İlin ədəbi mənzərəsi
AMEA Nizami adına Ədəbiyyat İnstitutunda 2013-cü ilin ədəbi yekunlarına həsr olunmuş yaradıcılıq müşavirəsindəki məruzə əsasında hazırlanmışdır
Görkəmli tənqidçi
Yaşar Qarayev məqalələrinin birində yazırdı:
«Yaddaşı olmayan ədəbiyyat yalnız
yaddaşı olmayan xalqın nəsibidir, siması
olmayanın tarixi taleyi, zatı və nəsli, əsli və nəjabəti
olmayanın alın yazısıdır. Üfüq, səma,
göy daş saxlamadığı kimi, mənəvi və əxlaqi
boşluq da yaddaş saxlamır. Millət genetik səviyyədə, yaddaş - ağrı səviyyəsində
dərk olunmuş vəhdətdən və
bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və
tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri
dəyərlər və sərvətlər arasında əlaqə
və estafet var. Əslində, nəinki təbiət və
insan, ekologiya və poeziya da yaddaşdır, həqiqi
böyük poeziya - ümumbəşəri yaddaşdır».
2013-cü ilin ədəbi
mənzərəsi haqda söz açmaq istəyəndə məhz
bu iki söz - ədəbiyyat və yaddaş kəlmələrini
xatırladıq. Görəsən, 2013-cü
ildə yaranan bədii əsərlərdən -
sayı-hesabı olmayan nəzm nümunələrindən,az-az
meydana çıxan poemalardan, nəsr ərazisində əvvəlki
kimi kəmiyyətcə öncüllüyünü qoruyub
saxlayan hekayələrdən və povestlərdən, XXI əsrin
ilk illərindən üzü bəri aradakı sükut buzunu qıraraq «çiçəklənməyə»
başlayan romanlardan, yalnız 3-4 dramaturqun araya-ərsəyə
gətirdiyi azsaylı pyeslərdən, çoxlu sayda
publisistik nümunələrdən və nəhayət, sovet
dövründə olduğu kimi, müstəqillik dönəmində
də ədəbi proseslə ayaqlaşmadığı iddia
edilən tənqidin ortaya qoyduğu icmal yazılardan, məqalələrdən,
resenziyalardan hansı nümunələr uzunömürlü
olacaq? Hansı bir ədəbi əsər təkcə
yazıldığı, nəşr edildiyi dövrün
2013-cü ilin deyil, sonrakı illərin, onilliklərin, bütövlükdə
XXI əsrin ədəbi yaddaşına köçəcək?
Bu suallara bu günkü yaradıcılıq müşavirəsindəki
məruzələrdə cavab veriləcək. Mən
isə ilin ədəbi mənzərəsinə ümumi bir nəzər
yetirmək, ən mühüm məqamları nəzərə
çarpdırmaq istəyirəm. 2013-cü ilin ədəbi mənzərəsi
haqda fikir söyləyərkən bir qədər yaxın illərə
də qayıtmaq zərurəti duyulur, çünki ədəbiyyatın
konkret bir ilini heç cür ötən illərdən
ayırmaq olmaz.
Başlayaq poeziyadan…
Müasir Azərbaycan
poeziyası bu gün çoxsəsli bir simfoniyanı
xatırladır. Bu simfoniyada aydın,
hamının başa düşəcəyi, duya biləcəyi
səslər də var, bir qədər anlaşılmaz,
mücərrəd səslər də… Şerimizin keçən
əsrin doxsanıncı illərindən başlayaraq
eksperimentlərə meydan verməsi, yeni əsrin əvvəllərində
bunların daha da güclənməsi, amma tədricən
bəzilərinin yaşamaq haqqı olmayaraq sıradan tez
çıxması poeziyada təbii və qanunauyğun bir
prosesdir. Amma bütün bunlar şerimizin yaşarı ənənələri
ilə müqayisə oluna bilməz.
2013-cü il Azərbaycan
poeziyası tarixində Kolumbun Amerikanı kəşf etməsi,
ya da yeni bir füzulinin şeriyyət aləminə gəlişi
kimi xatırlanmayacaq. Yəni böyük mənada biz heç
bir möcüzə ilə qarşılaşmadıq,
poeziyanın ədəbi hadisə sayıla biləcək elə
bir məqamı yetişmədi ki, bu xüsusda heyrətimizi
bildirək. Hətta əvvəlki illərdən fərqli olaraq
poeziya ilə bağlı qızğın ədəbi
mübahisələrə də təsadüf etmədik. Bu nədir?
Barometr niyə fırtına göstərmədi? Niyə
sakitlik bu qədər hökmfərmadır?
