Hüseyn Cavidin sənət
dünyası
Dünyanın elə mötəbər yaradıcı şəxsiyyətləri vardır ki, onların əsərlərinin nəşri və öyrənilməsi bütün dövrlər üçün vacib və gərəklidir. Çünki biz həmin sənət adamlarının irsindən yalnız keçmişi deyil, həmçinin gələcəyi öyrənirik. Belə dahi şəxsiyyətlərdən biri də Hüseyn Caviddir.
Hüseyn Cavid ötən əsrin
ilk illərində ali
təhsil almaq üçün
çoxlarının üstünlük verdiyi Peterburq və Paris şəhərlərini deyil,
məhz İstanbulu seçmişdir.
Beləliklə, onun bu arzusu qədim və
şöhrətli İstanbul Universitetində
reallaşdı. Hüseyn Cavid
bir neçə il burada oxuduqdan sonra vətənə müəllim kimi qayıtsa da, fəaliyyətini
yalnız müəllimlik işi ilə məhdudlaşdırmadı,
həm də böyük şair
və dramaturq kimi
tanındı.
Hüseyn Cavidin tədqiqatçılar
tərəfindən araşdırılan geniş
elmi bioqrafiyası ilə yanaşı, bir də onun qısa tərcümeyi-halı
var. Bu qısa tərcümeyi-halı
belə təsəvvür eləmək olar:
Naxçıvanda doğulmuş,Təbrizdə oxumuş, İstanbulda təhsilini
davam etdirmiş,
Tiflisdə yaşamış və sonda
Bakıda məskunlaşmışdır. H.Cavidin həm zəngin, həm
mürəkkəb, həm də acılarla dolu,
sonda faciə ilə nəticələnən
və sürgündə keçən həyatının dərinliklərinə
yenmədən məskunlaşdığı şəhərlərin
adını təkrar xatırlamaq istəyirəm:
Naxçıvan, Təbriz, İstanbul, Tiflis və Bakı! Bu şəhərlər
şərti olaraq böyük
bir coğrafiyanı xatırladır: türk-islam coğrafiyasını. Amma o cəhəti
xüsusilə demək lazımdır ki,
yaşadığı hər şəhər Hüseyn
Cavid üçün
yeni əsərlər və yeni bir dünyanın
başlanğıcı deməkdir.
Bəs Hüseyn Cavid
yaradıcılığını necə səciyyələndirmək
olar? Hər şeydən qabaq,
belə bir cəhəti vurğulamaq
lazımdır ki, bəşəriyyətin
ən böyük dayaq
nöqtəsi eşq və sevgidir. Hətta Nizamidən üzü
bəri romantiklər söyləyirlər ki,
göy cisimlərinin də səmada duruş gətirmələrinin səbəbi məhz
sevgidir. Amma bu, o zaman
daha aydın görünür
və daha təsirli olur
ki, həmin sevgi məhz
insanda ifadə oluna bilsin. Əgər sevgi insanda ifadə oluna bilmirsə,
mücərrəd və uydurmadır. Bu, Hüseyn Cavidin «Afət»
pyesindəki Afətin simasında öz tarixi bədii həllini tapmışdır. Afət
ona xəyanət edəni öldürəndən
sonra söyləyir: «Mən gözəlliyin
intiqamını aldım. Mən məhəbbətin
intiqamını aldım!» Afət gözəlliyin və məhəbbətin
intiqam aldı, öldürdü,
lakin günahkar deyil! Bədii həqiqət həyat həqiqətinə
bəraət vermək gücündədir. Sənətin bundan böyük qüdrəti
yoxdur!
Dünyanın ən böyük dəhşəti müharibələr
və qırğınlardır. Bəşəriyyət
müharibə və qırğınlardan əziyyət
çəkdiyi qədər heç nədən
əziyyət çəkmir. Daşqınlar, zəlzələlər
- bir sözlə, təbii fəlakətlər,
hətta xəstəliklər belə müharibələr qədər
dəhşətli deyil. Amma
bu, o zaman
daha aydın görünür
və daha təsirli olur
ki, həmin dəhşət məhz insanda ifadə oluna bilsin. Əgər ifadə olunmursa,
dəhşətin mənzərəsi mücərrəd və
xəyalidir. Bu, Hüseyn
Cavidin «İblis» əsərindəki
Arifin şəxsində öz
tarixi bədii həllini
tapmışdır. filosof
düşüncəli Arif İblisin əlində oyuncağa
dönür və həm
qardaşının, həm də nişanlısının
qatilinə çevrilir. Arif
qatildir, canidir, amma bədii həqiqət müstəvisində
cinayətkar deyil. Romantik
düşüncənin bundan böyük möcüzəsi yoxdur!
