Dostoyevskinin dəhşətli “Şeytanlar”ı
“Şeytanlar” bu günə qədər insan oğlunun yazdığı ən sarsıdıcı yeddi-səkkiz romandan biri, heç şübhəsiz, ən böyük siyasi romandır. Romanı birinci dəfə oxuyanda - iyirmi yaşımda kitabın təsirini “sarsılmaq”, “heyrət etmək”, “inanmaq” və “qorxmaq” sözləri ilə ifadə edə bilərəm.
O vaxta
qədər oxuduğum heç
bir roman məni belə
dərindən sarsıtmamış, insan ruhu və şəxsiyyəti haqqında mənə
bu qədər dəhşətli məlumatlar
verməmişdi. Sarsıdıcı olan məsələ;
insanın iqtidar istəyinin,
bağışlamaq gücünün, özünü, başqalarını aldatmaq istedadının, qəlbində inam tapmaq əzminin, sevginin, nifrətin, ən müqəddəs və
ən bayağıya olan aludəçiliyin
miqyasının genişliyini görmək,
bütün bunların, əslində, həmişə
birgə olduğunu qavramaq,
bu ruhi halların - ölüm, siyasət, yalan
və dəhşətli hadisələrin əhatəsində
yaşamaq idi. Heyrətimin
səbəbi bu elm və
təcrübənin mənə bir anda aydın olmasıydı. Bu,
bəlkə də, roman sənətinin ən
üstün tərəfidir: Böyük romanlarda, qəhrəmanların
yaşadıqları hadisələr, talelər bizim həyatımızda yeni-yeni
dünyalar yaradır və biz özümüzə həmin dünyalara qəhrəmanlara
inandığımız kimi
inanırıq. Dostoyevskinin peyğəmbəranə
təhkiyəsinə və etiraf etməyə
meyilli qəhrəmanlarının dünyasına
da bu cür
şövqlə inanmışdım.
Bu kitabın qəlbimə
saldığı qorxunu izah
etmək isə daha çətindir. Bunlar həm
də kitabdakı o inanılmayacaq qədər
təsiredici intihar səhnəsi
(şamın sönməyi, yan otaqda baş verənlərə
diqqət kəsilən başqa bir insan) və bizə çox yaxşı məlum olan
qorxu hissinin təlaşıyla
düşüncəsizcə planlaşdırılıb tez-tələsik
törədilən dəhşətli qətl ilə izah edilə bilər. Qorxulu
roman qəhrəmanlarının öz kiçik, müəmmalı
həyatı ilə böyük
düşüncələri arasındakı fərq Dostoyevskinin obrazlarının və bir yazıçı kimi özünün böyük
cürət sahibi olmasından xəbər
verir. Kitabı oxuyarkən insan hər şeyin, ən
kiçik gündəlik həyat təfərrüatının
belə qaçılmaz şəkildə böyük
düşüncələrə bağlana
biləcəyini hiss edən
paranoyalıların sezdiyi bu
həqiqətlə qorxa-qorxa
razılaşır: bütün
düşüncələr, böyük ideyalar
hamısı bir-biri ilə əlaqəlidir.
Eynən romandakı gizli qruplaşmalar,
bir-biri ilə hansı şəkildəsə
əlaqəli hücrələr, inqilabçılar və xəbərçilər
kimi. Hamının
hamıyla maraqlandığı, bütün
düşüncələrin özündən əvvəlki böyük bir həqiqətə
həm keçid qapısı, həm də
maska olduğu bu paranoyacasına qorxuducu
dünyanın arxasında isə Tanrının
varlığı və insanın azadlıq problemi
dayanır. Dostoyevski bu
iki böyük problemi “Şeytanlar”da bir-biriylə ayrılması mümkünsüz
şəkildə birləşdirir, öz
azadlığına görə intihar eləməyi
qərarlaşdıran qəhrəmanı oxucunun
fikrindən heç vaxt
çıxmamaq şərti ilə canlandırır. Dostoyevski qədər mücərrəd
düşüncələri, inancları, fikri
ziddiyyətləri insan formasında təqdim
edərək süjet qura
bilən başqa az yazıçı
var.