Bu
sözləri poeziyamızın ötən bir ili barədə
söyləyərkən qətiyyən o fikirdə deyilik ki,
şerimiz bərbad vəziyyətdədir, onun minləri, on
minləri əhatə edən mənzərəsində
seçilən, fərqlənən, yaşamağa qadir olan
nümunələri
gözə dəymir… Belə bir özündən
narazılıq, özünü inkar kimə və nəyə
lazımmış? Doğrudur, barometr fırtına göstərmir,
doğrudur, şeriyyət aləmində sakitlik hökm
sürür, amma Azərbaycan şeri öz əvvəlki
missiyasını şərəflə yerinə yetirir. Və
bu missiya ondan ibarətdir ki, Azərbaycan şeri Azərbaycan
gerçəkliyini ifadə edir. Azərbaycan
şeri bizim daxili dünyamızın poetik əks-sədasıdır.
Şeir yenə ictimai həyatımızın, mənəvi
dünyamızın inikasıdır. Şeir sevgi, təbiət
və Vətən məhəbbətinin, dünyaya, cəmiyyətə,
yaşadığımız mühitə münasibətimizin
şairanə ifadəsidir.
İlin
poeziya mənzərəsini seyr edərkən ilk növbədə,
şerimizdə çox təmayüllülüyün
olmasını təsdiqləyirik… Müxtəlif axınlar,
tendensiyalarla müşayiət olunan poeziyada hətta bir qədər
xaos və hərcmərclik nəzərə çarpsa da, bunu
da təbii qarşılamaq
lazımdır. Əsrin əvvəllərindən
başlayaraq şerimizdə postmodernist dalğanın güclənməsi
heç də ona gətirib çıxarmadı ki, bu təmayül
öncüllük kəsb edəcəkdir. Yox,
bu, müəyyən müddət eksperiment rolunu oynadı və
hər halda maraqlı bir təcrübə oldu. Əvvəla,
postmodernist səpkili xeyli şeirlər dərc edildi, məlum
oldu ki, bu səpkili şeirlərə meyl edən cavan
şairlər postmodernizm cərəyanının mahiyyətini
fransız filosofu Cak Derridanın «Mən
yaradıcı deyil, dağıdıcı bir insanam, məhv
edirəm, mən dekonstruktivistəm, hər cür simvolizmin,
simvolun, ehkamın qənimiyəm» fikrinə itaətlə
boyun əyib guya Azərbaycan şerində inqilabi dəyişmələrə
yol açırlar… Əsasən mətnin dekonstruksiyası
üzərində qurulan («Bakının dərdi var,
Bakı xəstədir, könül intizarda, göz yol üstədir,
qadınlar bezib xəstə kişilərdən. Subay evliyə qoşulub, evli subaya, üz tutublar
Dubaya» - Zahir Əzəmət), real dünyanın bütün
gözəlliklərinə nifrət edən, ölməyi
yaşamaqdan üstün tutan («yaxşı bir təklifim var,
gəlin özümüzü öldürək» - Rasim Qaraca),
fərdin iflasını, kiçikliyini,
cılızlığını, heç
səviyyəsinə endirildiyini ifadə edən («mən əclafam,
duzqabımız da əclafdır… əclaflığı
bir-birimizə ötürmək müqəddəs borcumuzdur» -
Əli Əkbər), vizual görüntülərə nail
olmaq məqsədini güdən («çıq-çıq,
çıq-çıq, barmaqlarını qısqanıram
klaviaturaya, pıq-pıq, pıq-pıq qaynayıb
daşır çaynikdə su» - Cavidan) …bu tipli nümunələr
oxucular arasında bir müddət maraqla qarşılansa da,
sonrakı illərdə tədricən unudulmağa üz qoydu
və 2013-cü ildə bu tipli nümunələrlə demək
olar ki, cüzi halda rastlaşdıq. Bu belə də
olmalıydı, çünki minillik ənənəsi olan Azərbaycanın
poetik məkanında hər bir «izm» boy ata bilməz. Bir
haşiyə çıxım:
Poeziyadan
fərqli olaraq nəsrdə postmodernist estetikanın prinsiplərinə
cavab verən bir sıra əsərlər yarandı. Bu
sırada Kamal Abdullanın və İlqar fəhminin roman və
povestlərini misal gətirmək olar. Ədəbi tənqidin
də bu sahədə müəyyən fəallığını
qeyd etmək olar: Qorxmaz
Quliyevin, Aydın Dadaşovun, Əhməd Qəşəmoğlunun
analitik xarakter daşıyan məqalələrinin çap
olunmağı təqdirəlayiq hadisədir. Qayıdaq yenə
poeziyaya…
Bir vaxtlar şerin vəznləri
arasında «hecamı, sərbəstmi?» ikitirəliyi,
hansının üstün və daha gərəkli
olmasını sübuta yetirmək iddiası da artıq aradan
qalxmışdır. Bir daha məlum oldu ki, yaxşı
şeir əsl poetik istedadın məhsuludur, burada vəznin
heç bir rolu yoxdur. Şairlik filoloci diplomla da
ölçülmür, istedad, istedad, yenə istedad ön
plandadır... Böyük rus münəqqidi Belinski demişkən:
«Şair olmaq indi o deyil ki, quş kimi melodik səslər
çıxarıb civildəyəsən, şair olmaq-poetik
obrazlarla düşünmək deməkdir. Şair olmaq
üçün özünü göstərmək kimi
xırda arzudan, baş alıb gedən fantaziyanın boş və
mənasız xəyallarından, gözə soxulan hisslərdən,
bəzək-düzəkli kədərdən heç nə
çıxmaz: bunun üçün müasir həyatın məsələlərini
dərindən duymaq, onlara güclü ürək
yanğısı ilə yanaşmağı bacarmaq
lazımdır».
