Baş redaktordan
Sayğılı
oxucular, həmkarlar, zəngin ənənəsi
olan (el dilində desək,
qədim-qayım) “Ədəbiyyat qəzeti”nin məsuliyyət
yükü “altına girmək” hər oğulun işi deyil. İndiki zamanda qəzet elə bir
gündədir ki, onu anlatmaq həm vaxt aparar, həm də kiminsə qəlbinə dəyə bilər. Bircə
onu demək olar ki, atlant tək olmur. Ona kömək olmasa nəinki göy
qübbəsini, heç qarğı kümü də (daxmanı da)
saxlaya bilməz.
“Ədəbiyyat qəzeti”nin
tarixində təlatümlü olaylar çox olub, amma burada
çalışanlar və çap
olunanların əksəriyyəti həmişə həqiqətin
yanında olublar.
Çalışacağıq ki, o nümunəvi ənənələri davam etdirək.
Qarşıda hər
kəsin can atdığı ədəbiyyat
və əbədiyyət var. O isə
çalışqanları, düşünməyi
bacaranları və özünə güvənənləri sevir.
Dinindən, dilindən,
irqindən, dünyabaxışından, ədəbi
zövqündən asılı olmayaraq, hər
kəslə əməkdaşlığa hazırıq. Yetər
ki, bizə maraqlı, duyğusal,
düşündürücü
yazılar göndərəsiniz.
Ədəbiyyatımızın
əbədiləşdirilməsi hər birimizdən
asılıdır.
Əl də bizimdir, ətək də.
Bir-birimizdən elə
yapışaq ki, vaxtında və urvatla ayrılmağı da
bacaraq.
Bir-birimizə
güzgüyə baxdığımız kimi
baxaq və orada özümüzü görək.
Tanrı həm onu, həm özünü,
həm də başqalarını sevənləri dərgahına
buraxır.
Ədəbiyyat və
əbədiyyət ordadır.
Ora hamımızın ilk
və son məkanımızdır.
Haydı, dostlar, yolumuz açıq
olsun!..
11.04.2014
Ədəbiyyat qəzeti.- 2014.- 11 aprel.- S.1.