Beləliklə, Hüseyn Cavid həm
müqəddəs sevginin, həm də dəhşət
və vəhşətin inikas üsulunda, bədii ifadəsində azman və nəhəng bir
sənətkardır.
Romantik bədii düşüncə (istər metod,
istərsə də cərəyan səviyyəsində) mövzu məhdudiyyəti tanımır.
İnsanın qəlbinə yaxın olan hər
hansı bir mövzu əsrlər
boyu bütün romantik sənətkarları məşğul
edə bilər. Necə ki romantik metod
çərçivəsində Nizaminin
mövzuları bütün orta əsrləri və yeni
dövrün müəyyən bir mərhələsini öz
təsiri altında saxlamışdır. Eləcə də romantizm ədəbi cərəyanı çərçivəsində
İblis mövzusu həm
orta əsrlərin və həm də yeni dövrün müəyyən
bir mərhələsini əhatə edə
bilmişdir. Alman şairi Hötenin «faust» əsərindəki Mefistofel,
rus şairi Lermontovun yaratdığı «Demon»
və H.Cavidin «İblis»
əsərlərindəki İblis bunun bariz nümunəsidir.
Romantiklər üçün
başlıca məqsəd dünyanı istədiyi kimi görmək arzusudur.
Sənətkar təxəyyülündə dünyanı istədiyi
kimi görmək elm
adamlarının dünyanı dəyişdirmək
idealına bərabərdir. Ona görə də Hüseyn Cavid bu həqiqəti
ideallaşdırmaq deyil,
reallaşdırmaq üçün zərif
bir gülü də,
məyus bir qəlbi də, Ayı da, hərb allahını da,
hətta cənnətdən qovulan Adəmi
də yanına salıb qeyri-adi bir axtarışa çıxır. Beləliklə,
Hüseyn Cavid
yaradıcılığının ilk mərhələsində
iki böyük əsər
- "Şeyx Sənan" və "İblis": əfsanə və mif meydana
çıxır. Bunlar romantik
düşüncənin bədii normaya
çevrilməsi idi. Beləliklə, o dövrün insanı da daxilən dəyişə-dəyişə
yeniliklər axtaran Şeyx
Sənanın və düşdüyü
vəziyyətdən çıxış yolu
arayan Arifin şəxsində
öz taleyinin bir parçasını görürdü.
Bir müddət sonra H.Cavid
yaradıcılığında mifik tarix İslam tarixi ilə əvəz edildi
və klassik "Peyğəmbər" əsəri
yarandı. Bir başqa
məsələ vardır ki, Azərbaycan
ədəbiyyatı tarixi yüz
illiklər boyu Peyğəmbəri nət
etsə də, İslam simvolikasından
kifayət qədər bəhrələnsə
də, Azərbaycan ədəbiyyatı tarixində heç kəs H.Cavid qədər
Peyğəmbərə bu qədər
yaxınlaşmamışdı. Həm də bu
əsərdə dini tolerantlıq son dərəcə qabarıq idi.
H.Cavid
insanın təmizlənməsini, fəal həyat mövqeyinə
nail olmasını cəmiyyət
içindəki "kiçik"
adamların məzəmmətində deyil,
yüksək və bəşəri ideallarla
nəfəs alan bədii qəhrəmanların
təsir gücündə görürdü.
Bütövlükdə hicri
tarixini ortaya gətirən
H.Cavid dramaturgiyanın poetika
sistemində də novatorluq nümayiş etdirdi: klassik dramaturgiyanın "pərdə - şəkil"
mizanını bir göz
qırpımında dəyişdirdi və hər pərdəni
orada təsvir olunan tarixi hadisələrə uyğun
olaraq öz adı ilə
adlandırır: Bisət, Dəvət, Hicrət,
Nüsrət.