Dostoyevski “Şeytanlar”
romanı üzərində işləməyə qırx səkkiz
yaşında, 1869-cu ilin sonlarında
başlayıb. O vaxt “İdiot”u bitirib
təzəcə çap etdirmişdi
və “Əbədi ər”i yazmışdı. Borclu
olduğu adamlardan qaçmaq və daha rahat yaradıcılıqla məşğul olmaq üçün iki il öncə
xanımıyla getdiyi Avropada
(Florensiya - Drezden) depressiyaya düşmüşdü.
Beynində “Ateizm və ya
bir böyük
günahkarın həyatı” adlandırdığı,
din və inamsızlıq
mövzularından bəhs edən bir roman yazmaq keçirdi.
Həmin dövrdə Rusiyada
çox dəbdə olan,
bu gün “anarxist”, “liberal”
adlandıra biləcəyimiz nihilistlərə kin
bəsləyirdi, rus ənənələrinə
düşmənçiliklərinə, qərbçiliklərinə
və dinsizliklərinə görə onları ələ salan siyasi roman
yazırdı. Romanın üzərində uzun
müddət işləyəndən sonra hansısa hissədə ilişib
əsərə olan inamını itirməyə
başlamışdı ki, həmin ərəfələrdə
adi bir sürgün
haqda rus qəzetlərindən
oxuduğu və xanımının
yaxın bir adama
danışdığı siyasi cinayət
onun təsəvvürünü alovlandırdı. Eyni ildə
Rusiyada İvanov
adlı bir rus tələbəsi
müharibədə öz vətəninə
xəyanət etməkdə ittiham olunaraq dörd dostu tərəfindən öldürülmüşdü.
Bir-birini öldürən bu
gənclər qruplaşmasına Neçayev
adlı parlaq zəkalı, intellektual və şeytani
bir gənc rəhbərlik edirdi. Dostoyevskinin Pyotr Stepanoviç
Verxovenski obrazı kimi
təqdim etdiyi Neçayev
və dostları (romanda Tolçenko,
Vircinski, Şiqaley və
Lamşin) “Şeytanlar”da olduğu kimi, onlara xəyanət
etdiklərindən şübhələndikləri
dostlarını (Şatov) eynən romanda yazıldığıtək parkda öldürüb cəsədini
gölə tullamışdılar.
Dostoyevski bu cinayət vasitəsi
ilə süjet qurub rus nihilistlərinin və qərbçilərin
ruhi aləmlərini izhar
edərkən, əslində, bütün
yeni dünya, “inqilab” və “utopiya” xəyallarının
arxasında bu dünyaya,
bu günə, həyat
yoldaşımıza, dostumuza, ətrafımıza
dəxli olan güclü bir
iqtidar istəyinin mövcudluğunu
mümkün qədər aşkar
əks etdirmişdi. Buna
görə də, solçuluqla yeni-yeni maraqlananda
“Şeytanlar”ı oxuyarkən, mənə elə gəlirdi ki, yüz il
əvvəlin Rusiyasıyla deyil, siyasi şiddətə məruz qalan, radikal siyasətə
bulaşmış Türkiyədəki vəziyyətlə
qarşılaşmışam. Bütün dünyanı dəyişdirmək istəyinin hardasa gizli
qruplaşmanın olduğu
ehtimalının, inqilabçılığın, ya da adamları aldadıb
başlarını qoltuq altına
almağın, bizimlə bir dildə
danışmayan və eyni dünya
görüşünə sahib
olmayanları alçaltmaq zövqünün
gizli dilini, ruhi hallarını Dostoyevski
mənə, sanki, qorxulu
bir sirr kimi pıçıldayırdı.
Yaxşı xatırlayıram ki, o vaxtlar bu
roman haqqında niyə
danışılmır deyə tez-tez düşünürdüm. Bizim
mədəni mühitimiz bu
qədər bəşəri fikirlər təlqin edən bu kitab haqqında susurdu. Mənsə düşünürdüm
ki, bu kitab
mənə qorxulu bir sirr pıçıldayır.
