Qarabağ şikəstəsi
Balamın canına,
atamın goruna,
işğal gününə...
- gör
nəyə and içirəm:
səni çox sevdiyimdən
şeir yazmadım şəninə.
Elə bilərsən
bayrağın qara rəngi
olduğundan
utanıb yazmadım,
azadlığın boynunda üzəngi
olduğundan
utanıb yazmadım.
Yoox!
Dedim, birdən şerim
peşəkar ovçunun
öz adaxlısını gülləylə vurub
qaçırmağına
bənzəyər,
memarın
qurduğu qalanı
sevincdən öz başına
uçurmağına
bənzəyər.
Ona görə heç
nə yazmadım
şəninə.
Gör nəyə and
içirəm:
balamın canına,
atamın goruna,
işğal gününə...
Qiyamət
Tövbə,
görünməyib fəlakət belə,
Damarı kəsilib göyün elə bil.
Tanrı qəzəbindən
bulud əliylə,
Torpaq dizlərinə döyür
elə bil.
Göydən zəhər
yağır, zəhrimar
yağır,
Allahın altında hər
nə var yağır///...
Minbərdə dörd olub mollanın
gözü,
Basdırdığı
meyit küçəylə üzür.
Sular sonası da su altda qalıb,
Yağış havası da su altda qalıb...
Örtüb üstümüzə bu
yağış-ağı,
Biləndə ölmüşük - enib
aşağı,
Onda gələcək ki, haya Yaradan,
Sağ ikən görməsin onu bir
adam...
***
Yarpağın üstündə
damlaya -
işığı
düşür damlara.
Qapıda elan:
“Giriş qıfıldan”
Sev illərlə,
unut qəfildən.
Kişi - istedadlı,
Qadın - isti, dadlı;
ya da əksinə:
həyatdı!
Bazardı, bazar
həftənin günləri
Satışda
saat əqrəbinin zəhəri.
...Darıxma, gəlirəm sabahla
İki güllə,
Bir silahla...
Sənsən
hər yer...
Ömrümdən neçə gün qalıb,
neçə saat, İlahi?
Çoxdan səndən nə zəng gəlir,
nə amanat, İlahi!
Kim kəsib sən olan yerdə
söylə, yolu-yolağı?
Gedim hansı cəhənnəmə,
hardan gəlir
sorağın?..
Nə vaxt çaparam dördnala
mən də əcəl
atında?
At altımdan uçub gedə,
mən də sənin
altından.
Ha uçsam da, öz üstümə
uçar öz günahım
da,
Səhvlərimi deyim bəlkə,
çıxım söz
günahımdan? -
...Doğmaca bacın qızına
mehr saldım - yadında?
Nə özgəyə verdim, nə də
özüm aldım - yadında?
Yolda qoydum gözlərini,
gözümü dağlayarsan,
Əllərinə qurban olum,
üstündə saxlayarsan.
Neçə kərə söz göndərdin,
ərindim, yazammadım,
Ürəyimdə ocaq çatdın,
naşükür qızınmadı.
Qadan-balan sızan yerə
şərab süzdüm - bilirsən,
Sənin qurduğun dünyaya
dodaq büzdüm - bilirsən.
Ruhumu da tərpətmədi
min cür nazü-nemətin,
Yamanladım taleyimi -
haqdan gələn qisməti...
...Mərhəmətin neyləsəm də,
günahımı aşmada
Çoxdandı ki, içimdə bir
yalvarış dolaşmada:-
Gedib tövbə eləməyə
mənə yer ver, İlahi,
Elə yer ki baxıb görüm
sənsən hər yer, İlahi!..
Günahımı nəylə desən
razıyam yuyum orda,
Əgər gücün çatsa məni
özündən doyur orda...
Müharibə
əlili
Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu...
qayıtdım
qurşağımın yuxarı
qatıyla,
qayıtdım
əlil arabasının
atıyla...
İki balam gözüyaşlı
arvadım
başıdaşlı...
Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm ... özü gəzir...
Süfrəmdə haram var -
dinmirəm,
İki ac balam var -
dinmirəm.
Dinmirəm
gül ağzı
açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz
qeyrətin?!»
...Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u...
***
Bunu ancaq sənə danışıram-
Bircə balama
Kasıb evində bağlanmış
Turşu bankasıdı atan.
Ağzı hərdən açılır-
bayramdan bayrama.
Sənin dünyaya gəlişin də
Bayramdı deyə
Bir-iki sözüm olacaq
Allah eləsin oxşamasın
sağlığa,
nəsihətə,
öyüdə,
gileyə.
Bəlkə haçansa dadına çatdı
çətin gündə, bərk
ayaqda.
Quş quşla ötmür balası,
Şair şairlə dilləşmir.
Quş budaqda oxuyur,
şair varaqda.
Qadına yalan danışmazlar,
Həqiqət kişidi, səhv eləmirəmsə.
Əlbəttə, kişi
lazımdı qadına.
Kişiyə gerçəyi deməzlər,
yalan qadına oxşar daha çox.
Ona görə hər kişinin ürəyindən
baxmaq keçər
yalanın dadına.
Bir də unutma,
Mən kimsəsizliyimdən bənzərsiz
oldum,
Sən deyəsən atana oxşayacaqsan.
...Bu qədər, balası.
Gecdir, uyu.
Gör göy üzü nə qədər
qayğıkeşdir,
gecənin kürəyinə
ulduzdan piltə qoyur...