"Topal Teymur" pyesində
1402-ci ildə Topal Teymurla
Yıldırım Bəyazid arasında baş
vermiş Anqara döyüşü qələmə
alınmışdır. Əvvəlcə onu
qeyd edək ki, iki türk sərkərdəsi
və iki doğma tərəf
arasında baş verən mövcud
döyüşlər tarixi silsilə təşkil edir.
Buraya Topal Teymur və
Yıldırım Bəyazid (1402), Uzun Həsən
və Sultan Məhəmməd Fateh
(1473), Şah İsmayıl və Sultan Səlim (1514), Şah
Təhmasib və Sultan Süleyman
Qanuni (XVI əsrdə bir
neçə dəfə) arasındakı qanlı vuruşlar daxildir. Bu silsiləni
nəzərdən keçirdikdə H.Cavidin
niyə məhz Topal Teymur
və Yıldırım Bəyazid savaşının təqdiminə
üstünlük verdiyi
də aydınlaşır. Çünki bu döyüş tarixi faciəni əks etdirən həmin silsilənin
məhz ilkidir.
Topal Teymur və
Yıldırım Bəyazid savaşının səbəbi
«Döyüş üçün
başqa birisi yox!» ideyasıdır. "Topal
Teymur" əsəri türk
qüruru və türk
mənlik tarixinin sadəcə olaraq bədii inikası deyil,
həmçinin bədii kəşfdir. Xatırlamaq
yerinə düşər ki,
"Oğuznamə"lərdə türk
xaqanının əzəmətli yürüşləri,
göyləri və yerləri tutmaq
ehtirası, özünü cəmiyyətin
fövqünə qaldırmaq inadı folklor
yaradıcılığından sıyrılıb H.Cavidin timsalında yazılı ədəbiyyata
keçdi: "Oğuznamə"
epopeyasının Oğuz xan,
Bilgə xaqan, Qazan xan kimi əfsanəvi
şəxsiyyətləri Topal Teymur və Yıldırım Bəyazidlə əvəz
edildi.
H.Cavid tarixdəki dramatik döyüş ilə bədii nümunədəki
daramatik toqquşma arasında
təbii bir harmoniya
yaratdı: tarixin və müasirliyin,
gerçəkliyin və bədii
yaradıcılığın, folklor süjetinin və yazılı ədəbiyyatın
harmoniyası!
H.Cavidin "Topal Teymur" əsəri müəllifin həyatda
şahidi olduğu
dünyanın yenidən bölüşdürülməsindən
müəllifin təsəvvür etdiyi tarixi bölüşdürməyə yönələn
bədii axtarış faktıdır. "Topal
Teymur" pyesi H.Cavidin tarixə və keçmişə bir az da
ironiyasıdır.
"Xəyyam"
əsəri isə tarixi dövlətçiliyə
- Səlcuqilər dövlətinə baxış və
münasibət konsepsiyasıdır. Əsərdə Məlikşahın
"məhkəmə var, qanun
var" hökmü səlcuq
türklərinin dövlətçilik ənənəsinin əsas
prinsipi - şah
damarıdır. Alp Arslanın Sevdanı Bağdad
xəlifəsinə deyil, şair
Xəyyama töhfə verməsi Səlcuqilər dövlətində
hökmdarın sənətkara olan
yüksək münasibətinin bariz faktıdır.
Amma yenə ciddi bir sual yaranır: H.Cavid nəyə görə Səlcuqilər
sülaləsinin banisi Toğrul
bəyin xidmətlərini deyil, ondan sonrakı Alp Arslan və Məlikşahın həyat və
fəaliyyətini əks etdirir? Bu sualın cavabı da çox sadədir: Böyük
Səlcuq imperatorluğunu Toğrul
bəy deyil, məhz Sultan
Alp Arslan və onun oğlu Məlikşah
yaratdı. H. Cavidin də əsas hədəfi məhz imperatorluq idi. Əslində
H.Cavid romnatizmi həmişə
yenini, qeyri-adini və
nəhəngi axtarırdı: əfsanə və mifik tarix, son
və müqəddəs din, bəşəri
və tarixi faciə, yeni
və nəhəng dövlət!
Maraqlıdır ki, "Peyğəmbər" VII əsri,
"Xəyyam" XI əsri, "Topal Teymur" isə XV əsri işarələyir.
