Məxfi savaş cəngavəri

 

Çingiz Abdullayev

  

Çingiz Abdullayev, şübhəsiz ki, çağdaş dünya ədəbiyyatında ən yaxşı siyasi detektiv ustalarından biridir. Bunu yalnız biz demirik, bunu Amerikanın nüfuzlu “The Christian Science Monitor” qəzeti də yazır. Bunu dünyanın nüfuzlu ədəbiyyatçıları etiraf edir. Onun adı Yan Fleminq, Erl Stenli Qardner, Hedli Çeyz, Karter Braun kimi dünyaca məşhur detektiv ustaları ilə bir sırada çəkilir. Məncə, söhbət heç də onun kitablarının tirajlarından getmir, amma bunun özü də az əhəmiyyətli faktor deyil. İndiki zamanda, dünyada 26 milyon tirajla nəşr olunmaq, 28 dilə tərcümə olunmaq hər yazıçıya qismət olmur. Xüsusən də Azərbaycan kimi kiçik bir ölkənin vətəndaşına. Nəzərə alsaq ki, belə tirajlarla nəşr olunan bir yazıçını dünya boyu yüz milyonlarla adam tanıyır, demək o, dünyada ən tanınmış azərbaycanlılardan biridir. Şəxsən mən bu qədər məşhurluq qazanmış Azərbaycan yazıçısı tanımıram. Onun yazdığı janr da, siyasi detektiv janrı, hələlik Çingiz Abdullayev qələmi sayəsində tarixin ən yaxşı detektiv janrları ilə bir sırada durur. Bəziləri detektivi yüngül, əyləncəli ədəbiyyat sahəsinə aid edir. Bəli, bu janrda da belə əsərlər var, şübhəsiz. Romançılığın bütün janrlarında olduğu kimi. Amma detektiv elementlərinə, dünya ədəbiyyatında artıq əsrlər boyu rast gəlinir. Belə elementlər V. Şekspirin “Hamlet”ində də var, A.Dümanın “Qraf Monte Kristo”sunda da, F. Dostoyevskinin “Cinayət və cəza”sında da. Amma ədəbiyyatşünaslıq, detektivi bir janr kimi, Edqar Podan sonra romançılığın bir növü kimi xarakterizə etməyə başlayıb. Sonrakı illərdə, Artur Konan Doyl, Hilbert Çesterton, Aqata Kristi, Jorj Simenon kimi yazıçıların yazdığı unikal əsərlərin sayəsində bu janr milyonların sevimlisinə çevrildi. Bu gün onların yaratdığı obrazlar bəşər övladının ən çox sevdiyi ədəbi qəhrəmanlardandır. Şerlok Holms, Erkül Puaro, komissar Meqre, Danni Boyd, Peri Meyson, Ceyms Bond - bu adlar bir neçə nəslin təqlid obyekti olmuşdur. Ölkəsindən, dinindən, dilindən asılı olmayaraq, milyonlarla insan bu qəhrəmanlar kimi hərəkət etməyə, onlara bənzəməyə çalışır. Bu, son əsrlərin aparıcı millətlərinin yeni dünya mifologiyasına bəxş elədiyi qəhrəmanlardır. Aparıcı millətlərin reklam maşını isə, demək olar ki, “yad ünsürləri” qəbul etmir və “rəqsi adətən özləri təlim ediyor”. Amma birdən-birə, Sovet imperiyasının dağılması ərəfəsində, Çingiz Abdullayev adlı bir fenomen çıxdı və dünyada qoyulmuş qaydalara tərəf əlcək tulladı....