Bu gün əlbəttə, istərsə mətbuatda,
növbənöv qəzet və curnallarda, istərsə də
nəşriyyatların istehsalı olan kitablarda şeir həddindən
artıq çox çap olunur və qocaman şair Fikrət
Sadıq demişkən: «Mühəndislər, polislər, həkimlər
şeir yazır, Deputatlar, vəkillər, hakimlər şeir
yazır, Şeir yazır hacılar, məşədilər,
mollalar, Yalançı bəstəçilər,
yalançı müğənnilər, Nazir də şeir
yazır, hətta lap qapıçı da… Tacirlər,
satıcılar, şorsatanlar, südçülər, Cavan
qızlar, gəlinlər, Qoca təqaüdçülər».
Ardını davam etdirmirik. Bu
şeir bolluğu, hətta bəzi televiziya kanallarının
zəif və bəsirətsiz, işıqsız, alovsuz nəzm
qırıntılarına yer verməsi bizdən öncəki
illərdə də var idi. O səbəbdən ki, Azərbaycanda
həmişə ucuz şeir bazarı gen-bol olmuşdur, lakin
bu bazarda satılacaq mallar vaxtından tez
çürümüş, sıradan çıxmış və
heç bir qeydiyyata da düşməmişdir. Əsl şairlərin yaratdığı əsl
şeirlər isə yaşamış və
yaşamaqdadır. Mən əlifba
sırası qaydasına əməl edib 2013-cü ildə ədəbi
dərgilərdə, həmçinin digər mətbuat səhifələrində
şeirləri ilə diqqəti cəlb edən, yaxud şeir
kitabları işıq üzü görən şairlərin
adlarını çəkmək istəmirəm, bu çox
uzun çəkər və təcrübədən də məlumdur
ki, adlar çəkiləndə kimlərsə unudulur, gileylər,
şikayətlər başlanır. «2013-cü
ilin şeri» və «Poema yaradıcılığı» məruzələrində
yəqin ki, həmin şairlər və onların şeirləri
haqqında söz açılacaq. Ancaq
qısaca da olsa, 2013-cü ildə diqqəti cəlb edən
cavan şairlər haqqında bir neçə kəlmə
söz demək istəyirəm.
Ədəbi gənclik ədəbiyyatın
gələcəyi deməkdir. XXI əsrin əvvəllərində
poeziyada, nəsrdə ilk qələm təcrübələri,
ilk şeir kitabları ilə ədəbiyyatda ilk
addımlarını atan gənclərin ən
istedadlıları heç şübhəsiz, on-on beş ildən sonra poeziyada və nəsrdə
aparıcı qüvvəyə çevriləcəklər. XX əsr Azərbaycan ədəbiyyatının
tarixində bunun əyani şahidi olmuşuq. Azərbaycan
Yazıçılar Birliyində Rəşad Məcidin təşəbbüsü
ilə yaradılan «Gənc ədiblər məktəbi»
artıq bir neçə ildir ki, fəaliyyət göstərir
və dərnək səviyyəsindən xeyli dərəcədə
üstün olan bu «məktəbdə» istedadların
parlaması üçün geniş imkanlar
açılır, onların yazıları «Azərbaycan» və
«Ulduz» curnallarında, «Kaspi» qəzetində, «525-ci qəzet»də
dərc edilir, bu cavanların bir qismi Yazıçılar
Birliyində də üzv seçilirlər. Aysel Əlizadə,
Aysel Qarabəyli, Feyziyyə, Gündüz Sevindik, Emin Piri, Anar
Həbiboğlu, Ramil Əhməd, Ruslan Dost Əli, Şahinə
Könül, Əli Əlioğlu, Qismət, Anar Amin, Sevinc
Yunuslu, Günel Eminli, Arzu Hüseyn, Könül Həsənoğlu,
Xuraman Hüseynzadə, Nazilə Gültac, İradə Aytel,
Əvəz Qurbanlı, Nuranə Nur, Arzu Nehrəmli… bu
adlarını çəkdiyim cavan şairlərin əksəriyyətinin
yaşı heç otuza çatmayıb, bəziləri əyalətdə
yaşayır. Onlardan Emin Pirini və Ramil
Əhmədi xüsusilə fərqləndirmək istəyirəm.