Mən və
O
Mən
Onun qucağını sevindirə
bilmədim
O
Məni ata eləmədi
Tanrı gördü
Dinc bəndələrik
bizə baş
“ağrısı” əta eləmədi.
Mən
Onu itiyim kimi sevdim
O
Məni tapdığı qədər .
Arabir fişəng atırıq
Aramızdakı sərhədə.
Mən
Onu atıb gedərəm
Zatım qırıqdı, bilir.
Başını qaldırıb soruşuram:
-Sən necə?
Gözünün yaşıyla
Eynəyimi silir...
***
Görsən ki, qaranlıq çökür
aləmə,
Görsən ki, axşamdı...
fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var
rahatlan, uyu...
Qəflətən bir çağa salar
hay-həşir
Səhər - körpəsidi doğan
Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə
axşamı.
Təzədən qaramat basar
dünyanı,
Hanı doğan Günəş?
körpəsi hanı?
... Görsən hər tərəfdən
əlin üzülür,
Görsən üşüyürsən...
yandır özünü...
***
Yazırsan: «Ölürəm...»
Min şükür, alqış!
Nə yaxşı, sevgidən ölən
hələ var.
Demə, kişidən də mələk
olarmış,
Əzrayıl olanda axı nə olar.
Bilmirəm dünyanın xoşbəxti
deyim,
Bilmirəm dünyanın bədbəxti
sənə.
Düzü, istəmirəm xətrinə dəyim,
Cavab axtarıram nə vaxtdı
sənə.
Kimsə ayağını qoymaz içəri -
Könlümün keşiyin balam
çəkirsə.
Sevgi ötən gündür məndən ötəri,
Sən məni sevməklə dala
çəkirsən.
Cavab məktubumda sözlər
baş-ayaq,
Bir ucdan yazılır, pozulur elə.
Qorxuram öləsən - sevgi
yaşaya,
Qorxuram qalasan - məhəbbət
ölə...
***
Nə olar, bir səhər durub
görəsən,
Divarlar üstünə Allah
yazdırıb.
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq
yazdırıb...
Başını yelləsən, odu közərir,
İşıq vermir, amma işıq söz
verir.
Bircə eybi var ki, dünya
gözəlin
Məni qucağına qonaq
yazdırıb...
Şükür o göydəki ismin halına,
Şükür yağışına,
şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq
yazdırıb...
***
Dan yeri - gecənin göydə
od tutan
Bağrıdı.
Xəbərin varmı? -
Bilmirəm.
Bir də yarpaq salma külək
poçtuna
Bağlıdı.
Xəbərin varmı? -
Bilmirəm.
Ürəyin - içəri qapındı sənin,
Aç görək, nəyin var qabında
sənin?!
Ömür-gün bölünüb... qalıqda səni
Saxladı.
Xəbərin varmı? -
Bilmirəm.
Hərəmiz borcludu bir can
ölümə,
Ölsək də, tapmarıq əncam
ölümə.
Tanrı qırmır bizi... ancaq
ölümə
Yoxladır.
Xəbərin varmı? -
Bilmirəm.
***
Ta günə satmıram günü
Geydir, hərraca çıxarım.
Məni oxşa pişik kimi
Səni ağaca çıxarım...
Çırtlayıb atdığın sözlər
Ürəyinə dəyər birdən.
Ayaq üstə ölmüşəm ki,
Götürən olmasın yerdən.
Allah dünya bazarının
Dalına daş qoyub gedib.
Vitrinə bir udum hava,
Bir damla yaş qoyub gedib...
***
Hardasa çölün düzündə
Su köşkü olmalıydı.
Ürəyimin alt gözündə
Son eşqim olmalıydı.
Bu axşam bir niyyət tutaq:
Gün batsın, qürub qalsın.
Bəs ömrü nəylə qorxudaq,
Yerində durub qalsın?!
Dünən bir təzə söz yedim
Dadı-duzu qaçmamış.
Ləpələr uğunub gedir
Külək ağzın
açmamış.
Min illərdi təlxək dərdi
Dərd onu öldürmədə.
Bir yol ağlamaq istərdi
Kimsəni güldürmədən.
Gecə
Yoruldub oturdum
varağın bir küncündə.
Ürəyim it kimi ulayır,
it kimi...
at gücündə.
Qısa bir
taya
şeir yığmışam
sözü misraya vura-vura.
Günəş-müqəvva görünsəydi...
gecəni quş təki
qorxuzub uçura...
Düşünürəm:
Yaşamaq!
- Dünyanın ən
zor i şi!
Yaşamaq!
- İrəli qovaraq
keçmiş!
fəqət...
İstəyirəm əcəl gələndə
qarşımda heç nə
dayanmasın.
Məni elə çağırsın ki,
sevgilim yuxudan oyanmasın...
***
Canım-gözüm, şükr elə ki,
Ölsən də başın üstəki
Pəmbə buluddu, daş deyil.
Sevməyi var, sancmağı var,
Baxma hərdən uçmağı var -
Ürək yuvadı, quş deyil...
Neynəyərəm görən sənsiz?
Ha istədim, öləm sənsiz
Baxdım ki, mənlik iş deyil...
Bu da mənim baxtımdandı,
Gözüm Tanrı taxtındadı
Onun da yeri
boş deyil...
Qulu Ağsəs
Ədəbiyyat qəzeti.- 2014.-
11 aprel.- S.3.