Mən Çingiz Abdullayevin ilk əsərini 1988-ci ildə oxumuşam. Bu, “Mavi mələklər” idi. Həmin dövrdə, hamı kimi, mən də bu əsəri sevə-sevə oxuyurdum. Bu çox çətin və ağır dövr idi, siyası fırtınalar və etnik müharibələr girdabına düşmüş cəmiyyətin yeni bir qəhrəman obrazına ehtiyacı vardı və Çingiz Abdullayev ona belə bir qəhrəman verdi - Dronqo. Planetar pisliklərə qarşı mücadilə açan bir qəhrəman - intellektual. İdeallarına xidmət etdiyi böyük bir dövlətin çöküşündən sonra da həyatını şərə qarşı mübarizəyə həsr edən bir insan. O daim xidmət etdiyi idealların xiffətini çəksə də, ideyası “yaşıl dollar” olan dünyada da öz insani keyfiyyətlərini saxlamağı bacarır. Həmin illərdə, Qərbdə Ceyms Bond, Rembo kimi populyar qəhrəmanlar vardı və onların mübarizəsi “şər imperiyası”na, sovetlərə qarşı yönəlmişdi. Belə obrazlar sovetlərdə də yaradılırdı və bunların da mübarizəsi “dünya imperializminə” qarşı idi. Yəni onların savaşı bir növ lokal savaş idi. Və birdən-birə, dünyanın dəyişməsi ərəfəsində ədəbiyyata (o cümlədən kinoya) yeni bir qəhrəman obrazı gəldi. Çingiz Abdullayev təxəyyülünün yaratdığı bu qəhrəman, sələflərindən fərqli olaraq, daha qlobal missiya daşıyırdı. BMT nəzdində fəaliyyət göstərən “Dronqo” planetar pisliklərə qarşı mübarizə aparır. Əsərdən-əsərə onun fəaliyyət dairəsi də demək olar ki, dünyanın bütün tərəflərini əhatə edir. Məhz “Dronqo” obrazının ortaya çıxmasından sonra, “Ceyms Bond”un missiyasında “qlobal şərə” qarşı mübarizə elementləri görünməyə başladı. Bu, Ç.Abdullayev intiusiyasının dünyadakı prosesləri xeyli qabaqladığını göstərir. Artıq dünya ədəbiyyatında, kinosunda beynəlxalq terrorizmə, beynəlxalq cinayətkarlığa qarşı mübarizə süjeti adi hal aldı. Çünki bu gün dünyada bir “qloballaşma”, vahid idarəetmə tendensiyası var. Yəni ədəbiyyat və kino siyasi situasiyanın ardınca gedir. Çingiz Abdullayev isə siyasi situasiyanın önündə olmağı bacardı. Bu ideya onun sonrakı əsərlərində də davam etdirildi. Ç.Abdullayevin əsərlərində dünya bir bütövdür, burada xeyir və şər var və onun əksər qəhrəmanları qlobal şərə qarşı vuruşur. Bu baxımdan onun “Dronqo”su bir növ Mantreyyadır, xilasçı Xızırdır, Mehdi əz Zamandır. O, içində gözəl keçmişin xiffətini yaşatsa da, bu günün pislikləri içində puç olmuş ideallarına doğru getməyə çalışır. Bəşəriyyət, pisliklərdən qurtulmaq üçün həmişə belə miqyaslı qəhrəmanlar arzu edib. Dünya xalqlarının folklorunda Herkules, Koroğlu, Robin Qud, Zorro, Vihelm Tell və s. kimi qəhrəmanlar var və onların mübarizəsi pisliklərə qarşıdır. “Hər zamanın öz Elxanı doğulur”. Bu, mənim bir şerimin misrasıdır və düşünürəm ki, bu yazıda yerinə düşür. Çingiz Abdullayev də dünya folklorunda “Dronqo” obrazı doğurdu, bu zamanın öz qəhrəmanını yaratdı. Bu, onun böyük bir yazıçı kimi səciyyələnməsi üçün kifayət edər. Əlbəttə, onun əsərlərində başqa obrazlar da var. Məsələn, Marina Çernışova, “Solça”, Teymur Qarayev və s. Amma yaddaşlarda o həmişə “Dronqo”nun yaradıcısı kimi qalacaq. Çünki bu obraz onun materiyalaşmış düşüncələridir, onun içində yatan arzularıdır. “Dronqo”nun Bakıdakı ev ünvanı da, Çingiz Abdullayevin əsərlərini yaratdığı binanın ünvanıdır - Xaqani-25. Bu ünvan bir növ Bakının “Beyker strit”idir. Birində Şerlok Holms doğulub, birində “Dronqo”...