Bu iki gənc Qarabağ müharibəsi
başlayanda bəlkə heç doğulmamışdılar,
amma müharibə və onun doğurduğu fəlakətlər
barədə hər cür patetikadan, məlum və şablon
ifadə üsulundan tam fərqli şeirləri ilə diqqəti
cəlb edirlər. Onların müharibədən
söz açan şeirlərində müharibə
uşaqlarının atasızlıq duyğuları, davanın
doğurduğu maddi, fizioloji və mənəvi itkilər
öz əksini tapır. İki kiçik şeir
parçasını misal gətirmək istəyirəm:
Biz atamızın
Ayaqqabısına,
köynəklərinə,
dolabda tozlanan
siqaret qoxulu boz
pencəyinə baxıb
böyüdük….
«Ata!» dedik divardan
baxan şəklə.
Şəkil kimi yaraşıqlıydı atamız,
şəkil atamız!..
Ramil Əhməd
Hər əsgər tabutu
bir ağ gəlinliklə köçər,
əsgər deyil,
sevən qızın
arzularını götürüb gedər
hər atılan güllə.
Emin Piri
Bəs 2013-cü ilin Azərbaycan
poeziyası hansı səciyyəvi xüsusiyyətləri ilə
diqqəti cəlb edir? Təbii ki, mənə verilən vaxt
müqabilində müasir Azərbaycan poeziyasının bir ili barədə geniş söz aça bilmərəm
və bu barədə iki məruzədə ətraflı
söhbət gedəcək. Amma iki fikrimi nəzərinizə
çatdırmaq istəyirəm.
1.Böyük şairimiz Rəsul
Rza deyirdi: «Yaxşı şeir yenilik deməkdir. Deyilənləri təkrar etməmək, söz
axtarışı, yeni deyimlər deməkdir. Yaxşı şeir məxsus olduğu xalqın bədii
yaradıcılıq ənənəsini duymaq, yeni
çalarlar tapa bilmək deməkdir, bir sözlə, həmişə
inkişafda, zənginləşməkdə olmaqdır». Bəli, müasir Azərbaycan şeri bu ənənələrə
sadiq qalır, amma ənənələrə kor-koranə itaət
göstərmir, onu yeni çalarlarla zənginləşdirir.
Bircə misal göstərəcəyəm: Xalq şairi fəxri
adı olmasa da, bütün xalqın qəlbinin, ruhunun
şairi Musa Yaqubun hər şeirlər silsiləsi onun yerində
saymadığını, yeni uğurlar
qazandığını, həmişə axtarışda
olduğunu sübut edir. Amma təəssüf
ki, şerimizdə kütləviliyin baş alması səbəbindən
minlərlə bir-birinə oxşar, deyim tərzilə
bir-birindən seçilməyən nəzm nümunələri
meydan sulayır. Minlərlə qoşma, gəraylı,
hecanın müxtəlif nümunələri arasında
yaxşılarını seçmək çətin deyilsə
də, bir belə eyniliyin, bu eynilikdən doğan bəsitliyin
qarşısını almaq heç cür mümkün deyil.
Bu fikri sərbəst şeir adı ilə
çap olunan çoxsaylı şeirlər haqqında da demək
olar. Bir nöqsanı da xüsusi qeyd etmək istəyirəm:
şablonçuluq sevgi şeirlərində lap həddini
aşır. Hazır ifadələr, deyimlər
təkcə şeirlərdən şeirlərə, kitablardan
kitablara deyil, müəlliflərdən müəlliflərə
də keçir. Nə qədər demək olar «sevgidən
ölürəm», «üzmə ürəyimi, gəl insaf elə»,
«qarşında qul olum, əsir olum mən», «sənsizləmişəm»,
«ayrılıq - dar ağacı» və s.
2.Şerimizdə Qarabağla, müharibə
və onun doğurduğu sosial və mənəvi bəlalar,
yurd itkisi ilə bağlı yüzlərlə şeirlər,
onlarla poemalar yazılıb. Bu
nümunələrin əksəriyyətinin, lap elə deyərdim,
hamısının vətənpərvərlik
duyğularından yarandığına şübhə
etmirik. Amma poeziya adlı müqəddəs
bir söz də var və biz bilirik ki, hər yazılan
şeir poeziya sayıla bilməz.
Qarabağdan, müharibədən
yazılan əksər şeirlərin ömrü elə
çap olunduğu gündəcə başa çatır,
onlarda yaddaqalan sözlər və misralar tapmaq
müşgüldür. O şeirlərin ömrü bir kəpənək
ömrü kimidir, o gün doğulur, o gün ölür.
2013-cü ildə də bu mövzuya nisbətən az müraciət edilib. Buna kədərlənmək
yox, sevinmək lazımdır ki, şerimizdə stereotiplərin,
şablonların sayı azalıb. Amma dərdimizə,
içimizin yanğısına çevrilən mövzuda xalq
şairi Zəlimxan Yaqubun «Şuşa şikəstəsi» kimi
gözəl bir poemasını keçən ilin uğurlu bir
poetik «Qarabağnaməsi» hesab edirik, Əşrəf Veysəllinin,
Ənvər Əhmədin, Rəfail Tağızadənin,
Ələmdar Quluzadənin, Əbülfət Mədətoğlunun,
Mahirə Abdullanın bu mövzuda yazılan şeirlərini təqdir
edirik.