Bu tarixlərin birini
digərindən 4 əsr ayırır. Bu
heyrətamiz faktın H.Cavid tərəfindən
nə dərəcədə dəqiq düşünüldüyünü
söyləmək çox çətindir.
Amma bir həqiqət var ki, həmin fakt H.Cavidin bədii
düşüncə sistemi müqabilində
qeyri-şüuru olsa da, təbii informasiya yükünün nəticəsi idi.
Daha maraqlısı odur ki, Azərbaycan ədəbiyyatının 3 böyük sənətkarını da bir-birindən məhz 4 əsr ayırır:
Nizami - XII əsr, füzuli
- XVI əsr, Cavid isə XX əsrin sənətkarıdır.
H.Cavid adı və H.Cavid
sənəti türk həqiqəti, türk idealı və türk
simvolundan kənarda təsəvvürə
gəlməzdir.
Mən bir
türkəm, dinim,
cinsim uludur;
Sinəm,
özüm atəş
ilə doludur.
Beləliklə,
H.Cavid dramaturgiyasında
türklüyün bədii
marşrutu adi bir şeirdən başlayıb bir iqtidarın - səlcuq hakimiyyətinin təqdiminə
qədər ("Xəyyam")
davam edir.
Türkün
keçmişi türkün
qəhrəmanlığıdır. Bu mənada türkün qəhrəmanlıq salnaməsi
XV əsrin hadisələrindən
bəhs edən "Topal Teymur" pyesinin lap əvvəlində
Teymur ordusunun sərkərdələrindən biri - minbaşı Orxanın dediyi cümlədə tam ifadəsini
tapmış və simvollaşmışdır: "Biz türklər çadır
altında doğulur, açıq səhralarda,
qanlı müharibələrdə
ölürüz".
Topal Teymur da
belə söyləyir:
"Mən məğrurları
əzmək üçün
yaradılmış bir
Allah bəlasıyam". Yaxud:
"Teymur şahmat oynarkən belə, taxtadan yapılmış kiçik bir piyadanı qeyb etmək istəməz".
Şair-dramaturq
Hüseyn Cavid "İblis" pyesindəki bir marşda türk oğlunun mənəvi dəyanətini,
əyilməzliyini, yüksək
ideallarla yaşamaq eşqini son dərəcə
poetik bir dildə əks etdirmişdir.
Türk oğlu
sözündən dönməz,
Məhv
olur da sürüklənməz.
Həp yüksəlmək
dilər, enməz,
Çarpışır
yaşar.
Türkü səciyyələndirən
ən ali
keyfiyyət və dəyər ədalət və qanundur.
"İblis" faciəsində
Vasif öz həmkarlarından xeyli irəli gedərək türk dünyasının
gələcəyini döyüş
və vuruşda deyil, inkişaf etmiş mədəniyyətdə
görür:
Turana qılıncdan
daha kəskin
ulu qüvvət,
Yalnız mədəniyyət,
mədəniyyət,
mədəniyyət.
Mədəniyyət
anlayışı insanı
qan və ölüm havası ilə zəhərlənmiş
İblis xislətindən
uzaqlaşdırdığına görə dəyərlidir,
lakin inkubator törəməsi deyil. Mədəniyyət anlayışı özünə uyuşmayan
və uzlaşmayan başqa bir mədəniyyətlə həmişə
cəngdə və rəqabətdədir.
Əxlaq
da eynilə mədəniyyət kimidir. Onun da barışan və vuruşan məqamları var. Necə
ki, "Uçurum"
pyesində Şərq
(türk) əxlaqı
Qərb əxlaqına
qarşı qoyulur.
Pyesdə Şərq (türk)
əxlaqı ilə Qərb əxlaqının
üz-üzə gəlməsi
Anjellə Gövərçinin
qarşılaşmasında öz yüksək bədii həllini tapır.
Hüseyn
Cavid sənəti keçmişi və gələcəyi bir-biri ilə qovuşduran, insana daha böyük
qürur verən və səylə yaşamağa yönəldən
əbədi bir sənətdir.
Kamran ƏLİYEV
filologiya üzrə
elmlər
doktoru, professor
Ədəbiyyat qəzeti.- 2014.-
11 aprel.- S.4.