Şerlok Holmsu yaradan Konan Doyl da, Erkül Pyaronu yaradan Aqata Kristi də, komissar Meqreni yaradan Jorj Simeneon da, onlara müəyyən qədər öz xüsusiyyətlərini vermişlər. Janrın xüsusiyyətləri belədir ki, qəhrəman cinayətlərin açılmasında müəllif kimi düşünməyə, müəllif kimi davranmağa, müəllifin məntiqinə söykənməyə məcburdur. Elə müəlliflər də yazılarında olmaq istədiklərini göstərməyə çalışmışlar. Bəs Çingiz Abdullayevin “Dronqo”su haradan gəlir? Mən uzun müddət bunun üstündə düşünmüşəm. Qəhrəmanı təxəyyüldən də yaratmaq olar, ancaq “Dronqo” kifayət qədər canlı və çevikdir. Özü də azərbaycanlıdır. Adətən belə personajların prototipi olur və müəllif onları yaxından tanıyaraq bütün davranışlarını çox gözəl bilir. Mən Çingiz Abdullayevi xeyli vaxtdır tanıyıram və o mənə həmişə bir sakit adam təsiri bağışlayıb. İlk baxışda adama elə gəlir ki, belə sakit adamlar qəhrəmanlıq əsərləri yazmırlar. Mən onun barəsində çoxdan yazmaq istəyirdim və nədən bu tipli əsərlər yazmasının səbəbini tapa bilmirdim. Və birdən əyan oldu. Mən sadəcə onun bioqrafiyasına nəzər saldım və anladım ki, bu sakit, ziyalı, təvazökar görünməyə çalışan adamın içində böyük bir qəhrəman ruhu var. Bu, heç də Çingiz Abdullayevə kompliment deyil. Sadəcə bioqrafiyasına səthi nəzər salanda çıxardığım nəticədir. O, göründüyü kimi deyil, o əsərlərində olduğu kimidir. Ceyms Bondu yaradan Fleminq özünün yazdığı kimi, “Dronqo”nu yaradan Abdullayev də özünü yazır. Bəlkə də zaman gələcək onun özündən də əsərlər yazacaqlar, amma onun tərcümeyi-halı bir az sirr kimidir. Mən bu tərcümeyi-halda müəyyən məqamlardan danışmaq istəyirəm.