Vətən harayına çatan əsgərin,
Özünü odlara atan əsgərin,
Şəhid məzarında yatan əsgərin
Bəlkə Xocalıda qıçı
göynəyir.
Bağrı şan-şan olub dilsiz
daşın da,
Vətən savaşında, yurd
savaşında.
Kövrək anaların doqqaz
başında
Təndiri göynəyir, sacı
göynəyir.
Gözəl Qarabağın acı həsrəti,
Ömrümü talayır, könlümü
didir,
Orda uşaqlığım əsirlikdədir,
Burda qocalığım xəcalət
çəkir.
Əşrəf Veysəlli
Poeziya haqqında bu qədər.
Müasir Azərbaycan nəsrinin
2013-cü ildə mənzərəsi də maraqlı nümunələrlə
diqqəti cəlb edir. Baş ədəbi dərgi olan «Azərbaycan»
curnalında il ərzində 4 roman, 6
povest, 40-a yaxın hekayə dərc edilib. «Ulduz» curnalında
isə 5 povest və 35 hekayə ilə tanış
olduq. Ancaq bu rəqəmlər nəsrin
ümumi kəmiyyət göstəricisi deyil. «Ədəbiyyat
qəzeti»ndə il ərzində 30-a
yaxın hekayənin çap olunduğunun şahidiyik. Bundan başqa elə nəsr əsərləri var
ki, onlar ayrıca kitab halında oxuculara təqdim olunub. Bir sözlə, nəsr də kəmiyyət
baxımından şeirdən dala qalmayıb. Bəs keyfiyyət baxımından necə? Azərbaycan nəsri indi hansı durumdadır,
yazılan romanlar, povestlər, hekayələr öz bədii
sanbalı ilə seçilirlərmi? Başlayaq
romanlardan…
Bu yaxınlarda müxtəlif sənət adamları
arasında «Ən yaxşı üç Azərbaycan
romanı hansıdır?» sorğusu
keçirildi. Bu sorğuda deyilənə görə
78 sənət adamı iştirak edirdi. Yusif
Səmədoğlunun «Qətl günü» romanı sorğuda
birinci, Qurban Səidin «Əli və Nino» romanı ikinci,
İsmayıl Şıxlının «Dəli Kür» romanı
üçüncü oldu. Əlbəttə, o
sorğuda iştirak edənlərin əksəriyyəti
tanınmış yazıçılar və curnalistlər
idi və gözləyirdik ki, son iyirmi-iyirmi beş
ildə yazılan romanlardan birinin adı bu üçlükdə
olsun. Amma belə olmadı. Əlbəttə,
biz heç də o iddiada deyilik ki, son iyirmi-iyirmi beş ildə
yazılan yüzə yaxın roman arasında «Qətl
günü», «Əli və Nino», «Dəli Kür», həmçinin
Azərbaycan romanının tarixinə düşən
«Qılınc və qələm», «Gələcək gün»,
«Qarlı aşırım», «Geriyə baxma, qoca», «Mahmud və
Məryəm», «Fətəli fəthi», «Məhşər»,
«Dünyanın arşını» ilə bir səviyyədə
dura biləcək bir nümunə yoxdur. Amma bu da bir həqiqətdir
ki, Azərbaycan romanının sonuncu yüksəliş
dövrü keçən əsrin səksəninci illərinə
aiddir və doğrudan da, ötən iyirmi beş
ildə biz açıq-aşkar ədəbi hadisə kimi
xatırlana biləcək yeni bir romanla
qarşılaşmamışıq. Amma bu o demək
deyil ki, bizdə roman canrı böhran içərisindədir.
Doğrudur, son illərdə ədəbi hadisə
sayıla biləcək bir roman ortada yoxdur, amma
axırıncı üç ildə bir sıra maraqlı
romanlar dərc edilib və bu da haqq verir deyək ki, gec-tez roman
bizim zəmanəmizdə ədəbiyyatın bütün digər
növləri arasında aparıcı bir mövqe əldə
edə biləcəkdir. Çünki ədəbiyyatı
romansız, özü də müasir cəmiyyətin bədii
təhlilini verən romansız təsəvvür etmək
mümkün deyildir. Bu haqda heç də
bədbin deyilik və bizdə son illərdə, elə
2013-cü ildə bir sıra maraqlı romanlar
yazılmışdır. Anarın «Kərəm kimi»,
Seyran Səxavətin «Qaçaqaç», Aqil Abbasın «Dolu» və
«Allahı qatil edənlər», Kamal Abdullanın «Unutmağa
kimsə yox», Elçin Hüseynbəylinin «Metro vadisi»,
«Yolayrıcında qaçış», Məqsəd Nurun «Şəhər
meri», Mübariz Cəfərlinin «Bənna», «Bərpaçı»,
«Bağban», Kamil Əfsəroğlunun «Çadır»,
Əyyub Qiyasın «Sonuncu büt», Aslan Quliyevin «Yaşıl təpələrin
üstündəki buludlar», Əlabbasın «Qaraqovaq
çölləri», Natiq Məmmədlinin «Körpüdə
ümid», Yunis Oğuzun «Təhmasib şah», Hüseynbala Mirələmovun
«Sonuncu fateh», Vaqif Sultanlının «Səhra savaşı»,
Mustafa Çəmənlinin «Ölüm mələyi», Uavid
Zeynallının «Leyla», Şərif Ağayarın
«Haramı», Azad Qaradərəlinin «Günəş tutulan yerdə»,
Eyvaz Zeynalovun «Qisas», Etimad Başkeçidin «Min yol mənə
söylər», Gülşən Lətifxanın «Azər və
Aida» romanları bizi lap yaxın gələcəyə
ümidlə baxmağa sövq edir.
