İntervü almaq, yoxsa kiminsə

əvəzinə müsahibə yazmaq?

  

Amerikan yazıçısı Natanael Uels yazır ki, jurnalist hər gün boşluğu sözlə doldurmaq istedadı olan adamdır. Amma jurnalistlik karyeram dövründə bəzi məqamlarda anlamışam ki, hərdən bu istedad fövqəladə dərəcədə olmalıdır ki... «Ki»nin davamı bir az sonra...

 

Amma indilikdə -mətləbin əvvəlində bir az uzaqdan başlamaq istəyirəm. Hazırda milli jurnalistikamızın yetərincə problemi var. Bunu ən yüksək səviyyədə ən peşəkar jurnalistlər dilə gətirirlər, olduğu kimi və uzun-uzadı təkrarlamaq istəməzdim. Ancaq bunu da qeyd etmək yerinə düşər ki, bir sıra maddi problemləri ilə yanaşı, bu gün jurnalistikamızın sırf tematika problemləri də az deyil. Elə ən ümdəsi bu gün janr azlığı, vaxtilə aktual olan janrların obyektivsubyektiv səbəblərdən, daha çox da zamanın tələbi ilə sıradan çıxmasıdır.

Bu gün jurnalistikamızda ilk olaraq ağıla gələn və nəzərə çarpan 2-3 janr qalıb. Hətta adamda elə təsəvvür oyanır ki, hazırda milli jurnalistikamız informasiya , tək-tük analitik yazı və ancaq müsahibələrdən ibarətdir. Və bir də ədəbiyyatla jurnalistikanın arasında qalıb sərhədləri hələ də tam müəyyənləşməmiş bədii-publisistik esse və yazılardan…

Sadalanan mətləblərin hər birinə ayrıca yazı həsr etmək olar. Amma niyyətim başqadır. Mən bu gün jurnalistikamızın aparıcı janrına çevrilmiş müsahibə haqqında fikirlərimi, daha doğrusu, müsahibələr zamanı qarşılaşdığım halları və təəssüratları bölüşmək istəyirəm. Məsələnin nəzəri və peşəkarlıq tərəfləri barəsində qəliz cümlələrlə və terminologiya ilə - məsələn, belə: «respondentlə bilavasitə məqsədyönlü söhbətin alınması metodlarından, konkret sosioloji, ideolojikulturoloji problemlərin müəyyənləşdirilməsi və araşdırılmasından, intervülərin tətbiq sahələrindən, söhbət əsnasında həmsöhbətlərin özünəməxsus qarşılıqlı təsirindən, yönəldiyi məqsədə görə, təsnifatlandırmadan - sənədli, yoxsa münasibət yazısımı, standart yaxud formallaşdırılmamış, ya da istədiyin məlumatı «qopartmaq üçün» istifadə olunan mimika, jest və dilətutmaların müxtəlifliyindən» danışıb başınızı ağrıtmaq istəməzdim. Amma belə desəm də, baş ağrıtdım deyəsən… Artıq illərdir qanıma, ruhuma işləmiş çox sevdiyim peşəmin spesifikasından qopmağın mümkünsüzlüyünə bağlayın və bağışlayın bunları…

Yəqin həmkarlarım da razılaşarlar mənimlə, hərdən prosesi ərzində elə maraqlı məqamlarla rastlaşırsan ki, onları peşə etikasını da nəzərə alaraq, ad çəkmədən bölüşməyə ehtiyacın olur. Xatırladığın zaman bu situasiyalardan qıcıq yaradanlar da yada düşür, təbəssüm doğuranlar da…Təbii ki, bütün hallarda bunlar qiymətli peşə təcrübəmizin tərkib hissəsidir və dəyərlidir.

Bu illər ərzində bir şeyi anladım ki, mərhum Səməndər Rzayevin məşhur filmdə kino haqqında dediyi sözü jurnalistikaya şamil etsək, müsahibə həm qəliz məsələdir, həm də ki, vacib. Ona görə ki, müsahibə həmsöhbətinin daxili aləminə, dünyagörüşünə, xarakterinə tutulan bir güzgüdür. Birinin müsahibəsini oxuyarkən onun haqqında müəyyən, bəzən isə tam təsəvvür formalaşır. Amma bir məsələni qeyd etmək istərdim ki, biz jurnalistlər bu işdə lazım olduğundan artıq, aktiv rol oynayırıq. Əslində bunun əleyhinəyəm. Bunun üçün tutarlı arqumentlərim də var… fikrimə hər kəs istədiyi reaksiyanı verməkdə sərbəstdir təbii ki

Cəmiyyətə həmişə çox mötəbər bir zat kimi təqdim olunmuş bir «ziyalı» ilə müsahibəm zamanı elementar «intervü» anlayışının nə olduğunu başa salmağa az qala yarım saatım getmişdi. Diktofondan müsahibəni hazırladığım zaman cümlələrin mübtəda və xəbərini uzlaşdırmağa və ümumiyyətlə, söhbətin gedişatında verdiyim suallara aldığım cavabları məntiqlə uyğunlaşdırmağa da günlərimi sərf etdiyimi demirəm heç…Ertəsi gün müsahibə çap olunanda zat təşəkkür etdi: «Danışdıqlarımı çox yaxşı sistemləşdirmisiniz. Mən həmişə çalışıram ki, jurnalistə çox əziyyət verməyim».

Yeri gəlmişkən, bunu da qeyd edim, artıq elə vəziyyət yaranıb ki, bəzi yazıları yazarkən sosial şəbəkələrdə geniş yayılmış gülüş, təbəssüm və ikrah işarələrindən istifadə etmək qaçılmaz olub.