Yüksək ixtisaslı hüquqşünas və güllə atıcılığı üzrə Bakı çempionu Çingiz Abdullayev hələ gənc yaşlarında SSRİ xüsusi xidmət orqanlarının (KQB) diqqətini cəlb edib və orada işə dəvət olunub. O zaman bu quruma ən yaxşıları cəlb edirdilər. Tezliklə o, xarici ölkələrdə əməliyyatlar keçirən xüsusi dəstəyə təyinat alır. Xarici ölkələrdə xüsusi tapşırıqlar həyata keçirən bu dəstə ən çətin əməliyyatları həyata keçirib. 1983-cü ildə Namibiyada keçirilən əməliyyat zamanı Çingiz Abdullayev yaralanır. Namibiyada saxlanan əsir Anqola komandirlərini azad etmək üçün keçirilən bu əməliyyatdan yalnız dörd nəfər sağ qalır (daha doğrusu, üç nəfər, çünki onlardan biri aldığı yaralardan daha sonra dünyasını dəyişib), onlardan biri də Çingiz Abdullayev idi. 84-86- cı illərdə o, Kampuçiya, Anqola, Mozambik, Belçika, Almaniya, Polşa, Rumıniya, Bolqarıstan, Əfqanıstan və s. kimi ölkələrdə tapşırıqlar həyata keçirir, iki dəfə yaralanır. Xidmətlərinə görə, “Qırmızı bayraq” ordeni, “Qızıl ulduz” ordeni, “Lenin” ordeni kimi mükafatlara layiq görülür. Aydındır ki, belə qısa zaman kəsiyində, SSRİ kimi ölkədə belə mükafatlar almaq hər adamın işi deyildi. Gərək ən azından “Ceyms Bond”, ya “Ştirlis” olasan ki, sovetlər səni belə qiymətləndirsin. Olsun ki, o, nə zamansa həyatının bu qəhrəmanlıq səhifələri barədə də kitab yazacaq. Amma indi o, bu barədə danışmağı sevmir və bilmirəm mənim bu mövzunu qabartmağım nə dərəcədə doğrudur. Burada çox sirlər ola bilər. Amma məncə, Çingiz Abdullayev özü də hər sirrə məhəl qoyan adam deyil. “Mavi mələklər” romanı “dövlət sirri” məsələləri açıqladığına görə düz üç il KQB arxivlərində yatıb və yalnız 1988-ci ildə onun nəşrinə icazə verirlər. Və onun içindəki yazıçılıq ehtirası hər şeyi üstələyir. O dövlət işlərindən aralanır (Ç.Abdulayev bir müddət mühüm dövlət vəzifələrində də çalışıb). Çünki onun içində bir qəhrəmanlıq, fateh ruhu vardı. Darıxdırıcı məmur işi onluq deyildi və o ruhunu ədəbiyyat səmasına buraxdı. Bu səmada o, hər şeydi - yaradan da, yaranan da. O, çatdırıb eləyə bilmədiklərini yaratdığı qəhrəmanlara həvalə elədi. Eləmək istədikləri isə yəqin ki, çoxdu. Lap böyük adaşı Çingiz xan kimi. Əgər Çingiz xan bütün düşüncəsini və ehtirasını torpaqların fəthinə yönəltmişdisə, Çingiz Abdullayev ürəklərin və beyinlərin fəthinə yönəltdi. Onların hər ikisini birləşdirən bir cəhət var - fəth etmək ehtirası. Əgər Çingiz xan öz beynəlmiləl orduları ilə yeni-yeni torpaqlar fəth etmək arusu ilə yaşayırdısa, Abdullayev Çingiz əsərləri ilə yeni-yeni ürəklər fəth edir. Cəmi 52 yaşa qədər yazılmış 153 əsər buna sübutdur. O bu fəthləri ilə həm özünü, həm də mənsub olduğu Azərbaycan etnosunu yüksəldir. İnanmıram yaxın zamanlarda hər hansı bir Azərbaycan yazıçısı onun uğurunu təkrar edə bilsin....

Heç keçmiş sovet məkanında da Çingiz Abdullayevin bu uğurunu təkrar edən ikinci bir yazıçını yadıma sala bilmirəm. Çingiz Abdullayev böyük imperiyanın sonuncu böyük yazıçısı oldu. Türk dünyasının isə birinci detektiv ustası. İndi “psevdomillətçiliyin” baş qaldırdığı bir zamanda onu rus dilində yazdığına görə yamanlayanlar da var. Amma mən ayrı cür düşünürəm. Nə yaxşı ki, o əsərlərini rusca yazıb. Birincisi, bu dildən xarici dillərə tərcümə olunmaq üçün böyük tərcümə potensialı var. Azərbaycan dilinin hələlik belə potensialı yoxdur. İkincisi, onun əsərlərinin mövzusu elədir ki, onları çox geniş ifadə imkanları olan rus dilində yazmaq daha effektlidir. Onsuz da onların hamısı Azərbaycan dilinə tərcümə olunub. Detektiv şeir deyil ki, dəqiq tərcüməyə gəlməsin. Buna görə, onun rus dilində yazdığı əsərlərin Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə böyük fayda gətirdiyinə qətiyyən şübhə etmirəm. Nizami kimi, Xaqani kimi, Nəsirəddin Tusi kimi, onun qazandığı şöhrət, həm də Azərbaycanı şöhrətləndirir. Mən bu yazını, vaxtilə Fransa kralı XIV Lüdovikin böyük dramaturq Molyer barədə dediyi bir fikri, Çingiz Abdullayevə aid edərək bitirmək istəyirəm: “Ona öz şöhrəti üçün heç nə lazım deyil, amma o bizə Azərbaycanın şöhrəti üçün lazımdır”.

 

Elxan

ZAL QARAXANLI

  

Ədəbiyyat qəzeti.- 2014.-11 aprel.- S.12.