Məsələ burasındadır ki, Azərbaycan
romanı özünün yeni bir inkişaf mərhələsini
yaşayır. Dünya romanında baş verən
proseslər istər-istəməz milli roman sənətinə
də təsirsiz qalmır. Roman həm məzmunca,
həm də formaca müəyyən dəyişikliyə
uğrayır. Bizim nəsrdə də yeni roman
axtarışları başlayıb və davam edir: məsələn,
yuxu ilə reallığın, şüuraltı ilə
şüurun, fantaziya ilə gerçəkliyin bir-birilə
uğraşdığı sinxron romanlar yaranır. Romanın
forma-struktur xüsusiyyətləri ilə bağlı yeni tipləri
diqqətimizi cəlb edir: roman-reportac, roman-dialoq, roman-xronika,
roman-utopiya, roman-pamflet, roman-besseller və s.
Roman haqqında söylədiklərimizi
povestlər və hekayələr xüsusunda da deyə bilərik. Elçinin «Kaşşeyin taleyi», Qərib Mehdinin
«Skripka üçün mi simi», İlqar Fəhminin «Akvalank»,
Elçin Hüseynbəylinin «Mən necə qəhrəman
oldum» povestlərini xüsusi qeyd etmək istəyirəm.
Kamal Abdullanın, Məmməd Orucun, Aydın Tağıyevin,
Azər Abdullanın, Alpay Azərin, Gülşən Lətifxanın,
Rövşən Yerfinin, Kamran Nəzirlinin, Xumar Ələkbərovanın,
Rasim Qaracanın, Şərif Ağayarın, Pərvinin, Sahilənin
hekayələri son illərin nəsr əsərləri
içərisində seçilə bilirlər.
«Bu gün Azərbaycan oxucusunun roman
oxumağa, yaxud povest, hekayə mütaliə eləməyə
vaxtı yoxdur» - deyirlər və ilk baxışda bu fikrə
haqq qazandırırsan. Çünki oxucu internet səhifələrində
istədiyi romanı, povesti, hekayəni oxuyur və onun «Azərbaycan»,
«Ulduz» jurnallarında dərc edilən, həmçinin kitab
halında çap olunan romanlara girişməyə həvəsi
qalmır. Amma bu, heç də doğru
fikir deyil və əgər yaxşı bir roman meydana
çıxırsa, özü də internetdə yox, deyək
ki, «Azərbaycan» curnalında dərc edilirsə, onun
oxucuları həmin curnalın öz tiracından qat-qat
çox olacaqdır. Bunun əyani şahidiyəm ki, Aqil
Abbasın Qarabağ hadisələrini əks etdirən «Dolu»
romanı «Azərbaycan» curnalında işıq üzü
görən kimi bir nüsxəsi belə satışda
qalmadı. Səbəbi nəydi? Müəllif müharibə haqqında əsl həqiqəti
qələmə almışdı, özündən
yalançı qəhrəmanlar uydurmamışdı.
Müasir Azərbaycan
dramaturgiyasının 2013-cü ildə kəmiyyət
baxımından mənzərəsi çox
acınacaqlıdır. Dram əsərləri əsasən
baş ədəbi dərgimiz olan «Azərbaycan» curnalında
çap olunur. Çap olunmayan əsərlər
də var ki, onlar ya Mədəniyyət Nazirliyinə, ya da
teatra təqdim olunur. 2013-cü ildə «Azərbaycan»
curnalında cəmi üç pyes - dramaturgiya ilə ciddi məşğul
olmayan Aydın Talıbzadənin «Tubinot», Mehman Musabəylinin
«Toy səyahəti» bir pərdəli pyesi və son iyirmi ildə
bir dramaturq kimi tanınan, pyesləri teatrların
repertuarından düşməyən Əli Əmirlinin «Ünvansız
qatar» iki hissəli dramı curnalda dərc edilmişdir. Ona görə də müasir dramaturgiyamızın
vəziyyətindən söz açanda bir ilin yox, bir
neçə ilin dram əsərlərindən söhbət
açmaq lazım gəlir. Əslində,
müasir Azərbaycan dramaturgiyası əsasən dörd
müəlliflə təmsil olunur. Elçinin «Qatil»,
«Şekspir» pyesləri son illər baş teatrın
repertuarında birincidir. Əli Əmirlinin pyesləri
də həm Akademik teatrda, həm də digər teatrlarda
müvəffəqiyyətlə oynanılır. Bu
sırada az da olsa, Afaq Məsudun da
adını çəkmək olar. Və bir də
hələlik Akademik teatrda heç bir əsəri
oynanılmayan, amma digər teatrlarda uğur qazanan, özü
də bu sahədə məhsuldar işləyən Firuz
Mustafanı da unutmaq olmaz. Bir faktı da nəzərinizə
çatdırım ki, bu dramaturqlardan Elçinin pyesləri
Türkiyədə və başqa xarici məmləkətlərin
teatrlarında tamaşaya qoyulur.