Yaradıcı sayılan, özünü də ağlın zirvəsində hesab eləyən, təvazökarlıqdan min ağac uzaqlıqda biri ilə söhbət etməyin əzabı da bir ayrıdı…Yaxud da «gənc dahilərlə»…

Danışırlar, danışırlar… Verdiyin sual qalır bir kənarda, ucundan tutub gedirlər ucuzluğa…Tələbəliyindən soruşursan, bələkdəki zamanından başlayır 3-cü sinifdə ağaca çıxıb gilas yeməyinə qədər… Olmaz, qardaşım, müsahibə dediyin səbətdən gilas tökülməsi deyil axı… Etika xatirinə söhbəti yarımçıq saxlamağa qanacaq yol vermir, oturub «heyranlıqla, ağzıaçıla» dinləməyə də vaxt qıtlığı…Belə olmaz, cənablar, xanımlar... Bəlkə insanların zamanına dəyər verəsiniz… Ən azından sizinlə söhbətləşməyə, sizə vaxt sərf etməyə verilən dəyər qədər…

Bir xanımın müsahibədən sonrakı zəngində isə təşəkkürdən sonrakı «şikayəti» makiyajlı şəklinin verilməməsi idiBir bəyin isə niyə fotosunun çap zamanı çopur düşməsi…

Bəzən biri ilə üzbəüz oturub iki saat danışdığın müsahibə o qədər maraqsız alınır ki, heç müsahibənin işıqlandırıcısı olaraq özün oxumaq istəmirsən, o ki qala oxucu. Amma bəzən də, hətta üzünü belə görmədən telefonla götürdüyün müsahibənin sorağı Moskvadan gəlir… Sözün əsl mənasında…

Savadına, intellektinə həsəd apardığımız elə müsahiblərimiz də olur ki, verdiyin sualı kəsə cavablandırmağı bir yana, yazarkən nəinki sözünün, cümləsinin, hətta nöqtə-vergülünün belə yerini dəyişməyə nə ehtiyac olur, nə də buna cəsarət edirsən. Adam bu qədər məsuliyyətlidir yəni: Bu qədər hörmət edir özünə, imicinə və reputasiyasına… Eşq olsun!

İnsanları danışdırmağı bacarmaq sənətdir, yaxşı danışdırmaq isə qabiliyyət. Amma kimsə ümumiyyətlə, danışmağı bacarmırsa, hələ üstəlik də özünü hər dediyi kəlmə ilə dahi zənn edirsə, bu halda jurnalist ağzı ilə quş tutsa da, xeyri yoxduBax, burada Lao Tszını xatırlamalı oluram. Rəhmətlik deyirmiş ki, danışığını bilməyən sussa yaxşıdır. Təbii ki, jurnalistin işi danışdırmağı bacarmaq və bunları layiqincə qələmə almaqdan ibarətdir. Amma kimlərinsə əvəzinə müsahibə yazmaq artıq jurnalistika olmasın gərək…

Çox sevdiyim müsahiblərim də olub, bir daha üz-üzə gəlmək istəmədiyim həmsöhbətlərim də…Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, (bəzi müsahiblərimə oxşadım lap) indiyə qədər heç vaxt qələmə aldığım müsahibələrin mətni və mahiyyəti haqqında ciddi tənqid eşitməmişəm. Amma əlbəttə, bu, işimə məsuliyyətsiz münasibət sərgiləməyə, arxayınçılığa zəmin yaratmır. Heç nəyə baxmayaraq bütün müsahiblərimə hörmət bəsləmişəm və bəsləyirəm. Amma dediyim bu ki, lütfən, gəlin insanlara imkan verək, müsahibələrdə özləri kimi olsunlar. Əslində necədirlərsə, elə də təqdim etsinlər özlərini. Bizim işimiz söhbəti istiqamətləndirmək və intervünü bir az səliqəyə salmaqdan ibarət olsun. Daha sual verib sonra da həmin suala özümüzün cavab yazmağımızdan, sonra da yazdığımız cavabların içindən başlıq və başlıqaltı seçməyimizdən yox

Əziz həmkarlar və hörmətli redaktorlar, gəlin, yeni ənənə tətbiq edək: jurnalistikamızda müsahibənin «olduğu kimi» yarımnövünü yaradaq bəlkə? İmkan verək, xalqımız bəzən biz jurnalistlərin təqdimatı ilə çox şişirdilmiş şəkildə təqdim olunan yazıçı, şair, ziyalı, dövlət xadimi, millət vəkili, xalq artisti, fizika elmləri namizədi, filologiya elmləri doktoru, professor, filosof, ali məktəb müəllimi, pedaqoq və kimləri… kimləri… əslində olduğu kimi tanısın.

Əlbəttə, danışmağı bacarmamaq qəbahət və qüsur deyil. Amma bunu bilməyib də, qəzetlərin, saytların, portalların baş redaktorlarının qapılarını «məndən müsahibə götürsünlər» - deyib kandarından çıxarmaq qəbahətdir… Axı bizim işimiz müsahibə almaqdır, kiminsə əvəzinə müsahibə yazmaq yoxYox!

Deyəsən, bəzi müsahiblərimin mənfi təsirinə məruz qalmışam. Və lazım olandan artıq danışdım…Dəyərli vaxtınızı aldığım üçün üzr istəyirəm. Artıq susmaq zamanıdır. Qədim yunan şairi Menandrın «susmaq ən dəhşətli ittiham ola bilər» deyimi ilə razılaşmayaraq və bəzi məqamlarda təhlükəli danışdığımı xatırlayaraq (burda da təbəssüm yerinə düşür) bir Afrika atalar sözü ilə fikrimi bitirmək istərdim: «Susmaq bizi təhlükədən qoruyur»…

 

Sevinc

MÜRVƏTQIZI

 

Ədəbiyyat qəzeti.- 2014.- 11 aprel.- S.5.