Bu qorxunun və
düşüncənin bir başqa səbəbi də var
idi. Həmin illərdə
“Şeytanlar”ın yazılıb çap
olunmasından və Neçayev cinayətindən
təxminən yüz il
sonra, eynən belə bir
hadisə Türkiyədə Robert Kollec-Boğaziçi Universitetində baş verdi. Qrup
yoldaşlarımın da üzvü
olduğu inqilabçı qruplaşma,
daha sonralar
axtarışa verilən şeytan xislətli
və intellektual bir “qəhrəmanın”
fitfasıyla, onlara xəyanət edib başqasının yalanına
inandığı üçün, birini “xain” adlandıraraq
başına dəyənəklə vurub
öldürdülər, cəsədini də çamadana qoyub gecə gəmilə
Boğazın digər sahilinə keçirəndə həbs
olundular. Bu inqilabçı qruplaşmanın cinayətə sövq edən radikalizmini,
“ən təhlükəli düşmən ən yaxın
düşməndir”-, aramızdan birinci
ayrılandır” fikirlərini, “Şeytanlar”
romanını oxuduğuma görə tam anlaya bilmişdim.
İllər sonra bu
qruplaşmanın üzvü olan dostumdan soruşmuşdum ki, fərqində
olmadan süjetini həyatda
təkrarladığınız “Şeytanlar”
romanını oxumusanmı, o isə qəti
maraqlanmadığını bildirmişdi.
Süjetdə siyasi təzyiq və qorxu atmosferi olsa da, “Şeytanlar” eyni zamanda Dostoyevskinin
ən əyləncəli və komik
romanıdır. Dostoyevskinin, xüsusən, obrazlar çox olan səhnələrdə
göstərdiyi qəhrəmanı gülünc
günə salmaq və həcv istedadı
bənzərsizdir. “Şeytanlar”da Dostoyevskinin real həyatda həm dostluq
elədiyi, həm də nifrət bəslədiyi
yazıçı Turgenevin də əyləncəli
obrazı (Karamazov) var.
Nihilistlərə və qərbçilərə
verdiyi dəstəyə görə və
rus mədəniyyətini
alçaltdığı üçün
Dostoyevskinin Turgenevdən, onun
zadəgan zənginliyindən zəhləsi gedirdi.
“Şeytanlar” romanı bir
növ Turgenevin “Atalar və oğullar” əsərinin
əleyhinə yazılıb.
Amma solçu liberallara,
qərbləşməyə meyillilərə qəzəblənməsinə
baxmayaraq, Dostoyevski həmin
insanları daxilən tanıdığı üçün
onlar haqqında zaman-zaman
qəlbən sevgiylə danışmaqdan da
qalmırdı. Romandakı ata obrazı olan Stepan Trofimoviçin
aqibətinin sonunu, onun
həmişə təsəvvüründə
canlandırdığı rus kəndlisi ilə qarşılaşmasını
elə poetik nəql edir
ki, bütün roman boyu rəğbət
bəslədiyi süni obraza
oxucu heyran olur. Bu məqamı, Dostoyevskinin obrazını yaratdığı
qərbçi, inqilabçı, ya da həmişə “bitərəf” birinin arzularına, yanğılarına, süni səmimiliklə müşayiət olunan bəşəriliyinə işarə də
hesab etmək olar.
Mən
həmişə “Şeytanlar”ı Avropadan
kənar, mərkəzdən uzaq, Qərb
xəyalları ilə ömür edən,
Allahın varlığı-yoxluğu problemi
ilə ruhi böhran
keçirən radikal aydınların gizləmək
istədikləri utandırıcı sirlərini faş edən roman hesab eləmişəm.
Türk dilindən
uyğunlaşdıran: Fərid Hüseyn
Ədəbiyyat
qəzeti.- 2014.- 11 aprel.- S.6.