Nəhayət, ədəbi tənqidin vəziyyəti ilə
bağlı bir neçə kəlmə…
Neçə illərdir ki (həm sovet dövründə,
həm də indii - müstəqillik dönəmində),
tez-tez «bizdə ədəbi tənqid yoxdur», yaxud «tənqid
öz vəzifəsini, missiyasını yerinə yetirə
bilmir» və s. bu qəbildən olan fikirlərlə
qarşılaşırıq. Özü də bunu söyləyənlərin
əksəriyyəti tənqidçi olmayanlardır - şairlər,
nasirlər… Bəli, bütün canrlarda olduğu kimi, ədəbi
tənqidin də müəyyən nöqsanları, tənqidçilərin
də özünəməxsus
çatışmazlıqları olmuş və indi də var.
Amma «tənqid yoxdur» kimi qeyri-elmi və hətta qeyri-etik səslənən
bu fikir yanlışdır. Dostoyevskinin bir fikrini misal gətirmək
istəyirəm: «Bəşəriyyətin inkişafında tənqid
təbii hadisədir. İncəsənətin bizə
ancaq obrazlarda təqdim etdiyini tənqid şüurlu olaraq
araşdırır. İncəsənəti
idrak etməklə tənqid həyatı, gerçəkliyi
idrak edir». Bu fikri bütünlüklə
Azərbaycan ədəbi tənqidinə də şamil etmək
olar.
Bu gün «tənqidçi» deyəndə
biz həm də «tənqidçi-ədəbiyyatşünas»
tipini nəzərdə tuturuq. Hər
hansı bir tənqidçinin həm də ədəbiyyatşünaslıqla
bağlı kitablar, məqalələr çap etdirdiyini də
görürük və əslində, ən yaxşı tənqidçi
həm də ən yaxşı ədəbiyyatşünasdır.
Təbii ki, sırf ədəbiyyatşünaslıqla
məşğul olanları tənqidçi kimi səciyyələndirmək
olmaz. Əlbəttə, tənqid spesifik idrak hadisəsidir,
onun ədəbiyyatşünaslıqdan tamam fərqli
xüsusiyyətləri var, amma bu gunun xalis tənqidçi
tipinə nümunə çox azdır, lap barmaqla sayılacaq
qədər.
Bu gün mətbuatda onlarla, yüzlərlə
resenziyalar, məqalələr çap edilir və bunların əksəriyyətinin
tənqid canrına heç bir aidiyyəti yoxdur. Kiminsə əsərini tərifləyib göylərə
qaldırmaq, hansı müəllifin şəninəsə
difiramb oxumaq adiləşib və bu tipli yazılarda tənqidçi
təfəkkürü yox, tost demək, ciddi,
ağıllı təhlil əvəzinə məzmun
danışmaq ön plandadır.
Bəs müasir ədəbi tənqidi kimlər təmsil
edir və 2013-cü il də daxil olmaqla son
iki ildə bu tənqidçilər ədəbi prosesə
hansı töhfələrini vermişlər?
«Tənqid yoxdur» deyənlərə bildiririk ki,
müasir Azərbaycan tənqidi müəyyən
qüsurlarına baxmayaraq, Belinskinin «tənqid hərəkətdə
olan estetikadır» təliminə sadiq qalmışdır...
