Oğluyam

 

Qartal düşüncəli, şair xəyallı,

Tərlan yuva salan dağlar oğluyam.

Anam İstisudu, atam Dəlidağ,

Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.

 

Lalədi, nərgizdi evim-eşiyim,

Köynəyim sıx meşə - qoymaz üşüyüm,

Qərənfildi, qızılgüldü beşiyim,

Buz bulaqlı, göy yaylaqlar oğluyam.

 

Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,

Vüqarım Şah dağı, əl çata bilməz!

Məkanım Çalbayır, oylağım Kəpəz,

Min çiçəkli bir laləzar oğluyam.

 

Cəvahirdi Azərbaycan torpağı,

Qızıl, gümüş hər sərvətin yatağı,

Uca zirvələrin - lalə bayrağı -

Şəmşirəm, nə gözəl diyar oğluyam.

 

Aşıq Şəmşir

 

Ədəbiyyat qəzeti.- 2014.- 4 aprel.- S.3.