə
aşırıb gəldik?
Bizdə ürəyə
bax, baba yurdunu
bir paslı qıfıla tapşırıb gəldik.
Çaylar qayalardan
asılı qaldı,
bulaqlar ağladı, kiridi orda.
Bu boyda həsrətin,
bu boyda dərdin
açarı burdadı, qıfılı
orda.
Elşən Əzim
Ədəbiyyat
qəzeti.- 2014.- 4 aprel.- S.3.