Xalq yazıçısı Elçinin ədəbiyyatın ən
vacib və ən ağrılı problemlərinə müraciət
edib ədəbi prosesdə canlanma yaratması, «Sosrealizm bizə
nə verdi?», lap bu yaxınlarda «Aqoniya» yoxsa təkamül» tənqidi
əsərləri, Nizami Cəfərovun müasir ədəbiyyatımızla,
ayrı-ayrı sənətkarların
yaradıcılığı ilə bağlı sanballı məqalələri,
«Tarixiliyin müasirliyi… və müasiriyin tarixiliyi» tənqidi
məqalələr məcmuəsi, İsa Həbibbəylinin
XX əsr Azərbaycan ədəbiyyatının bütün
dövrlərini əhatə edən portret yazıları,
Şirindil Alışanlının «Ədəbi-bədii
düşüncənin sərhədləri» və «Müasir
humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı»,
Qorxmaz Quliyevin ədəbiyyatın nəzəri məsələləri
ilə bağlı məqalələri, Avropa və Amerika ədəbiyyatlarının
müasir durumunu əks etdirən monoqrafiyaları,Tehran
Əlişanoğlunun lap bu yaxınlarda çapdan
çıxan «Müstəqillik illəri Azərbaycan ədəbiyyatı»
monoqrafiyaları və onun redaktorluğu ilə nəşr
edilən «Tənqid.Net» jurnalı, Arif Əmrahoğlunun epik
canrla bağlı tədqiqatları, Rüstəm Kamalın
«Sözü işığa danışdım» məqalələr
toplusu, Nizaməddin Şəmsizadənin müasir şair və
yazıçılarla bağlı rəy və
çıxışları, ədəbi tənqiddə
öz fəallığı ilə seçilən Əsəd
Cahangirin «Kim yatmış, kim oyaq» tənqid kitabı, Rahid
Uluselin çox dəyərli «Müasir Azərbaycan tənqidi»
kitabı və hər ilin ədəbi yekunlarına həsr
olunmuş müşavirədə söylədiyi məruzələr,
Nərgiz Cabbarlının «Yeni nəsil ədəbiyyatı»
iki cildlik tənqid kitabı, İradə Musayevanın cəsarətli
tənqidi yazıları, «Tənqidin sözü, sözün
tənqidi» məqalələr toplusu, Cavanşir Yusiflinin
Əli Kərim yaradıcılığı və bədii mətnlə
bağlı maraqlı mülahizələri, Elnarə
Akimovanın keçən il nəşr edilən «Yeni təfəkkür
və ədəbi tənqid» kitabı, Təyyar Salamoğlunun
ədəbi tənqidimizin şəxsiyyətləri ilə
bağlı oçerkləri, həmçinin Rəhim
Əliyevin, Vaqif Arzumanlının, İlham Rəhimlinin, Məryəm
Əlizadənin, Aydın Talıbzadənin, Qurban Bayramovun,
Tahirə Məmmədin, Firuz Mustafanın, Zaman Əsgərlinin,
Sabir Bəşirovun, Yaşar Qasımbəylinin, Əlizadə
Əsgərlinin, Məmmədəli Mustafayevin, Bəsti
Əlibəylinin, Südabə Ağabalayevanın,
Qanturalının, Nərmin Kamalın, Maral Yaqubovanın, Mətanət
Vahidin, Günay Qarayevanın məqalə və
çıxışları, kitab və məqalələri
«tənqid yoxdur» fikrinin yanlış olduğunu sübut edir.
Bəli, son beş ildə, həmçinin
2013-cü ildə ədəbi tənqid sahəsində canlanma
duyulur və nəzərə çarpdırdığım
bu faktlar da sübut üçün yetərli ola bilər. Lakin tənqidin görməli və görə biləcəyi
işlər çoxdur.
Birincisi, daim nəşr olunan bir «Tənqid»
jurnalımız yoxdur. Elə bir jurnal ki, orada
müasir Azərbaycan ədəbiyyatında baş verən
bütün proseslər öz əks-sədasını
tapsın. Elə bir jurnal ki, tənqiddə
cəsarət meyillərinin üzə çıxmasına
vasitəçi olsun.
İkincisi, Azərbaycan
Yazıçılar Birliyində ədəbiyyatın müəyyən
bir problemi ilə bağlı tənqid müşavirələrinin
keçirilməsi vacibdir. Vaxtilə
sovet dönəmində belə müşavirələr
keçirilirdi. Məsələn, poemaya,
onun inkişaf perspektivlərinə aid sonuncu müzakirə
1977-ci ildə «Ədəbiyyat qəzeti»ndə təşkil
olunmuşdu. Yaxud, uşaq ədəbiyyatının
acınacaqlı vəziyyəti ilə bağlı bir
müşavirənin keçirilməsinə ehtiyac duyulur.
Üçüncüsü, tənqidi canlandırmaq
üçün dəyirmi stol söhbətlərinin,
dialoqların təşkil edilməsi də vacibdir..
Dördüncüsü, Hər il nəsrə,
poeziyaya yeni qüvvələr gəlir, amma tənqidçi
çətin yetişir. Tənqidçi
kadrlarının yetişməsinə şərait yaratmaq
lazımdır.
Sevindirici haldır ki, Nizami adına
Ədəbiyyat İnstitutunda yeni bir şöbə - «Ədəbi
tənqid» şöbəsi yaradılmışdır və bu
şöbənin qarşısında böyük vəzifələr
durur: dördcildlik tənqid tariximizin yaradılması,
ayrı-ayrı görkəmli tənqidçilərin əsərlərinin
çapı və yubileylərinin keçirilməsi,
şöbə əməkdaşlarının ədəbi
prosesdə fəal iştirakı və bir də yeni tənqidçi
nəsli yetişdirmək.
2013-cü il artıq tarixə
döndü. Ancaq o ildə yaranan ən gözəl əsərlər
isə yaşayacaq, onların köhnəlmək qorxusu yoxdur…
Vaqif
YUSİfLİ
filologiya
üzrə elmlər doktoru
Ədəbiyyat
qəzeti.- 2014.- 11 aprel.- S.10; 14.